254
Küçə bomboş idi və bu bomboş küçədə o büzüşüb tindəki səkinin üstündə
oturmuşdu, bir də ki, sərçələr idi: dəstə-dəstə sərçələr küçə boyu bitmiş yaşıl
akasiya, tut, çinar ağaclarına qonub bir civilti salmışdılar ki, səsi küçəni başına
götürmüşdü və sərçələrin o civiltisi, elə bil ki, keçmiş günlərdə açılan səhərlərdən
xəbər vermək, keçmişdə qalmış və indi, demək olar ki, tamam unudulmuş bir ab-
havadan demək istədi, amma o gözəl sərçələrin civiltisi bir neçə andan sonra onun
başındakı uğultu içində əriyib yox oldu. Bir az keçdi, tək-tük adamlar binalardan,
həyətlərdən çıxdı, tələsə-tələsə onun yanından addımlayıb keçdi; heç kim ona fikir
vermirdi, çünki sübh tezdən «Qırmızı qərənfil»in qabağında oturub gözlərini
qəlyanaltıxananın bağlı qapısındakı iri qıfıllara zilləyən adamlar, daha doğrusu,
alkoqoliklər, görünür, bu küçədə bir o qədər də təəccüblü bir hadisə deyildi, hər
halda, heç kim onun yanında ayaq saxlamırdı. Elə, bil o da bu səkinin daşı, küçənin
asfaltı kimi bir şey idi; ona baxan da gözucu baxıb keçirdi və həmin gözucu
baxışlarda bir anlıq iyrənmə, çiyrinmə ifadəsi var idi. O bu cür gözucu baxışlardakı
həmin ikrah dolu ifadəyə adət etmişdi, həmin baxışlar ona təsir etmirdi, elə bil, belə
də olmalıdır, bunda heç bir təhqiramiz şey görmürdü və ümumiyyətlə, dünyada onun
üçün təhqiramiz heç nə qalmamışdı.
Əyninə paltarının üstündən dəmiryolçular kimi sarı rəngli qolsuz pencək geymiş
süpürgəçi qadın küçənin yuxarı başında göründü və küçəni süpürə-süpürə yavaş-
yavaş aşağıya tərəf gəlməyə başladı, sonra birinci trolleybus küçədən ötdü, maşınlar
artmağa başladı; indi yay idi və küçədən ötən maşınlar onu narahat etmirdi, çünki
küçələr quru idi; qışda, payızda sulu qar yağırdı, yağış yağırdı və o beləcə gəlib
«Qırmızı qərənfil»in, yaxud başqa bir qəlyanaltıxananın qabağında oturanda yoldan
ötən maşınlar onun üst-başına palçıq sıçradırdı.
O, yenə də səksənib əlini pencəyinin cibinə saldı və yenə də cibindəki xırda
pulları ovcuna yığıb saymağa başladı. «Qırmızı qərənfil»in müdiri və bufetçisi
Abdulla ağına-bozuna baxan adam deyildi, alkoqoliklərin hamısını tanıyırdı və tələb
eləyirdi ki, pullarını göstərsinlər, elə ki, pulları olmadı, itələyib qəlyanaltıxanadan
çıxarırdı, başqalarının stəkanlarındakı, parçlarındakı artıqları da içməyə qoymurdu,
alkoqoliklərin gözlərinin qabağında artıqları bufetin yanındakı əlüzyuyana
boşaldırdı; hərdən də – ayda, iki ayda bir dəfə – onlardan birinin əlinə vedrə verirdi,
bütün səhəri, günortanı əsgi ilə qəlyanaltıxananı, bufetin içini, arxa tərəfdəki balaca
mətbəxi, içki və ərzaq yığdığı zirzəmini tərtəmiz yudurdurdu və bundan sonra yüz
qram araq, yarım parç pivə verib qovurdu. Bufetçi Abdulla belə bir qəti əqidədə idi
ki, alkoqoliklər çox sırtıq məxluqdu, adamı ki, bir balaca üzüyumşaq gördülər, çıxıb
oturacaqlar başında.
Süpürgəçi qadın küçəni süpürə-süpürə yavaş-yavaş ona tərəf gəlirdi, amma bu
onu narahat etmirdi, çünki bütün bufetçiləri tanıdığı kimi, «Qırmızı qərənfil» kimi
qəlyanaltıxanaların yerləşdiyi küçələrdəki süpürgəçilərin də, xidmətçilərin də
hamısını tanıyırdı, bilirdi ki, hansı davakardır, hansının ürəyi yumşaqdır və indi ona
tərəf gələn bu arvadın da ürəyiyumşaq adam olduğunu bilirdi, bu arvaddan
qorxmurdu.
Süpürgəçi qadın küçəni süpürə-süpürə gəlib onun yanına çatdı və həmişəki
kimi, özünü saxlaya bilməyib:
255
– Yenə gəlmisən, ay bədbəxt oğlu bədbəxt? – dedi. – Yenə gəlib kəsdirmisən
buranı? Ay anası ölmüş, ay bacıları qan ağlayan, ay yazıq, gəlmisən yenə? Səni də,
axı, yəqin bir istəyən var, küçə iti döyülsən axı sən, adamsan də, səni də doğan bir
ana olub da, ay bədbəxt, səni doğan o qara günün daşını indi hansı başına salsın o
arvad? Niyə bu günə salmısan özünü, itsən sən? Axı, adamsan, ay külbaş, ay bəxti
qara, it döyülsən axı?! – Arvad, elə bil, öz-özü ilə danışırdı. – Mənnən pis olub sənin
həyatın? Mənnən çətin olub? Əlimə süpürgə alıb çörəkpulu qazanıram, ay yazığın
balası, sənin, Allah bilir, hər şeyin olub, niyə it gününə salmısan özünü, it döyulsən
sən axı!.. – Süpürgəçi qadın qurumuş böyürtkən kolu kimi qalın süpürgəsinə baxa-
baxa kövrəldi və bu dəfə də qarğış eləməyə başladı: – Allah bu arağı çıxaranın
atasını gorbagor eləsin!.. Allah dünyadakı bütün Abdullaları cəzasına yetirsin!.. Sən
də ölsən, vallah, bunnan yaxşıdı, ay bədbəxt, anan, bacın üzüqaralıqdan qurtarar...
Onsuz da, diri-diri ölmüsən... Arvad-uşağın da var bəlkə... Qara gün onlarındı e!..
Allah Abdulla kimilərinin də gününü qara eləsin!..
Guya ki, bufetçi Abdulla başqalarına güclə araq içirdirdi...
O, süpürgəçi qadının dediyi sözlərə fikir vermirdi, əslində, heç bu sözləri
eşitmirdi də. Büzüşüb səkinin üstündə necə oturmuşdusa, eləcə də qalırdı, yerindən
tərpənmirdi və gözlərini də «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara zilləmişdi
və yenə də həmin iri qıfılların dəmirini yüyən kimi, öz dişlərində hiss edirdi.
Deyinə-deyinə, qarğış eləyə-eləyə qalın süpürgəsini yolun ortasından o baş-bu
başa apara-apara küçəni süpürən qadın hərdən süpürgənin ucu ilə onun dünən gecə
hardasa çirkə-palçığa bulaşıb, indi qurumuş şalvarının balaqlarına, dabanları yeyilib
getmiş, ordan-burdan üstü cırılıb deşilmiş ayaqqabılarına toxunurdu, amma o buna
məhəl qoymurdu və ümumiyyətlə, bu saat onu heç nə yerindən tərpənə bilməzdi,
yalnız «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllar açılanda onun da ayaqlarına güc
gələcəkdi, yerindən qalxıb qəlyanaltıxanaya girəcəkdi, cibindəki altmış qəpiyi
çıxarıb bufetçi Abdullaya uzadacaqdı, bufetçi Abdulla da əli onun çirkli əlinə
toxunmasın deyə, bufetin piştaxtasındakı boş boşqaba işarə edəcəkdi, yəni ki, pulu
bura qoy, sonra pivə şüşələrinin arasından ən yöndəmsizini, ağzından hava
buraxanını, yaxud şüşəsi çatlamışını, bir sözlə, o pivələri ki, abırlı müştərilərin
qabağına qoya bilməzdi, onları seçib iyrəndiyini gizlətməyərək, daha doğrusu,
iyrəndiyini açıq-aşkar nümayiş etdirərək yenə də işarə ilə deyəcəkdi ki, gəl, bunları
götür. «Qırmızı qərənfil»in qapısındakı iri qıfılların açılmasından başqa, onu bu dəm
səkinin üstündən daha iki səbəb qaldıra bilərdi: ya milisioner görsə, durub haradasa
gizlənərdi ki, tüfeyli kimi aparıb ona məcburi iş kəsməsinlər, yaxud məcburi surətdə
müalicəyə göndərməsinlər (üç dəfə beləcə məcburi müalicəyə göndərilmişdi, amma
sonradan yenə də içməyə başlamışdı), bir də ki, özü kimi birisinin gəldiyini
görsəydi, durub qaçardı, çünki altmış qəpiyinə şərik çıxa bilərdilər. Səhər tezdən
hələ dilinə bir qurtum da içki dəymədiyi vaxt, cibində otuz qəpik, yaxud altmış
qəpik beləcə oturub qəlyanaltıxananın açılmağını gözləyəndə, o, özü kimilərə qarşı
çox qəddar olurdu: onlardan gizlənirdi, onları yaxına buraxmırdı və bu ona
bənzəyirdi ki, uzun müddətdən bəri ac qalmış bir heyvan şikar tapır, bütün olub-
olmayan imkanları ilə, dişi ilə, dırnağı ilə həmin şikarı başqalarından qoruyur, həmin
şikardan, heç olmasa, bir dişdəm qoparmağa can atan heç kimi yaxına buraxmır.
Süpürgəçi qadın küçəni süpürə-süpürə qalın süpürgəni yenə də səkiyə tərəf
aparanda yumaq kimi bürmələnib küçəyə atılmış bir qəzet asfaltın üstü ilə yüngül
top kimi diyirlənə-diyirlənə gəlib onun ayaqlarının yanında dayandı.