Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə129/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   125   126   127   128   129   130   131   132   ...   184

 

286


Qoca pendir-çörəyini yeyib, çayını içmişdi və indi də yerində oturub diqqətlə bu 

arvada baxırdı  və bu arvadın dediyi bu çoxlu sözləri bu qulağından alıb, o biri 

qulağından buraxırdı, təkcə o «kanalizasiya» sözü bir an ilişib beynində qaldı  və 

qoca yenə soruşdu: 

 – Ayaqyoluna getmişəm mən? 

Gəlin nəm əsgi ilə o girdə mizin üsündəki qəhvəyi klyonkanı silə-silə: 

 –  Getmisən e, getmisən... Rahat olginən!.. – dedi. – Bayaq özüm yola saldım 

səni ora da, day oğlunun yanında demədim, əyibdi... Ancaq gecə mənim yadımdan 

çıxmasın, yaduva salım sənin, gedəsən ayaqyoluna. Getmirsən, sonra gecə yaş 

əliyirsən yerivi. Oğlun da hirsdənir. Bilirsən nöş hirsdənir? Sən onnan 

inciməginən!.. Mənə görə hirsdənir e! Utanır mənnən... Deginə ki, mənim neyimdən 

utanırsan, ay bədbəxt oğlu, bədbəxt? Hə?..  

O köhnə dolabın üstündəki sarı bülbül isə yenə də hərdən ötürdü və sarı bülbül 

ötdükcə də xırda qəfəsciklərə salınmış səsi güclə sezilən şəffaf sabun qovuqcuqları 

kimi otaq boyu uçuşurdu. 

 

II  




 

287


Qoca hər gün olduğu kimi, həmin cümə günü də səhər yeməyindən sonra, köhnə 

qara paltosunu geyib, köhnə boz şlyapasını başına qoyub, həyətə  çıxıb qapılarının 

ağzındakı taxta skamyada oturmuşdu və neçə illərdən bəri idi ki, beləcə günorta 

vaxtları o qədim tut ağacı, daşdan hörülmüş küncdəki o ayaqyolu, o böyük krant 

kimi, küçə qapısı tərəfdə yan-yana düzülmüş dəmir zibil yeşikləri kimi, qoca da bu 

balaca həyətin daimi hissəsiydi. Taxta skamyanı qoca üçün xüsusi olaraq milisioner 

Əliabbas öz əliylə düzəltmişdi və düzdü, milisioner Əliabbasın qocanın oğlunu 

görməyə gözü yox idi (və  məhəllədə bunu hamı yaxşı bilirdi), çünki ətiacının biri 

idi, heç nəyin üstündə adamla dava eləyirdi, amma bu skamyanı qoca üçün həvəslə 

düzəltmişdi və bunu bu dilsiz-ağızsız və tamam köməksiz Allah bəndəsi üçün savab 

bir iş hesab edirdi. Qoca hər gün günorta burada oturub həyətə açılan pəncərələrə, 

qapılara, həyətin ortasındakı tut ağacına, o zibil yeşiklərinə maraqla tamaşa edirdi, 

elə bil ki, bu pəncərələri, qapıları, asfalt döşənmiş bu həyəti birinci dəfə görürdü və 

qocanın, əlbəttə, heç ağlına da gəlmirdi ki, əslində bu həyət onun özünün dədə-baba 

həyətidi, atası da bu həyətdə anadan olub, özü də bu həyətdə anadan olub və oğlu, 

nəvələri də ömürləri boyu Bakının dağlıq məhəlləsindəki bu həyətdə boya-başa 

gəlib, qızları da bu həyətdə böyüyüb və hərəsi bir tərəfə ərə gedib, indi öz ailələri ilə 

məşğuldular, qocanın isə, bütün əzab-əziyyətini gəlinin üstünə atıblar. Evdəki o sarı 

bülbül çoxdan susmuşdu, amma hələ də qocaya elə gəlirdi ki, güclə gözə görünən 

qəfəsciklərə salınmış o bülbül səsi ətrafında uçuşur və qoca, düzdü, daha o səsləri 

eşitmirdi, amma o səslər o kiçik qəfəsciklərin içində, az qala, gəlib qocanın sifətinə 

toxunurdu, burnunun ucuna, dodaqlarına, barmaqlarının üstünə qonurdu və qoca o 

yüngül, o xəfif toxunmaları, təmasları hiss edirdi. Tutun sapsarı saralıb asfaltın 

üstünə tökülmüş yarpaqlarında da bu dəm eləcə bir yüngüllük var idi və qapılarının 

ağzındakı skamyada oturub indi də gözlərini o xəzələ dikmiş qoca birdən-birə istədi 

ki, ayağa qalxsın, gedib əli ilə o sarı yarpaqları qarışdırsın, o sarı yarpaqları qaldırıb 

atsın, o sarı yarpaqlar da ətrafda uçuşsun, amma elə ayağa qalxmağa hazırlaşırdı ki, 

nə istədiyi yadından çıxdı  və skamyanın üstündə yerini rahatlayıb milisioner 

Əliabbasgilin  şüşəbəndinə  tərəf baxdı. Həyətdə bir-birinə bitişik birmərtəbəli 

binalarda dörd-beş ailə yaşayırdı  və o ailələr dədə-babalıqca həmişə bu həyətdə 

yaşamışdılar, uşaqlardan kimlərsə böyüyüb ailə qurub başqa evlərə köçmüşdülər, ya 

da Bakıdan və ümumiyyətlə, Azərbaycandan çıxıb iş dalınca Rusiyanın uzaq 

şəhərlərinə gedib oralarda da ilişib qalmışdılar, amma ərə gedən o qızlar, evlənən o 

oğlanlar ki, Bakının mikrorayonlarında, başqa kənar-bucağında yaşayırdılar, 

bayramlarda, bəzən də adi bazar günlərində bu həyətə  gəlirdilər, uşaqlarını bura 

gətirirdilər, təkcə bu həyətin yox, ümumiyyətlə, məhəllənin xeyrində,  şərində 

imkanları daxilində  iştirak edirdilər və qoca da bu skamyada oturanda salamlaşıb, 

hal-əhval tutub qabağından keçirdilər və o zamanlar ki, bu yeni nəsil hay-küylə küçə 

qapısını açıb həyətə girirdi, qoca onların salamını alırdı, amma heç birini tanımırdı, 

fikirləşirdi ki, görəsən, bura haradır və bu adamlar bura niyə gəlib-gedirlər, amma 

lap soyuq qış günlərində  də bu adamların gülərüz salam vermələri, hal-əhval 

tutmaları qocanın xoşuna gəlirdi və canına bir hərarət gətirirdi. Milisioner 

Əliabbasgilin  şüşəbəndlərinin pəncərəsindən görünürdü ki, orda kök bir arvad 

ikigözlü qaz plitəsinin üstündəki iri mis tavada nəsə qızardırdı və əlbəttə, qoca daha 

bilmirdi ki, o kök arvadın adı Firuzədi, milisioner Əliabbasın arvadıdı, bilmirdi ki, 

Firuzənin çoxdan rəhmətə getmiş atası ilə, bax, bu həyətdə, bu tut ağacının altında 

çox nərd oynayıb, çox söhbət eləyib və düz otuz il bundan əvvəl Firuzənin toyunda 

o kişiylə birlikdə yaxşıca araq içib, bilmirdi ki, milisioner Əliabbas da cavan 




 

288


yaşlarından gəlib arvadıgildə, şüşəbəndi görünən o evdə yaşayıb, indi də yeddi uşaq 

atasıdı və yeddi uşağın qarnını doyuzdurmaqdan ötrü dəridən-qabıqdan çıxır, hərdən 

xəlvətə salıb üç manat, beş manat rüşvət alır; qoca bütün bunları bilmirdi, bütün 

bunlar da dünyanın başqa işləri kimi yaddan çıxıb getmişdi, amma şüşəbəndin 

pəncərəsindən görünən o arvadın açıq və kök qolları o payız günü qocanı yenə də 

harasa uzaq bir aləmə  çəkib aparmaq istəyirdi, qoca o çılpaq qollara baxa-baxa 

özündə bir həvəs hiss edirdi, o uzaq aləmə getmək istəyirdi, çünki hiss edirdi ki, o 

uzaqlıqda nəsə elə bir hərarət asfaltın üstünə tökülmüş bu sarı yarpaqlarda, həyətə 

baxan pəncərə  çərçivələrinin, qapıların solmuş göy, yaşıl, qəhvəyi rənglərində, 

divarların qabığı soyulan əhəngində yoxdu. Qoca beyninə güc eləyirdi, sümüklərini 

qızdırmaq üçün fikrində o uzaqlara getmək istəyirdi, amma yorulurdu və gözlərini 

milisioner Əliabbasgilin şüşəbəndindən çəkirdi, yenə tamam yeni bir maraqla qollu-

budaqlı tut ağacına baxırdı. Hərdən sərçələr cikkildəyə-cikkildəyə  gəlib həyətdəki 

bu tut ağacının çılpaq budaqlarına qonurdu və qoca o sərçələrə baxırdı, sərçələrin 

cikkiltisinə qulaq asırdı  və o sərçə cikkiltiləri tamam azad idi, kiçik qəfəsciklərə 

salınmamışdı, kiçik qəfəscikdəki dustaq səs sarı bülbülün səsi idi, amma daha 

eşidilmirdi, düzdü, o qəfəsciklər hələ  də  həyətdə uçuşurdu, amma eşidilən sərçə 

cikkiltisi idi və o cikkilti tamam azad idi. Qoca özü bütün bu hisslərini axıracan dərk 

edə bilmirdi, beynində söz tapıb bu hissləri özünə aydın edə bilmirdi və yorulub 

təzədən milisioner Əliabbasgilin  şüşəbəndinə baxırdı  və o qadının  şüşəbənddəki 

qazın üstündə nə qızartdığını görmürdü, təkcə şüşəbənddən gələn xörək iyi hərdən 

burnuna dəyirdi, amma o xörək iyi qocanın iştahını  çəkmirdi; düzdü, bu, pendir-

çörək qoxusu deyildi – pendir-çörək də, qoxusu da pis bir şey kimi qocanın 

beynində  həkk olub qalmışdı, amma hər nə idisə  də,  şüşəbənddən gələn o yemək 

qoxusunu da qocanın meyli çəkmədi. Həmin cümə günü qoca o kiçik asfalt 

həyətdəki skamyada nə  qədər oturdu, bir saat? iki saat? üç saat? – bilmirdi, çünki 

zamanı, vaxtı çoxdan bir-birinə qarışdırmışdı, evlərinin qapısı açıldı, gəlin onu 

çağırdı  və qoca sulu gözlərini tut ağacının üstündəki o bir dəstə  sərçədən çəkib, 

dinməz-söyləməz ayağa qalxıb evə girdi, gəlin köhnə qara paltosunu qayınatasının 

əynindən çıxara-çıxara: 

 – Keç içəri, – dedi. – Keçən həftədən bir az ət saxlamışam səninçün 

xaladelnikdə... Keç otur, küftə eləmişəm sənə. Tez ye qurtar ki, uşaqlar gəlib 

görməsin. Onlarçun kartoşka qızardiciyəm semiçka yağında. Sirkə-badımcan da 

qoyciyəm yanında, yaxçı olacek. Əttən ələ bir dənə küftə çıxdı də... Day uşaqların 

yanında ağzundan qaçırmaginən ya, küftə yemisən!.. Yadunda qalar? Deməginə, 

yaxçı? 


 Qoca bu tanımadığı arvadın uzun danışıqlarına fikir vermirdi, fikir vermək 

istəyəndə  də,  əməlli-başlı bir şey başa düşmürdü, amma indi o küftə sözü o saat 

ilişib beynində qaldı, küftənin, ətin nə olduğu da o saat yadına düşdü və indicə baş 

verəcək gözəl bir əhvalatın ləzzətini  əvvəlcədən hiss edə-edə otağa girib o köhnə 

girdə mizin arxasında oturdu və səbrsizlik dolu sulu gözlərini mətbəxə tərəf zillədi. 

Gəlin küftə  çəkdiyi kasanı  gətirib qaynatasının qabağına qoydu və özü də kişi ilə 

üzbəüz oturub danışmağa başladı: 

 –  Təki uşağın işi düzələydi!.. Vallah, heç nə istəmirəm day dünyada, Allahın 

altında uşağın işi düzəleydi sekaya işləməyə!.. Ya Ətağanın cəddi, nəzirimi niyaz 

eyləginən! Mən nə deyirəm, hə? Diyirəm ki... 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə