baxışdan o, xeyirxah insanlara xas olan yumşaqürəkli bir insan kimi görünürdü.
Dazlaşan başı, geniş alnı və ağappaq qoyma dişlərini göstərən gülümsəməsi...
bütün bunlar onun insanları sevən, mərhəmətli bir adam olduğunu göstərirdi. Lakin
gözləri bu təəssüratı yalana çıxarırdı. Kiçik, çuxura düşmüş və hiyləgər baxışlıydı
bu gözlər. Gənc dostuna nə isə söylərkən baxışlarını salonda gəzdirdi və bir anlığa
gözü Puaroda ilişib qaldı. Bu gözlərdə əcaib bir kin ifadəsi və anlaşılmaz həyəcan
vardı.
Dərhal ayağa qalxdı.
– Hesabı ödə, Hektor, – dedi. Səsi xırıltılı idi. Bu səsdə nəsə əcaib, gizli bir təhlükə
ifadəsi vardı.
Puaro vestibüldə dostuyla görüşdüyü zaman bu iki amerikalı da oteldən ayrılırdılar.
Gənc adam çamadanların aşağıya endirilməsiylə məşğul olan xidmətçiyə göz
qoyurdu. Sonra şüşə qapını açaraq:
– Hər şey hazırdır, cənab Retçett, – dedi.
Yaşlı adam nəsə mızıldanaraq bayıra çıxdı.
Puaro:
– Bu iki adam haqqında nə düşünürsünüz? – deyə soruşdu.
Müsyö Buk:
– Onlar amerikalıdır, – dedi.
– Amerikalı olduqları bəllidir. Mən şəxsiyyətləri haqqında nə düşündüyünüzü
soruşdum.
– Gənc oğlan üzüyola və xoşxasiyyətli birinə bənzəyir.
– Bəs o biri?
– Sizə doğrusunu söyləyim, dostum, bu adam məndə çox pis təəssürat doğurdu.
Lap açığı, o qəti mənim xoşuma gəlmədi. Bəs sizin?
Erkül Puaro o saat cavab vermədi. Nəhayət, dilləndi:
– Yemək salonunda yanımdan keçəndə qəribə bir duyğuya qapıldım, – deyə
mızıldandı. – Sanki, vəhşi bir heyvan... daha doğrusu, yırtıcı, əsl yırtıcı bir heyvan
yanımdan keçmişdi!
– Halbuki zahirən çox möhtərəm bir insan kimi görünür.
– Elədir ki var! Zahiri görkəmi son dərəcə sayğı oyadır. Ancaq gözləri… sanki,
barmaqlıqların arxasından vəhşi heyvan bayıra baxır.
Müsyö Buk:
– Fantaziyanız çox genişdir, dostum, – dedi.
– Ola bilər. Ancaq bayaq mənə elə gəldi ki, yanımdan şər qüvvə daşıyan bir şey
keçdi. Təsirindən hələ də çıxa bilməmişəm.
– Yəni, o möhtərəm amerikalıya görə, elə deyilmi?
– Bəli, o möhtərəm amerikalıya görə.
Müsyö Buk nəşəylə:
– Eh, – dedi. – Ola bilər. Bu dünyada o qədər şər adam var ki.
Bu zaman qapı açıldı və xidmətçi içəri girdi. Onlara doğru gələrkən üzündə təlaşlı
və günahkar bir ifadə vardı. Puaroya:
– İnanılmaz bir şeydir, müsyö, – dedi, – qatarda bir dənə də olsun birinci dərəcəli
yataqlı kupe yoxdur.
Müsyö Buk:
– Necə? – deyə bağırdı. – İndi, bu mövsümdə? Başqa cür ola bilməz, ya bir
jurnalist qrupu var, ya da bir diplomat qrupu!
Qapı xidmətçisi üzünü ona tərəf tutaraq:
– Bilmirəm, cənab. Ancaq kupe tapmaq mümkün deyil.
– Eybi yoxdur, – müsyö Buk Puaroya baxdı. – Heç narahat olmayın, dostum. Bir
çıxış yolu taparıq. Şərq ekspressində hər zaman boş bir kupe olur – 16 nömrəli
kupe. Bunu bələdçi həmişə ehtiyatda saxlayır. – Gülümsədi, sonra da başını
qaldırıb saata baxdı.
– Haydı, yola çıxmaq zamanı gəldi.
Stansiyada Müsyö Buku qəhvəyi uniformalı yataqlı vaqon bələdçisi hörmətlə
qarşıladı.
– Xoş gəldiniz, cənab. Siz bir nömrəli kupedəsiniz.
Hambalları çağırdı. Hamballar əşyaları üzərində “İSTANBUL–TRİEST–KALE”
yazılmış vaqona doğru daşıdılar.
– Eşitdiyimə görə, sizdə bu gün hər yer doluymuş.
– İnanılmayacaq bir şeydir bu, müsyö. Bütün dünya bu gecə yolçuluğa çıxmağa
qərar verib sanki.
– Nə olursa olsun, bu ağaya bir yer tapmalısan. Mənim dostumdur. 16-cı nömrədə
qala bilər.
– Ora da verildi, müsyö.
– Necə? 16-cı nömrə verildi?
Hər ikisi vəziyyəti başa düşdüklərini ifadə edən baxışlarla bir-birilərinə baxdılar.
Sonra bələdçi gülümsədi. Ortayaşlı, ucaboylu, solğunbənizliydi.
– Bəli, müsyö. Söylədim axı... hər yer doludur.
Müsyö Buk əsəbiliklə soruşdu.
– Axı burada nə baş verir? Bir yerdə toplantımı var? Yolçuluğa çıxan bir qrupmu
var?
– Xeyr, cənab. Sadəcə, bir təsadüfdür. Bir çox insan bu gecə yola çıxmağa qərar
verib.
Müsyö Buk sıxıntı içərisində öz-özünə donquldandı.
– Belqradda Afinadan gələn vaqonu birləşdirəcəklər. Sonra Buxarest – Paris
vaqonu da var. Ancaq Belqrada biz sabah axşam çatacağıq. Sizi ancaq bu gecəliyə
bir yerdə yerləşdirmək lazımdır. Boş ikincidərəcəli kupe də yoxunuzdur?
– İkincidərəcəli yataqlı kupe var, cənab...
– Həə, nə yaxşı...
– Ora ancaq bir qadını yerləşdirə bilərik. Kupedə bir alman qadın var indi. Bizim
bir sərnişinin xidmətçisidir.
Müsyö Buk:
– Vay vay, – dedi. – Heç bəxtimiz yox imiş.
Puaro:
– Kefinizi pozmayın, dostum, – deyərək gülümsədi. – Mən adi vaqonda da gedə
bilərəm.
– Olmaz, olmaz. – Buk təkrar bələdçiyə tərəf döndü. – Bütün yolçular gəldimi?
Bələdçi:
– Doğrusunu söyləsəm, bir yolçumuz hələ gəlməyib, – deyə tərəddüdlə cavab
verdi.
– Davam edin!
– Yeddinci nömrə. İkinci dərəcəlidə. Yolçu hələ gəlməyib, qatarın yola düşməsinə
isə cəmi dörd dəqiqə qalıb.
– Yolçu kimdir?
– Bir ingilisdir. – Bələdçi əlindəki siyahıya baxdı. – A.M.Harris adında biri.
Puaro:
– Bu ad yaxşı əlamətdir, – dedi. – Mən Dikkensi oxumuşam. Cənab Harris1
gəlməyəcək.
Müsyö Buk:
– Müsyönün çamadanlarını yeddinci nömrəyə daşıyın, – deyə əmr etdi. – Əgər bu
cənab Harris gələrsə, ona çox gecikdiyini söyləyərik. Yerlərin bu qədər uzun
zaman saxlanmadığını ona başa salarıq. Axır ki, bu məsələni birtəhər yoluna
qoyarıq. Cənab Harrisdən mənə nə?
– Siz bilərsiniz, cənab. – Bələdçi, Puaronun hambalıyla danışdı. Ona haraya
gedəcəyini söylədi. Sonra da belçikalının qatara minməsi üçün pilləkənlərin
önündən çəkildi.
– Axırdan ikinci kupe, cənab.
Puaro uzun koridorla irəliləyərək deyilən kupeni tapdı, içəridə “Tokatlıyan”
otelində gördüyü uzunboylu gənc amerikalı vardı. Rəfdəki bir çamadana doğru
əlini uzatmışdı.
Puaronu görən kimi qaşqabağını tökdü:
– Bağışlayın, güman edirəm, siz səhv gəlmisiniz. – Sonra ağır-ağır bu sözləri
fransızca təkrarladı: – Je crois que vois avez une erreur.
Puaro ingiliscə cavab verdi:
– Siz cənab Harrissiniz?
– Xeyr, mənim adım Makkuindir. Mən...
Bu zaman Puaronun arxasından bələdçinin təntimiş günahkar səsi eşidildi:
– Qatarda başqa yataqlı kupe yoxdur, müsyö. Bu cənaba buranı vermək
məcburiyyətində qaldıq.
Bu sözləri deyərək bələdçi koridorun pəncərəsini aşağıya endirdi. Puaronun
çamadanlarını alaraq içəriyə daşımağa başladı. Puaro bələdçinin üzr istəyirmiş
kimi danışmasını bir az istehzayla dinləmişdi. Görünür, amerikalı ona kupeyə
başqa adam gətirməsə, bəxşiş verəcəyini söyləmişdi. Ancaq şirkətin müdirlərindən
birinin qarşısında bələdçi bir şey edə bilməzdi.
Belçikalının çamadanlarını rəflərə yerləşdirən bələdçi kupedən çıxdı:
– Baxın, müsyö, hər şey yerli-yerindədir. Sizin yeriniz üst yataqdadır. Yeddinci
nömrədə. Qatar bir dəqiqə sonra hərəkət edəcək.
Dostları ilə paylaş: |