Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə112/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   108   109   110   111   112   113   114   115   ...   184

 

246


Züleyxa asqıçı kişiyə fikir vermirdi, elə bil, asqıçı deyinmirdi, milçək 

vızıldayırdı qulağının dibində; iti addımlarla zalın içindən keçib birbaşa Əlipaşagilin 

məclisinə  tərəf gəldi, asqıçı kişi də  əl-qolunun köməkliyilə etiraz edə-edə 

Züleyxanın ardınca gəldi və aydın məsələdir ki, restoranın camaatı gözünü dörd 

eləyib təəccüblə onlara baxdı. 

Orkestr dayandı. 

Əlipaşa əvvəlcə elə bildi ki, çox içib, çox oynayıb, çox həyəcan keçirib və buna 

görə də indi Züleyxa beləcə gözlərinin qabağına gəlir, amma bu cəmi bir an çəkdi: 

yox, vallah, Züleyxa xəyal-zad deyildi, Züleyxa elə, həqiqətən də, restorana 

gəlmişdi və Əlipaşa bayaqkı o quş yüngüllüyü ilə ayağa sıçradı: 

 – Nə yaxşı oldu sən gəldin! Nə yaxşı oldu sən gəldin! – Əlipaşa sürətlə mizin 

arxasından çıxıb, gəlib arvadının qabağında dayandı. – Heç bilirsən sən nə qiyamət 

iş görmüsən?! Bilirsən?! Nə yaxşı oldu ki, gəldin! – Əlipaşa heç cür sakitləşə 

bilmirdi. – Nə yaxşı! Tez elə! Tez çıxart şubanı, gəl otur! Gəl! – Və Əlipaşa ağzını 

açıb bir kəlmə  də deməyə macal tapmamış Züleyxanın  əlini qaldırıb sevinclə 

məclisdəkilərə  xəbər verdi: – Əziz dostlar! Mənim həyit yoldaşımdı! Züleyxa 

xanımdı! 

Məclisin iştirakçıları bayaqdan bəri bir şey başa düşməyib təəccüblə gah bu 

şubalı, şallı qadına, gah da sevindiyindən, az qala, quş kimi uçmaq istəyən Əlipaşaya 

baxırdı və elə ki, məlum oldu bu qadın Əlipaşanın həyat yoldaşıdı, elə ki, Əlipaşa 

tələsik Züleyxanın şubasının soyuq düymələrini açmağa başladı, məclis birdən-birə 

cana gəldi, kişilərin hamısı ayağa qalxdı, Məlik: 

 – Xoş gəlmisiz! Xoş gəlmisiz! – deyə Əlipaşanın həyat yoldaşını salamladı. 

Şair Səlim Sürəyya gəlib Əlipaşanın həyat yoldaşı ilə əl tutuşdu: 

 – Həmişə siz gələsiniz! – dedi. – Buyurun! 

Və məclisin başqa iştirakçıları da: 

 – Buyurun!.. 

 – Buyurun!.. 

 – Buyurun!.. – dedilər. 

Əlipaşa Züleyxanın yaş  şubasını  çıxartdı, qarlı  şalını başından aldı, Səlim 

Sürəyya şubaya, şala işarə edərək asqıçı kişiyə: 

 – Götür apar! – dedi və sifətində bayaqkı hirsdən əsər-əlamət qalmamış asqıçı 

itaətlə gülümsəyə-gülümsəyə şubanı da, şalı da ehmallıca Əlipaşadan alıb apardı. 

Professor qadın bütün məclis boyu (hər halda, Əlipaşa bu məclisdə iştirak etdiyi 

vaxtdan bəri) ilk dəfə ağzını açıb Züleyxaya müraciətlə: 

 – Buyurun, gəlin bura, mənim yanımda oturun, – dedi. 

Əlipaşa: 

 – Yox! – dedi. – Çox üzr istəyirəm hamınızdan, amma Züleyxa xanım mənim 

yanımda oturacaq!.. 

Züleyxa ömründə Əlipaşanı bu cür coşğun, bu cür həvəs içində görməmişdi və 

ərinin belə bir coşğunluğu, həvəsi və ümumiyyətlə, bütün bu məclis Züleyxanı elə 

tutmuşdu ki, buraya nə üçün gəldiyini yadından çıxartmışdı, özünü tamam itirmişdi, 

heç nə deyə bilmirdi, gülümsəyirdi, soyuqdan gəldiyi üçün, ya məclis tutduğu üçün 

sifəti alışıb-yanırdı. 

Şair Səlim Sürəyya mizin üstündəki qədəhini götürüb Əlipaşa və  həyat 

yoldaşına baxa-baxa gur səsi ilə: 

 – Mənim bir sözüm var, dostlar! – dedi. 

Əlipaşa tələsik: 




 

247


 – Yox! Yox! – dedi. – Söz özümündür! Bu sağlığı gərək mən özüm deyim! – 

Və  şairin razılığını gözləmədən dedi. – Əziz dostlar! Mən bunu sidq ürəkdən 

deyirəm! Içirəm bunu, içirəm bunu mənim ailəmin sağlığına! Mənim ailəm 

dünyanın gözəl bir ailəsidir! Mən içirəm bunu Züleyxa xanımın sağlığına! 

Əlipaşa bu sözləri elə ürəkdən dedi ki, bu sözlər o qarlı cümə günü o 

«Sağlamlıq» restoranında elə səmimi səsləndi ki, hamı bir ağızdan: 

 – Sağ olun! 

 – Sağ olun! 

 – Sizin sağlığınıza! 

 – Həmişə beləcə xoşbəxtlik içində olun!.. – deyib içdi və səhərdən bəri, demək 

olar ki, içki içməyən o professor qadın da bu sağlığın şərəfinə qədəhindəki konyakı 

axıracan içdi. 

Müdir  Əlimuxtar müəllim də növbəti qədəhini boşaldıb üstündən bir dişdəm 

şoraba pomidor yedi; bayaq ki, Züleyxa yaş şuba ilə içəri girdi və redaktor Əlipaşa 

dedi ki, bu arvad onun arvadıdır, Əlimuxtar müəllimin ürəyi döyünməyə başladı, elə 

bil ki, bir balaca silkələnib həmişəki bədbinliyinin içindən çıxdı, çünki Əlimuxtar 

müəllim  əvvəlcə elə başa düşdü və Züleyxanın qəzəbli gözləri də  əvvəlcə belə 

deyirdi ki, indicə  ər-arvadın arasında dava-mərəkə başlayacaq; yox, müdir 

Əlimuxtar müəllim küpəgirən qarı deyildi, amma, hər halda, ürəyində bir maraq baş 

qaldırdı, sonra o maraq yenə söndü, ürəyinin döyünməsi kəsdi, bədbinlik yenə kişini 

ələ aldı. 

Səlim Sürəyya  əlini qaldırdı, orkestr uzaqdan-uzağa  şairin ürəyindən keçən 

hissləri oxudu və «Gəlin havası» çalmağa başladı; klarnetçalan mikrofonun 

qabağına gəlib «Gəlin havası»nın kövrək xallarını elə vururdu ki, elə bil, bu da 

Əlipaşanın dediyi sağlığın davamı idi. 

Əlipaşa ayağa qalxdı,  əllərini qaldırıb Züleyxanın qabağında oynaya-oynaya 

başı ilə, gözləri ilə arvadını rəqsə dəvət eləməyə başladı və bütün məclis də əl çaldı, 

Züleyxanı  əri ilə oynamağa çağırdı  və Züleyxa başa düşdü ki, mütləq durmalıdır, 

oynamalıdır, yoxsa Əlipaşa oturmayacaq, başa düşdü ki, ömründə birinci dəfə bu cür 

şövq içində, həvəs içində gördüyü Əlipaşanın ürəyi sına bilər və Züleyxa da ayağa 

qalxdı, özü qabaqda, Əlipaşa da arvadının ardınca oynaya-oynaya restoranın 

meydançasına getdilər, meydançanın ortasında bir-birinə baxa-baxa üz-üzə 

oynamağa başladılar. 

Züleyxa oynaya-oynaya Əlipaşaya baxdıqca,  Əlipaşanın gözlərinin dibinə 

çökmüş o sevinci gördükcə yavaş-yavaş özünə gəlirdi, sifətində alışıb-yanan o süni 

istilik yavaş-yavaş soyuyurdu, daha doğrusu, o süni istilik təbii bir hərarətlə  əvəz 

olunurdu. 

Züleyxa: 

 – Yaxşı oynayırsan... – dedi. 

Əlipaşa:  

 – Mən? – soruşdu. – Mən heç... Amma sən, doğrudan, əntiqə oynayırsanmış... 

 – Eh, qız vaxtı yaxşı oynayırdım, indi day yadırğamışam... 

 – Züleyxa...  

 – Hə? 


 – Züleyxa... 

 – Nədi? 

 – Sənə qurban olum! 

 – A-a-a... Nolub sənə? 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə