Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə140/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   136   137   138   139   140   141   142   143   ...   184

 

312


Əliqulunun ikiotaqlı, birmərtəbəli evini ulu babası, yəni, babasının atası 

Əlinəcəf (yoxsa Nəcəfəli?) tikdirib övladlarına yadigar qoyub getmişdi və  hərdən 

Əliqulu fikirləşirdi ki, Allah o kişiyə  rəhmət eləsin, dünyanın işinə bax, bu qədər 

illərdə, Nikolayın vaxtından tutmuş Lenindən, Stalindən üzü bəri Sovet hökumətinin 

yetmiş ilində bu nəsildən bir nəfər fərli adam çıxmamışdı ki, gedib özünə fərli-başlı 

bir ev tiksin, ya Sovet hökumətindən bir ev alsın və orada da yaşasın. Bu evin daha 

hay-hayı getmişdi, vay-vayı qalmışdı və xüsusən payızda, qışda yağışlar başlayanda, 

sulu qar yağanda damın nazik qır örtüyü daha o şırhaşıra tab gətirmirdi, dammağa 

başlayırdı, Əliqulu dama çıxıb qırın kənarlarına, ortasına sellofan sərirdi, üstünə daş 

yığırdı, amma elə bir fərq eləmirdi və arvad o iki balaca otağın ikisində  də gah o 

başa, gah bu başa, gah ortaya, gah o qırağa, gah bu küncə tas, vedrə qoyurdu. 

Əliqulu bir-iki dəfə istəmişdi ki, dama təzə  qır saldıra, amma qırçılar elə qiymət 

demişdilər ki, o məbləğə lap asanca bilet alıb Barnaula getmək olardı.  

Bütün bunlar ən çox payızın, qışın  əziyyətləri idi, yayda isə, düzdü, günorta 

vaxtı bu otaqlar elə havasız, elə isti olurdu, elə bil, içində  cəhənnəm ocağı 

qalayırdılar, amma iyulun ortalarından başlamış, elə ki, gecə düşürdü və elə ki, 

yatmaq vaxtı gəlirdi, arvad yerlərini damda salırdı və sübh tezdən günün istisi dama 

şığısa da, hərdən ağcaqanadlar hücum çəksə  də, gecə damda yatmaq, o divarsız, 

tavansız genişlik içində  əlini-qolunu uzatmaq, göyün yeddinci qatına baxa-baxa 

yuxuya getmək Əliqulu üçün bu əzab-əziyyətli dünyanın gözəl işlərindən biri idi.  

 

* * *

 

 

Göyün üzü başdan-başa ulduz idi, böyük, kiçik, lap cıqqılı, hamısı da alışıb-



yanırdı və o qədər ulduz idi ki, bunu sayıb qurtarmaq mümkün deyildi, bu ulduzları 

heç böyük alimlər də sayıb qurtara bilməzdi, heç Moskvanın, Moskvanın yox, lap 

Amerikanın da böyük cihazları bu ulduzları sayıb qurtara bilməzdi, amma lap 

saysaydı da, nə olsun? mənası  nə idi? çünki əsas məsələ bunda deyildi, yəni,  əsas 

məsələ ulduzun sayında deyildi, əsas məsələ onda idi ki, bu ulduzları yüz il bundan 

qabaq yaşayan insanlar da, o cümlədən,  Əliqulunun ulu babası  Əlinəcəf də, yox, 

Əlinəcəf yox, Nəcəfəli də, bax, beləcə göy üzündə görmüşdü, min il bundan qabaqkı 

insanlar da və o cümlədən, Əliqulunun əcdadları da bunları beləcə görmüşdü... 

Yaxşı də... Görmüşdü, görmüşdü, Allah onların hamısına rəhmət eləsin, amma 

niyə, bu əsas məsələdi? Bunun əsas məsələ olmasının mənası nədi ki?– Əliqulu bu 

sualların cavabını bilmirdi, amma orası tamam dəqiq idi ki, bu fikir, yəni, 

əcdadlarının o qədimliyi (indi sümükləri də çoxdan çürüyüb qatışıb torpağa), babası 

Nəcəfəlinin (Nəcəfəlinin, yoxsa Əlinəcəfin? nə isə...) adını beləcə səhv salması işım-

işım işıldayan bu aylı-ulduzlu gecənin bürküsünə, bu gecənin hər tərəfi bürümüş ölü 

sakitliyi içində  hərdən vızıltısı  gələn ağcaqanadın pis əməlinə qarışıb  Əliqulunun 

ürəyinə kədər dolu bir nigarançılıq gətirirdi. 

Bəlkə  də bu, nigarançılıqdan daha artıq bir nisgil idi, amma inanmıram ki, 

Əliqulu «nisgil»in dəqiq mənasını bilirdi və yəqin ona görə də isti yay gecəsinin o 

aylı-ulduzlu çağında bu sözü fikrinə gətirmirdi, hər halda – nigarançılıqdı, ya nisgil 

idi, ya da bunun adı başqa bir şey idi,– o hissiyyat Əliqulunun içinə, elə bil ki, bir 

çəkisizlik gətirmişdi və onun ürəyi də o çəkisizlikdə, elə bil ki, lap yavaş-yavaş 

vurmağa başlamışdı  və o yavaşlıq, o lənglik o nigarançılığı (nisgili?) bir az da 

artırırdı, o kədəri, elə bil, kömür kimi, daha da qaraldırdı, quyunun dibinə aparırdı. 

 



 

313


* * * 

 

Elə  həmin gecə idi, göyün üzü eləcə başdan-başa ulduz idi və o gecə, yuxusu 



tamam qaçmış diş  həkimi Müseyib yatağından qalxıb otağın dənizə açılan 

pəncərəsinin qabağına gəldi və kondisionerin işləməsinə baxmayaraq, pəncərəni 

açdı, içərinin sərinindən sonra eşiyin bürküsü bircə anın içində onun bütün sifətini 

bürüdü və elə bil, o bürkü bayaqdan bəri kişinin içində yaranmış qüssəni bir az da 

artırdı, amma elə ki, Müseyib göyün üzündəki o ulduzları gördü, elə bil, onların 

işıltısı o bürkünü yarıb içindəki o qüssəyə  nəsə bir balaca yüngüllük gətirmək 

istədi... 

Və elə o anda da əlli il, bəlkə daha da artıq bir müddətdə heç vaxt yadına 

düşməyən bir görüntü birdən-birə, tamam qəflətən Müseyibin yadına düşdü: onda 

hələ məhəllədə yaşayırdılar, on dörd-on beş yaşı olardı, bax, beləcə bir aylı-ulduzlu 

isti yay gecəsi idi, anasının birmərtəbəli evlərinin damında saldığı döşəyin üstündə 

arxası üstə uzanıb yatmaq istəyəndə göydə, o ulduzların arasından işım-işım 

işıldayan bir ulduz uçub getdi...  

yox oldu... 

hara uçdu o ulduz?.. 

o biri ulduzlar isə bu uçuşun fərqində deyildi, göyün üzündə eləcə 

işıldayırdılar... 

 

* * *



 

 

Bu nəslin, yəni  Əliqulunun nəslinin bir qəribə xüsusiyyəti var idi: bir oğlan 



olurdu, qalanı da qızlar və  qızların hərəsi bir yerə köçüb gedirdi, oğlan isə qalırdı 

anadan olduğu bu ikiotaqlı, birmərtəbəli binada, burda yaşayırdı, burda qocalırdı və 

burda da Allahın rəhmətinə gedirdi və Əliqulunun da qızları orda-burda ərdə idi: biri 

Sumqayıtda, biri Fizulidə, biri də Mingəçevirdə. Sumqayıtdakı ilə 

Mingəçevirdəkilərin ikisinin də əri fəhlə idi, birtəhər dolandırırdılar ailələrini, amma 

Fizulidəkinin kefi kök idi, qəssab işləyirdi, özünün bir xeylaq qoyun-quzusu, mal-

qarası var idi, düzdü, belə  məlum olurdu ki, deyəsən, bir az xəsis idi, – ancaq 

Novruzdan Novruza Əliqulugilə iki-üç kilo ət göndərirdi, vəssalam,– amma onda da 

təqsir yox idi, çünki yeddiydi? səkkiz idi? uşağı var idi və o uşaqları, əlbəttə, oxudub 

bir yerə çıxarmaq istəyirdi, amma deyir, sən saydığını say, gör fələk nə sayır, erməni 

rusla  əlbir oldu, bizimkilər də  əfəl çıxdı  və erməni gəlib Füzulini aldı, onlar da 

qaçqın düşdü, indi Muğanın ilan mələyən çöllərində çadırda yaşayırdılar, o qoyun-

quzu da, o mal-qara da ermənilərə qismət oldu. 

Əliqulunun o bir oğlu isə hələ sovet hökuməti vaxtı əsgərliyini gedib Rusiyanın 

Barnaul deyilən bir şəhərində  çəkmişdi,  əsgərlik vaxtı qurtarandan sonra da 

Azərbaycana qayıtmamışdı, orada qalmışdı, az qala iyirmi il idi ki, orada işləyirdi, 

orada bir rus qızıilə evlənmişdi və onun da bir oğlu olmuşdu, üç, ya da dörd qızı və 

bu iyirmi ildə Əliqulu oğlunun da, gəlininin də, nəvələrinin də üzünü görməmişdi, 

çünki burdan Barnaula gərək təyyarə ilə uçaydın, onun da bileti çox baha idi, oğlu 

da o vaxtdan buralara gəlməmişdi, yəqin o bilet bahalığı  oğlunun da cibinə görə 

deyildi və Əliqulu da, arvadı da bircə onu bilirdilər ki, oğul nəvələrinin adı rus adıdı: 

Svyatoslav və arvad da nəvəsinin bu adını heç cürə yadında saxlaya bilmirdi, hərdən 

soruşurdu: «– Necə oldu o uşağın adı?».  

 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə