“Hacı Kərim Sanılı Gürcüstandan qoşun çəkib”
- xəbərinə Məmməd Koxa
inanmadı. “Balağı açıq müəllim hara, qoşun hara? - deyə güldü. Lakin xəbər
səhihləşəndə “komurnat”ın fikrindən keçdi ki, Hacı Kərimə yəqin, Ağamalıoğlu
kömək edib. Bu işdə Əliağa Şıxlinskinin də əli olmamış olmaz... Yoxsa bu
baldırıaçıq “uçitelə” heç kim etibar edib əsgər verməzdi”. O, müxtəsər məktub
yazdırıb Sanıoğluna göndərdi. Məktubda yazmışdı ki, Zəyəmdən o üzü sənə
verirəm. Qazaxdan gözünü çək. Qoşunu qırdırıb özünü gülünc eləmə. Dilicandan
Mesrop bəy min atlı ilə köməyə gəlib, İrəvandan Xatisov
topxana və iki alay qoşun
göndərib”.
Bu kiçik epizod mərhum yazıçımız Nəsib Əfəndiyevin “Qızıl quşa atılan
güllə” sənədli romanındandır. Burda bircə Ağamalıoğlunun menşevik olmağı
düzdür. Qalanı qeyri-dəqiqdir: - Əliağa Şıxlinski həmin il, həmin vaxtlarda
Azərbaycanda deyildi. O, Tiflisdə Azərbaycan korpusunu təşkil edirdi. Əgər
Qazaxda olsaydı da, general Şıxlinski Sanılının tərəfində ola bilməzdi. Ona görə
ki, onun mənsub olduğu Şıxlinskilər nəsli Məmməd Koxanın tərəfdarı idilər.
Şəxsən qəza rəisi Cahangir bəy Şıxlinski öz namizədliyini geri götürüb, Məmməd
Koxanın qubernator olmasını məsləhət bilmişdi. Sanılı ilə döyüşdə də o, Məmməd
Koxaya yaxından kömək edirdi. İkincisi, Məmməd Koxaya nə Dilicandan Mesrop
bəy min atlı, nə də İrəvandan Xatisov topxana və iki alay göndərməyib. Belə faktı
Qazaxda heç bir qoca təsdiq eləmədi. Axı, biz
o vaxtlarda da indiki kimi
ermənilərlə düşmən idik...
Ədalət naminə demək lazımdır ki, burada müəllifi o qədər də
günahlandırmağa haqqımız yoxdur. Nəzərə almaq lazımdır ki, Nəsib Əfəndiyev
əsərini aşkarlıqdan əsər-əlamət olmayan bir dövrdə yazıb, 1983-cü ildə isə çap
etdirib. Bu o vaxtlar idi ki, qubernatoru, bəyi, xanı, koxanı müsbət obraz kimi
vermək qeyri-mümkün idi.
Əsərdə belə bir cümlə var: “O, (
H.Sanıyev - Ş.N.) Məmməd Koxanın
çapoçularından Qazax mahalını təmizləmək üçün belə qərara gəlmişdi”. İnanıram
ki, burada da qubernator vəzifəsi,
koxa titulu, koxa sözü Məmməd Koxanın başına
qaxınc olub. Hazırda Qazaxda, Daş Salahlıda yaşayan qocaların heç biri Məmməd
Koxanın döyüşçülərinin “çapoçular” olduğunu təsdiq etmirlər. Əksinə, onlar
haqqında el qeyrəti çəkən, torpaq uğrunda vuruşan mərd igidlər kimi danışırlar.
Torpağını, obasını gavura vermək istəməyən igidlər görəsən niyə “çapoçu”
olublar?
Bütün bunlara baxmayaraq, Məmməd Koxa şəxsiyyətinə tənqidi yanaşan
müəllif onu müsbət obraz, igid el başçısı kimi təsvir etmədən ötüşə bilməyib.
“Məmməd Koxa əlini çənəsinə dirək verib fikrə getdi. O, qarayanız, hündür-
boy, cüssəli və zəhmli bir adam idi. Əynində gümüş vəznəli çərkəzi çuxa, ayağında
uzunboğaz çəkmə, başında
buxara papaq; həmişə qaşqabaqlı olan Məmməd
Koxanın iri gözləri indi daha qorxunc görünürdü. Təpədən dırnağa silahlı idi.
Başını ülgüclə qırxdırmış, qara, qalın bığını yatımına sığallamışdı”.
Tarix elmləri namizədi, ağsaqqal tədiqatçımız Teymur Miralayev Gəncə-
Qazax qırmızı partizanlarının inqilabdan əvvəlki fəaliyyətindən iki kitabça çap
etdirib. 1963 və 1970-ci illərdə çap olunan hər iki kitabçada Teymur müəllim xırda
bir epizodu təkrar verib, istehza ilə Məmməd Koxanı “güclü qolçomaq”,
“istismarçı” adlandırır.
1916-cı ilin avqust ayında başının dəstəsi ilə Daş Salahlıdan Qazağa gedən
Məmməd Koxanı əsgərlikdən qaçan Aslan İsgəndəroğlu və Nəbi Əli oğlu
tikanlıqdan atdıqları güllə ilə yüngül yaralayırlar. Əvəzində Məmməd
Koxa ona
güllə atan Nəbi Əli oğlunu vurub öldürür, Aslan İsgəndəroğlu isə qaçaq düşür.
Çox maraqlıdır, əsgərlikdən qaçan, vergi verməkdən imtina edən, üstəlik də
yolunu kəsib ona qəsd etmək istəyən adama Məmməd Koxa bəs nə eləməli idi?
Müəllifin zorla “qırmızı partizan” adlandırdığı Aslan İsgəndəroğlunu bir il
keçməmiş - 1917-ci ilin fevralında Salahlı qaçağı Matus öldürdü. Atalar demişkən,
su çanağı suda sındı.
Tale məni bir təsadüfdən gözəl maarif xadimi Vəli ağa Dilbazi ilə 1983-cü
ildə Bakıda görüşdürəndə sevincimin həddi-hüdudu olmadı. Ömrünün son illərini
yaşayan bu qoca mənim axtardığım adam idi. İlk dəfə Həmid bəyin 1913-cü ildə
çəkilmiş fotoşəklini də onda gördüm. Üzünü çıxartdırıb özümdə indidə yadigar
saxlayıram. Hələ o
vaxtlar hiss eləmişdim ki, vaxt gələcək, Həmid bəyin faciəsini
yazmağa imkan düşəcək. Yetmiş il Həmid bəyi “xalq düşməni” zənn edənlərin
acığına aşkarlığın işığı onun qaranlıq taleyinə gec də olsa şəfəq saçdı.
Rəhmətlik Vəli ağa Dilbazi gimnaziya illərindən danışanda tez-tez köksünü
ötürər, iri ala gözlərini üzümə zilləyib sükuta dalardı. O, bəylərə məxsus bığlarını
fikirli-fikirli qurdaladıqca sanki sözünə, danışdığı əhvalatlara da sığal verirdi.
- Həmid bəy də yada düşərmiş, nə vaxtsa yazdıqlarını oxuyan olacaqmı? -
Sinədolusu nəfəs alıb əlavə elədi. Heyif səndən, Həmid bəy. Səksən yaşı
ötürmüşəm, hələ onun kimi cəsarətli oğul görməmişəm.
Həmid bəy birinci klassik gimnaziyasında oxuyanda əvvəlki tanışlığımız
dostluğa çevrildi. Mən üçüncü klassik gimnaziyasında oxuyurdum. İkimiz də
Mariya Vasilyevna Obolonskayadan fransız və rus
dillərində əlavə ev təhsili
alırdıq. Bu qadın Məmməd Koxanın tanışı idi. O, bizim hər ikimizi gimnaziyaya
qəbula hazırlaşdırmışdı. Həmid bəy iti zehinli və qoçaq bir cavan idi. Rus və gürcü
dillərini mükəmməl bilirdi.
Obolonskayanın çox mahir dərs keçməsi vardı: Zadəgan nəslindən olan bu
yaraşıqlı qadın sözləri və cümlələri avazla, xüsusi ahənglə tələffüz edərdi. Həmid
bəy onun bircə deyimindən hər şeyi qavrayıb özününkü edərdi.Mənə isə iki-üç
dəfə təkrar söylərdi. Bir dəfə heyrətini gizlədə bilməyən Mariya Vasilyevna dedi
ki, fəxr edirəm, Həmid bəy kimi yetirməm var. Heyif ki, tatardır (
Azərbaycanlı -
Ş.N.). Gimnaziyanı qurtarandan sonrakı əzabını indidən duyuram.
Bunu başa
düşməyəcəklər. Həmid bəy də od olub özünü yandıracaq. Onda böyük
şəxsiyyətlərə məxsus inadkarlıq görürəm.
Həmid bəy o vaxt söhbətlərində tez-tez Mirzə Hüseyn Əfəndi Qayıbovun,
Firudin bəy Köçərlinin, Məmmədağa Vəkilovun, İbrahim ağa Vəkilovun, İsa bəy
Abakarovun adını çəkər, onlarla görüşlərindən danışardı. Heç vaxt hakimiyyətə
inanma, o fahişə qadın timsallı bir məxluqdur - deyərdi - elə ki, dediyini eləmədin
boz üzünü göstərəcək. Ayağı çarıqlı kəndlinin etibarı daha çoxdu, nəinki, xrom
çəkməli qrafın, knyazın, dövlət məmurunun...