281
– Yağımız qurtarıb də... – Gəlin, elə bil bağça, müəlliməsi idi, uşağı başa
salırdı; sonra ürəkdolusu əsnədi və gözlərindən iki gilə yaş süzülüb üzüylə axdı. –
Talonu da vermir upravdom hələ, deyir ki, gəlməyib. Bəs, nə vaxt gələcək? Üç
gündən sonra ay qurtarır?.. Fırıldaqdı hamısı! Altdan satırlar talonnarı rayonlulara.
Rayonda, deyir, yağın kilosu əldə on beş manatdı! – Yenə ürəkdolusu əsnəmək
istədi, amma axıracan əsnəyə bilmədi, gözü oğluna sataşdı, əsnəməyi hələ də
yaraşığını itirməmiş balaca burnunda ilişib qaldı. – Bircə bunun işi düzəlsəydi!..
Qoca yağ söhbətini ortaya atmışdı, amma daha gəlinin dediklərinə fikir
vermirdi, diqqətlə öz əyninə baxırdı: hələ otuz il bundan əvvəl nəşriyyatda kassaçı
işlədiyi vaxt (indi tamam yadından çıxartdığı o zamanlar) özünə aldığı boz kostyum
(bu boz kostyum o qədər köhnə və eyni zamanda o qədər səliqəliydi ki, elə bil,
muzey eksponatı idi!). Elə həmin qədim vaxtlardan – əllinci illərdən qalma miləmil
köynək, enli qəhvəyi qalstuk; qoca hər gün səhər yerindən qalxanda boz kostyumu
geyirdi, miləmil köynəyin üstündən enli, qəhvəyi qalstukunu taxırdı, elə bil ki, o
keçmiş vaxtlardakı kimi, işə gedəcəkdi və hər gün də heç hara getmədiyi, təkcə
evdə, ya da ki, həyət qapılarının ağzındakı taxta skamyada hərəkətsiz oturduğu üçün,
boz kostyum didilib-sökülmürdü, ayda, iki ayda bir dəfə də, gecə qoca yatandan
sonra gəlinin ütüsündən, şotkasından keçirdi.
O payız səhəri qoca diqqətlə öz əyninə baxa-baxa əlini pencəyinin yaxasında
gəzdirdi, iki əlini də şalvarın üstündən bir dəri, bir sümük olan dizlərinə sürtdü, elə
bil, öz-özünü yoxlayırdı və soruşdu:
– Mən kiməm?
Oğlu qocaya baxdı və birdən-birə qızardı, ərinin beləcə qızarmağı, əlbəttə,
gəlinin gözündən yayınmadı, arvad ürək ağrısı ilə fikirləşdi ki, əri hələ də qocanın
belə bir vəziyyəti ilə barışa bilmir, kişinin xəcalətini çəkir.
Qoca bu dəfə də diqqətlə oğluna baxdı:
– Bəs... sən kimsən?
– Mən itəm! Pişiyəm! Əbləhin biriyəm! Heç bilirəm ki, kiməm? – Əlindəki boş
stəkanı hirslə nəlbəkinin üstünə qoyub ayağa qalxdı, balaca arakəsməyə çıxıb köhnə
paltosunu, papağını asılqandan götürdü, əyninə geyməyib, elə-eləcə evdən çıxdı,
həyətdəki zibil yeşiyinin yanından ötüb birbaş işə yollandı: iyirmi il idi ki, Statistika
Idarəsində təsərrüfat müdiri işləyirdi (işçisi də ancaq özündən ibarət idi).
Gəlin:
– Fağır, o saat özündən çıxır!.. – dedi. – Neynəsin e? Mən qaragünün də əlindən
bir iş gəlsəydi, bu bədbəxt oğluna kömək eləyərdim də, maaş alardım... Məni bazara
qoymur, özü gedir. Bilirsən nöşün? – Gəlin bu sözləri qocaya baxa-baxa deyirdi və
qoca da gözlərini bu qadına dikmişdi, nə dediyinin fərqinə varmırdı, təkcə elə onu
fikirləşirdi ki, görəsən, bu arvad kimdi belə bu qədər danışır? – Elə bilir ki, mən başa
düşmürəm!.. Eşşəyəm bəyəm mən ki, ya, başa düşməyim? Nöş başa düşmürəm?
Ona görə özü gedir ki, bazarda şey-şüyü ucuz almaqçün qəpiy davası əliyir. Başa
düşdün?.. – Gəlin bu sualı da qayınatasına baxa-baxa verdi, elə bil ki, qoca doğrudan
da, nəsə başa düşməliymiş; sonra özü başa saldı: – Qeyrətinə sığışdırmır ki, mən
gedim ucuz şey axtarım bazarda?.. Istəmir ki, arvadı başqalarının arvadından əskik
olsun, qəpiy davası ələsin!.. Bununçun da özü gedir bazara... Ona deyən lazımdı ki,
ay bədbəxt oğlu bədbəxt, mən nəyəm begəm? Böyük zibil-zadam? Bude, camaat
necə, – əli ilə pəncərədən həyəti göstərdi – mən də eləyçinə də!.. Ancaq deyə
bilmirəm də ona... Necə deyim? Ürəyini sındırmaq istəmirəm də... – Sonra oğluna
baxdı. – Ancaq sən zirəng ol bir az!
283
Məsələ burasında idi ki, əsgərlikdən təzə qayıdıb Tarix Institutunda kuryer
işləyən bu oğlanın təzə işə keçmək məsələsi bu gün həll olunmalı idi – anası
istəyirdi ki, daha doğrusu, var gücüylə çalışırdı ki, oğlu milisioner olsun, amma adi
milisioner yox, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasında
qapıda dayanan milisioner; belə bir yer olduğunu və ora indi cavan adam
axtardıqlarını bu həyətdə yaşayan milisioner Əliabbas demişdi, daha doğrusu, bunu
milisioner Əliabbas arvadı Firuzəyə demişdi, Firuzə də düz beş gün bundan əvvəl
həyətdəki krantda qab-qacaq yuyanda bunu arvadlara demişdi: « – Ude, milsəner
yeri boşdu sekada, adam axtarırlar ora! Sekanın dükanı var, bufetində də nə qədər
istəyirsən sveji ət var, ağəz, apelsin də var e, orda həmişə öz qiymətinə, kilosu iki
manata!... Ətağanın cəddiyçün, Əliabbas qərdeşüvüz diyir ki, yağ da olur orda,
talonsuz-zadsız!.. O biri milsənerlər səhərdən-axşamacan küçələrdədi, fağırlar,
ancaq sekadakı milsəner həmişə isti yerdə oturur, içəridə, qapının yanında,
dakumentlərə baxır ki, hə, sən gir içəri, sən də, sənə olmaz, girə bilməzsən,
vəssalam! Ancaq nə istəyir, gedir bufetdən alır, arvad-uşağı da bey balası kimi
yaşayır!.. Özü də girib orda bufetdə abed əliyir!.. Bələdi də, haqq yoxdu də bu
zaraza dünyada!.. Əliabbası kimdi ora götürən? Hay-hayı gedib, vay-vayı qalıb!..
Pensiyəyə çıxır də, fağır gələn il... Kimdi onu ora götürən?.. Əliabbas qərdeşivüz
deyir ki, ora elə-belə heç kimi götürməzlər! Ya gərək adamun olsun, tapşursun səni,
ya da ki...» Bu sözləri düz beş gün bundan əvvəl Firuzədən eşitmişdi və bu sözlər
düz beş gün idi ki, gəlinə rahatlıq vermirdi, beyninə elə girmişdi ki, çıxarmaq
mümkün deyildi (çıxarmaq istəmirdi də!) və bu beş gündə evdə səhər-axşam bu
məsələdən danışırdı, oğlunu həmin yerə düzəltməkdən ötrü tədbir tökürdü və hər
dəfə də ərinə, oğluna, qızlarına deyirdi: « – Heç kimə demüyün ha!...» Təkcə
qayınatasına xəbərdarlıq eləmirdi, çünki bilirdi ki, qoca elə sklerozdu ki, altı-yeddi
ildi, onsuz da, heç nə başa düşmür, heç nə yadında qalmır və heç kimi də tanımır.
Gəlin əvvəlcə oğlunu yanına salıb apardı Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin təzə böyük binasının qabağına, əlləşdi, vuruşdu, soraqlaşıb öyrəndi ki,
hansı qapıdan hara getmək lazımdı, bu işlərə kim baxır, özü qaldı küçədə, oğlunu
göndərdi içəri (məktəbi qurtarmağı haqqındakı kamal attestatı, əsgərlikdə aldığı
tərifnamə və sairə sənədlərlə birlikdə) və bir az keçəndən sonra oğlu suyu süzülə-
süzülə geri qayıtdı ki, düzəlmədi, məni heç kimin yanına buraxmadılar, dedilər get
ayrı yerdə özünə iş axtar. Səhərisi gün yenə qayınatasını evdə tək qoydu – qocanı
evdə tək qoyanda da həmişə nigarançılıqdan ürək-göbəyini yeyirdi ki, birdən suyu
açar, bağlamaz, ya qazı açıb bağlamaz, ya özü yıxılar-eləyər, qalxa bilməz – yenə
oğlunu yanına salıb (işdə də elə bilirdilər ki, institutun kuryeri məktubları ünvanlara
çatdırır, avtobusda, trolleybusda ləngiyir) getdi Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin binasına, amma bu dəfə o kamal şəhadətnaməsini də, o mayor
Ivanovun imzaladığı tərifnaməni də, qalan sənədləri də özü ilə götürdü, oğlu küçədə
dayanıb gözlədi, özü içəri girdi və yenə də heç nə çıxmadı, onu da rəisin yanına
buraxmadılar: « – Ay bacı, get oğluna başqa yerdə iş axtar, burda iş yoxdur! Bura
sekadı e, seka!...». Həmin gün də oğlu dayanacaqlarda işlənmiş avtobus, trolleybus,
tramvay biletləri yığıb işə apardı, bu qədər şəhəri dolaşmışam, ona görə də
ləngimişəm (həmişəki kimi, o biletlərin pulunu da kassadan götürüb gedib özünə
siqaret aldı), gəlin də kor-peşman evinə qayıtdı, başa düşdü ki, elə çətin bir məsələyə
girişib ki, onun xörəyi deyil, amma milisioner Əliabbasın arvadı Firuzənin dediyi o
sözlər başından çıxmırdı ki, çıxmırdı. Səhəri gün istədi ki, indi də ərini göndərsin
oğluyla, amma göndərmədi, çünki getməyinə gedəcəkdi, sonra da dava salacaqdı,