Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə116/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   112   113   114   115   116   117   118   119   ...   184

 

256


O, gözlərini «Qırmızı qərənfil»in qapısından çəkib həmin yumaq kimi bükülüb 

atılmış  qəzetə baxdı; o bilirdi ki, bu cür bükülüb atılmış  qəzetlərin içində, adətən, 

heç nə olmur, amma həmin yay səhəri necə oldusa, əlini uzatdı, qəzeti ayaqlarının 

altından götürüb yavaş-yavaş yumağını açmağa başladı. Saralıb solmuş bu köhnə 

qəzetin içində heç nə yox idi, görünür, kimsə haçansa bu qəzetə  nəsə bükmüşdü, 

sonra bükdüyünü götürüb, qəzeti də beləcə pərçim bürmələyib tullamışdı. 

O indicə açıb içində heç bir maraqlı şey tapmadığı qəzeti qalın süpürgəyə tərəf 

atmaq istədi, amma bu vaxt tamamilə ani olaraq gözü həmin köhnə qəzetdəki əzik-

üzük bir şəklə sataşdı, gözünü çəkmək istədi, amma çəkmədi, baxdı və yavaş-yavaş 

elə bil ki, başındakı uğultu azaldı, gicgahlarının nəbzi daha da bərkdən vurdu, onun 

bütün bədəninə soyuq bir tər gəlməyə başladı, çünki ona elə  gəldi ki, əzik-üzük 

şəkildəki bu şagird odur, özüdür. 

Qəzetdəki  şəkildə üç nəfər  şagird məktəb kitabxanasında oturub birlikdə 

imtahana hazırlaşırdılar, bir qız idi, iki oğlan və indi o, boz bir duman içində hiss 

edirdi ki, bu oğlanlardan biri odur – həmin o boz duman içində adda-budda yadına 

gəlirdi ki, məktəbdə oxuyanda haçansa qəzetdə beləcə şəkilləri çıxmışdı; şəkildəki 

oğlanlara baxırdı və beynində kirəc bağlamış qalın, ağır laylar arasından hiss edirdi 

ki, bu, həmin qəzetdi, bu məktəbli oğlanlardan biri də o özüdür. 

Məktəb illəri, yeniyetməlik, gənclik çağları onun qəzetdəki  əzik-üzük  şəkilə 

baxdığı anadək tamam unudulmuş, heç vaxt yada düşməyən bir keçmişdə qalmışdı 

və elə bil ki, həmin keçmiş qalın-nazik buz layları arasında donmuşdu və indi yavaş-

yavaş tərpəndikcə, buz layları da çatlayır, sınır, xırçıldayırdı. 

Uzun müddət duymadığı, hiss etmədiyi, unutduğu bir həyəcan birdən-birə onun 

bədəninə bir üşütmə gətirdi və bu üşütmədə, qəribə idi, həm soyuqluq, həm də bir 

hərarət var idi və onun o köhnə  qəzeti tutmuş çirkli barmaqları,  əlləri  əsməyə 

başladı, hətta elə bil ki, o soyuq və eyni zamanda, hərarətli üşütmə həmin yay səhəri 

onun bütün varlığına, həyatına hakim kəsilmiş yanğını da bir müddət üstələdi və bu 

dəm o diksinib bir az aralıdakı akasiya ağacına qonmuş bir dəstə  sərçəyə baxdı, 

quşların haray-həşirli civiltisini eşitdi, sonra birdən-birə onun burnuna çox yüngül 

bir qoxu gəldi və o bu qoxuda uzun müddətdən bəri yadırğadığı bir doğmalıq, bir 

məhrəmlik hiss etdi; bu qoxu onun yadına nəsə salırdı, amma bunun nə olduğunu 

bilmirdi, həmin qoxunu tanımırdı. Diqqətini toplamağa, o qoxunun hardan 

gəldiyinə, o mehribanlığın, məhrəmliyin nə olduğunu fikirləşməyə, yadına salmağa 

isə taqəti yox idi. 

Əlbəttə, ola bilərdi ki, bu qəzet heç həmin qədim, həmin gözəl qəzet deyil, bu 

oğlan da o özü yox, tamam başqa bir adamdı, ola bilərdi ki, zənni onu aldadırdı, 

yaxud yenə  də onu qara basırdı, amma o, bütün gücünü toplayıb, heç olmasa, bu 

şübhələri özündən qovmağa çalışırdı, çünki birdən-birə onun ürəyində uzun 

müddətdən bəri duymadığı bir istək  əmələ  gəlmişdi: istəyirdi «Qırmızı  qərənfil»in 

qapısına tərəf baxmasın, istəyirdi akasiya ağacından gələn o civiltini bir az da 

eşitsin; onun ürəyində yaranmış həmin istəkdə bir işıq var idi və o işığın istisi onun 

elə bu dəqiqənin özündə də sızıltı ilə yanan, içki istəyən bədəninə yüngül bir hərarət 

gətirirdi. 

O özündən asılı olmayaraq, «Qırmızı qərənfil»in qapısına ötəri bir nəzər saldı, 

sonra yenə akasiya ağacında civildəyə-civildəyə haray-həşir salmış bir dəstə sərçəyə 

tərəf baxdı, sonra yenə  də  qəzetdəki həmin  əzik-üzük  şəkilə baxmaq istədi, amma 

baxmadı, çünki burnuna gələn o qoxunu birdən-birə tanıdı... 



 

257


Süpürcəçi qadın gəlib köhnə qəzet bürməsini onun əlindən aldı və süpürgəsinin 

ağzına atdı, bayaqkı kimi sidq-ürəkdən onun halına acıya-acıya, onun belə bir 

güzəranının qarasına deyinə-deyinə küçəni üzüaşağı süpürə-süpürə uzaqlaşmağa 

başladı: 

 –  Nə olacaq bu qəzetin içində, ay bədbəxt? Pul tapacaqsan? Lap tapsan nə 

olacaq? Gedib bir az da çox içəcəksən də, ay bədbəxt oğlu bədbəxt!.. Sonra nə 

olacəq? Bir gün də beləcə öləcəksən küçədə... Kimin xəbəri olacaq sənnən? Kim 

ağlayacaq səninçün? Kim aparıb basdıracaq səni qara torpağa, ay üzü qara?.. 

O, süpürgəçi qadının nə dediyini eşitmirdi, sərçələrin civiltisini də  eşitmirdi, 

çünki burnundan çəkilib getməyən həmin qoxu onu unudulub qədimlərdə qalmış bir 

keçmişə dartırdı  və  hərdən, elə bil, onun beynində fotoaparat işığı kimi, nəsə ani 

olaraq yanıb-sönürdü və o, həmin anlarda fotoşəkil kimi keçmişin dəqiq görümlərini 

görürdü... 

... bələyi açılmış qızı arxası üstə uzanıb ayaqlarını stolun üstünə döyəcləyir... 

... Səfurə təzəcə yuyub qurutduğu uşaq əsgilərini ütüləyir... 

... sonra o ütünü Səfurədən alıb, beş-altı aylıq qızının  əsgilərini, balaca 

koftalarını ütüləyir... 

... Səfurə kətilin üstündə oturub Gülzarı əmizdirir və açıq pəncərədən düşən gün 

şüaları Səfurənin açıq sinəsinə, döşünə bir işıltı gətirir... 

... o, Gülzarın balaca çit papağını ütüləyir və bu, o balaca papaqdan gələn 

qoxudu... 

... balaca papaqdan gələn qoxudu... 

... balaca papaqdan gələn qoxudu... 

Səfurənin də adı, Gülzarın da adı neçə müddət idi? – bir ay idi, bir il idi? – 

silinib onun yaddaşından pozulmuşdu, daha doğrusu, onun, ümumiyyətlə, öz 

yaddaşından xəbəri yox idi, çünki nəyi isə yadda saxlamağa vaxtı yox idi, çünki içki 

tapmaq ehtirası, içki içmək yanğısı onun bütün vaxtını yeyirdi, gücünü alırdı, nəyisə 

yada salmağa, xatırlamağa taqəti yox idi və bütün bunlar barədə, yəni bu vaxtsızlıq 

barədə, bu yaddaşsızlıq barədə fikirləşməyə də taqəti və həvəsi yox idi. Səfurə də, 

Gülzar da, ağappaq cərrah xalatı, cərrah papağı da uzaq və tamamilə yadlaşmış bir 

keçmişdə qalmışdı. Əvvəllər, o vaxtlar ki, düzdü, evdən getmişdi, işdən çıxarılmışdı, 

amma, hər halda, tamam küçələrə düşməmişdi, stəkanların, parçların dibindəki 

qalığı içmirdi, haradasa qarovulçu işləyirdi, balaca da bir qarovul köşkü var idi, 

əlinə keçəni arağa verib o köşkdə içirdi və orda da yıxılıb yatırdı, bax, o zamanlar 

həmin o əlçatmaz, ünyetməz keçmiş  bəzən ona rahatlıq vermirdi, ayıq vaxtlarında 

əzab çəkirdi, özü özünə söz verirdi ki, gedib müalicə olunacaq, daha içməyəcək, 

hətta, yeniyetməlik, gənclik çağlarında olduğu kimi, gələcək barədə planlar qururdu, 

fikrində Gülzarı yenidən gəzməyə  çıxarırdı, teatra, kinoya gedirdilər, fikrində 

yenidən Səfurə ilə bir çarpayıda yatırdı  və  həmin çarpayıdakı  ağın kraxmal 

təmizliyi, elə bil ki, onun fikrindən, xəyalından çıxıb balaca qarovulçu köşkünə bir 

ümid, bir nikbinlik gətirirdi, amma sonra hardansa yenə araq tapılırdı  və yenidən 

başlanacaq gələcək haqqındakı o planlar, o xəyallar da solurdu, işığını itirirdi. 

Süpürcəçi qadın küçəni süpürə-süpürə uzaqlaşdı  və arvadın  əynindəki sarı çit 

pencək də, elə bil, bu dəm bütün aləmi basmış payız xəzəlindən xəbər verdi... 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə