Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə147/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   143   144   145   146   147   148   149   150   ...   184

 

326


Yəqin ki, o ulduzlar dünyasının içi indi burdan göründüyü kimi gözəl bir şey 

deyildi, çünki uzaqdan gözəl görünən bir şey yaxına gələndə, görürsən ki, içi zibil 

yeşiklərinin içi kimi bir şeydi, amma Əliqulu buna hazır idi, əsas o idi ki, ora tamam 

başqa bir dünya idi və  Əliqulu da o başqa dünyanın sakini olacaqdı  və bir də heç 

zaman Yer kürəsinə qayıtmayacaqdı.  

Əliqulunun bütün həyatında – evlənənə qədər də, evlənəndən sonra da, ancaq bir 

qadın olmuşdu, o da arvadı idi və arvadı indi belinə yuyulmaqdan adda-budda 

süzülmüş ağ mələfə salıb və böyrü üstə nazik döşəyin üstündə uzanıb o on altı qızıl 

dişli karonka macərasından xəbərsiz yavaşdan xoruldaya-xoruldaya yatmışdı  və 

hərgah, doğrudan da, bir möcüzə baş versəydi, yəni, o əcaib-qəraib məxluqlar 

Əliqulunu götürüb özləriylə o ulduzlar dünyasına aparsaydı, bəs, bu yazıq arvadın 

işi necə olacaqdı?  

Onda bu yazıq arvadın gedib məsçidin qapısında oturub dilənçilik eləməkdən 

savayı bir çarəsi qalmayacaqdı. 

Yox, lazım deyildi o ulduzlar dünyası, bu gözəl arzunu ürəyindən çıxarıb atmaq 

nə qədər kədərli bir şeydisə də, belə olmalı idi, çünki kimin alnında yazılmışdısa, o 

da o ulduzlar dünyasında yaşayırdı,  Əliqulunun isə alnında yazılmışdı ki, bu Yer 

kürəsində yaşasın, burda ölüb, burda da izi-sorağı itsin, Yer kürəsinin torpağında 

çürüyüb qalıqları milyon-milyon insanın qalıqlarına qarışsın.  

 

* * *



 

 

Dünyanın zibil yeşikləri üfunət qoxumayaydı, onlardan ətir iyi gələydi, onda nə 

olardı? 

Onda başqa dünya olardı. 

 

* * *

 

 

Bir nəfərin bütün içi xərçəng yarasıydı, metastaz bütün sümüklərinəcən 

işləmişdi və həkimlərin verdiyi möhlət barmaqla sayılası günlər idi. 

O adamın qarabasma, mürgü və ayıqlıq arasındakı şüuruna birdən-birə başı qarlı 

böyük bir dağın surəti gəlib qondu və onun qarabasma, mürgü və ayıqlıq arasında 

çapalayan, tamam qaranəfəs olan, bir ocaq istisindəymiş kimi yanan şüuru o dağdan, 

elə bil ki, bir sərinlik götürdü, o sərinlik bütün bədənindən keçdi, hətta artıq hiss 

etmədiyi ayaqları da, elə bil ki, o tərtəmiz dağ sərinliyindən bir az üşüdü və qəribə 

bir hadisə baş verdi: bədənindən keçən o sərinlik, gücdən düşmüş ayaqlarının o xəfif 

üşüntüsü onun şüurundakı o qarabasmanı qovmağa, o mürgünü dağıtmağa başladı, 

elə bil, özü ilə bir aydınlıq, bir yüngüllük gətirdi və o adam neçə gündə ilk dəfə 

ağzını açıb söz dedi: «– Məni dağa aparın...» 




 

327


Həyatının son istəyi kimi, o adamın dediklərinə əməl etdilər, onu böyük bir dağa 

apardılar və dağın  ətəklərinəcən nə  qədər yol varıydısa, o qədər də getdilər və o 

adamın  şüuru, elə bil, kiçik bir quş oldu, qanad açıb o dağın  ətəklərində süzdü, 

sıldırım yarğanlarının üstündən ötdü, o dağın qarşısında qıpqırmızı günəşin 

çıxmasını gördü, o günəşin göyə qalxmasını, əyilməsini və sabah yenidən doğmaq 

üçün dağın arxasında batmasını gördü, dağın qarlı başı buludları yarıb keçmişdi və o 

balaca quşu buludlardan o tərəfə çağırırdı, o yerlərə ki, orada saflıqdan başqa bir şey 

yox idi və o xəstə son aylarda ilk dəfə ayağa durdu, addım-addım o dağa qalxmağa 

başladı, yaxınları, əzizləri əvvəlcə onun əlindən, qolundan tuturdular, sonra xəstənin 

addımları  bərkidi, sonra yaxınları,  əzizləri onunla ayaqlaşa bilmədi və o xəstə 

təkbaşına qalxa-qalxa buludlardan o tərəfə keçdi, buludlardan o tərəfdəki o saflıq 

içində düz zirvəyə qədər qalxdı və geri qayıdanda yaxınları, əzizləri xəstə əvəzinə, 

sağlam, gümrah bir kişi gördü. 

Hamı bu sağalmanı möcüzə hesab etdi. 

Amma burada möcüzə yox idi. 

Sadəcə olaraq, o adamın ürəyindəki saflıqla dağın o saflığı üst-üstə düşmüşdü. 

Və bu əhvalat keçmiş zamanlarda və uzaq diyarlarda baş vermişdi... 

 

21 avqust 2001. 



 Zuğulba

 

 



 

 



 

328


«SARI GƏLIN» 

  

... sonra bir şıdırğı yağış yağdı və birdən-birə bu dağların sal daşları, yamyaşıl 



döşləri və adda-budda o döşlərdə bitmiş ağacların eləcə yamyaşıl çətirləri, kolların 

yarpaqları, dibində  ağappaq bir köpüklə köpüklənə-köpüklənə çay axan yarğanın 

üstü ilə uzanıb gedən sıldırım qaya parçalarını tozdan, torpaqdan yuyub tərtəmiz etdi 

və tərtəmiz bir parıltı ilə də işım-işım işıldatdı və bu dəm bu dağlar, bu yaşıllıq, bu 

sal daşlar, yarğan boyu uzanan o sıldırım qayalıq dünyanın genişliyindən, 

əvvəlsizliyindən və axırsızlığından xəbər verdi... 

... sonra bütün bu genişliyi, əvvəlsizliyi və axırsızlığı bir səda bürüdü və o səda 

altında, elə bil ki, o yarğanın dibi ilə köpüklənə-köpüklənə axan o çayın, o dağların, 

o yamyaşıl döşlərin özü o sədaya söz söyləməyə başladı: 

 

 Saçın ucun hörməzlər, 



 Səni mənə verməzlər, 

 Nə ola bir gün görəm, 

 Nazlı yarın, ah, üzünü... 

 Neynim aman, aman, 

 Neynim aman, aman, 

 Sarı gəlin... 

 

... sonra o şıdırğı yağış  kəsəcəkdi, sonra axşam düşəcəkdi, sonra da bütün bu 



yerlərə bir qaranlıq çökəcəkdi, amma o səda da, o mahnı da yenə bu yerlərlə birlikdə 

olacaqdı: 

  

 Bu dərənin uzunu, 



 Çoban, qaytar quzunu... 

 Nə ola bir gün görəm, 

 Nazlı yarın üzünü... 

 Neynim aman, aman, 

 Neynim aman, aman, 

 Sarı gəlin... 



* * * 

 

 «Payız yağışı» kababxanasının görkəmində adından savayı yaxşı bir şey yox 



idi. Sovet Ittifaqı zamanı Bakının 3-cü mikrorayonunda tikilmiş  səkkizmərtəbəli 

yaşayış binasının həyətinin aşağı başında hansı müəssisəninsə balaca bir avtomobil 

təmiri emalatxanası var idi, amma elə ki, Sovet Ittifaqı dağıldı, kimlərsə bu 

emalatxananı özəlləşdirdilər, sonra da oranı kababxana elədilər.  

Düzdü, deyilənə görə bu kababxanada yaxşı kabab bişirirdilər, amma o 

səkkizmərtəbədə yaşayan adamlar ocaq tüstüsündən, daimi kabab iyindən, ora gəlib-

gedən müştərilərin hərdən səs-küy salmasından çox narazı idilər, yeganə xoşagələn 

bir şey var idi ki, bəzən «Payız yağışı»ndan həzin bir klarnet səsi gəlirdi, o zaman 

sakitlik çökürdü, o klarnetin səsi səkkizmərtəbədəki insanların içində  nəsə elə bir 

hissiyyat yaradırdı ki, onlar bir müddət o daimi kabab iyini də, o ocaq tüstüsünü də, 

tərbiyəsiz müştərilərin qışqır-bağırını da yaddan çıxarırdılar...  

 

* * *



 

 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə