Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə149/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   145   146   147   148   149   150   151   152   ...   184

 

331


 

* * *

 

 

Firuzə təzəcə dəmlədiyi çayı, yağı, pendiri, çörəyi gətirib Fətullanın qabağında 



mizin üstünə qoyanda, Fətulla hiss elədi ki, Firuzə, nəsə, gözlənilməz bir şey 

deyəcək və soruşanda ki: 

– Deyirdün sözün var mənə? 

Firuzə də: 

– Çayuvu iç, sonra deyərəm... – deyəndə, Fətulla lap yüz faiz bildi ki, Firuzənin 

sözü nəsə təzə bir söz olacaq, amma o təzəlik necə olacaq? yaxşı olacaq? pis olacaq? 

– bunu bilmirdi. 

Firuzə o sözü deməyə tələsirdi, amma, eyni zamanda, elə bil ki, ürək eləmirdi və 

Fətulla fikirləşdi ki, bəlkə qızlarla bağlı nəsə bir xəbər var? amma nə olacaqdı? əgər 

təzə  nəvə  xəbəriydisə, burda ehtiyat eləməli təzə bir şey yox idi – altıncı  nəvə 

olacaqdı – başqa bir səbəb isə, Fətullanın ağlına gəlmirdi. 

Və elə ki, həmişəki pendir-çörəyi yedi, şirin çayı içdi: 

– Hı?– dedi.– Nə olub? 

Firuzə: 


– Heç nə...– dedi.– Nə olacaq ki, Allaha şükür, hər şey yerindədi... 

– Deyirdün axı sözün var... 

Firuzə ona yaxınlaşdı və biləyindən tutub: 

– Bir bura gəl...– dedi və Fətullanı ardıyca, otağın həyət qapısına tərəf çəkdi. 

Düz otuz altı il idi ki, evli idilər və bu otuz altı ildə hər dəfə Firuzənin əli onun 

əlinə dəyəndə, Fətullanın bədənindən bir cərəyan keçirdi, elə bil... 

elə bil... 

elə  həmin qalın qoşa hörüklü qızın  əli idi, o əlin hərarəti, o əlin gətirdiyi 

hissiyyat idi... 

Fətullagilin həyət qapılarının qarşısında, gövdəsi yoğunlayıb qocalmış bir sarı 

şanı üzüm ağacı var idi və bu ağacın yaşı  Fətullanın yaşından çox idi, ağacın 

budaqlarını  Fətullagilin birmərtəbəli binalarının damına qaldırmışdılar və damda o 

budaqlardan talvar düzəltmişdilər və elə ki, yaz gəlirdi, o budaqlar yarpaqlamağa 

başlayırdı, bir azdan damdakı o talvar məhəllənin cənnət guşələrindən biri olurdu, 

yay günortasının cırhacır istisində  də yarpaqların sıxlığından o talvara gün şığıya 

bilmirdi, ən gözəli isə bu idi ki, o qoca üzüm ağacının elə təzə-tər yarpaqları olurdu, 

elə bil, yetmişinci, səksəninci dəfə deyildi açmağı, birinci dəfə açılıb dünyaya gəlirdi 

və o qədər də sapsarı  şanısı olurdu ki, Firuzə bütün ilin abqorasını, sirkəsini 

düzəldirdi, doşabını bişirirdi, bal kimi şanıdan vedrə-vedrə  qızlara göndərirdi, 

yarpaqlarını duza qoyurdu və qışda da, payızda da o yarpaq dolmasını bişirirdi ki, 

Fətullanın aləmində, dünyada heç kim o dadda yarpaq dolması bişirmirdi və bişirə 

də bilməzdi. 

Firuzə  Fətullanı ardıyca çəkib həyətə  çıxartdı  və yamyaşıl yarpaqları, az qala, 

ovuc içi boyda böyümüş üzüm salxımlarını göstərib: 

– Görürsən, Fətulla?.. – dedi. 

Fətulla, hər halda, sənətkar idi və bu yaz səhəri Firuzənin onu həyətə  çıxarıb 

yamyaşıl bir gülüşlə adamın üzünə gülən bu üzüm budaqlarını göstərməsi, doğrusu, 

Fətullanı əməlli-başlı həyəcana gətirdi və Fətulla lap o cavanlıq çağlarındakı kimi, 

həyətin ortasında Firuzəni qucaqlayıb sinəsinə sıxmaq istədi, amma bu vaxt Firuzə 

deyəndə ki: 




 

332


– Bilirsən, Fətulla, bir söz deyəcəyəm, ancaq... hirslənmə... 

Fətullanın ürəyi, elə bil, bir boşluq içində uçunan kimi oldu və Fətulla yüz faiz 

başa düşdü ki, nəsə, çox pis bir söz eşidəcək. 

Firuzə dedi: 

– Fətulla... bilirsən... istəyirəm... istəyirəm bu yarpaqları yığım... aparım bazarda 

satım... 

Əvvəlcə Fətulla elə bildi ki, Firuzənin dediklərini düz başa düşmədi, amma elə 

ki, bu sözlər şapalaq kimi onun beyninə çırpıldı, Fətullanın sifəti nə günə düşdüsə, 

Firuzənin rəngi ağappaq ağardı və Fətulla: 

– Nə?– deyə xırıldayanda, Firuzə: 

– Hirslənmə, Fətulla, sən Allah, hirslənmə!..– dedi. 

Fətulla eyni xırıltıyla: 

– Mənim arvadım gedib bazarda yarpaq satacaq? – soruşdu və elə bil, o, bu 

sualı, Firuzəyə yox, özünə verdi, əslində heç özünə  də yox, Fətulla bu sualı 

naməlum bir varlığa verdi... 

bəlkə taleyə verdi?.. 

Allaha verdi?.. 

kimə verdi?..  

bilmirdi, amma orasını tamam aşkar bilirdi ki, həyatının bu məqamına gəlib 

çatmaqdansa, o qoşa hörüklü qızı otuz altı ildən sonra, belə bir ehtiyaca ürcah 

etməkdənsə, o, yəni, Fətulla, ölsəydi, bundan min qat yaxşı idi. 

Firuzə, Fətullanın bircə anın içində  bərəlmiş gözlərinə, qıpqırmızı  qızarmış 

sifətinə baxa-baxa əməlli-başlı qorxuya düşdü, axır vaxtlar, onsuz da, Fətullanın qan 

təzyiqi yuxarı idi (hərdən 110 – 170-ə olurdu) və Firuzə sidq-ürəkdən gələn bir 

yalvarışla: 

– Fətulla, qurban olum sənə, sözdü də, dedim... qurban olum, Fətulla... fikir 

vermə, deməmiş olum, Fətulla... vallah, day bir də belə söz demərəm... – Firuzə 

yenə  Fətullanın biləyindən tutdu və bu otuz altı ildə birinci dəfə  Fətulla sərt bir 

hərəkətlə qolunu dartıb: 

– Əlüvü çək mənnən!.. – dedi. 

 

* * *

 

 

Miss Merilin Consonun əlli bir yaşı var idi, amma indiyə qədər ərə getməmişdi 



və bu zənci qadın həddən artıq gombul idi. ABŞ-da bu cür kök adamlara tez-tez rast 

gəlmək mümkündü və  əlbəttə, bu cürə köklüyün səbəbi qidanın tərkibindəki süni 

maddələr idi. 

Yemək – miss Merilin Consonun həyatının  əsas problemi idi və artıq  əsas da 

məqsədə çevrilmişdi və bu mənada miss Merilin Conson sonuncu iş yerindən çox 

razı idi. 

Miss Merilin Conson Nyu-Yorkda, Manhettimdə, BMT-nin lap yaxınlığındakı 

«Reqal Y.N. Plaza» oteli ilə üzbəüz binanın 23-cü mərtəbəsində, tanınmış  və 

nüfuzlu bank işçisi mister Isaak Blyumentallın evində qulluqçu işləyirdi və mister 

Blyumentallın özü də, missis Blyumentall da yeməklərinə xüsusi fikir verən və 

azyeyən adamlar olduğu üçün, mağazadan alınan, sifariş  gətirilən  ərzağın çoxu 

tökülüb qalırdı və miss Merilin Conson evin işlərini görməklə bərabər, dəyirman dən 

üyüdən kimi, səhərdən axşama kimi, ekoloji cəhətdən çox təmiz və buna görə də çox 

baha olan həmin ərzaqları yeməklə məşğul olurdu.  




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə