Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə151/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   147   148   149   150   151   152   153   154   ...   184

 

335


Fətullagilin evindən dörd qapı aşağıda Ələkbərgilin evi idi, Ələkbər misgər idi 

və qabaqlar Bakının Basin küçəsində, 11 saylı tramvayın dayanacağının yanında 

balaca bir misgərxanası da vardı, sonralar küçəni genişləndirəndə o misgərxananı da 

dağıtdılar və o vaxtdan da Ələkbər ailəsini mis qabları qalaylamaqla dolandırırdı, 

amma elə ki, Sovet Ittifaqı dağıldı, qəribə bir əhvalat baş verdi: Ələkbərin 

zirzəmisindəki mis qazanlar, sinilər, samovarlar və başqa üstünü toz basmış mis 

əşyalar matah oldu, şirəyə arı  gələn kimi, əvvəlcə xaricilər, sonra da birdən-birə 

peyda olmuş Bakı  dəllalları  Ələkbərin o mis qablarını böyük pullarla almağa 

başladılar və mis qabları qurtarandan sonra, Ələkbərin özü dəllala çevrildi və misgər 

Ələkbər gözgörəti varlanıb məhəllənin yaxşı yaşayan adamlarından biri oldu, hətta, 

özünə bir «Mersedes» də aldı, düzdü, bu «Mersedes» 1986-cı ilin buraxılışı idi, 

amma, hər halda, «Mersedes» idi.  

Pişik iy çəkən kimi, Ələkbər də düz üç dəfə  Fətullagilə  gəlmişdi və  həmin 

balabanı almaq istəmişdi və hər dəfə gələndə də balabanın əvəzinə verəcəyi məbləği 

bir qism artırmışdı, amma ala bilməmişdi və sonuncu dəfə gələndə, Fətulla gözlərini 

qıyıb: «– Ələkbər, – demişdi, – bu evin qapısı həmişə sənün üzüvə açıqdı. Ancaq bu 

məsələdən ötrü bir də bu evə gəlmə!» – və ondan sonra, Fətullanın xasiyyətinə bələd 

olan Ələkbər, bir də balaban məsələsinə girişməmişdi. 

  

* * *  

 

Bütün məhəllə, Fətullanı tanıyanların hamısı, hətta Firuzə  də elə bilirdi ki, 



klarnet Fətulla üçün hər  şeydir, Fətullanın  ən yaxın sirdaşıdır, Fətullanın ürəyinin 

dedikləridir, ürəyinin səsidir və  məhəllə  də, tanış-biliş  də, Firuzə  də düz 

fikirləşirdilər, həqiqətən də, belə idi, amma, Fətullanın ürəyinin çox dərinlərində bir 

nöqtə var idi, o nöqtəyə qədər belə idi, o nöqtədən sonra isə başqa bir hiss var idi və 

dünyada heç kimin, hətta, Firuzənin də xəbəri yox idi ki, o nöqtədən sonra Fətulla 

üçün klarnet boş  şey idi (!), çünki o nöqtədən sonra təbiətin səsi gəlirdi, yəni bu 

mənada ki, dənizin uğultusu, quşların səsi, yarpaqların xışıltısı... 

Günlərin bir qəribə günündə, axşam çağı, küçə qapılarının qabağındakı qoşa tut 

ağacının altında oturub, həmişəki kimi, məhəllənin kişiləri ilə  nərd oynamağa 

hazırlaşan Fətulla, o qoşa tut ağacının yüngül mehdən xışıldayan yarpaqlarına qulaq 

asdı, o xışıltı, elə bil, yapışqan kimi, beyninə yapışdı, eləcə  də orada qaldı, neçə 

müddət ondan əl çəkmədi və çağa dad, yaxud nəsə başqa bir şey kəşf edən kimi, 

birdən-birə  kəşf etdi ki, onun klarneti təbiətin bu dediklərini heç zaman deyə 

bilməyəcək. 

O qoşa tut ağacının yarpaqları nə deyirdi?– Fətulla bunu heç kimə və heç vəchlə 

başa sala bilməzdi, çünki özü də bilmirdi ki, o yarpaqlar nə deyir, amma yarpaqların 

o xışıltısındakı sirri dünyanı heç bir çalğı aləti o cürə verə bilməzdi. 

Bircə o balabandan və o balabanın «Sarı gəlin»indən başqa. 

Amma Fətulla burasını da başa düşürdü ki, bu, onun üçün, yəni Fətulla üçün 

belədir və bir pianoçu da belə fikirləşə bilər ki, bunu, ancaq piano bacarar, skripkaçı 

da fikirləşər ki, o sirri, ancaq skripka söyləyə bilər. 

Hər halda, o kəşfdən sonra Fətulla xeyli müddət bikef oldu, nəinki bütün 

ömrünü həsr etdiyi klarnet, ümumiyyətlə, həyat onun üçün mənasız göründü və o 

axşam Fətulla nərdi də çox könülsüz oynadı  və uduzdu, amma o kəşfi barədə heç 

vaxt heç kimə heç nə demədi. 

 



 

336


* * * 

 

Əgər, Fətulla, misal üçün, pianoçalan olsaydı, onda övladı – fərqi yox idi, ya 



oğlan, ya qız – onun yolunu davam etdirərdi, amma Fətullagil nəsillikcə piano çalan 

yox, yaxud da lap elə kamança olsun,– qız da kamança çala bilər, – kamançaçalan 

yox, balabançalan idi və qız xeylağı da, aydın məsələdir ki, balaban çalmayacaqdı. 

 

* * *



 

 

Bəlkə, o cavanlıq vaxtı ki, balabanı bir tərəfə atdı, klarneti götürdü, bəlkə ona 



görə Allah ona bir oğul vermədi ki, atasının, babasının yolunu davam etdirə? 

Lap əgər beləydisə də, hər şey qurban olsun o qoşa hörüklü qıza və Allah ki, ona 

oğul vermədi, qoy, əvəzində o qoşa hörüklü qızın ömrünü uzun eləsin və onu heç bir 

dərdə, bəlaya salmasın. 



 

* * *

 

 

– Fətulla, qurban olum sənə, başuva dönüm, Fətulla, satma balabanı, Fətulla, 

bilirəm, mənə görə satırsan o balabanı, amma satma, Fətulla, bir qələt idi, elədim, 

şeytan azdırdı məni, yarpaq söhbəti, sənə layiq söhbət deyildi, başuva dönüm, satma 

o balabanı, hər gün darıxacaqsan o balabançun, Fətulla... 

Və Firuzə  nə illah elədi, yalvardı, ağladı, amma Fətullanı fikrindən döndərə 

bilmədi. 

 

* * *

  

 

Hər şey çox sadə oldu: Fətulla Ələkbəri çağırdı və sədəfli balabanı 1750 ABŞ 

dollarına  Ələkbərə satdı  və  Ələkbər də o balabanı 2250 ABŞ dollarına müştərisi 

Martinius Asbyornsenə (bu adamın adını Ələkbər heç cürə yadında saxlaya bilmirdi, 

ona görə  də bu balaca, dazbaş, yekəqarın adamın adını kağıza yazırdı  və onunla 

danışanda gözucu kağıza baxırdı) satdı və Martinius Asbyornsen o sədəfli balabanı 

7000 ABŞ dollarına Nyu-Yorkda yaşayan müştərisinə satdı  və  nəhayət, sədəfli 

balaban mister Isaak Blyumentallın mizinin üstünə gəlib çıxdı. 

Mister Blyumentall elə ilk baxışdan o sədəfli balabanın gözəlliyinə  aşiq oldu, 

onu çox diqqətlə nəzərdən keçirdi, yoxladı, məlumat kitablarından Məhəmməd ibn 

Yusif ibn Mütəllibin orta əsrlərdə  Şərqdə  nəfəsli musiqi alətləri düzəltməkdə, 

Avropada skripka ustası Stradivariyə  bərabər bir sənətkar olduğunu öyrəndi və o 

balabanı 66500 dollara alıb kolleksiyasının Şərq musiqi alətləri bölməsinə qoydu. 

Onda Nyu-Yorkda payızın əvvəlləri idi... 



 

* * *

 

 

Payız ötdü, Nyu-Yorkda soyuq bir qış keçdi, sonra yaz gəldi, amma Nyu-

Yorkun daş, beton, şüşə göydələnləri o payızın da, o payızı əvəz edən qışın da, təzə 

gələn yazın da fərqində deyildi. 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə