Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə114/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   110   111   112   113   114   115   116   117   ...   184

 

251


 – A-a-a... – Əlipaşa ayaq saxladı. – Doğru deyirsən? 

 – Mənim yalan danışmağımı görmüsən? 

 – Yox... Çox sağ ol, Züleyxa... 

 – Nə? 


 – Heç... 

 – Nə olub e, sənə? 

 – Heç nə... Ancaq... Ancaq bilirsən... Heç ... 

Züleyxanın da, nədənsə, gözləri dolmuşdu və gecənin qaranlığında sifəti 

görünməsə də, Əlipaşaya baxıb gülümsədi. 

Sonra Züleyxa özünü ələ aldı və dedi: 

 – Sənə gərək təzə palto alaq! 

Gecə yarıdan keçmişdi. 

... Sonra yavaş-yavaş səhər açılacaqdı... 

Hər tərəfi bürümüş o ağappaq qar görünməyə başlayacaqdı... 

 

 Yanvar, 1985. 

 Moskva-Bakı. 

 

 



 

 


 

252


ÖMRÜN SON SƏHƏRI 

 

Yəqin iyul idi, ya bəlkə də iyun hələ qurtarmamışdı, ya da bəlkə avqust girmişdi 



– yadına gəlmirdi, daha doğrusu, bilmirdi və həmin yay səhəri belə bir naməlumluq 

onun ürəyini sıxmırdı, onu narahat etmirdi, çünki bu barədə  və ümumiyyətlə, 

dünyanın işləri barədə fikirləşməyə həvəsi və imkanı yox idi: başında bir uğultu var 

idi, sol qulağı lap dibindən ağrıyırdı (neçə vaxt idi ki, beləcə  ağrıyırdı... bir həftə 

idi?.. bir ay idi?.. ya lap çoxdan idi? Yadına gəlmirdi və bu barədə də fikirləşmirdi... 

), sol ayağının baş barmağına da nəsə olmuşdu – nə olduğunu bilmirdi, nə vaxtdı ki, 

ayaqqabısını ayağından çıxartmamışdı – və  ağrıyırdı, amma həmin yay səhəri 

başının uğultusu da, qulağının, ayaq barmağının ağrısı da, əslində onun üçün heç nə 

idi, çünki bütün bədəni dəhşətli bir yanğı içində idi, bu yanğı saçlarının dibindən 

tutmuş barmaqlarının ucuna kimi, bütün varlığını yandırırdı. O, gözlərini «Qırmızı 

qərənfil»in qapısındakı iri qıfıllara zilləyib qəlyanaltıxananın açılmasını gözləyirdi 

və bu gözləmə  bədənindəki o yanğını söndürmək ehtirasını daha da artırırdı, o 

yanğını dözülməz bir səbrsizliklə qızdırıb qaynadırdı. 

Cibində altmış qəpik pulu var idi və «Qırmızı qərənfil»də bu pula iki şüşə pivə 

alıb içəcəkdi, bundan sonra hər şey qaydasına düşəcəkdi; hər gün olduğu kimi, bu 

gün də kimisə tapacaqdı və əlbəttə, vacib deyildi ki, həmin kimsə tanış olaydı, əsas 

məsələ də bu idi ki, həmin kimsə də onun tayı olacaqdı, bəlkə də bir neçə nəfər bir 

yerə  yığışacaqdılar, ya «Mebel» dükanının qabağına gedib yük daşıyacaqdılar, ya 

hardasa hansısa bir tanış tapacaqdı, çətini bir şüşə arağın pulunu əldə eləmək idi, 

əlləri də, bütün bədəni, bütün hissləri-həyəcanları kimi, titrəyə-titrəyə, daha doğrusu, 

soyuq bir ehtirasdan üşüyə-üşüyə  həmin bir şüşə arağı hardansa tapdıqları 

stəkanlara, yaxud bankalara, uzaqbaşı küçədən, həyətlərdən götürdükləri boş 

konserv qablarına süzəcəkdilər və içəcəkdilər; arağı birbaşa  şüşənin ağzından 

içməyəcəkdilər, çünki bu zaman kiminsə payı artıq, kiminkisə də əskik düşə bilərdi 

– pulu bir-birilərinə etibar edərdilər, hətta ağzı açılmamış araq, yaxud şirin çaxır 

şüşəsini də müvəqqəti olaraq bir-birilərinə etibar edərdilər, amma arağı, şirin çaxırı 

içdikləri zaman heç vaxt, heç vəchlə bir-birinə etibar etməzdilər, buna görə  də 

mütləq nəsə tapıb arağı hamının gözü qabağında tənbətən bölməli idilər. Hərgah 

bütün Bakıda, hətta bütün Abşeronda ikicə  nəfər də olsaydılar, onlar bir-birilərini 

tapacaqdılar – bu adamlar bir-birilərini tanımadan, sözləşmədən həmişə qarşı-

qarşıya gedirdilər, tapışırdılar, elə bil ki, iki maqnit bir-birini çəkirdi və heç bir 

məsafə uzaqlığı tamam keflənib heç kimi və heç haranı tanıya bilməmək vəziyyəti 

bu rastlaşmadakı maqnit gücünə  təsir etməzdi,  əksinə, misal üçün, biri Bakıda 

keflənib elektrik qatarına minsəydi və gedib təsadüfən ya Buzovnada, ya Şüvəlanda, 

ya Maştağada, fərqi yox idi, düşsəydi və orada da yalnız bircə  nəfər özü kimisi 

olsaydı, mütləq tapışacaqdılar. Həmin bir şüşə araqdan, ya şirin çaxırdan, ya da ələ 

keçən nəsə başqa bir içkidən sonra, çox vaxt bir-birilərini itirirdilər, bundan sonra 

hərə təkbaşına özünə içki axtarmağa gedirdi və bu təkbaşına içki axtaranlar da çox 

zaman  şəhərin kənar-bucağındakı  qəlyanaltıxanalara, pivə barlarına gəlib çıxırdılar 

və onlar boşalmış mizlərin üstündəki sahibsiz parçların dibindəki pivə qalıqlarını 

içirdilər, bəzən boşaldılmış araq, çaxır  şüşələrinin dibində  də  nəsə qalırdı – həmin 

qalıqları da içirdilər, bəzən kiminsə onlara yazığı gəlirdi, yüz qram arağa, yaxud bir 

stəkan  şirin çaxıra, yaxud bir parç dolu pivəyə qonaq edirdi; sonra yenə qalıqlar 

içilirdi və barda, qəlyanaltıxanada işləyən xidmətçi qadınlar onları qovub küçəyə 

çıxartmayınca mizlər beləcə bir-bir gəzilirdi. 



 

253


O, qabaqlar restoranlara, barlara, qəlyanaltıxanalara girib tanış axtarırdı, 

tanışlara yaxınlaşıb içki xahiş edirdi, dünyanın vəfasızlığından, həyatın ağırlığından 

danışırdı, arvadı barədə, qızı barədə  nəsə  dəhşətli bir hadisə uydurub deyirdi, 

ağlayırdı, bəzən tanışların ürəyini yumşaldırdı, bəzən də  tənələrinə, öyüd-

nəsihətlərinə qulaq asa-asa yüz qram içib, yenə  də yüz qram xahiş edirdi, amma 

sonralar yavaş-yavaş tanışın, ya qeyri-tanışın fərqi olmadı, tanıdığı  və tanımadığı 

adamlardan içki xahiş etdi, sonra da artıqları içməyə başladı. 

Cibindəki altmış qəpiyi hardan tapmışdı – yadına gəlmirdi və ümumiyyətlə, dünənki 

gün yadına gəlmirdi, beynindəki boz bir duman içində təkcə onu xatırlayırdı ki, 

deyəsən, Bayıl tərəfdə (bəlkə də gedib Lökbatana çıxmışdı?.. Allah bilir...) Hansı bir 

həyətdə tabut içindəki ölünü qucaqlayıb öpürdü, ağlayırdı; necə gedib o həyətə 

çıxmışdı, tabut içindəki o ölü kim idi? – bilmirdi, amma yadına gəlirdi ki, elə həmin 

həyətdə ölünü yadetmə məclisində bir dolu stəkan araq içdi, ardı yadında deyildi və 

əslində, həmin yay səhəri bu barədə fikirləşmək, yəni nəyisə yadına gətirmək 

istəmirdi, çünki bu dəm bütün varlığı ilə «Qırmızı qərənfil»in açılmağını gözləyirdi. 

O, «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara baxdıqca, elə bil, at ağzında yüyən 

görürdü və bu bağlı qıfılların qalın dəmirlərini yüyən kimi, öz dişləri arasında hiss 

edirdi və sövq-təbii dişlərini qıcıyırdı. 

Birdən-birə yenə də onun bədənini bir qorxu sarsıtdı – qorxdu ki, altmış qəpiyi 

itirmiş olar və  həmin yay səhəri onuncu, ya on beşinci dəfə  əlini kirli pencəyinin 

ağzı  cırılmış cibinə saldı  və altmış  qəpiyi çıxarıb sol əlinin ovcuna yığdı  və sağ 

əlinin barmaqları ilə, diqqətlə pulları bir-bir saymağa başladı; dırnaqları uzanmışdı, 

arası qapqara çirk idi və o pulları saydıqca milçəklər  əlinə, üzünə qonurdu. Tez-

tələsik milçəkləri qova-qova nəhayət ki, pulu saydı; düz altmış qəpik idi, sikkələri 

yenə  də kirli pencəyinin cırıq cibinə tökdü və daha milçəklərə fikir vermədi, 

milçəklər alnında, burnunda, qulaqlarında, dodağında gəzişirdi; milçəkləri yalnız 

pulu sayanda qovurdu, elə bil, qorxurdu ki, milçəklər o altmış qəpiyə şərik çıxar... 

O, gəlib «Qırmızı  qərənfil»lə üzbəüz səkinin tinində oturanda gün hələ 

çıxmamışdı, üfüq isə qıpqırmızı qızarmışdı, amma o bu qıpqırmızı üfüqdən tamam 

xəbərsiz idi, çünki gözünü «Qırmızı  qərənfil»in bağlı qapısına zilləmişdi və 

kirpiklərini qırpmağa da qıymırdı ki, birdən bufetçi Abdulla gedib o iri qıfılları açar, 

xəbəri olmaz. 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə