2
POVESTLƏR
Dənizdə Qasırğa
Birinci Kitab
Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub.
Təkcə sahilin lap yaxınlığındakı təpənin üstündə xudmani bir evin pəncərəsindən işıq gəlir.
İyirmi yeddi yaşlı neft kimyaçısı Kamil Məmmədəliyev köhnə “Reminqton”unda nə isə çap edir;
hərdənbir ara verərək, lazımi kimyəvi formulaları makina mətninə əllə yazır. İşini qurtarıb ayağa
qalxır, otaqdan, sonra da evdən çıxır.
Bura adi Bakı bağlarından birinin həyətidir – qumun üstünə sərilmiş üzüm tənəkləri, su quyusu,
ilin bu fəslində hələ çılpaq olan bir necə əncir və nar ağacı gözə dəyir. Ağarmaqda olan dan
yerinin alatoranında bağın əlli-altmış metrliyindən başlanan dənizin hamar, dalğasız səthi,
kimsəsiz qumlu sahillər zorla sezilir. Kamil artıq evə dönməyə hazırlaşır, ancaq həmin anda elə
bir hadisə baş verir ki, yorğunluğu bir göz qırpımında yox olur: sahilin lap kənarında suyu
yüngülcə sıçradaraq, demək olar ki, səssiz-səmirsiz, bir sualtı qayıq dəniz səthində peyda olur.
Ondan içərisinə hava doldurulmuş bir avarlı qayıq aralanır. Qayıqda bir neçə sərnişin, o
cümlədən iki qadın var.
Kamil binokl götürmək üçün evə qayıdır, sonra tələsik geri dönüb, qayığı bir müddət maraqla
müşahidə edir. Qayıq sahil boyu üzərək, mayakın uçuqları görünən qayalıq
burun istiqamətində
uzaqlaşır və döngəni burulub gözdən itir. Soyuqdan büzüşmüş Kamil evə qayıdır.
Həmin gün sübh tezdən sovet hərbi gəmisi açıq dənizdə adi patrul xidmətinin yerinə yetirir.
Onun lap yaxınlığında, paralel kursla yaraşıqlı bir yaxta üzür. Üzərində İran bayrağı dalğalanan
yaxta elə bil “sərhədçi”ni addım-addım izləyir.
– Düz altı saatdır dalımızca gəlir, – deyə sərhədçi zabit dillənir.
O, kapitanın yanında, körpücükdə dayanıb, binoklla “qonşu”nu seyr edir. Yaxtadan kim isə əl
edib onları salamlayır. – Ötən həftə seyner bizi qarabaqara izləyirdi, indi də bu. Lap ovçuları
azdırıb, öz yuvasından uzaqlaşdırmağa çalışan tülküyə oxşayır.
– Şübhəsiz, nəsə bir məqsədi var, – deyə kapitan qaşqabaqlı halda razılaşır. – Buralarda heç kəs
boş-boşuna dolaşmaz. Nə mənzərəsi bir şeydir, nə də havası. – O, danışıq borusuna sarı əyilir:
– Dəstənin bütün gəmilərindən təkrar soruşun: qonşu kvadratlarda şübhəli bir şey görməyiblər
ki?
– Oldu, kapitan! Dəstənin bütün gəmilərinə təkrar sorğu göndərilsin!
Səhər tezdən yuxudan qalxan kimi Kamil kiçik qardaşı Poladı oyatmaq üçün onun otağına keçir.
Bir divar başdan-başa atletik bədən quruluşuna malik otaq sahibinin sərbəst güləş karyerasının
ən xoş məqamlarında lentə alınmış şəkillərlə doludur. Rəflərin birindən kitablar yığışdırılıb,
oraya hələ yuxuda olan gəncin idman zəfərlərini əks etdirən bir neçə kubok düzülüb. Kamil
qardaşını oyadır.
...Səhər yeməyini masanın üzərinə düzən Kamil narahatlıqla qardaşına baxır:
3
– Gecikirik!
– Əcəb havadır, gərək eyvanda oturaydıq, – deyə Polad əlini süfrəyə uzadaraq dillənir. – Duzunu
bir yarımca kilo az töksəydin, lap dadlı qayğanaq alınardı.
– Bu gecə sualtı qayıq görmüşəm. – Kamil xəbər verir.
– Sonra?
– Heç, eləcə sualtı qayıq gördüm.
– Sonra nə oldu e? Onu de görək!
– Əvvəl suyun səthinə qalxdı, sonra sahilə bir neçə adam düşürdü, sonra da təzədən suyun
altında qeyb oldu. Vəssalam.
Kamillə Polad sahil boyunca irəliləyir. Qayığın yan aldığı yerə çatırlar. Polad diqqətlə izlərə
baxır.
– Bəlkə yuxuda görmüsən?
– Yuxu-zad deyil, şübhən olmasın.
– Onlar sahillə elektrik qatarı stansiyasına sarı gedirlər.
– Sən mənim böyük qardaşımsan, dediklərinin hamısına inanmaq mənim borcumdur, hətta Xəzər
dənizində səkkizayaqlı ilbiz və köpək balıqları kimi, sualtı qayıqların da olmadığını dəqiq bilsəm
belə... Sərnişin daşıyan sualtı qayıqlar isə, mən bilən, ümumiyyətlə olmur.
– Qadın sərnişinlərdən biri isə lap Meri Pikforda oxşayırdı.
Binoklla açıq-aydın görürdüm.
8 – Yaxşı, tutaq ki, sualtı qayıq qayıtdı suyun dibinə. Bəs sərnişinləri aparan o biri qayıq necə
oldu? Avarlı qayıqla şəhərə azı iki günlük yoldur. Elə isə, onda sənin gözəlçələrin görəsən hara
qeyb olublar?
Kamil fikirli-fikirli:
– Qayıq mayaka tərəf üzürdü... – deyir və dərhal da əlavə edir, – yeyin gəl, mən hələ evə çatıb
paltarımı dəyişməliyəm.
– Atama salam de. Sabah şəhərə gələndə onun iş yerinə dəyəcəyəm.
Nahara ləngimə. Nərə balığı qızardacağam, sənsə çörək, bir də göyərti alarsan.
Onlar stansiyaya elektrik qatarı ilə eyni vaxtda çatırlar. Tək qalan Polad dönüb evlərinə qayıtmaq
istəyir, ancaq bir-iki addım atdıqdan sonra fikrini dəyişib, yarıuçulmuş tənha mayaka sarı
yönəlir.
Kamil fikirli halda elektrik qatarının pəncərəsindən baxır.