Şifahi xalq ədəbiyyatının tədrisi prosesində folklor nümunələrindən istifadənin imkanları



Yüklə 46,36 Kb.
tarix28.08.2018
ölçüsü46,36 Kb.


Şifahi xalq ədəbiyyatının tədrisi prosesində folklor nümunələrindən istifadənin imkanları
Şifahi xalq yaradıcılığı qədimlikdən, tarixdən xəbər verməklə yanaşı xalqın ruhundan süzülən mədəniyyətdir. Mədəniyyət isə bir mənəvi normaları özündə təcəssüm etdirən həyat tərzidir. Deməli, şəxsiyyətin formalaşdırılması prosesi mədəniyyətlə-həyat tərzi ilə və mənəvi normalarda səsləşməlidir. Məhz ona görə də bütün bunlar tədris proqramlarında da nəzərə alınır və müəllimin yaradıcılığında böyük yer tutur. Müəllim isə dərs dediyi şagirdlərin mühütini, dünyagörüşünü nəzərə almalı və predmeti onların mühiti ilə səsləşdirməlidir. Şifahi xalq ədəbiyyatının tədrisi zamanı bu imkanlar daha çox olur və müəllimin borcudur ki, yerli əsatirlər, nağıllar, əfsanələr, bayatılar, atalar sözü və məsələlər barədə məlumat versin.

Hazırda istifadə də olan “orta ümumtəhsil məktəblilərinin V-XI sinifləri üçün ədəbiyyat proqramı”nda deyilir ki, “Gənclərimizin mənsub olduqları xalqın ədəbi-mədəni irsinin mənimsəməsi, başa düşüb qiymətləndirməsi, milli psixologiya zəminində tərbiyə alması, xalq işinə, Vətənə sədaqət ruhunda formalaşması həyata keçirilməlidir”.

Qarşıda duran bu təxirəsalınmaz vəzifələri yerinə yetirmək üçün V-XI siniflərdə şifahi xalq ədəbiyyatı nümunələrinin tədrisinə 114 saat vaxt ayrılmışdır. Bu, məktəbli oğlan və qızların folklora bələd olma imkanlarını artırır.

Məlum olduğu kimi orta ümumtəhsil məktəblərində tədris olunan ədəbiyyat fənninin çox böyük təhsilləndirici, tərbiyələndirici, inkişafetdirici funksiyaları vardır.

Böyük rus tənqidçisi V.B.Belinski ədəbiyyatla tərbiyəni vəhdətdə götürərək yazırdı ki, “Ədəbiyyat və tərbiyə-bu iki məfhum günəş və işıq, həyat və fəaliyyət məfhumları kimi bir-birindən ayrı təsəvvür etmək mümükün deyildir”.

Şagirlərin mənəvi kamilləşməsində əvəzsiz rolu olan el ədəbiyyatı nümunələri yeni tədris planın tələbinə görə V sinifdə öyrənilməsi nəzərdə tutulur. Həmin sinifdə el ədəbiyyatının tədrisinə 62 saat vaxt ayrılmışdır.

Orta ümumtəhsil məktəbinin V sinifində əsasən şifahi xalq ədbiyyatının qədim janrlarına o cümlədən, sayaçı sözlərinə əmək nəğmələrinə, mərasim nəğmələrinə, alqış və qarğışlara, ağılara, laylalara və nazlamalara, atalar sözləri və məsələlərə, əsatirlərə, qaravəllilərə, nağıllara və tapmacalara geniş yer verilmişdir.

Məktəblilərin folklorun bəzi nümunələri-atalar sözləri və məsəllər, yanıltmac, düzgü, tapmaca və bəzi kiçik nağıllarla ibtidai siniflərdə də tanış olmuşlar. Odur ki, V sinifdə bu istiqamətdə iş səmərəli şəkildə həyata keçirilməlidir. Onlar el ədəbiyyatına aid nəzəri məlumatlar da almaq imkanı da qazanırlar. Lakin müəllim folklor nümunələrini şagirdlərə təkcə əzbərlətmək və öyrətməklə kifayətlənməməlidir. V sinif üzrə ilk məşğələdə “Giriş” müəllif şifahi ədəbiyyat-folklor haqqında məktəblilərə onların yaş səviyyələrinə uyğun şəkildə məlumat verdikdən sonra el ədəbiyyatına maraq oyatmalıdır. Təcrübə apardığımız, əlaqə saxladığımız bir çox məktəblilərin ədəbiyyat müəllimlərinin iş təcrübələri bu baxımdan səciyyəvidir. Şamaxı şəhər 9 saylı məktəbin ədəbiyyat müəllimi Bəhram Bağıyev folklor haqqında ümumi məlumat verdikdən sonra sinfə belə bir sualla müraciət edir:

- Yaşadığımız kəndin əraziləri barədə siz hansı əfsanə və rəvayətlər bilirsiniz?

Sualla bağlı veriləcək cavab bir qədər aydınlıq yaratmaqdan ötrü müəllim Göylər kəndi yaxınlığında olan “Qanlı göl”ə aid əfsanə danışır.

Şagirdlər həmin suala sinifdə cavab tapa bilmədiklərindən müəllim həmin tapşırığı evə verir. Onlar valideyinlərini, nənə-babalarının köməyindən istifadə edərək kənd ərazisindəki toponimlərə aid əfsanə və rəvayət öyrənir, ədəbiyyat dəftərlərinə yazırlar. Növbəti dərsdə şagirdlərin cavabları dinlənilir. Folklor nümunələrini özləri topladıqlarından başqa dərslərə nisbətən bu dərsdə məktəblilər daha çox fəallıq göstəririlər. Hamı öz məlumatını böyük həvəslə nəzərə çatdırmaq istəyir.

Işin belə təşkili bir tərəfdən şagirdlərdə şifahi xalq xalq yaradıcılığına maraq və məhəbbət hissləri oyadır, digər tərəfdən onlarda ilk araşdırıcıları yeni tədqiqatçılıq qabiliyyətinin təməlini qoyur, başqa bir tərəfdən isə məktəblilər həqiqi vətəndaşlar kimi tərbiyə olunmağa başlayırlar.

Şamaxı şəhər 9 saylı orta məktəbin müəllimi M.Maqsudovun ilk folklor məşğələlərində beşincilərlə apardığı iş bu baxımda maraq doğurur. Müəllim ilk folklor məşğələlərində “giriş”, “laylalar və nazlamalar”, “ağılar” və s. qabaqcadan yetmiş səksən yaşlı sinədəftərlərin ifasında lentə köçürdüyü nümunələri səsləndirir. Həmin bayatı, ağı, atalar sözləri və s. regionu, onun tarixi keçmişini, həyat tərzi və inamlarını özündə yaşadan seçmələrdir.

Şirvan regionundan topladığımız atalar sözlərindən: “Tatın dovğası, tərəkəmənin lovğası”, “Tərəkəmə haram yeməz”, “Tərəkəmə nökərə bir verər, itə iki”, “Padarın ulağı zağada yatar, qonağı çöldə”.

Atalar sözlərindən istifadə etməklə ata-babalarımızın həyat tərzi və məşğuliyyəti haqqında aydın təsəvvür yaradılır. Yuxarıda qeyd etdiyimiz kim, bütün bunlar şagirdlərin folklor nümunələrinə marağını artırdığı kimi, mənəvi tərbiyəsinə də öz müsbət təsirini göstərir.

Nəzəri mənbələrdən məlumdur ki, əmək nəğmələri, sayaçı sözlər el ədəbiyyatı ən qədim incilərindəndir. Prof. V.Vəliyev bu barədə yazır ki, “Bu nəğmələrdə xalqın “uşaqlıq” dövründə yaratdığı əsərlərin yalnız izləri qalmışdır. Bu izləri şifahi poeziyanın bütün janrlarına səpələnmiş, ilk formasını saxlamasa da, məzmununu nisbətən qoruyub mühafizə edə bilmişdir”.

Şagirdlərdə el ədəbiyyatına maraq oyatmaqla yanaşı, onlarda vətənpərvərlik, əməksevərlik, yurda məhəbbət, təbiətə qayğı, böyüklərə hörmət və s. hissələrini inkişaf etdirməkdən ötrü M.Maqsudov adları çəkilən qədim janrların tədrisi zamanı şagirdlərlə aşağıdakı istiqamətdə iş aparır. Müəllim hər şeydən əvvəl məktəblilərə “folklor dəftəri” tutmağı tapşırır. Sonra şagirdlərə el ədəbiyyatı nümunələrini necə toplamaqla əlaqədar məlumat verir. Folklor nümunələrini öyrəndikcə, müəllimin tapşırığına əsasən, hər bir şagird kəndin yaşlı sakinləri ilə görüşüb söhbət edir, onların söylədikləri nümunələri toplayıb həmin dəftər yazırdılar.

Dərslikdə öz əksini tapmış nümunələrlə yanaşı əldə edilmiş folklor materialları da dərsdə oxunurdu. Bununla bərabər, holavarlar, sayçı sözləri, mərasim nəğmələri və s. mövzuların tədrisi zamanı uzun illər Şirvan regionundan toplanmış folklor örnəklərinə də müraciət edilir, müqayisələr aparılırdı. Bütün bunlar şagirdləri müstəqil fəaliyyətə alışdırırdı. Müəllimin belə iş metodikasının müsbət nəticəsi olaraq Şirvan regionu üzrə əldə olunmuş və məktəblilərin mənəvi tərbiyəsinə müsbət təsir göstərən bəzi xarakterik nümunələr onların dəftərlərində özünəməxsus yer tuturdu. Tərəkəmə elatlarının qoyun, keçi, quzunun tərifi ilə bağlı səciyyəvi və orjinal sayaçı sözlərinə aşağıdakı nümunələri göstərmək mümkündür.

Nənəm, ay ağ baş qoyun,

Dağlara dırmaş qoyun.

Yağından dəyməc olar,

Quyruğundan aş, qoyun.

Nənəm, a dəli qoyun

Dolanıb gəmi qoyun.

Gəlinlər güzəmindən

Toxuyar xalı, qoyun.


Nənəm, ay qara keçi

Gedirsən hara, keçi.

Çoban sənin əlindən

Gəlibdi zara, keçi.

Göründüyü kimi, örnəklərdə tərəkəmə həyatı sürən Şirvan elatı üçün səciyyəvi olan heyvandarlığın tərənnümü öz bədii ifadəsini tapmışdır. Həyatını qoyunçuluğa sərf edən tərəkəmə arzusunu, istəyini, varını-dövlətini də onda axtarır. Əgər o, qoyun-quzusunu yaza salamat çıxarsa, bütün arzularına çatacaqdır. Şagirdlərə bu səpkidə izahat verilməklə yanaşı, həm də aydınlıq yaradılır ki, xalqın bir çox gündəlik təlabatlarının ödənilməsində qoyun-quzu, keçidən əldə edilən məhsullar-ət, süd, yağ, pendir, yun əsas məişətdə rol oynayır.

Məktəblilərin mənəvi tərbiyəsində mərasim nəğmələrinin, novruz adətlərinin rolu əvəzsizdir. Beşinci sinifdə qədim insanların təbiətə münasibəti, qışın getməsi və yazın gəlməsi ilə bağlı nəğmələrin öyrədilməsi bir neçə cəhətdən əhəmiyyətlidir. Beşinci sinfin dərsliyində “Novruz adətləri” adlı mövzu var.

Mövzunun tədrisi zamanı şagirlərə çatdırılmalıdır ki, Novruz bayramıı islamiyyətdən çox-çox əvvəl, qədim azərbaycanlıların həyat və məişətində mövcud olmuşdur. O bizim üçün əsl milli bayramıdır. Həmin bayram günlərində küsülülər barışır, pis sözlər danışılmır, heç kəsin qeybəti eləmir, hər bir adam başqası ilə daha mehriban münasibətdə olur, dost-dostun, yoldaş-yoldaşın, qohum-qohumun evinə qonaq gedir, adamlar bir-birinə qarşılıqlı surətdə müxtəlif növ şirniyyatlardan ibarət bayram bəxşişləri verirlər.

Bayramın bu cəhətləri şagirdləri yadlarına belə bir tərzdə çatdırılması, onların mənəvi, əxlaqi paklığa səsləyir. Mövzunun tədrisi zamanı Şirvan regionundan yaşıllıq rəmzi olan səməni haqqında əldə etdiyim nəğmələrlə məktəbliləri tanış edirəm. Həmin nümunələrdən bəziləri “folklor dəftəri”nə yazılır:

Atıl-batıl səməni

Vedrə-satıl, səməni.

Tamam cadi-pitilər

Olsun batil, səməni.

Yerdən təndir çapılsın,

Çırpma yuxa yapılsın.

Qovuşsun ayrılanlar,

İtən şeylər tapılsın.

Səməni, can səməni,

Sənə qurban səməni.

Alqış, xeyir-dua, and və qarğışlardan əməkçi xalq tərbiyə işində neçə əsrdir ki, geniş şəkildə bəhrələnir. Etnopedaqoji materiallarda alqışlar, qarğışlar hər bir insanın ən ulu istəklərini həyata keçəcəyinə böyük bir inamı ifadə edir.

Ədəbiyyat müəllimləri dərsdə, hər şeydən əvvəl, müsbət arzuları ifadə edən alqışlar, xeyir-dua, sonra düşmənə, şər qüvvələrə ünvanlanan qarğışlar haqqında məlumatlar verərkən düzlük, doğruçuluq, halallıq, mərdlik kimi nəcib hissləri qüvvətləndirən alqış nümunələrinə geniş yer versələr daha yaxşı olar.

“Əlin, qolun var olsun”, “Arzuların çin olsun”, “Səni yüz yaşa”, “Canın sağ olsun”, “Pis gün görməyəsən”, “Səni görüm neyləyim, necə eyləyim deməyəsən” və s. Bu nümunələrin dərslikdəki örnəklərlə qarşılıqlı şəkildə şagirdlərə çatdırılması istər-istəməz öz müsbət təsirini göstərir.

Məlum olduğu kimi, Şirvan regionu övliyalar, ziyarətgahlar, pirlər, xanəgah və ocaqlarla zəngin olan ərazilərdəndir. “Dədə Günəş baba”, “Diri baba”, “Pir Mərdəkan” türbəsi, “Xosrov baba”, “Şeyx Dursun”, “Pirsaat baba”, “Veysəlqara”, “Babadağı”, “Şeyx Eyyub baba”, “Sofu Xanmməd baba”, “Sofu Novruz baba” və başqa ziyarətgahlar əsrlərlə xalqın inam, guman yeri olmuşdur. Bu övliyalarla əlaqədar bir çox alqış, and və qarğışlar indi də xalq arasında yayılmışdır. Rus imperiyasına daxil olduğumuz on illər ərzində yasaq edilən bu inam yerləri, həqiqətdə xalq arasında həmişə hörmətlə xatırlanmış, onların ziyarətgahına çevrilmişdir. Hazırda islam dəyərlərinin necə mühüm, qiymətli tərbiyə vasitəsi olduğunu hamının etiraf etdiyi bir zamanda belə nümunələrin məktəblilərə çatdırılması vacibdir. Ata-babalarının inam, güman yerlərinə sitayiş edən gənc nəslin mənəvi tərbiyəsində belə andların rolu əvəzsizdir. “Dədə Günəş baba haqqı”, “Qarlı Həzrət baba haqqı”, “Xosrov baba haqqı”, “Pirsaat baba köməyin olsun”, “Diri baba dadına çatsın”, “İtkiçi Xanmməd baba dadına çatsın”, “Qara Sofu baba sənə yar olsun”, “Sofu Novruz baba küməyinə gəlsin”, Şeyx Eyyub babanın künbəzi haqqı” və s. bu kimi and və inamlar şagirdləri yalan və fırıldaqdan uzaqlaşdırır, onlara halallıq, düzlük, doğruçuluq kimi insana xas olan müsbət keyfiyyətlər aşılayır.

Azərbaycan şifahi xalq ədəbiyyatında ibrətamiz fikirlər, məktəblilərin əxlaqının saflaşmasına kömək göstərən nəsihətlər, müdrik kəlamlar çoxdur. El ədəbiyyatının hər hansı bir janrında belə fikirlərə rast gəlmək mümkündür. Özündə xalqın öyüd-nəsihətini yaşadan atalar sözləri və məsəllər belə janrlardandır. Bir-iki cümlədən ibarət olan atalar sözlərində dərin hikmət və məna, vətənpərvərliyə, mərdlik və qoçaqlığa, doğruluq və düzlüyə çağırışıq, eyni zmanda şər qüvvələrə qarşı nifrət öz ifadəsini tapa bilmişdir. Folklorun bu qədim janrıda beşinci sinifdə tədris olunur. Atalar sözləri və məsəllər haqqında nəzəri məlumatla yanaşı müxtəlif məzmunlu nümunələr öyrədilir.

“Pedaqogika” adlı dərs vəsaitində (A.Abbasov, H.Əlizadə) göstərilir ki, dərslikdə verilən “Yaxşı dost qara gündə məlum olar”, “Yeməklə dost olan, illərlə küsülü qalar”, Dost dosta tən gərək”, “Dostunu mənə göstər, sənin kim olduğunu deyim” və s. bu kimi misallarla müəllim əsil dostluq, yoldaşlıq, sirdaşlıq haqqında təsəvvür yaratmalıdır. Qeyd edilməlidir ki, “əsil dostluq, əsil yoldaşlıq süfrə üstə deyil, həyatda iş və mübarizə prosesində yaranır, həm də bir saat, bir gün ərzində deyil, həftələr, aylar, illər ərzində tədricən yaranır.”

Məktəb təcrübəsindən yəqin etmişik ki, şagirdlər hansı siniflərdə oxuduqlarından asılı olmayaraq, atalar sözü ilə məsəllələri bir-birindən fərqləndirə bilmirlər. Ona görə də ilk dəfə həmin mövzular haqqında məlumat əldə edən beşincilərə bu fərqi aydınlaşdırmaq lazımdır.

Məlum olduğu kimi atalar sözü ilə məsəllələr yığcamlığı və məna dərinliyi etibarlı ilə bir-birinə nə qədər yaxın olsalar da, onları eyniləşdirmək olmaz. Məsəli atalar sözlərindən fərqləndirən bir neçə cəhət vardır. Onlardan ən başlıcası məsəldə təcəssümünü tapan fikrin müstəqil işlənə bilməməsidir. Başqa sözlə desək, atalar sözündə tamamlanmış fikir, daha çox qəti hökmü xatırladır. “Bu günün işin sabaha qoyma”. Məsəllər isə hələlik bitməmiş, tamamlanmış ifadələrdir.”Mıxı mismara döndərən var”.

Atalar sözü ilə məsəlin fərqini aydınlaşdırmaqdan ötrü Ağsu şəhər I saylı orta məktəbin müəllimi Səbzəli Mirzəyev Şirvan zonasında geniş yayılmış məsəllərdən bəzilərinin Koxa Məmmədlinin gününə düşmək istəyirsən? məzmunu ilə şagirdləri tanış edir: Keçmişdə kənddə Məmməd adlı bir koxa vardı. O, caamatdan hal-əhval tutmağa gəlir. Kəndin başbilənləri bir yerə yığılırlar. Caamat koxanı kənddən qovmaq üçün əllərinə fürsət düşdüyünə sevinir. Bəs bu işi necə görsünlər? Koxa onlara deyir ki, xana mənim haqqımda xoş sözlər deyin. Bundan sonra sizə hörmətlə yanaşacağam, zülmün daşını atacağam. Heç kəs danışmır. Koxa buna çox sevinir. Kəndin başbilənlərini-Əlini, Vəlini, Xəlili, Cəlili danışmaq üçün siyahıya alır. Xan gəlir. Koxa kənddən, öz rəhmdilliyindən ağız dolusu danışır. Xan caamatdan soruşur:


  • Koxadan, onun işlərindən razısınızmı?

Koxa Məmmədəliyə göz basır ki, danışsın. Əli sözə başlayır. Amma nə danışır? Açır sandığı, tökür pambığı. Koxanı rüşvətxor, xalqı talayan adam kimi xana təqdim edir.

Koxa deyir:

- Xan, başına dönüm, bundan vergini vaxtında aldığıma görə belə deyir. Başqa adamı danışdır.

Koxa Vəliyə göz basır. Vəli onun qadın və uşaqlara etdiyi zülmdən, Xəlil Koxanı oğrularla əlbir olmasından, Cəlil isə koxanın sərxoş vaxtları xanın qarasına danışdığından söz açır. Koxa Məmməd elə bir ayaq üstündə donur və kənddən o gedən olur. Yerinə başqa koxa təyin olunur. Elə ki, “təzə koxa” cızığından çıxmaq istəyir, el ağsaqqalı onun yanına gəlib deyir:



  • Koxa, Məmmədin gününə düşmək istəyirsən?

Belə bir nümunədən sonra şagirdlər atalar sözləri ilə məsəllərin fərqini aydın şəkildə anlayırlar. Bundan əlavə, region üzrə toplanmış bu kimi məsəllər məktəblilərin tərbiyəsinə kömək göstərir, onlarda düzlük, doğruçuluq, hümanizm, insanların qayğısına qalmaq, dərdinə şərik olmaq, qayğışeklik, yardım əlini uzatmaq və s. bu kimi keyfiyyətləri daha da inkişaf etdirir, zülmə, şərə, pisliyə, ədalətsizliyə, rüşvətə, yalana və s. nifrəti artırır. Koxa Məmmədlərə qarşı mübarizlik əzmini yüksəldir.

Azərbaycan xalqının tarixi keçmişi, onun yadelli işğalçılara qarşı mübarizəsi, xalqın azadlıq arzuları bir çox folklor örnəklərində-əsatir, əfsanə, rəvayət, nağıl, bayatı və ağılarda öz əksini tapır. Bu nümunələrdə həm də ulu babalarımızın el-oba məhəbbəti, düşmənə qarşı mübarizəsi, el yolunda qəhrəmanlığı, xalqımızın mənəvi saflığı, əməksevərliyi, nəcibliyi, hümanizm, saflığı və s. bədii boyalar və yüksək sənətkarlıqla tərənnüm edilir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, əsrlərdən bəri şerin, musiqinin, mədəniyyətin, dinin beşiyi olan, hər bir daşı, qayası, türbəsi əfsanəyə çevrilmiş Şamaxı-Şirvan haqqında otuza yaxın əfsanə toplayıb yazıya almışıq. Regionun bir çox tarix şahidli yerləri-təmiz, ismətli “Qız qalası”, keçilməsi mümkün olamayan “Keçmədin” və “Buğut” qalaları həmişəcavan və diri olan “Diri baba” türbəsi, qədim elatlar-Padar, Boyat, Çıraqlı, Cəyirli, Kolanı, Şamlı və s. haqqında əldə etdiyimiz əfsanələr daha orjinaldır. Ümumiyyətlə, bu vaxta qədər topladığımız əfsanələri beş qrupda cəmləşdirmişik:


  1. Yer-yurd adları ilə bağlı olan əfsanələr: “Sarı qaya”, “Qanlı daş”, “Qanlı göl”, “Tərlan burulğan”, “Boyat” və s;

  2. Tarixi yerlərə aid əfsanələr: “Fit qalası”, “Qız qalası”, “Buğurt qalası”, “Köçmədin”, “Nadir şah” və s;

  3. Dini əfsanələr: “ Diri baba”, “Dədəgünəş baba”, “Həzrət baba”, “Şeyx Eyyub baba” və s;

  4. Heyvanlar haqqında olan əfsanələr: “Maral əfsanəsi”, “Sərçə və qaranquş”, “At-qeyrət” və s.

  5. Müxtəlif mövzulu əfsanələr: “Novruzgülü”, “Çobançatdadan dağı”, “Daş dəvə”, “Dost”, “Bağrı qan olan lalə” və s.

Örnəklərin adından göründüyü kimi, bu nümunələr vasitəsi ilə şagirdlərdə əsil insana, həqiqi vətəndaşa xas olan mərdlik, qorxmazlıq, düzlük, yurda məhəbbət, xalqın mənəvi dəyərlərinə hörmət, təbiəti sevmək, qorumaq kimi nəcib hissləri aşılamaq mümkündür. Bunun üçün müəllimin pedaqoji ustalığı əsas şərtlərdən biridir. Eksperimentə cəlb olunmuş müəllimlər beşinci sinifdə islam dünyasında xüsusi yeri, zəhməti, hörməti və dəyəri olan “Əli haqqında olan əfsanə” ilə məktəbliləri tanış edərək onlarda insanpərvərlik, xeyirxahlıq, humanizm, qayğıkeşlik və saflıq kimi nəcib keyfiyyətlərin inkişafına nail olurdular. Bundan başqa, digər dini əfsanələrin bir neçəsinin məzmunu da şagirdlərə çatdırılırdı.

Şirvan regionundan topladığımız dini əfsanələrdən biri XIV əsrin yadigarı, illərlə elin-obanın sitayiş etdiyi, inam yeri, guman yeri olan “Diri baba” haqqındadır. Qədim Şirvanın Qobustan ərazisində yerləşən bu türbə haqqında dünyanın bir çox şərqşunasları-B.Dorn, A. Olsari, Y.A.Paxomov, M.Nemət /9/ və b. tədqiqatlar aparmış, bir çox səyyahlar-A. Düma /10/, E.Çələbi /11/ və b. maraqlı fikirlər söyləmişlər.



Bütün bunlar deməyə əsas verir ki, şifahi xalq ədəbiyyatının tədrisi prossesində etnopedaqoji nümunələrdən istifadə etməklə şagirdlərin mənəviyyat bütövlüyünü təmin etməsinə imkan verən iş metodlarından düzgün etmək lazımdır.
Mənsurə İsmayılova

Azərbaycan Təhsil problemlərinin dissertantı







Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə