SəMƏRƏLİ İŞ HƏyatimüsbət yüklə yüklənmək



Yüklə 0,52 Mb.
səhifə4/7
tarix17.09.2017
ölçüsü0,52 Mb.
1   2   3   4   5   6   7

Həyat dərsləri



Birinci dərs... Məktəbdə dərslərin başlamasından heç iki ay keçməmiş bir gün müəllim sinfə girərək “imtahandır” dedi. Məktəbin əlaçı şagirdlərindən biri idi və belə gözlənilməz sınaqlara da hazır idi. Testlərə bir-bir nəzər salaraq, sonuncu suala kimi hamısını cavabladı. Sonuncu sual isə belə idi: “Hər gün sinfi təmizləyən xadimənin adı nədir?” Yəqin ki, bu bir zarafat idi. Məktəbə erkən gəldiyindən o qadını bəlkə də hər gün görürdü. Hündürboy, qara gur saçları olan və təxminən əlli yaşlarında birisi idi. Amma adını bilmirdi... Son sualı cavabsız qoyaraq imtahan vərəqini müəllimə verdi. İmtahan başa çatdıqdan sonra şagirdlərdən biri müəllimdən son sualın nəticəyə təsir edib-etməyəcəyini soruşdu. “Əlbəttə ki, ona da bal verəcəyəm, – deyə müəllim məsələyə aydınlıq gətirməyə başladı, – iş həyatınız boyunca bir çox insanlarla qarşılaşacaqsınız və onların hərəsi bir cür xarakterə malik olacaq. Amma buna baxmayaraq, onların hamısı sizin diqqətinizə, qayğınıza layiq adamlardır. Bəzən sadəcə gülümsəməyiniz və adi salam verməyiniz lazım olsa belə, bunu onlardan əsirgəməyin”. Bu dərsi ömür boyu yaddan çıxartmadı. Həmin xadimənin adını da... Doroti.

İnsanlar sizin diqqətinizi əsirgəməyəcəyiniz qədər mühüm varlıqlardır”.


***


İkinci dərs... Bir dəfə gecə yarısı Alabamaya gedərkən şossenin kənarında zənci bir qadının dayandığını gördü. Qadın leysan yağışa baxmayaraq, xarab olmuş maşınından çıxmış və kömək etmələri üçün hər gələn maşına əl sallayırdı. O, maşınını kənara verərək saxladı. 1960-cı illərdə ağ dərili adamın bir zənciyə, üstəlik də Alabamada kömək etməyə çalışması ağlasığmaz hadisə idi. Qadını şəhərə kimi apararaq taksiyə əyləşməsinə yardımçı oldu. Ayrılarkən qadının kəskin xahişinə əsasən ünvanını ona verdi. Bir həftə sonra həmin kişinin evinə son model bir televizor gətirilir. Hədiyyənin üstündə bir kağız da var idi: “O çətin vaxtda mənə kömək etdiyinizə görə minnətdarlığımı bildirirəm. Qorxunc leysan baş-paltarımla yanaşı, ruhumu da tamamilə islatmışdı. İçimdə özümə və bütün bəşəriyyətə nifrət hissləri baş qaldırmışdı ki, siz gəlib çıxdınız. Məhz sizin sayənizdə ölüm dəqiqələrini yaşayan həyat yoldaşımın son anına çatdım. Tanrı sizə və ümumiyyətlə, qarşılığını gözləmədən başqalarına yardım edən hər kəsə kömək olsun! Ən xoş və səmimi arzularla Nat Kinq Koul”.

Sizin üçün kiçik və adi olan bir şey başqaları üçün həyati əhəmiyyət kəsb edə bilər”.



***

Üçüncü dərs... On yaşlı bir uşaq şirniyyat dükanına girdi. Ofisiant qız o dəqiqə uşağın yanına gəldi. Balaca uşaq: “Şokoladlı tort neçəyədir?” – deyə soruşdu. Ofisiant: “50 sent”. Uşaq cibindəki xırda pulları sayaraq bir daha soruşdu: “Bəs, dondurma neçəyədir?” “35 sent”, – qız tələsik cavab verdi. Dükanda müştəri çox idi və qız onların hamısına təkbaşına xidmət edirdi. Bir uşağa çox vaxt ayırmamalıydı... Balaca pullarını bir daha sayaraq dondurma sifariş verdi. Qız dondurma gətirərək çeki qabın yanına qoydu və digər müştərilərin yanına qaçdı. Uşaq dondurmanı yeyib qurtardı və hesabı kassaya ödəyərək getdi. Ofisiant qız stolu təmizləmək üçün gələndə yerində donub qaldı. Boş dondurma qabının yanında uşaq 15 sent xidmət haqqı qoymuşdu.

Sizə xidmət edənlərə əhəmiyyət verin və onları qiymətləndirin”.

***

Dördüncü dərs... Qədim zamanlarda bir padşah xalqı sınamaq üçün sarayına gələn yolun ortasına böyük bir qaya parçası qoydurur və özü də sarayın yola baxan pəncərəsinin qarşısına əyləşərək, olub-keçənlərə tamaşa etməyə başlayır. Əvvəlcə ölkənin ən zəngin tacirləri, karvan sahibləri, eləcə də saray məmurları yavaş-yavaş saraya gəlməyə başlayırlar və hamısı yoldakı qayanın yanından keçərək iqamətgaha girirlər. Onlar deyinə-deyinə: “Xalqdan bu qədər vergi alır, amma sarayının yolunu təmizlətdirə bilmir”, – deyirdilər bir-birilərinə. Daha sonra yolda bir kəndli peyda olur. Kürəyinə atdığı xurcunda saraya meyvə-tərəvəz gətirirdi. Qayanın yanına çatanda xurcunu yerə qoyur və var gücü ilə qayanı kənara itələməyə başlayır. Daş böyük və ağır idi, amma kəndli qan-tər içində qalsa belə, onu yoldan çıxara bilir. Elə xurcununu götürüb saraya girmək istəyirdi ki, qayanın əvvəlki yerində bir kisə olduğunu görür. Kisə ağzına kimi qızılla dolu idi. Üstündə də padşahın adından bir qeyd var idi: “Bu qızıllar qaya parçasını yoldan kənarlaşdırmış adamındır...”

Qarşımıza çıxan hər əngəl həyatımızı yaxşılaşdırmaq üçün bir fürsət ola bilər”.

***

Beşinci dərs... Bir neçə il əvvəl xəstəxanada işləyəndə yanıma vəziyyəti ağır olan xəstə qız gətirdilər. Qızın yaşaması üçün yeganə yol beş yaşındakı kiçik qardaşından qan köçürülməsi idi. Bu balaca oğlan təxminən iki il öncə həmin xəstəlikdən son anda möcüzə sayəsində qurtulmuş və qanında o xəstəliyə qarşı immunitet əmələ gəlmişdi. Həkim vəziyyəti beş yaşlı uşağa danışdı və qan verib-verməyəcəyini soruşdu. Oğlan bir anlığa duruxduqdan sonra “bacım yaşayacaqsa, qanımı verərəm” dedi. Qan köçürülərkən uşaq bacısının gözlərinin içinə baxır və gülümsəyirdi. Qızın yanaqları yenidən qızarmağa başlayırdı, amma onun yanındakı çöhrə tədricən solurdu. Artıq balaca heç gülümsəmirdi də. Titrək səslə həkimdən soruşdu: “Elə indi öləcəyəm?!..” Bəli, bu cəsur, fədakar uşaq həkimin sözlərini səhv başa düşmüş və elə bilmişdi ki, bütün qanını bacısına verib öləcək...

Əsas olan, heç nəyə baxmayaraq, verə bilməkdir”.



Onuncu kəndin sakinlərinə

Şəhərdə ali təhsilini başa vurmuş gənc bir oğlan dörd ildən sonra kəndə qayıdır. Atası ilə söhbət edərkən, oxuduğu dərslər, aldığı təhsilin keyfiyyəti barədə uzun-uzadı danışdıqdan sonra ağsaqqal kişi oğlundan bir sual soruşur: “Yaxşı, bunları başa düşdük, indi de görək orada sənə helm də öyrədiblərmi?” Atasının nədən bəhs etdiyini heç başa düşməyən gənc tərəddüdlə başını bulayır. “Onda bu dörd ili boş yerə oxumusan”, – deyə qoca təəssüflə bildirir.

İki gün sonra ata-oğul birlikdə kənd məscidinə cümə namazını qılmağa gedirlər. Uzun illərdir kənddə imamlıq edən molla əslində dini elə də dərindən bilmirdi və xütbədə oxuduğu ayələrdə səhvə yol verirdi. Əvvəlcə yerindən “səhv oxuyursunuz” deyən oğlan az sonra mollanın növbəti səhvini də büruzə verir. Üçüncü dəfə ayağa qalxaraq mollaya etiraz edən gənc ayənin düzgün formasını oxuyur. Artıq işlərin pis yerdə olduğunu görən molla: “Ay camaat, daha nəyi gözləyirsiniz?... dinimiz əldən gedir... ağzından süd iyi gələn uşaq mən boyda mollanı günahlandırır... haydı cəzalandırın bu kafiri”, – deyə qışqırır. Mollanın sözləri ilə qızışan avam kəndlilər gənci döyərək məsciddən kənara tullayırlar. Evə gəldikdən sonra atası oğluna tərəf dönərək: “Mən sənə demişdim axı bu qədər ili boş yerə oxumusan”, – deyə məzəmmət edir.

Bu hadisədən sonra gənc dəliqanlı atasından eşitdiyi helmi öyrənmək üçün yenidən şəhərə yollanır. 2-3 ildən sonra oğlan yenidən dədə-baba yurduna qayıdır. Və yenə də cümə günü atası ilə birlikdə məscidə gedəsi olurlar. Molla eyni, xütbə eyni, amma qarşıdakı gənc əvvəlki kimi sadəlövh deyil. Mollanın elə ilk səhvində oğlan əvvəlkitək ayağa qalxaraq işə müdaxilə edir. Artıq camaat işi bilir və mollanın əmrini gözləyirlər. Amma bu dəfə oğlan molladan cəld tərpənərək kəndlilərə belə səslənir: “Gecə yuxumda nurani, ağsaqqal bir kişi gördüm. Mənə “sizin kəndin mollasının yeri cənnətdir... əgər hər kim mollanın saqqalından daha çox tük qoparsa, o da cənnətə gedəcəkdir” dedi...” Oğlan sözlərini qurtarmağa imkan tapmamış cahil adamlar mollanın üstünə cumurlar... Məlum ki, evə qayıdanda bu dəfə atası “afərin, helmi yaxşı öyrənmisən” deyir.

***

İşin zarafatı bir yana, amma doğrudan da, helm hazırda gündəmi zəbt edən əsas mövzulardan biridir. Amma təəssüf ki, biz onun mənfi cəhətlərini daha yaxşı mənimsəmişik və adını da bir az müasirləşdirərək siyasət qoymuşuq. Səmimiyyətə həsrət qalmış dünyamızda şəxsi mənafeyini güdən insanlar siyasət yürütməyi özlərinə peşə seçiblər. Pərdə arxasında yalanı, ikiüzlülüyü gizlədən müasir siyasət anlayışı, təəssüf ki, hələ də məsum və səmimi insanları öz toruna salmaqdadır. Səmimiyyət-siyasət ziddiyyəti arasında qalmış adamlar müəyyən müddət sonra axına qarşı avar çəkməkdən yorulur və “hamı necə, mən də elə” deyərək onlarla birlikdə... bəli, təəssüf ki, siyasətə doğru üzməyə başlayırlar.



Gündəlik danışığımızda ağzımızdan düşməyən və yeri gəldi-gəlmədi istifadə etdiyimiz bir çox sözlər əslində qeyri-səmimi münasibətlərin həyatımıza tam yerləşdiyinin açıq-aşkar nümunəsidir. Götürək adi tələbə yoldaşlarını. Həftənin azı beş günü bir-birilərini görən uşaqlar hər gün görüşərkən yağlı bir öpüşdən sonra üç-dörd dəfə “necəsən, iş-güc, vəziyyət nə yerdədir” kimi cavab gözləməyən (!) suallarla səmimi münasibəti qeyri-səmimi sözlərlə “bəzəyirlər”. Molla Nəsrəddinin bu haqda məşhur bir lətifəsi var. Evinə qonaq gəlmiş birisi mollanın yanında üç gün qaldıqdan sonra yükünü uzunqulağa yükləyərək: “Molla, hörmət-izzətə görə sağ ol. Sənə əziyyət verdim”, – deyərək getmək üçün molladan icazə istəyir. Molla Nəsrəddin isə “səmimiyyət” xatirinə: “A kişi, nə əziyyət, bir-iki gün də qal, sonra gedərsən”, – deyir. Qonaq elə bunu gözləyirmiş kimi: “Qal deyirsən, qalım da. Bəs uzunqulağın ipini haraya bağlayım?” – deyə soruşur. “Səmimiliy”inin qurbanı olmuş molla isə: “İpi gətir mənim bu başıbəlalı dilimə bağla”, – deyir.

Hələ siyasətdə püxtələşmiş adamların çaşaraq ağızlarından çıxartdıqları sözlər olmasa, heç onların da səmimiliyinə şübhəmiz olmazdı. “Təşəkkür edirəm” əvəzinə “təəssüf edirəm” deyən insanların artıq maskalarını çıxartmaq vaxtıdır.

Başa düşməliyik ki, əsas məsələ helm öyrənib, hər çalınan havaya oynamaq deyil! İşin çətin və təbii ki, yaxşı tərəfi hər bir vəziyyətdə səmimi olmaqdır. “Düzünü deyəni doqquz kənddən qovarlar” məsəlinə baxmayaraq, şəxsiyyətimizi qorumağı bacarmalıyıq.

Siyasət yürüdərək doqquzuncu kənddə kəndxudalıq etməkdənsə, onuncu kəndin səmimi atmosferində rahat və sadə həyat sürməyi üstün tutmalıyıq.



Qəhvənizə duz tökün

Universitetdə təşkil edilmiş əyləncəli bir gecədə tanış olmuşdular. Parti başa çatan kimi qızı qəhvə içməyə dəvət etdi və qız razı oldu. Küçəyə çıxıb yaxınlıqdakı kafedə əyləşdilər. Oğlan o qədər həyəcanlı idi ki, ürəyinin döyüntüsündən ağzını açıb danışa bilmirdi. Bu vəziyyət artıq qızı da narahat etməyə başlamışdı və elə “mən artıq gedim” demək istəyirdi ki, dəliqanlı ofisiantı çağırdı. “Mənə duz gətirə bilərsinizmi? – deyə dilləndi, – qəhvəyə qatmaq üçün...” Ofisiant və qız çaşqın-çaşqın oğlana baxdılar. Oğlan utandığından qıpqırmızı olsa da, ofisiantın gətirdiyi duzu qəhvəyə tökərək qarışdırmağa başladı. Qız özünü saxlaya bilmədi: “Əcəb zövqünüz var”. “Elədir, – deyə oğlan danışmağa başladı, – uşaqlıq illərim dəniz kənarında keçib. Demək olar, bütün günü dənizdə oynayırdım. Dənizin duzlu suyu artıq damağımın dadına çevrilmişdi. Ağzımda hələ də dənizin duzlu suyunun dadı qalıb. Elə qəhvəni də o vaxtdan duzla içməyə öyrəşmişəm. O duzlu dadı ağzımda hiss edəndə uşaqlıq illərim, dəniz kənarındakı evimiz və xoşbəxt ailə həyatımız yadıma düşür. Anamla atam hələ də o evdə yaşayırlar. Hər zaman onlar üçün darıxıram...”

Oğlan xatirələrini danışarkən gözləri dolmuşdu. Onun danışdıqları qızı da yaman kövrəltmişdi. Bu qədər səmimi söhbət edən, evinə və ailəsinə çox bağlı olan bir adam öz arvad-uşağını da sevən, quracağı ailəyə sadiq qalan birisi olmalı idi. Bundan sonra da bir-biriləri ilə görüşməyə davam etdilər və bir-neçə ay sonra evləndilər. Ömürlərinin sonuna kimi xoşbəxt və mehriban bir ailə həyatı yaşadılar. Həyat yoldaşı həmişə əri üçün qəhvə gətirəndə içinə bir qaşıq duz atırdı. Çünki onun belə xoşladığını bilirdi. Qırx il sonra həmin adam dünyasını dəyişdi. Xanımı üçün üstündə “mən öləndən sonra oxuyarsan” yazılmış bir məktub qoymuşdu. Məktubda bunlar yazılmışdı: “Canım mənim, yalvarıram məni bağışla. Bütün həyatımızı bir yalanın üzərində qurduğumuza görə məni bağışla. Tanışlığımız boyu səni yalnız bircə dəfə aldatmışam. O da ki, duzlu qəhvədə!.. Səninlə ilk dəfə görüşəndə o qədər həyəcanlı idim ki, qənd demək istəyəndə ağzımdan “duz” sözü çıxdı. Sənin baxışlarından utandım və səhvimi düzəldə bilmədim, düzəltmədim. Bu yalanın bizi ömürlük bir-birimizə bağlayacağını heç ağlıma belə gətirmirdim. Dəfələrlə sənə əsl həqiqəti demək istəmişəm, amma həmişə səni itirməkdən qorxduğum üçün bu sirri qəlbimin dərinliklərində gizlətmişəm. İndi artıq ölürəm və qorxsam da, qorxmasam da səni itirirəm. Həqiqət məhz belədir... Mənim heç vaxt duzlu qəhvədən xoşum gəlməyib. Onları qatışdıranda çox əcaib bir dad alınır. Amma səni tanıyandan bəri bu əcaib içkini içməyə məhkum olmuşam. Və heç vaxt buna peşiman olmamışam. Səninlə birlikdə olmaq mənim üçün ən böyük xoşbəxtlik idi və mən bu xoşbəxtliyi sənə borcluyam. Yenidən doğulsam və hər şeyi yenidən yaşamaq imkanım olsa, yenə də ömür boyu səninlə birlikdə olmağı seçərdim... Hətta o həyatda da daim duzlu qəhvə içməyə təhkim olunsam belə!” Yaşlı qadının göz yaşları əlindəki məktubu suya qərq etmişdi...

Daha sonralar bir dəfə ərindən söhbət düşəndə qonşulardan biri qadından duzlu qəhvənin necə olduğunu soruşmuşdu. Yenə də göz yaşlarını saxlaya bilməyən dərdli, sədaqətli qadın: “Dillə deyilməyəcək qədər çox şirin...” – deyə cavab vermişdi.

***

“Bir acı qəhvənin belə qırx il hörməti vardır” məsəlinə səbəb omuş bu hekayə bəlkə də heç həyatda yaşanmayıb. Amma qırx fincan qəhvə içdiyi halda, vəfasızlığından əl çəkməyən insanlarla biz hər gün rastlaşırıq. Siz acı qəhvənizi içərkən “düşmən cəfadan, dost isə vəfasızlıqdan usanmadı” dediyiniz bir vaxtda başqası da “qəhvəniz çox acıdır, bir az şəkər tozu qataq” deyərək fincanınıza duz tökür. Eybi yoxdur, qoy olsun. Həqiqi sevgilinin xətrinə bir ömür boyu duzlu qəhvə də içərik! “Gəlsə cəlalından cəfa, yaxud camalından vəfa... ikisi də cana səfa... lütfün də xoş, qəhrin də”, – deyərək duzlu qəhvəmizi içməyə davam edək!



Sevgini sevmək
Sabah ailə həyatı qurmalarının yubbileyini qeyd edəcəklərdi. Ərinə hədiyyə almaq üçün aylarla yığdığı pulları stolun üstünə tökdü. Cəmi bir dollar yeddi sent… Bu pula heç nə almaq olmazdı. Dəhlizdəki bədənnüma aynanın qarşısına keçdi. Saçlarını açıb çiyninə tökdü. Əvvəlcə tərəddüd etsə də, güzgüdəki baxışlar və onlarda gizlənən məna tədricən qətiyyət qazanırdı. Bir qədər saçlarını tumarladıqdan sonra cəld hərəkətlərlə qapını açaraq küçəyə çıxdı. Pariklərin satıldığı dükana girərək, “mən saçlarımı satmaq istəyirəm” dedi. Oradan çıxanda artıq cibində 20 dolları var idi və bu məbləğlə sevimli həyat yoldaşına gözəl hədiyyə ala bilərdi. Hədiyyəni seçmək də bir az vaxt apardı, amma nəhayət, bir saatsaz dükanından ərinə lazım olan hədiyyəni tapa bildi: saat kəməri. Yoldaşının dədə-babadan qalma qızıldan qol saatı var idi, amma kəmərini itirmişdi. Saatsazla anlaşaraq qızıl kəməri ondan alıb evə gəldi. Yenə də güzgünün qarşısına keçdi. Mənzərə fərqli olsa da, bu onu maraqlandırmırdı və indi yalnız yoldaşı haqqında fikirləşirdi. Bir az sonra qapını açıb içəri girən əri gördüyü mənzərə qarşısında donub qaldı. Sual dolu baxışların müşayiəti altında bağlamadakı hədiyyəni xanımına uzatdı. Qutunu açan qadın göz yaşlarını saxlaya bilmədi. Yoldaşı onun üçün bir neçə gün əvvəl mağazada gördükləri daraq komplektini almışdı… Özünü ələ alaraq o da hədiyyəsini yoldaşına təqdim etdi. Kövrəlmək növbəsi indi evin kişisində idi. Çünki daraqları almaq üçün o, qızıl saatını satmışdı… Amma kədərlənməyə dəyməzdi. Çünki onlar bununla ən mühüm sərvətlərini – bir-birilərinə olan sevgilərini qorumuşdular. Onlara görə bu sevgi nə satıla bilərdi, nə də alına…

***


Bəzən eşitdiyimiz bir musiqi bizi qüssəyə boğaraq keçmiş xatirələrə aparır. Bəzən də yadımıza düşən hadisələr təbəssüm etməyimizə səbəb olur. Bunların hamısında həyatımızda iz buraxmış və hələ də unuda bilmədiyimiz sevgi hissləri var. Xatirələrə qərq olanda bizə sevinc, təbəssüm bəxş edən sevgidir. Elə acı xatirələr də səbrimizə mükafat olaraq bizi xoşbəxt edə bilər.

Bəzən haqsızlıqla, ədalətsizliklə, yalanlarla qarşılaşırıq və bu an içimizdəki sevgi duyğusu belə bizi mənfi qüvvələrə cavab verməkdən yayındıra bilmir. Amma yaddan çıxartmayaq ki, yalnız sevərək görülən işlər, sevgi duyğusunun hakim olduğu əməllər bu dünyada xoş xatirələr buraxır. Adımızın fərəhlə, şərəflə anılmasını istəyiriksə, işimizi sevməliyik, sevdiyimizi işləməliyik.



Xoşbəxtlik yolu

Heç kim sevdiklərini özü ilə apara bilməz. Onun qazancı bu dünyada etdiyi və insanların hər zaman faydalana biləcəyi işlərdir. Bu mənada, insanları sevmək və onlarla yaxşı münasibət qurmaq lazımdır. İçimizdə sevgi hissi daşımaq kifayət etmir, onu büruzə verməli, insanlarla birgə yaşamağa çalışmalıyıq. Sevgi həyatın səadətlə dolu olmasıdır, insanın o biri həyata xoş xatirələrlə yol almasıdır.

Sevgi ümid qaynağıdır. Bəzən küçədə ehtiyac içində olan insanlar görürük. İçimizi kədər boğur və onlara kömək etmək istəyirik. Amma hansısa bir hiss bizi onlara yaxınlaşmaqdan, əllərindən tutub kömək etməkdən çəkindirir. Onlara yardım etməyi başqasının vəzifəsi sayırıq. Amma “başqa” adamın özümüz ola biləcəyini heç vaxt fikirləşmirik. Sevgi hissini həyata keçirmək başqasından gözlədiyimiz işi özümüzün görməsidir. Çünki başqası da bizim kimi bir başqasını gözləyə bilər. Və nəticədə çarəsiz, köməyə möhtac insanlar başqa-başqa adamları gözləyə-gözləyə qalacaqlar.

Xeyirli işlər üçün tələsin!”

Sevginizi büruzə vermək üçün gecikməyin. Xeyirli işlərin mənbəyi sevgidir. Və xeyirli işlərdə əsas məsələ gecikməməkdir. Qorxmayın, insanlarla paylaşın sevginizi. Çünki sevgi elə nadir hissdir ki, paylaşdıqca azalmır, əksinə daha da artır. Sevgini sevmək üçün bircə bu səbəb kifayət deyilmi?!

Həyat meydanı
Diqqətli baxışlarla dəmir yolu vağzalındakı izdihama baxırdı. Uzaq yoldan gəlsə də, marağı yorğunluğunu üstələmişdi. Bu şəhərə yaxasında gül olan, üzünü görmədiyi, ancaq uzaqdan-uzağa tanıdığı qız üçün gəlmişdi.

Bir neçə ay əvvəl internetdə tanış olmuşdular. Kilometrlərlə məsafə kompyuterin sirli ekranında əriyib yox olmuşdu. Qızın göndərdiyi məktub sanki onu sehrləmişdi. Məktubdakı sözlər məktubu yazan adamın qəlbinin dərinliyindən xəbər verirdi. Uzun müddət məktublaşdılar. O, qızdan şəkil göndərməyi xahiş etsə də, qız razı olmadı. Bir-birilərini başa düşürlərsə, zahiri görkəmin əhəmiyyətli olmadığını bildirmişdi qız. Hər məktub ürəklərinə bir sevgi toxumu səpirdi. Bir müddət sonra görüşməyi qərara aldılar. Görüş yerləri qızın yaşadığı şəhərin dəmir yolu vağzalı olacaqdı. Qız ona: “Məni yaxamdakı güldən tanıyacaqsan”, – demişdi.

Oğlan dəmir yolu vağzalına danışdıqları vaxtdan əvvəl gəlmişdi. Üzünü görmədiyi qızı axtarırdı. Həyəcandan az qala ürəyi yerindən çıxacaqdı. Birdən gülümsəyərək ona tərəf gələn bir qız gördü. Gözləri par-par parıldayırdı. Yəqin ki, bu o idi. Qızın “məni yaxamdakı güldən tanıyacaqsan” sözlərini unudub ona tərəf yaxınlaşdı. Görüşmək üçün əlini uzatsa da, əli havada qaldı. Qız istehzalı baxışlarla yanından ötüb keçdi. Bundan sonra gördüyü mənzərə oğlanı lap çaşdırdı. Qarşısında qırx-qırxbeş yaşlı, pəjmürdə qiyafətdə kök bir qadın dayanmışdı. Yaxasında da gülü var idi... Oğlan əvvəlcə nə edəcəyini bilmədi. Az sonra özünü ələ alıb yaşlı qadına salam verdi və dili topuq vura-vura: “Yəqin ki, siz internetdə tanış olduğum qadınsınız. Tanış olmağımıza çox şadam, – dedi və onların tanışlığına səbəb olan ilk məktubu uzatdı, – sizi restorana dəvət edə bilərəmmi?” Qadın gülümsəyərək başını buladı: “Cavan oğlan, açığı, mən bilmirəm siz nədən danışırsınız. Amma bir az əvvəl sənin yanından ötən gənc qız məndən bu gülü yaxama taxmağımı xahiş etdi. Dedi ki, əgər oğlan sizi yeməyə dəvət etsə, deyin ki, onu qarşı tindəki restoranda gözləyirəm. Bir də dedi ki, bu, sadəcə olaraq, bir imtahandır”.

Həyat imtahan məkanıdır və burada bir çox sürprizlərlə qarşılaşırıq. İnsanın ən zəif cəhətlərindən biri bu imtahanın nə vaxt başa çatacağını bilməməsidir. Dərslərini yaxşı oxumayan və imtahana tam hazır olmayan bəşər övladı əlinə götürdüyü biletə necə cavab verəcəyini əvvəlcədən təxmin edə bilmir. Və bu vəziyyət onu qeyri-müəyyənliyə, qərarsızlığa məhkum edir. Qərarsızlıq burulğanında boğularkən istənilən – ən pis qərarın belə – qərarın qərarsızlıqdan daha yaxşı olduğunu başa düşə bilmir insan.

Ürəyimizin əsl qiyməti cəlbedici olmayanı cəzb etməklə bilinər. İradəmizə hisslərimizdən çox ağlımız hakim olmalıdır. Hissləri ağlına qalib gəlmiş bir pəhləvanın kürəyi daim həyat meydanını süpürər. İradəyə əmri beyin verdikdə cəlbedici olmayanlar da bizim əhatə dairəmizə daxil olar və bununla da, “nəfsin istəmədiyi xeyirlidir” həqiqətinə yiyələnərik. Nəticədə zaman-məkan sərhədlərini, özümüzü aşaraq həqiqəti daha yaxşı dərk etməyə başlayarıq.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə