284
dünyanı da, hökuməti də, partiyanı da söyəcəkdi və oğlunun orada işə düzəlmək
məsələsi birdəfəlik batacaqdı. Odur ki, səhərdən-axşamacan tək başına şorqoğalı
bişirdi (axırıncı yağ da elə o şorqoğalına getdi!), qapını, pəncərələri də bağladı ki, iyi
qonşulara getməsin, fikirləşməsinlər ki, görəsən, bu şorqoğalını niyə bişirir belə,
çünki bu həyətdə şorqoğalı ildə bir dəfə, o da Novruz bayramında bişirilirdi. Dünən
əriylə oğlu işə, qızlar məktəbə gedəndən sonra, ildə-ayda bir dəfə dolabdan
çıxartdığı qırmızı donu əyninə geydi (həmin qırmızı donu ya yayda çox yox, bircə
dəfə əriylə, uşaqlarıyla bərabər məhəllədən üç tin aşağıdakı «Qırmızı Oktyabr» yay
kinoteatrında filmə baxmağa gedəndə geyərdi və axşam yığışıb beləcə kinoya
getməkləri bu adamlar üçün, elə bil ki, Novruz bayramına bənzər bir şey idi və illah
da, hind filmləri olanda ki, gəlin qızlara qoşulub ağlayırdı, əri ürəyində kövrəlirdi, o
zaman o göz yaşlarında da, o kövrəlmədə də əslində bir bayram ovqatı olurdu; ya da
həmin qırmızı donu məhəllədə kiminsə böyük, kiminsə kiçik toyu olanda əyninə
geyib arvad məclisinə gedirdi), qocanı evdə tək qoydu və birbaşa Firuzəgilə
yollandı. Bu Firuzə milisioner Əliabbasın arvadı Firuzə deyildi, uşaqlıqda bir yerdə
oxuduqları, it əyyamında məktəbi bir yerdə qurtardıqları Firuzə idi. Həmin Firuzə
məktəbi bitirəndən sonra, öz məhəllələrində kirayənişin yaşayan kasıb bir tələbəyə
ərə getmişdi və həmin Firuzənin bəxti elə gətirmişdi ki, bütün tanış-bilişlərin
arasında o cürə bəxti gətirən ikinci arvad yox idi: əri, yəni o kasıb tələbə böyük
adam olmuşdu, nazir müavini idi (arvadlar məhəllədəki Sarı hamamda çiməndə və o
Firuzədən söz düşəndə, o Firuzəni tanıyan arvadlar deyirdi: « – O bəxtəvərin qızı
yağlı yerdədi!..), idarədə qara «Volqa»sı var idi və o qara «Volqa» da, o sürücü də
səhərdən axşamacan Firuzənin ixtiyarında idi, milisioner Əliabbasın arvadı
Firuzənin yox, bu Firuzənin, yazığın belə şeylər heç yatsaydı yuxusuna da
girməzdi... Firuzə qapını açıb onu görəndə sidq-ürəkdən sevindi və Firuzənin eləcə
sidq-ürəkdən sevinməyi, elə bil ki, gəlinin ürəyindəki o nigarançılığı azaltdı, fikrini
bir az dağıtdı və ürək-göbəyini də yeyib qurtarmadı ki, görəsən, indi qoca evdə
neyləyir, yıxılıb, ya nəyi salıb sındırıb, ya təkbaşına baş alıb harasa gedib – bütün
bunların hamısı olmuşdu və Allaha şükür ki, hamısının da axırı yaxşı qurtarmışdı.
Dünən Firuzənin məktəb rəfiqəsini qapıda görüb o cürə cani-dildən sevinməyi, payız
vaxtı Firuzənin səkkizinci mərtəbədəki o üçotaqlı evinin içinə dolmuş o gün işığı,
otaqların o genişliyi, təmizliyi, səliqə-sahmanı, elə bil ki, bu həyəti də, bu həyətdəki
ümumi böyük kranı da, ümumi ayaqyolunu da gəlinin içindən qovub çox uzaqlara
qaçırtdı, hətta, evdə tək qalmış qocanı da uzaqlara aparıb bir müddət görünməz etdi
və Firuzənin eləcə sevinməyi gəlinin də ürəyinə bir sevinc gətirdi, bir azadlıq gətirdi
və çoxdan idi ki, gəlin ürəyində belə bir sevinc, belə bir azadlıq hiss etməmişdi. Azı
on il olardı ki, Firuzəni görmürdü, amma Firuzə heç dəyişməmişdi, yəni ki, heç
qocalmamışdı, əksinə, daha da cavanlaşmışdı, daha da gözəlləşmişdi, sinəsi, qolları
pulu təmizlənmiş balıq kimi hamar və sürüşkən idi, tük boyda qırışı da yox idi.
Firuzənin uşağı olmurdu, bir əriydi, bir də özü və o hərdənbir, o vaxtlar ki, gəlin öz
evində oturub düyü arıtdayırdı, ya kartof soyurdu, Firuzə birdən-birə gəlib yadına
düşürdü, fikirləşirdi ki, görəsən, əri, o nazir müavini nə əcəb Firuzəni boşayıb, başqa
bir arvadla evlənmir ki, uşağı olsun, amma dünən səkkizinci mərtəbədəki o işıqlı
otaqda oturub o gülərüz Firuzə ilə söhbət etdikcə, dolu sinəsinə, qollarına, armud
kimi yaraşıqlı qıçlarına baxdıqca fikirləşirdi ki, o keçmiş kasıb və kimsəsiz tələbə bu
cür canı qoyub hara gedir, nazir müavini olmur, kim olur-olsun, bu cürə işığı, bu
cürə gözəl istirahəti, Allahın hər verən günü evindəki bu cürə bayramı hardan
tapacaq? Ədbəttə, Firuzə başa düşürdü ki, məktəb rəfiqəsi əgər on ildən sonra
285
qapısını döyübsə, nə isə bir iş üçün gəlib, amma macal vermirdi, çay dəmləyə-
dəmləyə, sonra çayla o gözəl şorqoğalından yeyə-yeyə elə hey ordan-burdan
danışırdı, məktəb illərindən, ölüb getmiş müəllimlərindən, yaddan çıxmış sinif
yoldaşlarından, gəlin üçün elə bil ki, uzun illərin keçilməz beton hasarından o tayda
qalmış və izləri-soraqları kəsilmiş xatirələrdən danışırdı, məktəbdə bir yerdə
oxuduqları və gəlinin uzun-uzun illərdən bəri xatırlamadığı (xatırlamağa imkanı
olmadığı) cavan, yaraşıqlı, sağlam oğlanların baxışları, təbəssümləri həmin illərin
buzunu qırıb səkkizinci mərtəbədəki o mənzilə hərarət gətirirdi və bütün bunlar çox
gözəl idi, amma vaxt gedirdi, qoca evdə tək idi, bir azdan qızlar məktəbdən
qayıdacaqdı, sonra əri işdən gələcəkdi, gəlin isə, yeməyə bir şey hazırlamamışdı.
Firuzə elə hey danışırdı, görünür, əri işdə olanda həmişə evdə tək qaldığı üçün
qurtarmaq bilmirdi və gəlin, nəhayət ki, yağış kimi, amma gözəl, mülayim, xoş bir
yağış kimi (əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış gənclik illərinin həzin – amma
işıqlı! – hisslərini adamın bütün varlığına yayan gözəl, mülayim, xoş bir yağış kimi)
Firuzənin yaraşıqlı dodaqlarından yağan sözlərin arasından imkan tapıb gəlişinin
səbəbini dedi və Firuzə də o saat telefonla əri ilə danışdı, özü də elə danışdı ki, heç
bir şəkk yeri qalmadı: o hörmətli kişinin (o keçmiş kasıb və kimsəsiz tələbənin)
imkanında nə varıydısa eləyəcəkdi ki, Firuzənin məktəb rəfiqəsinin işi düzəlsin;
sonra belə danışdılar ki, axşam əri işdən gələndən sonra (yəni nazir müavini işdən
gələndən sonra), gəlin Firuzəgilə telefon eləsin və cavabını öyrənsin. Axşam
evlərindən üç tin aşağıda, «Qırmızı Oktyabr» yay kinoteatrının yanındakı telefon-
avtomatdan Firuzəgilə zəng elədi və Firuzə xüsusi həvəslə dedi ki, sabah, yəni bu
səhər saat onda uşaq getsin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
binasına, kişinin adını verib girsin rəisin yanına, sonra sabah axşam, yəni bu gün
axşam yenə zəng eləyib cavabını onlara desin.
Gəlin oğlunu təkrar yamsıladı:
– «Neyniyim?..» Necə neyniyim? Diribaş ol də, göstər dokumentlərini! O
boyda kişi ağız açıb!.. Zamministr!.. Düzəldəceylər! Onnarın da ona işi düşür də!..
Kanalizasiya da ona baxır, deyirlər, tramvaylar da, hər şey! Utanıb boynunu bükmə
e, diribaş ol!..
Qızlar pendir-çörəklərini yeyib qurtarıb, çaylarını içib məktəbə getdilər. Oğlan
da durub Tarix Institutuna getdi ki, tapşırıqlarını alsın, məktublarını götürsün, sonra
da özünü saat on üçün çatdırsın Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin binasına. Anası o payız səhəri oğlunu evdən yola salanda gecə yorğan-
döşəkdə öz-özünə pıçıldayıb əhd elədiyi nəziri bir daha ürəyində söylədi: əgər bu iş
baş tutsa, yaxşı un tapacaq, yağ tapacaq, halva çalacaq, özü elektrik qatarına minib,
Mərdəkana gedib o halvanı Ətağanın qəbrinin üstündə kasıb-kusuba paylayacaq və
əlavə də üç manat pul verəcək.
Gəlin mizin üstündəki stəkan-nəlbəkiləri yığışdıra-yığışdıra həmişəki kimi
üzünü qocaya tutub (günün çox vaxtını ikisi evdə tək qaldıqları üçün, adət eləmişdi,
bütün sözlərini qocaya deyirdi, əslində isə, özü özüylə danışırdı) dedi:
– Düzələcək e, Allah qoysa, düzələcək!.. Nöş düzəlmir? Gül kimi oğlandı!
Əsgərlikdən xarakteristi də əntiqədi, özü də azərbaycannı qol çekməyib ki, desinlər
ki, bu heç, özümüzünküdü, rus qol çəkib, Ivanov mayor! O boyda kişi də ağız açıb,
o boyda ministerliydi, bir nəfər özünnən böyüyüdü, vəssalam! Kanalizasiya da ona
baxır!..