289
Qoca qarşısında oturmuş bu yad arvadın dedikcə elə hey dediyi sözlərə fikir
vermirdi, elə bil ki, təzədən bayaq tut ağacının üstündəki o bir dəstə sərçənin
cikkiltisini eşidirdi və ləzzətlə çörəkdən dişləyib o gözəl küftəni yeyirdi və o sarı
bülbül də daha oxumurdu, otağın küncündəki o dolabın üstündə, o qəfəsin içində
büzüşüb xırda gözlərini naməlum bir nöqtəyə zilləmişdi.
Həmin cümə günü qızlar məktəbdən qayıtdı, kartof qızartmasını sirkə-
badımcanla yedi, hərəsi bir küncə çəkilib dərslərini hazırladı və ərinin işdən
qayıtmağına yaxın gəlin yenə kartof soyub qızartmağa başladı ki, kişinin qabağına
qoyanda isti və təzə olsun; əri işdən qayıdıb çörəyini yedi və bu dəfə qoca da süfrə
arxasına keçib kartof qızartması yedi və bütün bu müddət ərzində gəlin bir tərəfdən
oğlunun yolunu gözləyirdi ki, görsün iş məsələsinin axırı nə oldu, bir tərəfdən də bir
az nigarançılıq keçirirdi ki, birdən qayınatası küftənin söhbətini salar, uşaqlar
tamarzı qalar, amma gəlin nahaq nigaran idi, qoca günorta küftə yediyini çoxdan
yadından çıxartmışdı, düzdü, o küftənin gözəl təmi hələ də ağzında qalmışdı, amma
qoca bu təmin nədən qaldığını unutmuşdu, kartof qızartmasını yeyə-yeyə diqqətlə
qarşısında oturmuş bu dazbaş kişiyə, yəni öz oğluna baxırdı.
Gəlin:
– Harda qalıb bu uşaq? – dedi. – Nöş gəlib çıxmadı?..
Əri:
– Gələr... – dedi və gəlin ərinin dediyi o bircə kəlmədə o qədər yorğunluq, o
qədər özündən inciklik (yəni mən nə atayam ki, üç qızın bir qardaşı oğluma kömək
eləyə bilmirəm...), o qədər dünyadan narazılıq hiss elədi ki, ərini yaxşı tanıdığı üçün,
daha səsini çıxarmadı, çünki əri həmişə naəlac olanda, özündən inciyəndə, dünyanın
işlərindən zinhara gələndə heç nədən dava salırdı.
O sarı bülbül də nəsə narahat idi, qəfəsin içində özünü o küncə, bu küncə atırdı,
amma oxumurdu və qoca gözlərini qarşısında oturmuş bu dazbaş kişidən çəkib
qəfəsin içində vurnuxan bülbülə baxdı, bülbülün o narahatlığı, özünü o küncə, bu
küncə çırpması, elə bil, qocaya da sirayət elədi, qoca həyəcanlandı və birdən-birə
bərkdən:
– Yaşasın yoldaş Bağırov! – dedi. – Mircəfər Abbasoviç!
Gəlin:
– Bağırovun sümükləri çoxdan çürüyüb qəbirdə!.. – dedi. – Necə yaşasın?..
Qoca zəndlə gəlininə baxdı və:
– Yaşasın yoldaş Stalin! – dedi. – Iosif Vissarionoviç!
Oğlu:
– Adlarını gör nə yaxşı yadında saxlayıb?!.. – dedi, alnını qırışdırdı və başının
dərisi də qırış-qırış oldu və elə bil ki, başının dərisinin eləcə qırışması bu adamın
gözlərindəki və sözlərindəki yorğunluğu və narazılığı bir daha təsdiq edirdi.
Qoca təəccüblə otaqdakı bu naməlum adamlara, qızarmış kartof yeyən bu kişiyə,
ayaq üstə dayanıb təzədən çörək doğrayan bu arvada baxdı, içini bürümüş o həyəcan
daha da artdı və sözləri daha dəqiq tələffüz edə-edə təzədən:
– Yaşasın yoldaş Stalin! – dedi.
Gəlin:
– Ay-hay!.. – dedi. – Stalin qırx ildi ölüb gedib!.. Əvvəlcə movzaleyə qoydular,
Leninin yanına, sonra da bayquş kimi gecə xəlvətcə gəlib movzaleydən çıxarıb
torpağa basdırdılar! Gorbagor elədilər! O vaxt kim arvadını boşamışdı, indi deyir ki,
Stalinin üstündə olub! Lenin hələ qalıb movzaleydə... Ordadı hələ...
290
Qoca bütün bu sözlərin hamısını başa düşürdü, amma heç birinə də inanmırdı və
elə bil ki, bu deyilən sözlərin olub-olmadığını bir daha yoxlamaq üçün:
– Mikoyan da ölüb? – soruşdu. – Anastas Ivanoviç?
Gəlin:
– Çoxdan gorbagor olub! – dedi.
Qoca sidq-ürəkdən:
– Ola bilməz! – dedi.
– A-a-a!.. Nöş olmur? Stalin ölə bilər, Bağırıov ölə bilər, Mikoyan ölə bilməz?
– Gəlin, doğrudan da, təəccüb etdi, elə bil yadından çıxartdı ki, qayınatasının
sözlərinə təəccüb etmək lazım deyil, sonra həyətdən eşidilən addım səslərindən
oğlunu tanıdı. – Uşaq gəldi! – dedi. – Ya Allah!..
Məlum oldu ki, bu dəfə oğlanı Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin binasında oturan rəisin yanına buraxıblar, rəis sənədlərinə baxıb: « –
Get, sabah gələrsən!» – deyib.
Anası:
– Day heç nə demədi? – soruşdu.
– Yox.
– Dedi sabah gəl də...
– Həri.
– Elə-belə nöş deyirdi sabah gəl? Düzələcək Allah qoysa!
– Mən nə bilim? – Oğlan atasının qabağındakı qızarmış kartofa baxa-baxa
çiyinlərini çəkdi və udqundu.
– Necə «mən nə bilim?» Nöş deyirdi ki, sabah gəl? Düzələcək də!..
Gəlin heç oğluna yemək verməmiş elə ev paltarının üstündən tələsik paltosunu
geydi ki, gedib evlərindən üç tin aşağıda «Qırmızı Oktyabr» yay kinoteatrının
yanındakı telefon avtomatdan Firuzəyə zəng eləyib əhvalatı desin.
Və bu vaxt qəfəsin içindəki o sarı bülbül, elə bil, ora-bura vurnuxmaqdan təngə
gəldi, bunun mənasızlığını başa düşdü, birdən-birə o payız günü səhər tezdən ötdüyü
kimi, oxumağa başladı və qocaya yenə də elə gəldi ki, bülbülün otağa yayılan səsini
də saysız-hesabsız xırda qəfəsciklərə salıblar və o xırda qəfəsciklər otaq boyu
uçuşur, gəlib qocanın boz kostyumuna, hətta, əllərinə, boynuna, üzünə toxunur; qoca
hiss edirdi ki, bu görümdə nəsə bir tanışlıq var, səslərin beləcə qəfəsciklərə salınıb,
dustaq edilib uçuşmasını haçansa görüb, amma yadına sala bilmirdi ki, bütün bunlar
elə bir günün əhvalatlarıdı, bugünkü səhərin, günortanın xatirələridi. Qoca sulanmış
gözlərini paltar dolabının üstündəki o sarı bülbülə dikdi və baxdıqca da birdən-birə
gözlərinin qabağına sapsarı yarpaqlar gəldi, qoca yadından çıxartmışdı ki, o sarı
yarpaqların yüngüllüyünü yenə də hiss etdi, hətta, içindən bir nigarançılıq keçdi ki,
birdən bir meh ötə bilər və o sarı yarpaqları gözünün qabağından uçurub aparar; bu
dəm o sapsarı yarpaqlarda qoca üçün bir məhrəmlik, doğmalıq, mehribanlıq var idi.
Gəlin qayıdıb gəldi və kefi də açıq-aşkar əvvəlkindən yuxarı idi, çünki Firuzə,
milisioner Əliabbasın arvadı yox, o biri Firuzə çox arxayın danışırdı, elə bil ki, uşaq
daha düzəlib orda işə. Təki olsun! Kor nə istər, iki göz, biri əyri, biri düz.
Oğlan:
– Ordakı milisənerlərin tapançası var! – dedi.
Anası:
– A-a-a!.. Əlbət ki!.. Sekadı də... – dedi.