Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə145/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   141   142   143   144   145   146   147   148   ...   184

 

322


Qızıl Müseyib – əlbəttə, o zaman «Qızıl Müseyib» deyildi, adicə Müseyib idi, 

uşaqlar ona Müsü deyirdilər – Əliqulu ilə bir məhəllədə böyümüşdü, on dörd-on beş 

yaşı olanda köçüb getdilər və Əliqulu onu bir də otuz beş-qırx ildən sonra təsadüfən 

gördü: boş  şüşə sorağı ilə Bakının mərkəzindəki gözəl və böyük bir binanın 

mənzillərini gəzəndə, o mənzillərdən birinin qapısını Müsü açdı  və  Əliqulu onu 

görən kimi tanıdı, amma Əliqulu tanışlıq versə  də, öz evlərinin yerini – qoşa tut 

ağacının qabağını – nişan versə  də, o, Əliqulunu yaxşı yadına sala bilmədi, buna 

baxmayaraq, evində  nə  qədər boş  şüşə var idi, hamısını  yığıb gətirib  Əliquluya 

müftə verdi. Sonralar Əliqulu o binanın həyətinə  gəlib-getdikcə bina sakinlərinin 

Müseyibə necə hörmət etdiklərini, onunla hesablaşdıqlarını görmüşdü (misal üçün, 

Müseyib keçəndə  həyətdəki skamyada oturanlar varıydısa, ayağa qalxıb onunla 

salamlaşırdılar, ya səhər-səhər Müseyib maşınını  işə salanda həyətdəki uşaqlar tez 

qaçıb həyətin dəmir darvazanı açırdılar və s.), Müseyibin diş  həkimi və «Qızıl 

Müseyib» olduğunu bilmişdi və bu müddət  ərzində  də Müseyib hərdənbir həyətdə 

Əliqulunu görəndə, özü: «Gəl, qalxaq evə, yaxşı boş şüşələr yığmışam səninçün»– 

demişdi və yenə də boş şüşələri ona müftə vermişdi. 

 

* * *

 

 

Əliqulu heç vaxt liftə minmirdi, nə idisə, liftə  qəti etibarı yox idi, hündür 



binaları da mərtəbə-mərtəbə piyada qalxırdı  və  həmin iyul axşamı «Sabunçu 

vağzalı»nda elektrik qatarından düşüb bu tərəfə üz tutanda da, indi də Müseyibin 

yaşadığı bu binanın mərtəbələrini qalxdıqca, ürəyində bir nigarançılıq var idi: 

Əliqulu yaxşı bilirdi ki, yalan danışmağı bacarmır, heç əslinə qalsa, onun həyatında 

yalan danışmaq üçün bir səbəb də olmamışdı, amma bu on altı qızıl dişli karonkanı 

Müsüyə göstərib nə deməliydi? hardandı bu? kim verib? arvadımındı? özümündü? 

bəs kimindi? və Allahın bu gözəl qismətini ki, həyatında ilk dəfə Əliqulunun bəxtinə 

düşmüşdü, nə adla Müsüyə satmalıydı? 

Və  Əliqulu səkkizinci mərbəyə çatıb Müseyibin qoz ağacından tünd qəhvəyi 

rəngli qapısı ağzında dayananda da bu nigarançılıq içində bir müddət nəfəsini dərdi, 

hətta elə bir an oldu ki, Əliqulu düşüb buradan qaçmaq da istədi, amma, bu Allah 

qismətinin müqabilində,  əlbəttə, belə  iş görmək olmazdı  və  Əliqulu elə o 

nigarançılıq içində də özünü gözgörəti bir zor ilə məcbur edib boş torbanı tutmuş sol 

əlini qaldırdı və o qoz ağacından tünd qəhvəyi rəngli qapının zəngini basdı. 

O zəng səsindən sonra, həmin o hissiyyat təzədən qayıtdı  və bu dəfə  Əliqulu 

özünə güc gələ bilməyib elə, doğrudan da, qaçmaq istədi, amma Müseyibin kiçik 

oğlu indicə atasının sağlığına içdiyi konyakın boş qədəhini mizin üstünə qoydu və o 

gözəl mizin arxasından qalxıb arakəsməyə  çıxdı, tünd qəhvəyi rəngli çöl qapısını 

açdı və sağ əlini boz rəngli köhnə pencəyinin cibinə basmış, sol əlində eləcə də bir 

boz rəngdə boş torba tutmuş bu adama – Əliquluya baxdı. 

– Nə istəyirsən? 

– Salam-əleyküm!.. 

– Nə istəyirsən? 

– Müsünü... 

– Nə? 

– Müsünü istəyirəm... 



– Müsü kimdi? 

– Müseyib... Müseyib həkimi istəyirəm... 




 

323


Müseyib də o gözəl mizin arxasından qalxıb arakəsməyə çıxdı: 

– Kimdi elə?– Və qapının ağzında dayanan Əliqulunu gördü, gülümsəyib başını 

buladı.– Əşşi, üç gün bundan qabaq gəlməmişdin? Butulkaları verdim, apardın də!.. 

Elə bilirsən bura butulka zavodudu? 

Müseyibin ardınca böyük oğlu da arakəsməyə çıxdı. 

Əliqulu: 

– Yox...– dedi, sonra da nəsə mızıldadı, amma heç kim onun nə  mızıldadığını 

başa düşmədi. 

Kiçik oğul: 

– Nə?– soruşdu. 

Bu dəfə  Əliqulu qan-tər içində sol əlini boz pencəyinin cibindən çıxartdı  və 

udquna-udquna: 

– Başqa işim var...– dedi. 

Müseyib qapının ağzına yaxınlaşdı. 

– Nə işin? 

Əliqulu ovcunu açmaq istədi, amma barmaqları sözünə baxmırdı, elə bil ki, on 

altı  qızıldişli karonkadan heç cürə ayrılmaq istəmirdi. Axır ki, Əliqulu güclə  əlini 

açdı  və Müseyibin göy gözləri elə  həmin andaca o karonkanı aldı  və  ən  əsası isə, 

Müseyib elə həmin anda da gülümsəyib: 

– Zibillikdən tapmısan?– soruşdu və karonkanı götürüb arakəsmənin ortasındakı 

çılçırağın altına getdi və çilçırağın işığında karonkaya diqqətlə baxandan sonra kiçik 

oğluna: – Bir az pul ver, onu yola sal, getsin.– dedi və otağa keçdi. 

Kiçik oğul  əlini cibinə saldı  və cibindən nə  qədər pul çıxartdısa, bir göy 

əlliminlik götürüb Əliquluya verdi: 

– Ala!– Sonra da tünd qəhvəyi rəngli qapını düz Əliqulunun burnunun ucunda 

bağladı. 

Əliqulu  əlində tutduğu o pula baxdı  və bir müddət beləcə dayandı  və bu vaxt 

qəribə bir iş oldu: düyməsini səhv basmışdılar, ya nə olmuşdusa, birdən-birə içi 

bomboş liftin qapısı  həmin səkkizinci mərtəbədə  Əliqulunun yanında səs-küylə 

taybatay açıldı  və  Əliqulu, bəlkə  də, qaçıb o liftə minməmək üçün, heç özü də 

bilmədi ki, tünd qəhvəyi rəngli qapının zəngini təzədən necə basdı. 

Bu dəfə qapını böyük oğul açdı  və elə  həmin anda da liftin qapısı eləcə  səs-

küylə bağlandı. Böyük oğul, az qala, ikimetrlik boyunun hündürlüyündən balaca 

Əliquluya baxdı, sonra qapısı örtülmüş liftə tərəf baxdı, sonra yenə balaca Əliquluya 

baxdı və: 

– Indi nə istəyirsən?– soruşdu. 

Əliqulu yenə də nəsə mızıldadı və bu dəfə də böyük oğul onun nə mızıldadığını 

başa düşmədi, eynilə kiçik qardaşı kimi əlini cibinə saldı, yenə  nə  qədər pul 

çıxartdısa, arasından üç dənə on, minlik seçdi və pulları  Əliquluya verdi. Bu vaxt 

Müseyib də təzədən arakəsməyə çıxdı, Əliqulunu görüb bu dəfə başını açıq-aşkar bir 

narazılıqla buladı: 

– Yenə budu?– dedi. – Qoy dayansın. 

Müseyib otağa keçdi, indicə oğlanları ilə birlikdə içdikləri konyakın boş şüşəsini 

götürdü və arakəsməyə qayıtdı, şüşəni böyük oğluna tərəf uzadıb: 

– Al, bunu da ver ona.– dedi və təzədən otağa keçdi. 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə