Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə126/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   122   123   124   125   126   127   128   129   ...   184

 

278


Elə ki, çəkməçi Ağagül səhər tezdən qapını açıb içəri girdi, yarım kilo ağ çörəyi 

mizin üstünə qoydu, Fatma arvadın ürəyi düşdü, elə bil, bir salxım üzümü qayçı ilə 

kəsdilər və arvad Ağagülün qıpqırmızı  qızarmış gözlərindən başa düşdü ki, Stalin 

ölüb. Fatma arvad bütün gecəni yatmamışdı;  əvvəlki gecələr həmişə Allaha 

yalvarırdı ki, Balaniyazdan bir xəbər gəlsin, Balaniyaz getdiyi yerdən salamat 

qayıtsın, amma həmin gecə Balaniyazla birlikdə Stalinçün də Allaha yalvarmışdı, 

yalvarmışdı ki, Stalin ölməsin, çünki əgər Stalin də ölsəydi, daha iynənin ucu qədər 

də ümid qalmayacaqdı bu dünyada, batacaqdı bu dünya, Aşqabaddan da pis günə 

qalacaqdı bu dünya... Və Ağagül çıxıb gedəndən sonra, Fatma arvad eləcə oturduğu 

yerdə qaldı, durub çay dəmlədi, mizin üstündəki o yarım kilo ağ çörəyə əl dəymədi 

və birdən-birə arvada elə  gəldi ki, ömrünü keçirdiyi, əriylə birlikdə iki oğlunu 

böyütdüyü bu otaq otaq yox, qəbirdi, bardaş qurub oturduğu palazın üstündən güclə 

qalxıb titrəyən ayaqları səndələyə-səndələyə evdən çıxdı, o, səhərçağı çöldə də, elə 

bil, azadlıq yox idi, elə bil, nəyləsə hər tərəfi qapamışdılar və gözə görünməyən o 

«nəsə» çölü də otağın içi kimi, qəbirə çevirmişdi və Fatma arvad taxta pilləkənin 

üstündə oturdu, çoxdan bəri ağlamadığına (ağlaya bilmədiyinə!) görə hönkürtü, elə 

bil, birdən-birə qanlı-kədərli bir fəvvarə kimi, püskürüb bütün içindən gəldi, ağlaya-

ağlaya: «–Bəs, necə olacaq? – pıçıldadı. – Ay Allah, bu nə gündü biz düşdük. – dedi. 

– O boyda kişiyə necə  qıydın, ay Allah?! – dedi. – Baisin evi yıxılsın, bəs, necə 

olacaq bundan sonra? – dedi. – Bu yazıq camaat neyniyəcək bundan sonra?..» 

  

* * * 

 

O Sarı hamamın qabağındakı o qoşa tut ağacının çılpaq budaqlarına isə pırıltıyla 



sərçələr qonurdu, uçub gedib təzədən qayıdırdı və 1953-cü ilin o soyuq mart səhəri 

bizim məhəllədə təkcə o sərçələr heç nəyin fərqində deyildi... 

  

 Aprel, 1990. 

 

 



 

 

 

 


 

279


DÜNYANIN BƏXTƏVƏRI  

  

Gəl səninlə həmdəm olaq, 



Gəl, dolanaq bağı, bülbül... 

 

Xalq mahnısından  

 

 

Sonra o cümə günü səhər tezdən qocaya yenə elə gəldi ki, qəfəsdə cəh-cəh vuran 



o bülbülün səsini də qəfəsə salıblar və o bülbülün səsi də otağa xırdacıq qəfəslərin 

içində yayılırdı, bülbül özü qəfəsdə dustaq olduğu kimi, səsi də o xırdacıq qəfəslərin 

içində dustaq idi və o kiçicik səsli qəfəslər qovuqcuqlar kimi, bütün evin içində 

yüngülcə uçuşurdu və qoca hərdən diksinirdi, elə bil ki, o xırdacıq qəfəslər də sabun 

qovuqcuqları kimi, indicə partlayacaqdı, səslər də şüşə kimi sınacaqdı. 

Qoca qəfəsdəki o bülbülə qulaq asdıqca, bülbülün səsini də eləcə  xırda 

qəfəslərdə təsəvvür etdikcə, nigarançılıqla dolu bu hissləri mizin arxasında əyləşmiş 

adamlara da söyləmək istəyirdi, amma bir tərəfdən bu adamların kim olduğunu 

yadına sala bilmirdi, bir tərəfdən də  həmin hissləri, həmin görümləri söz ilə ifadə 

eləyə bilmirdi, bilmirdi ki, hansı sözləri tapıb içindəkiləri danışsın və o məqamlarda 

qocaya elə gəlirdi ki, həmin hisslər özünün yox, başqa bir adamın hissləridir, başqa 

bir adamdır görən, duyan ki, bülbülün səsi də xırda-xırda qəfəsciklərə salınıb otaq 

boyu uçuşur. 

O darısqal otağın bir küncündə, köhnə paltar dolabının üstündəki o sarı bülbül 

isə həmin cümə günü səhər tezdən elə hey ötürdü və bir əlində çaydan, o biri əlində 

çaynik, doyunca yata bilmədiyinə görə  əsnəyə-əsnəyə  və  əsnədikcə  də gözləri 

sulana-sulana mətbəxdən gələn gəlin: 

 – Buna nolub, ağəz, bu gün belənçinə? – dedi və hələ rəhmətlik ana babasından 

qalma girdə mizin arasında qızları, oğlu,  əri və qayınatası üçün böyük stəkanlarda 

bir-bir çay tökməyə başladı: 

 – Dünya vecinə döyül də!.. – Bunu həmişə dünyadan şikayətli olan əri dedi və 

get-gedə daha da zəif gördüyü üçün qolunu lap gözlərinin qabağına gətirib hələ 

məktəbi bitirəndə – Allah bilir, neçə illər bundan əvvəl! – atasının, yəni indi mizin 

arxasında  əyləşmiş bu qocanın hədiyyə aldığı saata baxdı, çayı qabağına çəkdi, 

stəkanın içinə  qənd saldı  və qaşıqla qarışdıra-qarışdıra pendir-çörəkdən dişlədi. – 

Bülbül olmağa nə var e?!  

 – Hə, bülbül olasan, amma qəfəsdə olmayasan! – Bunu da qoca dedi və qocanın 

sözləri o darısqal otaqda o qədər gözlənilməz səsləndi ki, hətta, qızlar da 

ağızlarındakı quru pendir-çörəyi çeynəmələrinə ara verib mat-mat babalarına baxdı 

və qocanın özünə də elə gəldi ki, bu gözəl kəlamı kimsə, bir başqası dedi, amma kim 

dedi? – mizin arxasında tanımadığı bu adamlar idi, bir də özü idi; qoca bir-bir və 

diqqətlə bu adamlara baxdı. 

O sarı bülbülün xırdacıq qəfəslərə salınmış səsi sabun qovuqcuqları kimi, bütün 

otaq boyu elə hey uçuşurdu və qoca gözlərini mizin arxasında oturmuş bu 

adamlardan çəkib yenə bir müddət qəfəsdəki bülbülün qəfəslərə də salınmış səsinə 

qulaq asdı, sonra soruşdu: 

 – Mən bu gün getdim ayaqyoluna? 



 

280


Oğlu ağzı yana-yana qaynar çaydan bir qurtum içib alnını qırışdırdı və bu adam 

tez-tez alnını qırışdırdıqca saçı tamam tökülmüş başının dərisi də yığılıb qırış-qırış 

olurdu və  həmin məqamlarda elə bil ki, onun başı da dünyadan şikayət edirdi

atasına yanpörtü nəzər salıb: 

 –  Mən nə bilim? – dedi. – Getmək istəyirsən, yenə get də! Uzaqda döyül ki, 

həyətdədi də! 

 – Bilirəm də, yolunu bilmirəm bəyəm? – Qoca bu sözləri deyib, həmişəki kimi, 

höcətləşməyə hazırlaşdı, amma yadından çıxartdı ki, oranın yolunu bilir, yəni 

yadından çıxartdı ki, söhbət nədən gedir, sonra yenə o sarı bülbülün xırdacıq 

qəfəslərə salınmış səsi onu çox uzaqlara aparmaq istəyirdi, özüylə qədim zamanlara 

çəkirdi, qoca bunu hiss edirdi, amma nə qədər fikrini toplayırdısa da, çalışırdısa da, 

o uzaqlara, o qədimlərə gedə bilmirdi: o uzaqlarda, o qədimlərdə hansı bir xatirəsə 

qocanı gözləyirdi, hətta, qoca o xatirənin xoş, mülayim nəfəsini duyurdu, amma 

vəssalam! – bundan o tərəfə getmək mümkün deyildi; sonra qoca diqqətlə 

qabağındakı çaya, pendirə, çörəyə baxdı, sonra daha artıq bir diqqətlə mizin 

arxasındakı o biri adamların qabağındakı çaya, pendirə, çörəyə baxdı ki, görsün 

hamısı eynidi, yoxsa yox? – Hamısı eyni idi: həmin çörək, həmin pendir, həmin çay 

– qoca sifətini turşutdu və səsi də həmişəkindən cır səsləndi: – Yenə pendir-çörək? 

Bu gün pendir-çörək, dünən pendir-çörək, həmişə pendir-çörək!.. Niyə pendir-

çörək?.. Həmişə pendir-çörək...  

Oğlu yenə qolunu gözünə yaxınlaşdırıb saatına baxa-baxa və isti çayı içib 

qurtara-qurtara dedi: 

 – Sonra da deyirik ki, yaddaşı qalmayıb bunun! Elə yaxşı qalıb ki!.. Gör nə bilir 

ki, dünən də pendir-çörəyidi, o biri gün də pendir-çörəyidi!.. 

Gəlin: 

 – Yaxçı!.. – dedi. – Başlama səhər-səhər!.. 



O darısqal otaqdakı köhnə girdə mizin (bu miz gəlinin vaxtıyla atası evindən 

gətirdiyi cehiz idi, əslində isə, bunu anası özüylə cehiz gətirmişdi) arxasında bu 

ailənin bütün üzvləri, yəni qoca, oğlu, gəlini və oğlu ilə gəlinin övladları: əsgərliyi 

təzəcə qurtarıb gəlmiş və Tarix Institutunda kuryer işləyən böyük oğlan, texnikumda 

dərzilik oxuyan böyük qız, yəni ikinci uşaq, altıncı sinifdə oxuyan ortancıl qız 

əyləşmişdi. Hamı pendir-çörək yeyirdi, heç kim danışmırdı  və qocanın dediklərini 

də – təkcə o gözlənilməz bülbül söhbətindən başqa! – elə bil ki, təkcə oğlu eşidirdi; 

o köhnə paltar dolabının üstündəki o sarı bülbül də həmin payız günü səhərin gözü 

açılmamış oxu ki, oxuyurdu. 

Qoca: 


 – Yağ da yoxdu!.. – dedi. 

Oğlu yerində qurcalanıb yenə  nəsə demək istədi, amma gəlin  əli ilə  ərinin 

çiynindən basdı, yəni ki, işin olmasın və sakit çörəyini ye. 

Qoca: 


 – Dünən də yağ yox idi!.. – dedi. – Yağ vermirsiz mənə!.. 

Bu dəfə gəlin cavab verdi, gülümsəyib: 

 – A-a-a... – dedi. – Kimə yağ verirəm ki, sənə vermirəm?.. 

Qoca isə, gəlinin sözlərinin fərqinə varmadan qüssə ilə qarşısındakı pendirə, 

çörəyə baxa-baxa təkrar etdi: 

 – Yağ da yoxdu!.. 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə