164
sözün əsl mənasında, Azərbaycan ədəbiyyatının ağır yüklü
qatarı, əzəmətli Qoşqarıdır. Sizə nə deyim? Əgər imkan tapa
bilsəniz, mənə məktub yazmağı və şairin kiçik də olsa, bir
əlyazmasını göndərməyi Sizdən xahiş edirəm. Sizə, ailənizə,
şəxsən Ananıza təskinlik və uzun ömür arzulayıram.
Hörmətlə
Tapdıq Alxanov.
Laçın rayonu, Qorçu kəndi
10.01.81"
"Hörmətli Anar Rəsul oğlu!
Atanızın, gözəl sovet şairinin, Azərbaycanın nəğməkarının
vəfatı münasibətilə mənim ən səmimi başsağlığımı qəbul edin.
Sizin atanızla 30-cu illərdə Bakıda, Azərkinonun kino-
fabrikində işlədiyim zaman, sonralar isə Moskvada
görüşmüşdüm və onun haqqında bir ədib və insan kimi ən xoş
xatirələrim var.
Mərhum şairin kədərlənmiş oxucusu və həmyaşı adından
bütün ailənizə dostluq salamları göndərirəm.
Aleksandr Kron,
11.05.81 Moskva"
"Əziz Anar. Rəsul poeziyası torpağımızdan axan nəhəng bir
çaya bənzər. Rəsul qəlbi susdu. Rəsul nəğməsinin ömrü
torpağımızın ömrü qədərdir.
O, bir vulkan dağı kimi yaratdıqlarını torpağın üzərinə
səpələyib öz qəlbinin odunu torpağın dərinliklərinə çəkdi.
Rəsulun itkisi əvəzedilməzdir. Təsəlli isə onun sənətinin
əbədiliyindədir. Sənə, bütün ailənizə, Rəsul sənətini sevərlərin
hamısına başsağlığı verirəm. Rəsul şəxsiyyətinə, Rəsul sənətinə
dərin hörmətlə baş əyən
Məmməd Araz".
"Möhtərəm Anar bəy!
Salamlar.
165
Bu gün Abbas Zamanov bəydən almış olduğum bir məktub
bizi ələm və kədərə qərq etdi. Babanız Rəsul Rza bəyin vəfatı
xəbəri bizləri də çox üzdü, kədərləndirdi.
Başınız sağ olsun. Tanrı mərhuma qəni-qəni rəhmət eyləsin.
Sizlərə başsağlığı və səbrlər dilər, acınızı paylaşarız.
Ən dərin hörmətlərimlə, əfəndim.
Əli Yavuz Akpinar.
Ərzirum, Türkiyə, 17.IV.1981".
"Hər vaxtınız xeyir olsun... Anar!
Bir neçə gündür ki, mərhum xalq şairimiz Rəsul Rzanın I-II
cildlərini oxuyuram... Oxuyuram... Düşünürəm...
Rəsul Rzanı ilk dəfə Naxçıvanda X sinifdə oxuyanda
yaxından görmüşəm. Şerini dinləmişəm. Ah, əsl şair ürəyi necə
də yanımlı, duyumlu imiş...
...Həmişə mərd, öz səsləri və taleləri olan sənətkarları
canım qədər sevmişəm.
Divarda daş ayna,
Ordan baxır mənə,
Məryəm oğlu,
gözləri dolu
Ancaq,
nə arxasında qanlı çarmıx,
nə başında tikanlı çələngi var.
Sağ olun, istəkli şairimiz, ruhunuz şad olsun! Mirzə Cəlil
sayağı: "Allah sizə rəhmət eyləsin!".
...İnana bilmirəm, inanmaq istəmirəm ki, sənətkar köçüb
dünyadan... İnsanlara bağlı olan bir ürəyi ayırmaq olarmı
könüllərdən?
...İnsan ömrü... İnsan taleyi... Dinləyirəm qədim
"Segah"ımızı. "Ana" mahnısını...
Unudulmaz Mirzə Cəlilin "Anamın kitabı"nı və Rəsul Rzanın
"Anamın kitabı" şerini... Dağ da ağlayarmış acı-acı, dəli
hönkürtülərlə...
166
Təsəllini onda tapırıq kı, nə yaxşı Mirzə Cəlil var. Rəsul Rza
var! Eşq olsun xalqa bağlı sənətkarlara! Ümidimiz, inamımız,
bu günümüz, sabahımız onlardır!
Hörmətli–yazıçımız Anar, Sizin ən ağır göynərtili
günlərinizdə mən Sizə dostum dedim. Yəqin ki, məni haqlı
sayarsınız.
Rəsul Rza həmişə qəlbimizdə, ürəyimizdədir!
Acı, göynərtili kədərlə oxucu dostunuz, ədəbiyyata sədaqətli
oxucunuz.
Musa Quliyev
27.04.81. Axşam saat 1100. Küləkli bir gün
Naxçıvan MSSR. Babək r-nu Böyükdüz kəndi".
"Nigar Rəfibəyliyə.
Sirdaşınız Rəsul Rzanın ölümündən böyük bir hüznlə çox
gec xəbər tutduq. Əziz Nigar xanım, mənim səmimi
başsağlığımı qəbul edin. Toxtayın, həyat və poeziya sizdən hələ
xeyli güc və igidlik tələb edəcək.
Sizin Zülfiyyə,
Daşkənd".
Uzaq Daşkənddə özbək şairəsi Zülfiyyə xanım Rəsul Rzanın
vəfat etdiyini eşitmişdi. Bakıda Azərbaycan şairəsi Nigar
xanım ömür yoldaşını itirdiyindən xəbərsizdi.
Bir həftədən sonra mən işə çıxdım. Kinostudiyada çox ağır
bir işə başlamışdıq. – Mərkəzi televiziyanın sifarişiylə iki
seriyalı "Üzeyir Hacıbəyov" filmi çəkməliydik. Ssenarisini
mən yazmışdım, rejissoru da özüm idim.
Rejissor ssenarisi təsdiq olunmuşdu, aktyor sınaqları
keçirilmişdi, dekorasiyalar tikilirdi. Bir sözlə, hazırlıq dövrü
gedirdi, çəkilişə başlamaq vaxtı yaxınlaşırdı.
Bilirdim ki, indi mənim yeganə xilasım bu işdir, nə ailə,
qohumlar, dostlar, nə yazı masam məni tənhalığın qırılmaz
tilsimindən qurtarmağa qadir deyildilər. Yalnız film çəkilişinin
dolaşıq aləmi, hər saat qarşıya çıxan müxtəlif təşkilati, inzibati,