ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   43   44   45   46   47   48   49   50   ...   118

 
153 
 
bir  adət  şəklini  almışdır.  Bəzən  anaların  adları  qoyulan  ailələrdə 
uşaqları  «nənə»  deyə  çağırırlar.  Bundan  əlavə,  ailədə  çoxlu  qızlar 
olanda  Bəsti,  Ziyadə,  Yetər,  Kifayət,  Qızyetər,  Qızbəs  və  başqa 
adlar  qoyulurdu.  Bu  da  ailədə  daha  çox  oğlan  uşağının  olması 
arzusu ilə edilirdi.  
Orta əsrlərdə işlədilən ləqəb, künyə və nisbə kimi sözlərə elmi 
və bədii əsərlərdə rast gəlmək mümkündür. Ləqəb müəyyən istedad, 
xalq  arasında  qazanılan  şöhrət  və  rəğbətə  görə  hökmdar  və  yaxud 
xalqın  özü  tərəfindən  verilirdi,  məsələn,  Nizamülmülk.  Künyə  isə 
atanın adının əvvəlinə bin və ya ibn sözləri əlavə olunmaqla şəxsiy-
yətin adından sonra ifadə edilir. Nisbə haqqında sözü keçən adamın 
haraya  mənsub  olduğu,  yəni  anadan  olduğu  boya  başa  çatdığı  yer 
nəzərdə tutulur. Misal üçün Qətran Təbrizi, Nizami Gəncəvi, Nəsi-
rəddin  Tusi  və  s.  qızlara  orta  əsrlərdə  «xatun»-  deyə  müraciət 
edilməsi Suli Fəqihin «Yusif və Züleyxa» əsərində yer almışdır. O 
yazır: «Züleyxa xatun idi ol qızun adı» (19, 57). Orta əsrlərdə adlı-
sanlı,  ad  qazanmış  adamları  namdar  adlandırırdılar.  Xalq  arasında 
adlı-sanlı kəlməsi işlənir. Bu söz böyük hörmət sahibi ağsaqqallar, 
el  içində  sayıla  bilən  adamlar  haqqında  işlədilən  kəlmədir.  İraqın 
Kərkük vilayətində «kişi arvadına arvad nənəsi, Məhəmməd nənəsi 
deyə müraciət edir. Arvad isə ərini, atam babası, Məhəmməd babası 
deyə çağırır» (30, 55). 
Bir sıra adlar isə bilavasitə dinlə bağlı qoyulur.  Məsələn,  Fəx-
rəddin,  Sədrəddin,  Kəmaləddin,  Cəmaləddin,  İslam,  Allahverdi, 
İmamverdi, Məhəmməd, İsa, Musa və s. İlkay, İlkin, İlknur kimi ad-
lar adətən ailədə ilk doğulan uşaqlara verilir. Adların müxtəlif bay-
ramlarla əlaqədar da verilməsi halları ad qoymada öz yerini almaq-
dadır. Belə ki, Novruz, Qurban, Məhərrəm, Oruc, Xıdır və başqaları 
buna  misal  ola  bilər.  Buna  ən  gözəl  misal  xalq  dastanlarımız  ola 
bilər. Məsələn,  «Novruz»  dastanında deyilir:  «Aylar,  günlər keçdi, 
paşanın bir qəşəng, göyçək oğlu oldu. Oğlan Novruz bayramı günü 
anadan olduğu üçün adını da Novruz qoydular» (1, 170). 
Sosial zümrə bildirən orta əsr adları da mövcuddur ki, bunlara 
Şahzadə, Xanbala, Bəylər, Ağalar, Paşa, Sultan və s. misal çəkmək 


 
154 
 
olar.  Toponimlərlə  bağlı  adlar  da  (Təbriz,  Şirvan,  Nəcəf)  vardır. 
Dağ adları olan Altay, Elbrus, Qoşqar, Qafqaz oğlanlara verilir.  
Adlarla  bağlı  dastanlarımızda  olan  məqamlar  maraq  doğurur. 
Məsələn, «Alı xan» dastanında ipək qarının qoyduğu ad əsas sayılır. 
Belə  ki,  o  deyir:  «mən  oğlanın  adını  qoyuram  Məhəmməd,  qızın 
adını Pəri, o tapılan oğlanın da adını Tapdıq» (1, 199). Buradan da 
aydın  olduğu kimi,  hər bir ad öz-özlüyündə bir  məna kəsb edir və 
müəyyən hadisələrə söykənir. Bu dastandan da aydın olduğu kimi, 
Tapdıq  adı  uşağın  məscid  hücrəsi  yanında  tapıldığına  görə  belə 
verilmişdir. Bundan əlavə, «Qurbani» dastanında qəhrəmanın nəzir-
niyazla, uğrunda qurbanlar kəsilməklə anadan olduğuna işarə edilə-
rək adının Qurbani qoyulduğu aydınlaşır. «Qurbani» dastanında ad 
qoyma  ilə  bağlı  məqamı  qeyd  edək:  «Mirzalı  xana  müjdə  getdi. 
Mirzalı  xan  ac  qarınları  doyurdu,  çılpaq  əyinləri  geydirdi.  Sonra 
uşağa ad qoymaq istədilər. Bir ağıllı qoca kişi gəlib dedi: - Oğlanın 
adını mən qoydum – Qurbani. Çünki, bunu qurbanla tapıbsınız» (1, 
39). Burada göstərilir ki, ataya oğlunun olduğu xəbəri çatar-çatmaz 
o,  qonaqlıq  mərasimi  keçirir.  Deməli,  ad  qoyarkən  qonaqlıq 
mərasimi keçirmək qədim adət olmuşdur.   
Nağıllarımızda  da  adqoyma  ilə  bağlı  bir  sıra  məlumatlar  möv-
cuddur. Məsələn, «Ağ atlı oğlan» nağılında deyilir: «Gün keçdi, ay 
dolandı,  padşahın  hər  arvadından  bir  oğlu  oldu.  Padşahın  arvadla-
rından biri xan qızı idi. Odur ki, ondan olan oğlanın adını Xanbala 
qoydular. İkinci arvad bəy qızı idi. Onun da oğlunun adını Bəybala 
qoydular.  Üçüncü  arvad  bir  yoxsul  dəvəçinin  qızı  idi.  Padşah  onu 
gözəl olduğuna görə almışdı. Ondan olan oğlanın adını da Nərbala 
qoydular» (9, 66). 
Azərbaycanda  uşağı  olmayan  çarəsiz  qadınlar  müxtəlif  pirlərə 
gedir, niyyət diləyir, qoç kəsdirirdilər. Belə ziyarətlərdən sonra hə-
min qadınların uşaqları olardısa, onlara Pirverdi, Ocaqverdi, Seyid-
verdi, Bibixanım və s. kimi adlar qoyulurdu.  
Elə adlar da vardır ki, gül-çiçəklə bağlı məhz qız uşaqlarına qo-
yulurdu.  Belələri  əsasən  Təzəgül,  Gülnar,  Qızılgül,  Qönçə,  Yasə-
mən, Lalə, Çiçək, Yazgül, Nərgiz, Bahar, Süsən, Bağdagül, Nargilə, 


 
155 
 
Güllü,  Gülşən,  Gülzadə  və  başqa  bu  kimi  adlardan  ibarətdir.  Bun-
dan əlavə heyvan adlarının da verilməsi halları da mövcuddur. Mə-
sələn, oğlanlara Şirxan, Şirzad, Aslan, Bəbir, Şahin, Tərlan, qızlara 
isə  Maral,  Ceyran,  Kəklik,  Ahu,  Turac,  Tutu,  Durna  kimi  adların 
verilməsi hallarına rast gəlmək mümkündür. Təbiətlə bağlı adlar sı-
rasında ay, ulduz və günəşlə əlaqədar adlar yer almaqdadır. Belə ki, 
Aygün, Aytac, Aytən, Aysel, Aynur, Aytəkin, Ulduz, Ülkər, Səyya-
rə, Günəş, Güntəkin, Səma və başqaları.  Bir sıra  adlar isə xüsusən 
qızlara  şirinliklə  bağlı  qoyulurdu.  Nabat,  Şirin,  Şəkər,  Qəndab  bu 
qəbildəndir. Maraqlıdır ki, zər, bəzək, qiymətli daşlarla bağlı adlar 
da var: Zivər, Zərinə, Almaz, Yaqut, Zümrüd, Gövhər, Füruzə, Mir-
vari,  İnci  və  s.  Bundan  əlavə  Sücayət,  Zəfər,  Qadir,  Qalib,  Qabil, 
Əsgər kimi kişi adları da vardır ki, onlar da cəsarəti, qabiliyyəti və 
hünəri əks etdirir. Fəxri və Vüqar kimi adlar isə qürurun təmsilidir. 
Yeganə, Vahid, Nadir kimi adlar da təkliyin simvolu kimi xarakteri-
zə olunur. Elə adlar da vardır ki, onlar hiss və həyəcanı, ədaləti, ira-
dəni təmsil edir. Bunlara misal olaraq Sevinc, Fərəh, Xoşbəxt, Vəfa, 
Sədaqət, Səadət, Həqiqət, Ədalət, İradə kimi adları göstərmək olar. 
Adlar özündə başqa dillərdən alınma olduğunu da ehtiva edirdi. Mə-
sələn, ərəb dilindən əmələ gələn Bünyad bünövrə, əsas mənasını ve-
rir.  Bu  da  xalqların  müəyyən  müddət  ərzində  qarşılıqlı  münasibət-
lərdə olmasını göstərir.  
Ənənəvi olaraq ad seçmə özü də təkmilləşmə prosesi keçmişdir. 
Ailədə  məişətin  müxtəlif  sahələrində  olduğu  kimi  ad  qoyma  da 
müəyyən  mərasimlə  qeyd  olunurdu.  Körpəyə  adın  nə  vaxt  verildi-
yini dəqiq müəyyənləşdirmək mümkün deyildir. Bəzən körpəyə 40-ı 
çıxdıqdan  sonra  ad  qoyulurdu.  İndi  isə  uşağa  ad  çox  erkən  gün-
lərdən  qoyulur.  Ad  qoyularkən  çalışırlar  ki,  yaxın  qohumlarda  hə-
min  adlar  təkrarlanmasın.  Azərbaycanda  böyüklər  (nənə  və  baba) 
dura-dura anadan olan uşağa ata və anasının ad qoyması hörmətsiz-
lik sayılardı. Ona görə də əvvəlcə onlara müraciət edilir, rəy birliyi 
ilə razılıq əldə edilir. Körpənin ata və anası razı olmasalar da, çox 
vaxt qəbul etməli olurlar. Əks təqdirdə bu böyüklərə – evin ağbirçə-
yinə və ağsaqqalına qarşı ədəbsizlik sayılır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə