Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə139/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   135   136   137   138   139   140   141   142   ...   184

 

309


Cavanlıq vaxtlarında mənim bir pivə dostum var idi, bir-iki parç pivədən sonra 

romantik (və onun üçün əlçatmaz!) bir xəyala dalırdı və o gözəl xəyalı qısa melodik 

cümlələrlə ifadə edirdi: 

– Gecə... Torşer... Canan... 

Hərdən də əlavə edirdi: 

– Bir də qəhvə... 

Sonralar, o pivə dostumun o romantik (və onun üçün əlçatmaz) xəyalları mənim 

praktik həyatımın sadə (amma, hər halda, sevimli və xatirələrdə yaşayan...) bir 

hissəsinə çevriləndə, mən hərdən o badə dostumu və onun o sözlərini yadıma 

salırdım, içimə bir şuxluq yayılırdı, gülürdüm, bunu bir az da bəzəyib, özümdən 

cürbəcür əlavələr edib tərəf-müqabilimə danışırdım, birlikdə gülürdük və mən «Pera 

Palas»ın o nömrəsində, o torşer işığında sənə baxa-baxa o sözləri xatırladım, amma 

qəribədi, bütün həyatımda ilk dəfə o xatırlamadan sonra məni bir qüssə bürüdü... 

Niyə? Nə üçün? Bunun səbəbini indiyə qədər başa düşə bilmirəm. O ani qüssə tez-

tez yadıma düşür, amma səbəbini heç cürə tapa bilmirəm. Sövq-təbii hiss edirəm ki, 

nəsə o qırmızı  qırənfil gülləri ilə bağlıdı, amma uclarını bir-biri ilə tutuşdura 

bilmirəm... o qırmızı  qərənfil güllərinin  ətri bütün otağa yayılmışdı, amma nə 

olsun?.. bu nə üçün o şux (və sınanmış!) xatirəcikdən sonra qüssə gətirməli idi?.. bu 

mənim üçün bir Ferma teoreminə dönüb, cavabını tapmıram... bu da cavabsız 

teoremlər silsiləsinə  mənim bir töhfəm... bəlkə sövq-təbiim məni aldadır və o 

qüssənin qırmızı qərənfil güllərinə heç dəxli yoxdu?.. bəlkə yaş gətirir o qüssəni?... 

bəlkə həyatımın torşerlərinin sonu yaxınlaşır, yekunu hiss edirəm, ona görə?... yox... 

bütün bunlar o qüssənin səbəbinə bəsit bir cavabdı... daha dərindən qazmaq lazımdı, 

amma mən həmişə o dərinləri eşələməkdən qaçmışam... indi, bu sətirləri yazarkən 

bir hiss gəldi (həmin dərinlərdən?): bəlkə sən mənim üçün o anlarda (yox, indi yox, 

indi belə fikirləşmirəm, o zaman, o anlarda...) mənim fikirləşdiyimdən və hiss 

etdiyimdən daha artıq olduğuna görə, o qırmızı  qərənfillərin gecikmişliyindən 

yaranmışdı o qüssə?.. bilmirəm... 

Gecə... Torşer... Canan... 

Bir də ki, mənim düzəltdiyim kokteyl... 

Mənim düzəltdiyim və özümdən başqa bu gözəllər gözəli dünyamızda heç kimin 

içə bilmədiyi və sənin də içmədiyin, dadını bilmədiyin, amma sevdiyin kokteyl. 

Mənim içimdə sən o kokteyli sevirsən. 

Hər halda, sevməlisən. 

Və sənin içmədiyin, dadını bilmədiyin o kokteyli o cürə ürəkdən sevməyin (!) 

mənim üçün dünyanın gözəl bir hadisəsidi... 

 

 * * *

 

 

Haçansa oxuduğum bir kitabın qəhrəmanı deyirdi: Mən insan deyiləm, 



oyunçuyam... 

Mən də insan deyiləm, yazıçıyam?.. 

 

 * * *

 

 



 

310


Tez-tez xatirələr məni on il bundan əvvələ, iyirmi il, otuz il bundan əvvələ 

aparırdı  və  mən də  hər dəfə bu sicilləmə xatirələri səninçün maraqlı oldu-olmadı 

(hər halda, ümid edirəm ki, maraqlısı da var idi), danış ki, danışırdım, amma indi 

xəyal məni otuz il yox – bu əbləh dünyadan doymaq olmur – düz qırx səkkiz il 

(ağlıma gəldisə, qoy belə olsun!) bundan sonraya aparır... 

Bakı 2049-cu ilin mart ayının 3-ü (bizim 48-ci ildönümümüz, amma o gələcək 

dünyada bu ildönümündən heç kimin xəbəri yoxdu, bunu heç kim bilmir və bunu 

daha sən də bilmirsən və mən də bilmirəm...). 

Mənsiz və sənsiz (?!) dünyanın istisinin, küləyinin, yağışının, qarının soldurub 

bozartdığı bir qəbir – o, mənim qəbrimdi. 

Bir azdan – düz yetmiş beş gündən sonra, iyunun 25-də  mənim 100 illiyim 

olacaq və  yəqin o qəbrin üstünə  əklil qoyacaqlar (yəqin bu qədər makina və 

kampüter arxasında oturub barmaqlarımı döyənək eləyəndən sonra, yazı-pozu 

dediyimiz bu səfeh işlə  məşğul olan hansı bir institutunsa, fakültəninsə yadına 

düşəcəyəm, bir də ki... bunun indiki mən üçün nə dəxli və nə mənası?..), amma indi 

mart ayının 3-dür, o qəbir də başqa qəbirlərin arasında tək-tənhadır, çünki qəbir nə 

qədər qəbirlərin arasında olsa da, tənhadır və yəqin elə ona görə də qəbirdi... 

Qəbirstanlığın tamam başqa bir yerində (bəlkə başqa bir qəbiristanlıqda, başqa 

bir şəhərdə?.. bəlkə Istanbulda? Yusif Borşla bir qəbiristanlıqda? Bəlkə Tamara da – 

əgər o vaxtacan ölübsə – oradadı?) başqa bir qəbir – sənin qəbrin... və o da yetim bir 

qəbirdi, uşaqlar çoxdan o qəbirə baş  çəkməyə macal tapmırlar, hərə bir yerə 

səpələnib, hərənin bir dərdi-səri, bir qayğısı... ancaq bu yaxın adamlardan bəlkə 

kiminsə yadına düşəcək, ağlına gələcək və bir dəstə  təzətər qırmızı  qərənfil gülü 

alacaq (fərqi yoxdu hardan alacaq, Bakı passajından, yoxsa Qapalı Çarşıdan...), 

gətirib o qəbrin üstünə qoyacaq və o qəbir bir müddət gülümsəyəcək, sonra o təzətər 

qırmızı  qərənfil gülləri saralıb-solacaq, quruyub yox olacaq... və bir də kimin, nə 

vaxt yadına düşəcək, qırmızı qərənfil gülləri alıb bura gətirəcək?.. 

Haçansa – yox olub dağılanacan bir-birindən uzaq o iki qəbir eləcə lal sükut 

içində qalacaq, hətta o qəbir daşlarına toxunub əsən küləklər də onları 

birləşdirməyəcək, çünki o küləklər də müxtəlif səmtə əsəcək...  

  

Dekabr, 2000. 

 

 



 


 

311


QIZIL DIŞ 

 

(Göy üzünün ulduzlu vaxtları) 

 

Əliqulu filosof idi, yəni bu mənada yox ki, özü özünü filosof hesab edirdi, yox 



və  əslində  Əliqulunun filosof olmasından heç özünün xəbəri yox idi, çünki 

filosofluq yemək kimi, evdən çıxıb pul dalınca getmək kimi, kiməsə bir söz demək, 

kiminləsə görüşmək kimi, onun gündəlik həyatının, güzəranının bir hissəsi idi və 

Əliqulu üçün qətiyyən əhəmiyyəti yox idi ki, onun kəşflərini kimsə ondan əvvəl kəşf 

etmişdi, ya yox, onun fikirlərini kimsə ondan əvvəl düşünmüşdü, ya yox; əhəmiyyəti 

yox idi bir də ona görə ki, Əliqulunun o keçmiş  kəşflərdən, o keçmiş yazı-

pozulardan heç xəbəri də yox idi. 

Bu isti iyul gecəsi də ayaqlarını  çəkə-çəkə  tərin-qanın içində, yorğun-arğın, 

Bakının dağlıq məhəlləsindəki evinə gedə-gedə fikirləşirdi ki, bu dünyada nə birinci 

adamdı ki, əzab-əziyyətlə çörək pulu qazanır, nə  də axırıncı adamdı, dünyanın öz 

qanunları var və bu qanunlar nə kommunizmə – Əliqulunun əvvəllər, yəni, ömrünün 

böyük hissəsini yaşadığı dövrə – baxır, nə  də kapitalizmə – indi, ömründən nə 

qalmışdısa, onu yaşadığı dövrə və nə qədər dünyanın qarasına deyin, bunun mənası 

yoxdu. Kim görüb, dünyanın hansı böyük alimi bunun şahidi olub ki, misal üçün, 

ərik ağacı  əkmisən,  əvəzində armud bitib, ya elə  ərik ağacı  əkmisən, üstündə 

əriklərlə bərabər, bircə dənə də armud, ya alma, ya nəsə naməlum bir meyvə bitib?  

Əlbəttə, bunu heç kim görməmişdi və  yəqin, bundan sonra da heç kim də 

görməyəcəkdi ki, Əliqulunun bu sualının cavabında: «– Hə!– desin.– Mən 

görmüşəm!» və əslində bu cavaba bir ehtiyac da yox idi və ümumiyyətlə, Əliqulu bu 

sualı başqalarına yox, özü özünə verirdi və gecənin qaranlığında da onun üçün gün 

işığı kimi aydın olan həmin cavabı da özü verirdi. 

Və o bürkülü iyul gecəsi Əliqulu gəlib evlərinə girəndə, təzə çörəyi, az qala, bir 

kilo pendiri mizin üstünə qoyanda, hələ cibindəki dörd mini də yadına salanda 

ürəyində Allaha şükür elədi, çünki sabah sübh tezdən Əliqulu evdən çıxanda arvad 

da bazara gedib o pula çiy tum alacaqdı, gətirib evdə qovuracaqdı və həyətin küçəyə 

açılan qapısı ağzında həmişəki kətilində oturub o qovrulmuş tumu köhnə yüzqramlıq 

stəkanla müştərilərə – məhəllə uşaqlarına, yoldan ötən qız-gəlinə satacaqdı və bütün 

bu gözəl işlərdən sonra arvadı deyəndə ki, bu gecədən daha yerlərini damda salacaq, 

Əliqulunun kefi əməlli-başlı duruldu, elə bil, yorğunluğu da azaldı, ayaqlarının 

ağrısı-sızıltısı da; elə bil, bir az toxdadı və arvadı bir kasa isti soğanbozbaşını gətirib 

onun qabağına qoyanda və o da o təzə çörəkdən bir yekə loxma kəsib kasanın içinə 

doğrayanda, fikirləşdi ki, hələ bilmək olmaz ki, dünyada kimin dərdi-səri çoxdu: 

hansısa böyük bir padşahın, yoxsa onun, yəni, Əliqulunun?   

* * *

 

 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə