295
O adamın addımlarında bir zindan ağırlığı var idi və o ay işığındaca o adamın
üzülmüş, yorğun sifətinə nəzər salmaq kifayət idi ki, həmin zindan ağırlığının onun
bütün içinə yığıldığını başa düşəsən: o adamın cod və qıvrım saçına, qalın saqqalına
düşmüş dən keçən yaydan bu yaya qədər bütün sifətinə, başına yayılmış, qaranı
tamam üstələmişdi və o adamın iri, kobud və döyənəkli əlləri nə qədər qətiyyətdən,
gücdən, bacarıqdan xəbər verirdisə, saçının, saqqalının bu ağlığı, gözlərinin
yorğunluğu bir əlacsızlıqdan, hətta yazıqlıqdan deyirdi.
Şeyx həzrətləri ilk görüşlərində olduğu kimi, bu dəfə də hüzurunda dayanmış o
adamın gözlərinin içinə baxdı və yenə də o adama elə gəldi ki, Şərəfbəxşin nəzərləri
onun beynini dəlib arxa tərəfi də görür, amma o adam daha şaşırmadı, əksinə, elə bil
ki, bütün bu müddət ərzində var gücünü toplayıb içində cilovladığı kin-küdurət,
dünyanın ədalətsiz işlərinə qarşı qəzəb, Allahsız əməllərə etiraz qocanın hər şeyi
dəlib keçən o nəzərlərindən sonra, birdən-birə təlatümə gəldi, dəli bir ehtirasla
püskürdü və o adam günün altında yanıb-qaralmış cod dərili boğazının şişmiş
damarları ilə axıb gələn çılğınlığı boğmağa çalışa-çalışa və nəfəsi darala-darala:
– Mən bıkdım daha, ya Şərəfbəxş! – dedi. – Mən bıkdım! Mən yoruldum! Mən
daha dözə bilmirəm! Mən daha özümü saxlaya bilmirəm! Mən o qonşuya yaxşılıq
elədim! Yaxşılıq dalınca yaxşılıq elədim! Amma o yenə də pislik edir! Pislik dalınca
pislik edir! Mən daha yoruldum! Bitdi artıq hər şey!
Və o adamın sözlərindən sonra o həyətə elə bir sükut çökdü ki, o qoca armud
ağacı, elə bil, aydınlıq gecədə yox, o sükutun içində, o sükuta bürünüb donub
qalmışdı və bircə yarpağını belə tərpətməyə ehtiyat edirdi. O adam üçün isə, həmin
sükutun arxasında bütün içində qaynayan, əlbəyaxa olan, buraxılmaq, azad olmaq
istəyən hisslər aləmi dayanmışdı və o hisslər aləminin o qədər cilovsuz olması,
baxımsızlığı o adamın özünün də ürəyini döyündürürdü. Həmin ürək döyüntüsü o
sükut içində aydınca eşidilməyə başladı və elə bil ki, fəlakətdən xəbər verdi.
Şeyx Mustafa Şərəfbəxş göy gözlərini o adamın gözlərindən çəkdi, əvvəlcə, elə
bil, hara baxacağını bilmədi, cürbəcür ölçülü hamar çay daşlarından səliqə ilə
hörülmüş hasar boyunca ağacları bir-bir nəzərdən keçirdi, sonra yenə o adamın
gözlərinin içinə baxdı və keçən yaydan bu tərəfə o bir ilin də təsir edə bilmədiyi
şövqlü və mülayim səsi ilə:
– Necə olur ki, – soruşdu, – qonşun pislik eləməkdən yorulmur, amma sən
yaxşılıq eləməkdən yorulursan?
O qoca armud ağacı indicə büründüyü o sükutu özündən kənara atdı, əsib gələn
yüngül meh o bağçadan ötdükcə ağacın yarpaqları da yüngülcə xışıldadı.
Və ömrü boyu (bütün ömrü boyu! Axıra qədər!) yaxşılıq eləməyə məhkum
olmuş o adam ağır addımlarla həyətdən çıxdı.
Göyün üzü isə bir il əvvəlki kimi, get-gedə, elə bil, daha da təmizlənirdi,
şəffaflaşırdı, ulduzlar daha da artırdı, sayrışırdı və Şeyx Mustafa Şərəfbəxş bu
dünyada doxsan bir il keçib gəldiyi ömür yolundan o uzaq ulduzlara baxa-baxa yenə
ləçəyə qonan, sünbüldən sünbülə uçan və ömrü cəmi bircə gün olan kəpənəyi yadına
saldı...
20 fevral 1992.
296
QIRMIZI QƏRƏNFIL GÜLLƏRI
«PERA PALAS» OTELINDƏ QALDI
«Çiçək pasaj»da Tamara akkardeonu sinəsinə sıxdı, elə bil yüzillik həsrətdən
sonra siqaret tüstüsünü ciyərlərinə çəkirdi, adamın atasını yandıran, yurduna od
vuran bir majorla not götürüb:
Yusif, beni al!..
Kollarına sal!..
Gel yanımda yat...
Sonra beni at!..
– oxudu və şübhəsiz ki, bu gözəl sözləri də, bu gözəl havanı da «Çiçək pasaj»ın bu
gecəki əhli birinci dəfə eşidirdi, çünki yenə Tamaranın yaradıcılığı ilə bağlı növbəti
gözəl və gözlənilməz bir prezentasiya günü idi, amma bu prezentasiyanın başqa
prezentasiyalardan fərqi ondan ibarət idi ki, müəllifin, yəni vəfasız dünyamızın hər
üzünü görmüş Tamaranın özü də yüz illik sənət həyatının spirtindən (gözəl
spirtindən!) və siqaret tüstüsündən cinsini tamam itirib naməlumlaşmış səsiylə
oxuduğu bu sözləri, indicə mənimlə birlikdə «Çiçək pasaj»a gəlmiş Yusif Borşun
şərəfinə tələm-tələsik quraşdırdığı bu havanı birinci dəfə eşidirdi və Tamara elə yüz
il də bundan əvvəlki şövqlə də alışıb yanan göy gözləriylə Yusif Borşa baxdı,
«Çiçək pasaj»a car çəkdiyi o bir bənddən sonra gözgörəti büzüşüb arıq və ürkək,
qulaqları səksəkəli dovşana dönmüş bu yazığa göz vurdu, yenə o naməlum cinsli
səsiylə uzada-uzada:
Sonra-a-a-a
beni
a-a-a-t!..
– dedi və mən də Yusif bəyin bu iztirabları azıymış kimi:
– Yusif bəy, borş ruslarda kələm-çuğundur şorbasına deyirlər,– dedim.
Yusif bəy:
– Təbii, əfəndim, təbii!.. Təbii!.. – dedi və əlbəttə, hörmətli Yusif bəy rus
kulinariyasının bilicisi deyildi və belə məlum olurdu ki, Tamaranın (amansız
madamın!) o bədahəti bu biçarəni tamam məhv edib.
Bir saat bundan əvvəl (sən mənim nömrəmdən çıxandan cəmi yarım saat sonra!
hələ sənin ətrin o qırmızı qərənfil güllərinin ətri ilə birlikdə o otaqda olanda...) Türk
Yazarlar Birliyi adından Yusif bəy «Pera Palas»a gələrək tüstüdən sapsarı saralmış
arıq və uzun barmaqları arasında tutduğu filtrsiz siqareti siqaret dalınca çəkə-çəkə
məni axşam gəzintisinə dəvət etdi.