Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə152/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   148   149   150   151   152   153   154   155   ...   184

 

337


Mister Blyumentallın mənzilində həyat, necə vardısa, elə də davam edirdi, payız 

da eləcə ötdü, qış da eləcə ötdü, yaz da indi eləcə ötürdü... sonra yay gələcəkdi, 

yazdan sonra yenə payız gələcəkdi, sonra qış, sonra yenə yaz... və həyat da o daş, 

beton, şüşə göydələnlərin arasında, mister Blyumentallın tozun da yeri dəyişməyən 

mənzilində beləcə davam edəcəkdi...  

Missis Blyumentall pudeli həmişəki kimi gəzdirirdi, çimizdirirdi, qırxdırırdı. 

Mister Blyumentall işdən gələndən sonra, həmişəki kimi, yüngülcə bir şam 

eləyib kolleksiyası ilə  məşğul olurdu və o dəm onun üçün o kolleksiyadan savayı 

dünyada heç nə yox idi. 

Miss Conson eləcə fasiləsiz yeyə-yeyə mətbəxdə nəsə bişirib-düşürürdü, yuyub-

yığışdırırdı, çox zaman mənzildə  tək olduğu üçün, eləcə yeyə-yeyə  də otaqları 

gəzirdi, nəsə bir iş görmək istəyirdi, amma hər şey öz yerində olurdu, hər şey necə 

səliqəliydisə, eləcə  də  səliqəli qalırdı, çünki bu mənzildə heç kim heç nəyə 

toxunmurdu, toxunanda da hər  şey öz əvvəlki yerinə qayıdırdı  və miss Conson 

görmək üçün bir iş tapmırdı və o daimi yemək ehtiyacı və yeməyin özü olmasaydı, 

həyat miss Conson üçün çox darıxdırıcı və mənasız keçərdi. 

Və beləcə ötən günlərdən birində – bir yağışlı yaz günü, günün günorta çağı, 

mister Blyumentallın mənzilində dünyada (hər halda, bu dünyada!) misli 

görünməmiş bir hadisə baş verdi. 

Həmin yağışlı yaz günü, miss Conson mənzildə yenə  tək idi, yenə yeyə-yeyə 

otaqları  gəzib özünə bir iş axtarırdı  və birdən qəribə bir səs eşitdi: bu, musiqi idi, 

amma nəsə çox qəribə... 

anlaşılmaz... 

eyni zamanda çox yanıqlı... 

hə... hə, çox... çox yanıqlı bir musiqi idi və kolleksiya olan otaqlar tərəfdən 

gəlirdi.  

Miss Conson əvvəlcə elə bildi ki, bu səs televizordan, ya radiodan gəlir, amma 

mister Blyumentall, fikrini dağıtmasın deyə, o otaqlarda radio, televizor qoymağa 

icazə vermirdi və miss Conson təəccüb içində kolleksiya otaqlarına tərəf yaxınlaşdı. 

Tamam aydın idi ki, səs, bax, bu otaqdan gəlir. 

Miss Conson otağın qapısını açdı  və bu zənci qadının, onsuz da, böyük olan 

qara gözləri bir anın içində bərəlib az qaldı hədəqəsindən çıxsın. 

Mister Blyumentallın kolleksiyasından fleytaya bənzər bir musiqi aləti öz 

yerindən qalxıb, pəncərənin qabağında, elə bil ki, görünməz bir tellə tavandan 

asılmış kimi dayanmışdı və elə bil ki, insan kimi, pəncərədən o yaz yağışına baxa-

baxa öz-özünə həmin...  

anlaşılmaz... 

yanıqlı...  

çox yanıqlı... 

musiqini çalırdı və o melodiyaya uyğun olaraq da yavaş-yavaş tərpənirdi.  

Udmaq istədiyi növbəti tikə miss Consonun boğazında qalmışdı  və gözünün 

qabağındakı bu ağlasığmaz görüntü elə müdhiş bir hiss yaratdı ki, bədbəxt qadının 

başındakı qıvrım qara tüklər biz-biz durdu. 

Miss Consonun ürəyi elə şiddətlə vururdu ki, elə bil, indicə, bu qadının hər biri 

yekə un torbasına oxşayan döşlərinin arasından sıyrılıb çölə çıxacaqdı. 



 

338


O fleytaya bənzər musiqi aləti isə, o anlaşılmaz musiqini eləcə  pəncərənin 

qarşısında öz-özünə çalırdı və o melodiya anlaşılmaz idi, düzdür, amma çox yanıqlı 

idi və o musiqi alətindən gələn o yanğı, o qüssə, kədər miss Consonun geniş sinəsinə 

doldu və  ən dəhşətlisi bu idi ki, belə bir yanğı, belə bir qüssə, kədər indiyə  qədər 

onun o geniş sinəsi üçün tamam yad bir şey idi. 

Miss Conson o yağışlı yaz günü həmin dəhşət içində cismani olaraq duyurdu ki, 

o yanğı, o qüssə, kədər onun doğmasına çevrilir və indiyə  qədər yaşadığı  həyatın 

boşluğundan xəbər verir. 

Miss Conson bərəlmiş gözlərini o fleytaya oxşayan musiqi alətindən çəkə 

bilmirdi və o dəm o musiqi alətinin özü başdan-başa bir yanğı, qüssə, kədər idi... 



 

* * *

 

 

Missis Blyumentall pudeli ilə birlikdə evə qayıdanda miss Merilin Conson hələ 

də o müdhiş hadisənin təsiri altında idi və  tələsə-tələsə, dili topuq vura-vura, heç 

cürə keçib getmək bilməyən bir həyəcanla bu hadisəni missis Blyumentalla danışdı. 

Missis Blyumentall diqqətlə miss Consona qulaq asdı, sonra onunla birlikdə 

kolleksiya otağına keçdi, miss Consonun, az qala, heyvani bir ürkü ilə barmağını 

uzadıb göstərdiyi o musiqi alətinə baxdı: həmin Şərq musiqi aləti həmişəki yerində 

idi və missis Blyumentall daha heç nə soruşmadı, yalnız diqqətlə miss Merilin 

Consona baxdı və heç nə demədi. 

Axşam mister Blyumentall işdən qayıtdı  və yüngül şam edib, həmişəki kimi, 

kolleksiya otaqlarına keçməzdən əvvəl missis Blyumentall əhvalatı ərinə danışdı və 

mister Blyumentallın gərgin bank əməliyyatlarından sonra, evdə  də  gəlib hansısa 

fantastik səfsəfələrə qulaq asmağa qətiyyən həvəsi olmadığı üçün, o, xanımının da 

razılığı ilə, həmin gündən etibarən miss Merilin Consonu işdən azad etdi.  



  

* * *

 

 

Miss Merilin Conson liftlə 23-cü mərtəbədən düşərkən ağlamaqdan qızarmış 

gözlərini silə-silə fikirləşdi ki, bəlkə, doğrudan da, dəli olub və  bəlkə, günorta o 

fleytaya bənzər musiqi alətinin pəncərənin qabağında dayanıb öz-özünə o anlaşılmaz 

melodiyanı çalması həqiqət yox, bir qarabasma imiş?  

Bəs o yanğı? o qüssə? o kədər?.. 

Gördüyünün müdhişliyindən, işdən çıxarılmasının ağrısından başqa, bir hiss də 

– az qala, heyvani bir qorxu hissi – miss Consonun içini deşib-dağıtmaqda idi: bu 

bədbəxt zənci qadın qorxurdu ki, o yanğı, o qüssə, kədər bundan sonra həmişəlik 

onunla bir yerdə olacaq.  

Və  əlbəttə, mister və missis Blyumentalların ağlına gələ bilməzdi ki, miss 

Conson, həqiqətən, olan hadisəni danışır və  bədbəxt miss Merilin Consonun da 

ağlına gələ bilməzdi ki, Azərbaycan adlı uzaq bir məmləkət var və o məmləkətdə 

fleytaya bənzər o musiqi alətinə «balaban» deyirlər və balabanın çaldığı o 

anlaşılmaz, yanıqlı havaya da həmin məmləkətdə «Sarı gəlin» deyirlər. 

 

Oktyabr, 2001.  



 

 

 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə