Stefan şvayq bir qadinin həyatindan iYİRMİ DÖrd saat



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
tarix01.03.2022
ölçüsü0,5 Mb.
#84215
stefan-svayq-bir-qadinin-heyatindan-iyirmi-dord-saat-kko-aze



STEFAN ŞVAYQ 

BİR  QADININ  HƏYATINDAN İYİRMİ  DÖRD  SAAT. 

 

 

O zaman, hələ müharibədən on il əvvəl yaşadığım Riverdəki pansionatda bir dəfə 



süfrəmizin başında qızğın bir mübahisə düşdü. Mübahisəmiz elə kəskinləşdi ki, az 

qala, kinli hədələr, hətta dalaşma ilə bitəcəkdi. Adamların çoxu zəngin təsəvvürlü 

adamlar deyildi. Haradasa kənarda onlara bilavasitə aid olmayan, onları təngə 

gətirib, zəhlələrini tökməyən bir hadisə baş verirsə, bu onların hisslərinə heç 

toxunmur, onları narahat etmir. Yox, əgər əhəmiyyətsiz bir hadisə düz onların 

burunlarının ucunda baş verirsə, heysiyyətlərinə toxunursa, o saat mənlikləri cuşa 

gəlir. Belə hallarda adamların bir növ səbir kasaları dolur, qarşısıalınmaz, özü də 

lüzumsuz mübahisələr baş verir. 

Bizim o mötəbər məclisimizdə bu dəfə də eynən beləcə oldu; biz nahar zamanı 

adətən small talk* edər, bir-birimizə yüngülcə sataşar, zarafatlaşıb gülüşər, 

xörəkdən sonra isə qalxıb müxtəlif səmtlərə ayrılardıq: alman öz arvadı ilə 

fotoaparatını götürüb gəzməyə gedər, mehriban danimarkalı cansıxıcı balıq ovuna, 

ingilis xanımı kitablarının yanına, italiyalı ər-arvad Monte-Karloya şənlənməyə 

yollanar, mən isə heç yana getməyib tənbəl-tənbəl avaralanardım; gah həsir 

kresloda yellənər, gah da oturub işləyərdim. Amma bu dəfə amansız bir dəyişmə 

baş verdi; hərgah birisi sıçrayıb dururdusa, bu durmaq nəzakətlə xudahafizləşmək 

üçün deyil, əvvəlcə dediyim kimi, son dərəcə ciddi şəkil alan, bu od-alova yenidən 

atılmaq üçün idi. 

Bizim balaca masamıza belə bərk çaxnaşma salmış bu hadisə, əlbəttə, çox qəribə 

hadisə idi. Yeddimizin yaşadığı bu qonaq evi xarici görkəmindən xüsusi    villanı 

xatırladırdı – pəncərədən görünən sahil qayalıqlarının mənzərəsi necə də gözəldi! 

Əslində isə bura böyük «Palas-otel» mehmanxanasının əlavə bir tikilisi idi, 

aralarındakı bağ vasitəsilə bir-birinə birləşirdi, belə ki, biz ayrı yaşasaq da, həmişə 

görüşürdük. Bir neçə gün bundan əvvəl otelimizdə böyük bir qalmaqal oldu. 

Günorta saat on iki iyirmi dəqiqə qatarı ilə (mən vaxtı dəqiq göstərməyə 

məcburam, başqa cür mümkün deyil, çünki bu mövzumuz və eləcə də olmuş 




hadisə üçün vaxtın dəqiqliyi xüsusi əhəmiyyət kəsb edir) gənc bir fransız gəldi və 

oteldə üzü dənizə bir otaq tutdu; təkcə bu faktın özü göstərirdi ki, oğlan çox 

varlıdır. O, təkcə səliqəli geyimi ilə deyil, həmçinin yaraşıqlı görkəmi və qeyri-adi 

gözəlliyi ilə də hamının nəzər-diqqətini cəlb etdi: onun qızlara məxsus zərif, 

uzunsov sifəti, ipəkvari açıq-sarı bığları, xoşagələn dodaqları, dalğalı və şabalıdı 

yumşaq saçları,  ağ alnına tökülmüş qıvrım telləri, nəvazişli, məhzun baxışlı 

gözləri vardı; – onun hər yeri gözəldi. Sifəti nəsə yumşaq, həlim bir məsumluqla 

əhatə olunmuşdu. Duruşunda  qurubəylikdən və ədabazlıqdan  əsər-əlamət belə 

yox idi. Uzaqdan və ilk baxışdan bu oğlan moda mağazalarının vitrinlərində əlində 

şux çəlik tutmuş və məğrur-məğrur özünü şüşə arxasından nümayiş etdirən, kişi 

gözəlliyinin ideal timsalı olan müqəvvaları xatırlatsa da, ona yaxınlaşdıqca bu 

təəssürat tamamilə yoxa çıxırdı, çünki onun sifətinə çökmüş sabit səmimiyyət 

(əlbəttə, bu nadir haldır!) təbii və sanki, anadangəlmə idi. Onun hamını səmimi və 

ciddi tərzdə salamlaması, hər bir hərəkətindəki sərbəstliyi və sadəliyi, ehtiram və 

nəzakəti  adama xoş təsir bağışlayırdı. Əgər bir xanım qarderoba yaxınlaşırdısa, o, 

qadının paltosunu tutmaq üçün cəld irəli gedir, gördüyü hər uşağın qəlbini 

mehriban bir baxışla oxşayar, yaxud atmaca sözlərlə dindirib, könlünü alardı, 

özünü xoşrəftar, eyni zamanda, təmkinli aparardı. Sözün qısası, o, öz aydın sifəti 

və gənclik lətafəti ilə hamını özünə əsir etdiyinə əmin olan xoşbəxt gənclərdən idi, 

belə gənclər bu inamı sonralar cazibə qüvvəsinə çevirirlər. Bəli, o, belə bir xoşbəxt 

gənclərdəndi. Onun gəlişi otelin yaşlı və xəstə adamlarına (belələri isə burada 

əksəriyyət təşkil edirdi) xoş təsir bağışladı. Öz təzə-tərliyi, həyatsevərliyi, gənclərə 

məxsus təravətli təbəssümü ilə hamının rəğbətini qazandı. 

Gələndən ikicə saat sonra o, artıq Liondan gəlmiş varlı fabrikantın qızları – on üç 

yaşlı Blanş ilə tennis oynayırdı. Onların anası incə, zərif və çox təmkinli madam 

Anriet isə yüngül bir təbəssümlə hələ pərvazlanmamış quşcuğazlarının bu yad 

oğlan qarşısında necə də əzilib-büzüldüklərini  süzürdü. Axşam o, təxminən, bir 

saat bizim şahmat oynamağımıza tamaşa etdi, arabir də əyləndirici tərzdə bir çox  

məzəli lətifə söylədi, sonra şən qəhqəhələr içində madam Anriet ilə gedib sahildə 

uzun müddət obaş-bubaşa gəzişdi. Həmin vaxt madam Anrietin əri isə, həmişəki 

kimi, öz tanışı ilə domino oynayırdı; axşamdan xeyli keçmiş mən onun otelin 

katibəsi ilə qeyd bürosunun qaranlığında gizli-gizli mırt vurduğunu eşitdim. Ertəsi 

gün səhər o, mənim otaq yoldaşım danimarkalını balıq ovuna yola saldı, eyni 

zamanda öz valehedici biliyini nümayiş etdirdi, sonra qayıdıb, Liondan gəlmiş 




həmin fabrikantla siyasətdən uzun-uzadı söhbət etdi, görünür, burada da özünü ən 

maraqlı söhbətcil kimi tanıtmışdı, belə ki, səs-küy içərisindən arabir şişman 

cənabın  qəhqəhəli gülüşü eşidilirdi. Nahardan  sonra (mənim hər bir epizodun vaxt 

bölgüsünü belə dəqiq qeyd etməyimin əsas məqsədi vəziyyəti daha aydın təsəvvür 

etmək üçündür) o, yenə də bir saata qədər madam Anrietlə bağda əyləşib, qara 

qəhvə içdilər, sonra Anrietin qızları ilə tennis oynadı, otelin vestibülündə alman ər-

arvadla bir qədər söhbət etdi. Saat altıda məktub salmağa gedəndə isə mən onu 

vağzalda gördüm. O, tələsik mənə sarı yüyürüb, üzr istəyirmiş kimi, dedi ki, onu 

təcili geri çağırıblar, ancaq iki gündən sonra qayıdıb gələcəkdir. Axşam yeməyində 

o, doğrudan da, salonda yox idi, lakin özü olmasa da bütün masalarda yalnız ondan 

danışırdılar, hamı onun xoşagəlim, xasiyyətcə şən olduğunu deyirdi. Gecə saat on 

bir radələrində otağımda əyləşib oxuduğum kitabı qurtarmaq istədiyim vaxt birdən 

bağçaya baxan açıq pəncərədən bağırtı və haray eşitdim, oteldə qəribə bir haray-

həşir qalxmışdı. Güclü maraqdan doğan hədsiz narahatlıqla həmin saat aşağı endim 

və əlli addım getməmiş qonaqları və otelin işçilərini qeyri-adi çaxnaşmada 

gördüm. Əri öz namürlü  tanışı ilə, dəqiq müəyyən edilmiş vaxtda əyləşib, domino 

oynadığı zaman, adəti üzrə, hər axşam sahil gəzintisinə gedən Anriet bu gün 

gəzintidən geri qayıtmamışdı, camaat, yəqin ki, bədbəxt bir hadisə baş verdiyini 

güman edib, vahiməyə düşmüşdü. Anrietin, adətən, ağır yerişli əri indi nəhəng 

öküz kimi sahil boyu sürətlə otərəf-butərəfə yüyürür, qaranlıqda «Anriet!» – deyə 

bağırırdı, onun həyəcandan boğuntulu səsi ölümcül yaralanmış iri, vəhşi bir 

heyvanın dəhşətli böyürtüsünü xatırladırdı. Aşxana xidmətçiləri və uşaqlar 

həyəcanla pilləkənlə yuxarı-aşağı yüyürür; hoteldə yaşayanların hamısını oyadıb, 

jandarm idarəsinə zəng vururdular. Kök kişi isə jiletinin düymələri açılmış halda, 

durmadan fır-fır fırlanır, üzünü qaranlığa tutub, mənasız olaraq elə hey «Anriet!», 

«Anriet!» səsləyirdi. Bu hay-haraya qızlar da oyanıb, gecə köynəklərində 

pəncərənin önündə dayandılar, analarını çağırmağa başladılar, ataları onları 

sakitləşdirmək üçün tez yuxarı yüyürdü. 

Elə bu zaman dəhşətli bir hadisə də baş verdi, elə bir hadisə ki, onu qələm və fırça 

ilə təsvir etmək qeyri-mümkündür, çünki hədsiz dərəcədə gərgin ruhi əzablar 

zamanı insanın sifətində çoxlu qarma-qarışıq cizgilər toplanır. Kök kişi 

ağırlığından ayağı altında əyilən pillələrlə tamam dəyişilmiş, hədsiz dərəcədə 

yorğun, əzgin, həm də qəzəbli halda qayıtdı. O, əlində bir məktub tutmuşdu. O, 



güclə eşidiləcək bir səslə şefə dedi: «Camaatı qaytarın, heç nə lazım deyil! 

Arvadım məni atıb gedibdir». 

Bu ölümcül zərbə almış adamda nə qədər möhkəm mətanət, nə qədər qeyri-adi bir 

dözüm vardı, gözlərini dörd yandan ona sarı maraqla zilləmiş, indi isə dəhşətdən, 

həyadan, həyəcandan ona baxmayan bu adamlardan öz müsibətini gizlətməyə 

çalışırdı. O, son gücünü toplayıb, heç kimə baxmadan qiraət salonuna keçdi ki, 

işığı keçirsin; sonra biz onun kök, ağır gövdəsinin guppultu ilə kresloya necə 

düşdüyünü və az sonra  onun ucadan, ümidsiz hıçqırıqlarla  necə ağladığını  

eşitdik,  belə  ağlamaq yalnız ömründə heç vaxt ağlamamış şəxslərdə ola bilər. Bu 

fəlakət hamımızı sarsıtmışdı. Nə bir xidmətçi, nə də maraqlanıb bura gəlmiş 

qonaqlardan biri gülümsəməyə, yaxud ürək-dirək verən bir söz deməyə cürət etdi. 

Şəhvət duyğularının belə sarsıdıcı partlayışından həya edirmiş kimi, biz dinməz-

söyləməz, bir-birimizin ardınca öz otaqlarımıza çəkildik, binanın başqa otaqlarında 

da işıqlar bir-birinin ardınca sönsə də, pıçıltılar, ah-uflar tamam kəsilənə kimi bu 

başıbəlalı adam qaranlıq qiraət zalında yalqız, hıçqıra-hıçqıra qaldı. 

Təbiidir ki, gözümüz önündə ildırım çaxması kimi parlayan belə bir hadisə 

qayğısız, yeknəsəq həyat sürməyə alışmış adamları da xeyli təşvişə saldı. Bizi süfrə 

başındakı qızğın deyişmə və az qala, təhqiramiz hərəkətlərə gətirib çıxaracaq 

mübahisəni törədən də məhz bu qəribə hadisənin baş verməsi oldu. Mübahisəyə 

əsas səbəb həyat, yaşamaq haqqında oturanların müxtəlif, bir-birinə zidd 

dünyagörüşlərə malik olmaları idi. Şişman kişinin oxuyub sərsəm halda qəzəblə bir 

səmtə tulladığı məktubu xidmətçi qadının nəzakətsizlik edərək, götürüb 

oxumasından bizə aydın olmuşdu ki, madam Anriet tək deyil, gənc fransıza (o, 

hazırda çoxlarının nəzərində öz ləyaqətini artıq itirməyə başlamışdı) qoşulub 

getmişdir. 

İlk baxışda bu ona görə təəccüblü deyildi ki, bu da ikinci madam Bovari idi; 

yaraşıqlı, gözəl bir gənc oğlandan ötrü öz varlı, kəndli ərini atmışdı. Lakin burada 

hamını çaş salan, təəccübləndirən bu idi ki, istər fabrikant, istər onun qızları, 

istərsə də madam Anrietin özü bundan əvvəl heç vaxt bu qadın düşkününü 

görməmişdilər və necə olmuşdu ki, sahildə ikisaatlıq axşam gəzintisi, bağda bir 

saat qara qəhvə içərkən adicə söhbət otuz üç yaşlı, ləyaqətli bir qadının elə ağına-

bozuna baxmadan, «Allaha təvəkkül» deyib öz ərini və iki uşağını atıb, ertəsi 

günün gecəsi tamam yad bir adama qoşulub getməsinə səbəb olmuşdur. Bu tamam 



aşkar faktı oturanlar yekdilliklə rədd edirdilər, hamı bu işə aşiqlərin namərdlik və 

hiyləgərliklə düşünülmüş fırıldaqları kimi baxırdı. Öz-özlüyündə belə çıxırdı ki, 

madam Anriet artıq çoxdan cavan oğlanla gizli əlaqədə imiş və bu ürəklərə girən 

adamın bura gəlməkdə əsas məqsədi kələklərini son dəfə götür-qoy etmək imiş; 

hamı təsdiq edirdi ki, namuslu bir qadın üçsaatlıq tanışlıqdan sonra tanımadığı bir 

adamın bircə sözünə uyub onunla getməz, bu, qətiyyən mümkün olan şey deyildir. 

Əylənmək xatirinə mən qəsdən əks-mövqe tutdum və qətiyyətlə belə bir fikri 

müdafiə etməyə başladım ki, uzun illər boyu cansıxıcı ailə həyatından təngə gəlmiş 

qadınlar birdən-birə belə cəsarətli qərara gələ bilərlər və bu tamamilə mümkün 

olan bir işdir. Mənim gözlənilməz mövqeyim böyük hay-küyə səbəb oldu və 

mübahisəni elə canlandırdı ki, hətta oradakı hər iki ər-arvad, yəni həm almanlar, 

həm də italyanlar ilk baxışdan vurulub, aşiq olmağı təhqiramiz ifadələrlə lağa 

qoymağa başladılar. 

Şorbanı içib, kükünü tamam yeyənə qədər davam edən bu söz davasını təfərrüatı 

ilə təsvir etməyə heç bir ehtiyac yoxdur. Məlumdur ki, ümumi süfrə başında 

həmişə hazırcavablar ağıllı hesab olunurlar, özü də, masa arxasında çox vaxt boş 

şeydən mübahisə doğur və ümumiyyətlə, tələsik, mənasız, şit nəticələrə gətirib 

çıxarır. Bizim ağızlaşmağımızın da birdən-birə niyə belə təhqirli hal almasının əsas 

səbəblərini başa düşmək çətindir, görünür, bütün bunlar, hər iki ərin qeyri-iradi 

olaraq bu ağılsız hərəkətin arvadlarına da sirayət edəcəyindən qorxuya 

düşmələrindən və canfəşanlıqla mənim müddəamı rədd etmələrindən doğdu. 

Təəssüf ki, onlar mənə daha münasib bir cavab verə bilmədilər, belə uydurdular ki, 

bu sözləri yalnız qadın psixologiyasını onlar üzərində ucuz, təsadüfi qələbə ilə 

ölçən subaylar söyləyə bilərlər; bu sözlər məni cinlədirdi, hələ üstəlik, alman 

qadını inamlı bir ifadə ilə mənə dərs deməyə başladı: «Həyatda təmiz qadınlar da 

olur, təbiətcə pozğun qadınlar da». Onun fikrincə, madam Anriet də elə 

ikincilərdən idi. Onun bu sözləri məni tamam hövsələdən çıxardı, mən də öz 

növbəmdə əks-hücuma keçdim. 

Mən dedim ki, yalnız öz şəxsi istəklərimizdən doğan qorxaqlıq, təbiətimizdəki 

məkrlilik bizi bu aydın faktı inkar etməyə məcbur edir ki, qadınlar öz həyatında 

bəzən sirli qüvvələrin təsiri altına düşərkən nə edəcəklərini, necə edəcəklərini ağıllı 

surətdə dərk edə bilmirlər, eləcə də bəziləri görünür, «tez aldanıb tovlanan» 

adamlara nisbətən özlərini daha iradəli, qüvvətli, daha ismətli və daha təmiz hesab 

edirlər. Ancaq mənim fikrimcə, daha namuslu, düzgün o qadındır ki, adətən, müti 




halda ərinin qucağına atılıb, onu aldatmaq əvəzinə, öz daxili istək və arzularını 

daha ehtirasla, daha qətiyyətlə yerinə yetirir. Təxminən, mən fikrimi belə ifadə 

etdim, başqaları madam Anrieti nə qədər bərk təqsirləndirirdilərsə, mən də bir o 

qədər inadla müdafiə edirdim. (Doğrusu, mən özüm də dediyimə bir o qədər də 

inanmırdım). Mənim bu sözlərim, tələbə dili ilə desək, ər-arvadlar üçün bir növ 

təhqir idi, onlar dördlükdə ağız-ağıza verib mənim üstümə elə düşdülər ki, futbol 

oyununda əlində saniyəölçən tutmuş hakim kimi, bizə göz qoyan xeyirxah qoca 

danimarkalı da xəbərdarlıq edib, tez-tez əli ilə masanı döyəcləməli oldu: 

«Cənablar, xahiş edirəm». Bu sözlər yalnız bizi bir anlığa sakitləşdirə bilirdi. 

Ərlərdən biri çuğundur kimi qızarmış halda, düz üç dəfə masasından sıçrayıb 

qalxdı, lakin arvadı onu dilə tutub əyləşdirdi, bir az da keçsəydi, əgər missis K. 

gözlənilmədən söz atışmamızın, necə deyərlər, od-alovuna su tökməsə idi, onda 

mübahisə, yəqin ki, kötəkləşmə ilə bitəcəkdi. 

Missis K., bu ağsaçlı mötəbər qoca ingilis qadını, bizim süfrəmizin seçilməmiş 

fəxri prezidenti idi. O, özünü şux aparırdı, eyni zamanda, hamı ilə xoşrəftarlı idi, 

az danışırdı, lakin ətrafındakıları çox maraqla dinləməyi bacarırdı; ürəyəyatan xoş 

baxışı var idi, onun zadəganlara məxsus zahiri görkəmi adama xoş bir təsir 

bağışlayırdı. Onun sifətindən sakitlik, kübarlara məxsus bir təmkinlik yağırdı, heç 

kimlə son dərəcə yaxınlıq etmirdi, lakin özünü uzaqdan-uzağa hamıya mehriban 

göstərirdi. O, vaxtının çoxunu bağda oturub kitab oxuyar, hərdənbir piano çalar, 

nadir hallarda isə onu məclislərdə, şirin söhbətlərdə görmək olardı. O, gec-gec 

görünərdi, lakin bizim içərimizdə qeyri-adi nüfuza malikdi. İndi də onun səsini 

eşidən kimi biz belə hay-küy salmağımıza, özümüzü belə qanacaqsız 

aparmağımıza görə utanıb xəcalət çəkdik. 

Alman sıçrayıb ayağa qalxandan və arvadının sözünə görə o saat da itaət edib 

əyləşəndən sonra missis K. yaranan ani sakitlikdən istifadə edib, birdən aydın 

qumral gözlərini qaldıraraq, tərəddüdlə mənə baxdı, sonra isə işgüzarlıqla bizim 

mübahisəmizin əsas məğzini belə müəyyənləşdirdi: 

– Deməli, əgər mən sizi düzgün anlamışamsa, siz belə düşünürsünüz ki, frau Anriet 

kimi bir qadın günahsız olaraq gözlənilməz bir macəraya uya bilər və o, bu zaman 

elə hərəkət edə bilər ki, bir saat bundan əvvəl bu hərəkət onun üçün ağlasığmaz 

imiş və buna görə də onu heç də təqsirləndirmək lazım deyildir? 




– Mən buna şübhəsiz əminəm, möhtərəm xanım, – deyə təmkinlə cavab verdim. 

– Bu zaman, axı adi əxlaq normaları belə çox axmaq bir şəklə düşərdi və hər bir 

pozğun hərəkətə haqq qazandırmaq olardı. Əgər siz, doğrudan da güman edirsiniz 

ki, fransızlar deyən kimi, crime passionell  heç də cinayət deyil, onda daha dövlət 

hüquq qanunları ümumiyyətlə nəyə lazımdır? Onda çətinlik çəkmədən, siz bir 

vicdanla götür-qoy edin, – deyə o gülümsəyərək zarafatla əlavə etdi, – hər bir 

cinayətdə ehtiras tapmaq mümkündür və bu ehtirasla da həmin cinayətkara haqq 

qazandırmaq olar. 

Onun belə sakit və şən danışması mənə xoş gəlirdi, mən də onun danışıq tərzini 

yamsılaya-yamsılaya yarı ciddi, yarı zarafat halda cavab verdim: 

– Dövlətin hüquq qanunları, əlbəttə, belə məsələləri məndən daha sərt həll edir; 

onun vəzifəsi ictimai əxlaqı və ləyaqəti qorumaqdır; bu vəzifə isə onu haqq 

qazandırmağa deyil, ittiham etməyə məcbur edir. Mən isə xüsusi bir fərd olduğuma 

görə prokuror rolunda çıxış etmək istəmirəm; mən vəkilliyi daha üstün tuturam, 

şəxsən   mənim qəlbimə insanları  ittiham etmək deyil, müdafiə etmək daha çox 

yatır! 


Missis K.-nın aydın, qumral gözləri bir anlığa mənə zillənib qaldı. O, cavab 

verməkdə tələsmədi. Mənə belə gəldi ki, o, sözlərimi yaxşı başa düşmədi, dediyimi 

ingiliscə bir də təkrar etməyə hazırlaşırdım ki, o, təəccüb ediləcək qədər ciddi 

halda, sanki, məndən imtahan götürürmüş kimi, yenidən mənə suallar yağdırmağa 

başladı: 

– Məgər, sizcə, bu biabırçılıq, nifrətəlayiq, iyrənc deyilmi ki, qadın öz ərini və iki 

uşağını atıb yenicə rastlaşdığı bir kişi ilə qoşulub gedir və özü də həmin şəxsin 

onun məhəbbətinə layiq olub-olmadığını öyrənmədən, bilmədən? Siz çox da cavan 

olmayan belə bir qadının bu cür ağılsız, duyğusuz əxlaqına axı necə haqq 

qazandıra bilərsiniz? Axı bu qadın heç olmasa uşaqlarının xatirinə özünü daha 

ləyaqətli aparmalı idi. 

– Təkrar edirəm, xanım, – deyə mən aramla dilləndim, – mən bu halda ittihamdan 

qəti imtina edirəm. Səmimi-qəlbdən etiraf edirəm ki, mən məsələni bir qədər 

şişirtdim, lakin zavallı madam Anriet, əlbəttə, nə qəhrəmandır, nə də macəralar 

aludəsidir, amma ən azı cəsarətli və ehtiraslı bir şəxsdir. Mən onu bu qısa müddət 



ərzində adi, kövrək, zərif xarakterli bir qadın kimi tanıyırdım. İndi isə ona bir 

qədər pərəstiş edirəm, çünki o, öz istəyinə nail olmaq üçün cəsarət göstərmişdir, 

ancaq mənim ona daha çox yazığım gəlir, çünki bu gün də olmasa, sabah o, son 

dərəcə bədbəxt olacaqdır. Onun bu hərəkəti, bəlkə də, ağılsızlıq və şübhəsiz, 

tələskənliyin nəticəsidir, ancaq bunu alçaqlıq, pozğunluq adlandırmaq olmaz. Bax 

məhz buna görə mən hamı ilə höcətləşirəm ki, bu bədbəxt qadına heç kimin xor 

baxmağa haqqı yoxdur. 

– Bəs siz özünüz? Siz özünüz də ona əvvəlki kimi hörmət və rəğbət bəsləyirsiniz? 

Siz srağagün söhbət etdiyiniz o namuslu qadınla dünən tamam yad bir adama 

qoşulub qaçmış qadına heç bir fərq qoymursunuzmu? 

– Heç bir fərq, qətiyyən, heç cüzi də! Heç bir qırıq da. 

O, qeyri-iradi olaraq ingiliscə: 

– Is that so?  – dedi. Görünür, söhbət onu yaman tutmuşdu. Bir anlığa fikirləşəndən 

sonra o, yenə aydın gözləri sualla dolu mənə tərəf baxdı: – Yaxşı, tutaq ki, siz 

sabah təsadüfən, deyək ki, Nitsedə madam Anrieti həmin oğlanla birlikdə qol-qola 

gəzən gördünüz. Salamlaşardınızmı? 

– Şübhəsiz. 

– Onunla söhbət də edərdiniz? 

– Şübhəsiz. 

– Bəlkə… əgər siz evli olsaydınız, o qadını, heç nə olmayıbmış kimi öz arvadınızla 

tanış edərdiniz? 

– Mütləq. 

– Doğrudanmı? – deyə o, yenidən ingiliscə soruşdu. Onun səsində nəsə inamsızlıq 

və heyrət duyulurdu. 

– Əlbəttə ki, – deyə mən də düşünmədən ona ingiliscə cavab verdim. 

Missis K. susdu. Elə bil, o, dərin düşüncələrə dalmışdı, birdən təəccüblə mənə 

baxıb dedi: 

– Bilmirəm mən özüm necə hərəkət edərdim? Bəlkə, mən də eləcə. 




O, yalnız ingilislərin nəzakət qaydasına xas olan bir sərbəstlik və qətiyyətlə 

söhbətimizi kəsdi, ayağa durub, mehriban-mehriban əlimi sıxdı. Onun söhbətə 

qarışması sakitliyi bərqərar etdi və bir az bundan əvvəl olan xatalı vəziyyət ötüb 

keçdi, bir-birinə düşmən kəsilmiş şəxslərin hamısı qəlbimizin dərinliyində ona 

minnətdarlıq etdik, qəlbə toxunmayan atmacalarla zarafatlaşıb, araya söz atdıq və 

nəzakətlə xudahafizləşib ayrıldıq. 

Hərçənd bizim mübahisəmiz xoşluqla qurtardı, lakin rəqiblərimlə olan bu 

söhbətdən sonra aramızda nəsə bir soyuqluq yarandı. Alman ər-arvad özlərini 

soyuq aparırdılar, italyanlar isə məndən hər gün istehza ilə «cara signora 

Henrietta»dən  bir xəbər öyrənib-öyrənmədiyimi soruşmaqla əylənirdilər. Zahiri 

nəzakətə baxmayaraq, süfrəmizin başında olan əvvəlki səmimiyyət, əvvəlki təbiilik 

birdəfəlik yox olmuşdu. 

Missis K.-nın mənə olan xüsusi münasibəti üzündən rəqiblərimin istehzalı 

soyuqluğu bir o qədər də təsir etmirdi. Adətən, müstəsna səbirli, boş vaxtlarında 

belə süfrə yoldaşları ilə laqqırtılara meyil göstərməyən missis K. indi tez-tez 

mənimlə bağda söhbət edirdi. Onunla qısa söhbətin belə xüsusi ləzzət verməsinə 

baxmayaraq, vaxtımı xeyli alırdı. Açığını desəm, hətta o, hər yerdə məni axtarırdı, 

hər bir vasitədən, fürsətdən istifadə edirdi ki, mənimlə söhbət etsin. Bu elə aydın 

duyulurdu ki, əgər o, saçları ağarmış bir qoca qarı olmasaydı, mənim ağlıma 

axmaq, lovğa bir fikir də gələ bilərdi. Biz nədən danışırdıqsa danışaq, söhbətimiz 

dolanıb mütləq yenə də madam Anrietin üstünə qayıdırdı; elə bil, mənim bu 

həmsöhbətim hərdəmxəyal, ağılsız və öz analıq borcunu unutmuş qadını 

təqsirləndirməkdən qeyri-adi bir zövq alırdı. Lakin, eyni zamanda, onu görünür bu 

da sevindirirdi ki, mən o incə, o zərif madam Anrietin tərəfdarıyam və bu 

fikrimdən də məni heç nə daşındıra bilmir. O, təkrar-təkrar bu mövzuya qayıdır, 

mən daha bilmirdim ki, bu qəribə tərslik üçün nə fikrə gəlməliyəm. 

Beş-altı gün də beləcə keçdi, o, hələ də bir sözlə belə qəlbindəkiləri büruzə 

vermirdi ki, görüm, bu söhbətlər onu axı niyə belə çox maraqlandırır. Nəhayət ki, 

mən buna bir dəfə gəzinti zamanı nail oldum. Ona dedim ki, daha vaxtım qurtarır, 

birisigün buradan getmək fikrindəyəm. Onun adətən təəccüb ifadə etməyən 

üzündən ötəri bir həyəcan qızartısı keçdi, qumral gözlərindən bir duman axdı. 

“Çox təəssüf, – dedi, – mən hələ sizinlə çox şey barəsində söhbət etmək 

istəyirdim”. Bax elə bu dəqiqədən də onu bürüyən bu çaşqınlıq, bu narahatlıqdan 



da başa düşdüm ki, nəsə, hansı bir fikirsə onun bütün varlığına hakim kəsilmişdir. 

Nəhayət, elə bil, o da bunu hiss etdi, söhbətimizi kəsib əlini mənə uzatdı. 

– Mən, – dedi, – sizə demək istədiyimi indi tamam aydın surətdə ifadə etmək 

iqtidarında deyiləm. Mən hər şeyi yazsam yaxşıdır. – O, adət etmədiyi bir şəkildə 

iri addımlarla evə sarı yönəldi. 

Doğrudan da, axşam – şamdan əvvəl mən otağımda tələsik yazılmış bir məktub 

tapdım. Təəssüf ki, mən gənclik illərimdə yazılı sənədlərə çox diqqətsiz, laqeyd 

münasibət bəsləyirdim, belə ki, onun məktubunu sözbəsöz burada verə 

bilməyəcəyəm,  ancaq məzmununu aydın ifadə etməyə çalışacağam. O bilmək 

istəyirdi ki, öz həyatından bir hadisəni mənə danışa bilərmi. Bu hadisə çoxdan 

olmuşdur və demək olar ki, onun indiki həyatı üçün heç bir əhəmiyyəti yox idi. 

Mənim birisigün yola düşməyim isə, iyirmi ildən çox onu narahat edən, ona əzab 

verən həmin hadisə haqqında bir qədər asanlıqla danışmağa ona imkan verir. Ona 

görə də xahiş edir ki, əgər bunu zəhlətökənlik kimi qəbul etmirəmsə, onunla görüş 

üçün, heç olmasa, bircə saat vaxt ayırım. 

Məzmununu qısa verdiyim məktub məni həddən artıq maraqlandırdı. Məktubun 

məhz ingiliscə yazılması fikrin nəsə çox aydın və ifadəli çıxmasına kömək etmişdi. 

Buna baxmayaraq, mən çox çətinliklə cavab yaza bildim, belə ki, aşağıdakıları 

yazmaq üçün düz üç vərəq qaralayıb cırdım: 

“Sizin bu etibarınız mənim üçün şərəfdir və mən, əgər siz bunu istəsəniz, and 

içirəm ki, sizə vicdanla cavab verim. Əlbəttə, mən sizin istədiyinizdən artıq 

danışmağınızı xahiş edə bilmərəm. Ancaq xahiş edirəm elə danışın ki, özünüz üçün 

də, mənim üçün də səmimi və həqiqi olsun. Təkrarən sizin etibarınızı özümə böyük 

şərəf hesab edirəm”. 

Axşam məktub onun mənzilində oldu, ertəsi gün səhər mən cavab aldım: 

“Siz tamamilə haqlısınız: doğru söz yamaq götürməz, yalan söz isə üz qızardar. 

Mən çalışacağam ki, nə özümdən, nə də sizdən heç nə gizlətməyim. Yeməkdən 

sonra otağıma gəlin, altmış yeddi yaşım var, heç bir dedi-qodudan qorxmuram. 

Mən bu barədə bağda və ya birisinin yanında danışmaq istəmirəm. İnanın ki, onsuz 

da, mən bu qərara çox çətinliklə gəlmişəm”. 




Gündüz biz masa arxasında görüşüb, müxtəlif şeylər barəsində ehtiramla söhbət 

etdik. Ancaq bağda təsadüfən rastlaşanda o, açıq-aşkar özünü itirib aralandı və saçı 

ağarmış bu qarının bir qız kimi qorxa-qorxa və karıxmış halda məndən qaçıb yan 

xiyabana necə burulması məni çox təsirləndirdi. 

Axşam müəyyən edilmiş vaxtda onun qapısını döydüm, o saat açdılar. Otaq azca 

qaranlıq idi, yalnız kiçik masaüstü lampa yanır, ətrafa sarı işıq səpələyirdi. Missis 

K. heç nə demədən qalxıb məni qarşıladı, mənə kresloda oturmağı təklif etdi, özü 

isə qarşımda əyləşdi; mən hiss edirdim ki, o, hər bir hərəkətini əvvəlcədən 

düşünmüş və götür-qoy etmişdi, lakin özü istəməsə də, iradəsinin əksinə olaraq, 

araya bir sükut çökdü, qətiyyətsizliyin getdikcə uzanan üzücü sükutu. Mən cəsarət 

edib bu sükutu poza bilmirdim, belə ki, həmsöhbətimin qəlbində güclü bir 

müqavimətin onun möhkəm iradəsi ilə üz-üzə dayandığını hiss edirdim. Aşağıdan, 

qonaq otağından hərdənbir valsın kəsik-kəsik melodiyası gəlirdi, mən son dərəcə 

diqqətlə qulaq asırdım ki, heç olmasa, sakitliyin əzabverici ağırlığını bir azca 

azaldım. Görünür, onun özü də bu qədər uzanmış sükutun qeyri-təbii boğucu 

gərginliyini hiss etdi, belə ki, bir yerə atlanırmış kimi özünü yığışdırdı və sözə 

başladı: 

– Yalnız çətini söhbətə başlamaqdır. İki gündür ki, mən buna hazırlaşmışam; 

hazırlaşmışam ki, aydın və həqiqəti danışam; ümidvaram ki, buna nail olacağam. 

Bəlkə də, siz hələ məni yaxşı başa düşmürsünüz ki, mən niyə məhz sizə, yad bir 

adama bütün bunları nağıl edirəm, ancaq o gün, o saat olmur ki, mən baş vermiş bu 

hadisə haqqında düşünməyim və siz mənə, bu qoca qadının sözlərinə, yəqin, 

inanarsınız ki, adamın bütün ömrü boyu öz həyatının bir hissəsini, bir gününü elə 

hey dönə-dönə, öz-özünə xatırlaması dözülməzdir. Çünki sizə danışmaq istədiyim 

bütün hadisə yaşadığım altmış yeddi ilin cəmisi iyirmi dörd saatı ərzində baş 

vermişdir. Mən dönə-dönə, az qala, şüurumu itirənəcən öz-özümü danlamışam; axı 

nə olsun ki, nə olsun ki, sən bütün ömrün boyu bir dəfə, yalnız bircə dəfə ağılsızlıq 

etmisən. Lakin mücərrəd ifadə ilə vicdan adlandırdığımız o şeydən asanlıqla yaxa 

qurtarmaq çətin imiş. Anrietin başına gələn qəza-qədər haqqında sizin elə sakitcə 

danışmağınızı görəndə mənə belə gəldi ki, bəlkə də, mən ömrümün həmin günündə 

baş verən hadisəni birinə açıb danışsam, keçmişim haqqında olan bütün bu ağılsız 

fikirlərim sona yetəcək, bu daimi vicdan əzabından, nəhayət, xilas olacağam. Mən 

ingilis məzhəbində deyil, katolik olsa idim, hər şeyi çoxdan ruhani ataya etiraf edib 

təskinlik tapardım, təəssüf ki, belə təskinlik bizə rəva görülməyib, ona görə də bu 




gün mən qəribə bir cəhd edirəm, çünki hadisəni sizə etiraf etməkdə nəsə sərbəstliyə 

yol verir və günah işləmiş oluram. Bilirəm, bunların hamısı çox qəribədir, ancaq 

siz tərəddüd etmədən mənim təkliflərimi qəbul etdiniz və bunun üçün də mən sizə 

minnətdaram. 

Hə, mən dedim ki, sizə həyatımın yalnız bir günü haqqında danışmaq istəyirəm. 

Qalan şeylərin hamısı, mənə belə gəlir ki, mənasız, eyni zamanda, cansıxıcı olardı. 

Qırx iki yaşıma qədər mənim həyatımda elə bir qeyri-adi şey olmamışdır. Mənim 

valideynlərim lendlordlar  idi. Bizim Şotlandiyada böyük fabriklərimiz, 

malikanəmiz vardı və yerli zadəgan ailələrinin hamısı kimi biz də ilin çox vaxtını 

öz torpaqlarımızda, qışı isə Londonda keçirərdik. On səkkiz yaşında ikən bir 

məclisdə gələcək ərimlə tanış olmuşdum, o, məşhur R.-lər ailəsinin ikinci oğlu idi, 

on il Hindistanda orduda xidmət etmişdi. Çox çəkmədi evləndik və bizi əhatə edən 

adamlar içərisində qayğısız həyat sürməyə başladıq: üç ay Londonda, üç ay öz 

yerimizdə qaldıq, qalan vaxtımızı İtaliyanı, İspaniyanı, Fransanı səyahətdə 

keçirdik. Ailə münasibətlərimizə cüzi də olsa bir xal düşməmişdi, iki oğlumuz 

oldu. İndi onlar böyük kişi olmuşlar. Qırx yaşım tamam olanda ərim qəflətən vəfat 

etdi. O, tropik ölkələrdə ciyər xəstəliyinə tutulmuşdu və ikicə həftə içərisində öldü. 

Böyük oğlum o zaman hərbi qulluqda idi, kiçiyi kollecdə oxuyurdu. Mən birdən-

birə uzun gecələri beləcə tək qaldım, bu yalqızlıq isə onunla keçirdiyim nəvazişkar 

birgə həyatdan sonra mənə dözülməz əzab idi. Hər bir əşyası yenicə ölmüş sevimli 

ərimi mənə xatırladan o bomboş otaqda bir gün də belə qalmağa səbrim, ürəyim 

gəlmirdi, buna görə də qərara gəldim ki, hələ ki, oğlanlarım evlənməyib, vaxtımı 

səyahətdə keçirim. 

Bu andan başlayaraq, bütün həyat mənim üçün tamamilə əhəmiyyətsiz, gərəksiz 

bir şeyə çevrildi. İyirmi iki il ərzində bütün fikrimi, bütün hisslərimi 

bölüşdürdüyüm ərim ölmüşdü, uşaqlarımın isə mənə ehtiyacları yox idi, özüm də 

qorxurdum ki, kədərimlə, dərdimlə onların gənclik nəşəsini pozam; məndə nə 

ümid, nə də həyat eşqi qalmışdı. Mən əvvəlcə Parisə getdim, orada könülsüz halda 

mağazaları, muzeyləri dolandım; lakin bütün şəhər, hər şey mənə yad idi, 

adamlardan isə qaçırdım, çünki qara paltarda gəzdiyimə görə onların dərdimə şərik 

baxışlarına dözə bilmirdim. Mən bu ayların necə məqsədsiz, avaraçılıqla keçdiyini 

təfərrüatı ilə danışa bilmərəm; bircə o yadımdadır ki, məndə ölməyə nəsə güclü bir 

meyil vardı, lakin bu şiddətli arzuma yetməyə cəsarətim çatmırdı. 



Matəmimin ikinci ili, qırx iki yaşında, vaxtımı necə düşsə keçirmək, əzabverici 

təklikdən bir az xilas olmaq üçün mart ayında gəlib Monte-Karloya çıxdım. 

Doğrusu, mən tənhalıqdan, ürəkbulandırıcı, üzücü mənəvi boşluqdan, ruhi 

yalqızlıqdan bezikmiş halda gəlib oraya çıxdım, heç olmasa, kiçik, əhəmiyyətsiz 

təəssüratla əylənmək istədim. Mənim ruhi süstlüyüm nə qədər güclənirdisə, bir o 

qədər də həyat çarxının sürətlə hərləndiyi yerlərə can atırdım: o yerlərə ki orada 

adamların heç bir dərd-qəmi yoxdur, özgəsinin ehtirası, gümrahlığı, teatr, yaxud 

musiqi kimi istər-istəməz adamda müəyyən dərəcədə ruh yüksəkliyi doğurur. 

Ona görə də mən tez-tez kazinoya gedirdim, qumar oynayanların sevincinə, 

pərtliyinə tamaşa etmək mənə xoş gəlirdi. Onların həyəcanları və təşvişləri məni də 

bürüyür, əzabverici qəm-qüssəmin, heç olmasa, bir hissəsini dağıdırdı. Axı mənim 

ərim peşəkar qumarbaz olmasa da, elə-belə, hərdənbir, yeri düşəndə həvəslə 

kazinoya gedərdi. Mən indi, ərimin vaxtı ilə oyun zamanı vərdiş etdiyi hərəkətləri 

qeyri-iradi bir pərəstişlə xəyalımda canlandırıb, ona sadiq qalmağa çalışırdım: hər 

hansı bir qumardan daha əyləncəli olan, mənim həyatıma uzun illərdən bəri qara 

kabus kimi daxil olan o iyirmi dörd saat bax belə günlərin birində baş verdi. 

Həmin gün mən öz qohumum hersoginya M. ilə şam etdim, yeməkdən sonra o 

qədər də yorulmadığımı hiss edib yatmadım. Durub kazinoya getdim, özüm 

oynamırdım, masalar arası ilə obaş-bubaşa gəzişir, xüsusi bir üsulla adamlara 

tamaşa edirdim. Mən “xüsusi üsul” dedim, bu üsulu mənə vaxtilə mərhum ərim 

öyrətmişdi. Mən bir dəfə bezikmiş halda şikayətlənmişdim ki, bu hər gün 

gördüyüm sifətləri dönə-dönə müşahidə etmək məni tamam zinhara gətirir: 

cəsarətə gəlib bir jeqon almaq üçün saatlarla burada əyləşmiş o qırışmış qarılarda, 

təsadüfi hallarda uduzan o peşəkar qumarbazlarda, özünü satan o küçə qızlarında, 

bu şübhəli, bu müxtəlif cildli camaatda, şəhvətli eşq macəralarında fleur 

d’elegance  kimi təsvir olunan bu Avropa kübar aləmində axı romantik, maraqlı nə 

var, nə? Həm də unutmaq lazım deyil ki, iyirmi il bundan əvvəl burada əsl qızılın 

bərq vurduğu, banknotların  xışıldadığı, qızıl napoleonların cingildədiyi, frank 

beşliklərinin taqqıldadığı zamanlar kazino daha cəzbedici bir yer idi, indi isə bura 

düşkünləşmiş turistlərin öz dəyərsiz jetonlarını təzə moda üzrə təmtəraqlı 

düzəldilmiş masaya həvəssiz-məqsədsiz tulladıqları oyunçuların yeknəsəq, laqeyd 

sifətləri məni az əyləndirirdi. Ancaq mənim ələ baxıb fal açmaqla maraqlanan ərim 

isə özünün xüsusi müşahidə etmək üsulunu mənə öyrətdi. Bu üsul doğrudan da 

oyunu, sadəcə olaraq, izləməkdən qat-qat maraqlı, heyrətləndirici və əyləncəli idi. 




Sən demə, üzlərə heç də tamaşa etmək lazım deyilmiş, yalnız masanın dörd 

küncünə, özü də oyunçuların düz əlinə, onların xüsusi davranışlarına baxmaq lazım 

imiş. 

Bilmirəm, ortasında diyircəyin sərxoşlar kimi otərəf-butərəfə yelləndiyi yaşıl 



masanın üstünə tamaşa etmişsinizmi, kvadratlara bölünmüş lövhənin üstündə 

kağız, qızıl, gümüş pulların necə də qum kimi ələnib yığıldığına baxmısınızmı? 

Görmüsünüzmü ki, qumarbaşı öz kürəyi ilə sərt bir hərəkətlə bütün uduşu necə də 

süpürüb qarşısına yığır, yaxud bir hissəsini bəxti gətirmiş oyunçuya tərəf necə 

itələyir? Belə bir gəlirli şəraitdə yaşıl masa dövrəsində canlı görünən yalnız əllərdir 

– çoxlu əllər, o ağ, o qıvraq, o sayıq əllər! Onlar, öz yuvasından atılmağa hazır olan 

vəhşi heyvanlar kimi, kostyumun qollarından boğazlarını uzadırlar, tamam başqa-

başqa görkəmdə, başqa-başqa çalarda. Bəzisi çılpaq, bəzisi bilərzik və üzüklü, 

cingildəyən zəncirli, bəziləri vəhşi heyvanlar kimi tüklü, bəziləri isə hədsiz 

səbirsizlikdən gərgin və əsəbi halda bir yerdə qərar tuta bilməyən əllər!  

İstər-istəməz mən qızmış atların, müəyyən edilmiş vaxtdan əvvəl irəli atılmaması 

üçün güclə dartılıb saxlandığı cıdır meydanını xatırladım: onlar da beləcə sakit 

dura bilmir, irəli sıçramağa can atır, ayaqları üstə şahə qalxırlar. Bu əllərdən hər 

şeyi ayırd etmək olar; onların necə dayanıb gözləməsindən,  necə 

qarmalamasından,  necə toxtayıb  səngiməsindən; hərisliyi qarmaq kimi əyilmiş 

barmaqlardan, bədxərcliyi laqeyd, soyuq hərəkətlərdən, qənətcilliyi  biləyinin 

təmkinli davranışından,  ümidsizliyi aramsız titrəyən barmaqlardan. Bu əl 

hərəkətlərində minlərcə əhvali-ruhiyyə, xasiyyət özünü ildırım sürətilə büruzə 

verir. Bu, əlinə pulu necə götürməkdə, onu gecə bürmələməkdə, didişdirməkdə, 

yaxud üzülüb taqətdən düşmüş halda barmaqlarını açıb oyunu ötürəcək, masanın 

üstünə qoymaqda özünü göstərir. İnsan oyun zamanı öz daxili hisslərini büruzə 

verir, bu məlum həqiqətdir, mən də bunu bilirəm, ancaq mən onu demək istəyirəm 

ki, insanın daxili hisslərini oyun zamanı onun öz əlləri daha aydın, daha aşkar 

büruzə verir. Çünki bütün, yaxud əksər oyunçular öz üzlərini idarə etməyi tez 

bacarırlar, onların ağ yaxalıqdan yuxarıda gəzdirdikləri yalnız soyuq impassibilite  

maskadır – onlar ağzın kənarlarında qırışları boğur, həyəcanı kilidlənmiş dişlərin 

arxasında gizlədir, gözlərin vahiməsini ört-basdır edir, üzün gərginləşmiş 

əzələlərinə sünilik verir, sifətinə saxta laqeydlik gətirir. Məhz onlar bütün 

bacarıqları ilə üzlərini idarə etməyə çalışdıqları üçün əllərini unudurlar, ona görə 

ki, bəzi adamlar onların əllərini müşahidə edərək dodaqlarındakı süni təbəssümlə, 




baxışlardakı saxta təmkinlə gizlətmək istədikləri hər şeyi açıq-aydın duyurlar. 

Buna baxmayaraq, əllər ən gizli sirləri çəkinmədən büruzə verir, çünki gözlənilən 

elə bir an gəlib çatır ki, gücdən düşüb, aramla sakitləşən barmaqlar diyircəyin 

deşiyə düşməsi, qumarbaşının nömrəni çağırması ilə yenidən oyanır, həmin an 

yüzlərcə əl istər-istəməz hər kəsin özünəməxsus instinktilə canfəşanlığa başlayır. 

Əgər ərimin şövq ilə mənə öyrətdiyi bu cür tamaşaları müşahidə etmək 

qabiliyyətinə tamamilə yiyələnsən, müxtəlif belə çoxcəhətli təzahürlər səni 

teatrdan, yaxud musiqidən daha çox cəzb edəcəkdir. Mən hətta oyunçuların 

əllərinin bu qədər müxtəlif olduğunu təsvir etməkdə acizlik çəkirəm. Bu barmaqlar 

vəhşi heyvanlar kimi qıllı, qarmaqvari, hörümçək ayaqları kimi sallaq, qızılı 

qarmalayan, möhkəm, əsəbi, titrək, bəyaz dırnaqlı, cəsarətə gəlib pula tərəf uzanan, 

alicənab və alçaq, kobud və qorxaq, hiyləgər və eyni zamanda qətiyyətsizdir, ancaq 

hərəsi bir cür hərəkət edir, çünki bu dörd-beş cüt əlin hər biri bir insan ifaçısıdır, 

yalnız qumarbaşılara məxsusdur. Bunlar əsl avtomatlardır, hesablayıcı maşının 

polad sürgüsü kimi işləyir və həmişə laqeyd və işgüzardır, ancaq, hətta bu ayıq-

sayıq əllər öz tamahkar, həris həmkarlarına nisbətən təzadlı şəkildə qeyri-adi təsir 

bağışlayır. Mən deyərdim ki, onları haray-həşir qoparan həyəcanlı qalmaqal 

içərisində özünü dartıb dayanmış mundirli polis işçilərinə bənzətmək daha uyğun 

olardı. 

Bu əlləri vərdişlərindən və adətlərindən tanımaq adama xüsusi ləzzət verirdi; iki-üç 

gündən sonra artıq onların arasında mənim xüsusi tanışlarım var idi. Mən də onları, 

insanları fərqləndirdiyimiz kimi, bir-birindən seçirdim: xoşagəlimləri bir, çirkinləri 

isə bir yerə. Bəzilərindən isə daim boş-boşuna vurnuxmasına, xəsisliyinə görə elə 

zəhləm gedirdi ki, baxan kimi nəzərlərimi, elə bil, iyrənc bir şeydən qoruyan kimi 

kənara çəkirdim. Masa üzərində görünən hər bir yeni əl məndə təzə bir təəssürat, 

çox vaxt təzə bir maraq oyadırdı; mən satqın barmaqları müşahidə edərkən 

smokinqin  kraxmallı yaxalığından, yaxud sinələrindəki parıltılı brilyantlardan bir 

az yuxarıda güclə işaran soyuq, kübar maskası taxmış üzlərə baxmağı belə 

unudurdum. 

Mən həmin axşam qumarxanaya girib, tamam tutulmuş iki iri masanın yanından 

keçərək üçüncüyə yanaşdım, bir neçə qızıl pul çıxarmışdım ki, birdən qulaqbatırıcı, 

o dəhşətli sakitlik içində düz qarşı tərəfimdə oynaqların   qırılmasına bənzər   

qəribə bir gurultu, şaqqıltı və xırıltı eşitdim. Qeyri-ixtiyarı olaraq həmin səmtə 

baxdım. Gördüm, həm də dəhşətə gəldim ki, indiyə qədər burada təsadüf 




etmədiyim iki əl – biri sağ, biri sol – quduzlaşmış vəhşi heyvanlar kimi qəribə 

şəkildə bir-birinə elə sarmaşmış, bir-birini elə qarmalamışdı ki, barmaqlar qozun 

sındırılmasına bənzər səslər çıxarır. Bu əllər nadir bir gözəlliyə malik idi, müstəsna 

dərəcədə uzun, qeyri-adi şəkildə nazik, ancaq möhkəm əzələli, həddən artıq ağ, 

barmaqların ucu sədəf kimi şəffaf, dırnaqlar isə solğun idi. Mən bu əllərə bütün 

gecəni tamaşa etdim: onlar özlərinin əvəzsiz görkəmi ilə məni heyrətə salmışdı, 

ancaq məni dəhşətə gətirən onların coşqunluğu, onların sərsəm və qızğın 

görkəmləri, qızğın təlaşla bir-birini sıxması, bir-birini qamarlaması idi. Mən o saat 

başa düşdüm ki, ehtirasla coşmuş insan bu ehtirası, bu coşqunluğu barmaqların 

ucuna axıdır ki, özünü onun dağıdıcı pəncəsindən xilas etsin. Elə bu vaxt diyircək 

quru taqqıltı ilə hərlənib dairəyə düşən kimi qumarbaşı nömrəni çağırdı, elə bu 

anda əllər, bir güllə ilə hər ikisi ölümcül yaralanmış heyvanlar kimi, sustalıb bir-

birindən aralandı. Onlar, sadəcə olaraq, yorğunluqdan deyil, doğrudan da, ölü kimi 

hərəsi bir yana düşdü: elə ümidsiz, elə həvəssiz, elə məyus görkəmdə sallandılar ki, 

mən bu görkəmi sözlərlə ifadə edə bilmirəm, çünki mən əvvəllər də, sonralar da, 

hər bir əzələsi belə dilə gələn, hər bir ehtirası fəryad qoparıb belə dil açan əllər heç 

vaxt görməmişəm. Bir anın içərisində onların hər ikisi dalğanın sahilə atdığı 

meduza kimi süst və hərəkətsiz halda yaşıl masanın üstünə düşdü. Sonra onlardan 

biri, sağ əl düz barmaqların ucunda yavaş-yavaş canlanmağa başladı: o titrədi, geri 

dartındı, bir müddət masanın üstündə otərəf-butərəfə vurnuxdu, sonra əsəbiliklə 

jetonların birini qarmalayıb, baş və şəhadət barmağı arasında kiçik bir təkər kimi 

diyirlətməyə başladı. Birdən pişik qıvraqlığı ilə pələngsayağı qısılıb sıçradı və yüz 

franklıq jetonu ortadakı qara meydançaya tulladı. Elə o saat da yuxuda mürgüləyən 

sol əl, xəbərdar edilibmiş kimi, səksənib ayıldı; başını qaldıraraq, özünü düzəltdi  

və jeton tullamaqdan  yorulub əldən düşmüş kimi titrəyən yoldaşına sarı süründü, 

hər ikisi də birgə sətəlcəm olmuş adamların dişlərinin şaqqıldamasına bənzər bir 

görkəmdə əsə-əsə və biləkləri ilə stola yüngülcə vura-vura yanaşı dayandılar. Yox, 

mən ömrüm boyu, heç bir vaxt əllərin o qızğın ehtirası, hərisliyi belə aydın şəkildə 

ifadə etməsini görməmişdim. Bu qövsvari otaqda hər şey, səslərin boğunuq 

uğultusu, qumarbaşıların ucadan bazardakı sayaq qışqırtısı, insanların və diyircəyin 

otərəf-butərəfə hərəkətləri, yuxarıdan atılan diyircəyin girdə, son dərəcə hamar 

qəfəsdə dəli kimi sıçrayıb düşməsi – bütün bu müxtəlif gözqamaşdırıcı təəssüratlar 

axını birdən-birə gözlərimdə, mənim heyranlıqla tamaşa etdiyim o əllərlə, o 

titrəyən, o boğulan, o intizar çəkən, səksəkəli, donuq, tərəddüdlü qəribə əllərlə 

müqayisədə ölü, quru bir şeyə çevrildi. Ancaq məndə dözməyə daha taqət 



qalmamışdı: mən bu ecazkar əllərin sahibini, onun üzünü görməli idim və qorxa-

qorxa, – çünki bu əllərin önündə dəhşətə gəlməyə bilmirdim! – nəzərlərimi o 

qolların üstü ilə sürüyüb ensiz çiyinlərə sarı apardım. Mən yenidən sarsıldım, çünki 

bu üz də, o əllər kimi, qarşısıalınmaz, ağlasığmaz dərəcədə gərgin ehtiraslı bir dillə 

danışırdı; əlləri kimi də zərif, qadın üzü kimi gözəl olan bu sifət həmin ehtirasların 

sarsıdıcı oyununu nümayiş etdirirdi. Heç bir vaxt mən belə çaşmış, belə tərzdə 

özünü itirmiş sifət görməmişdim və mənim tamam haqqım vardı ki, onu maska, 

yaxud gözsüz bir heykəl hesab edim, çünki bu üzdəki mat gözlər bir saniyə belə nə 

sağa, nə sola dönür, nə də bir şey görürdü: hərəkətsiz halda qara ölgün şüşə örtülü 

bəbək, sehrkar güzgülər kimi o tünd-qırmızı diyircəyin həvəslə dingildəyə-

dingildəyə fırlanıb öz girdə xanəsinə yumbalanmasını əks etdirirdi. Təkrar edirəm, 

mən heç bir vaxt belə gərginləşmiş, bu dərəcədə sarsılmış bir sifət görməmişdim. 

Bu ensiz, zərif, azacıq uzunsov və bununla da ifadəli sifət cavan bir oğlana, olsa-

olsa iyirmi beş yaşı olan bir şəxsə məxsus idi. Əllərində olduğu kimi, sifətində də 

kişilərə məxsus xüsusiyyətlər yox idi, bu qızğın oyunlara aludəçiliyə mübtəla 

olmuş bir gəncin surətini xatırladırdı, ancaq bütün bunları mən sonralar gördüm, 

çünki bu dəqiqə onun üz-gözündən hiddət yağırdı. Nazik dodaqları olan kiçik ağzı 

azacıq açılmışdı, dişləri görünürdü, hətta on addımlıqdan da onun dişlərinin, 

qızdırmalı adamların dişləri kimi necə şaqqıldadığını eşitmək olardı. Bir çəngə 

açıq-sarı saçı islanıb alnına yapışmışdı, hücuma keçirmiş kimi bütün bədənini 

qabağa əymişdi, burun dəliklərinin ətrafında nəsə arasıkəsilmədən səyriyirdi, elə 

bil, dərisinin altından kiçik dalğalar keçirdi. Onun bütünlüklə aşağı dikilmiş başı 

qeyri-iradi olaraq get-gedə irəli əyilirdi, adama elə gəlirdi ki, o, bu saat diyircəklə 

birlikdə fırlanacaqdır; yalnız indi mən başa düşdüm ki, onun əlləri niyə belə təlaşla 

bir-birinə bənd olmuşdu, məhz bu, yıxılmaqda olan bədəninin müvazinətini 

qoruyub saxlayırdı. 

Ömrümdə heç vaxt, heç bir zaman mən – bunu dönə-dönə deyirəm, – daxili 

ehtirası belə açıqca, belə çılpaq şəkildə, belə utanmazlıqla özündə büruzə verən 

ikinci bir sifət görməmişəm, fırlanan diyircəyin yerindən atılmasını və 

dinkildəməsini necə izləyirdisə, eləcə də mən onun sərsəmliyinə aludə və məftun 

olmuşdum. Bir anlığa belə gözümü ondan çəkə bilmirdim. Bu dəqiqə zalda mənim 

gözümə daha heç nə görünmürdü, hər şey mənə solğun, tutqun, dumanlı gəlirdi, 

qarşımdakı sifətin alovlu şöləsi ilə müqayisədə hər tərəf, elə bil, zülmətə qərq 

olmuşdu. Mən başqalarının burada olmasını unudub, bəlkə də, düz bir saat bu 




insana tamaşa etdim, onun hər bir hərəkətinə göz qoydum. Gözlərində parlaq bir 

şəfəq şölələndi, sıxılıb düyünlənmiş əlləri, elə bil, partlayışla bir-birindən aralandı, 

titrəyən barmaqları açgözlüklə irəli uzandı, qumarbaşı ona iyirmi ədəd qızıl pul 

uzatdı. Bu saniyələrdə onun rəngi birdən-birə duruldu və o saat cavanlaşdı: qırışları 

düzəldi, gözləri işıqlandı, çəng olmuş bədəni yüngüllüklə və sevinclə düzəldi, 

yəhərdə oturmuş çapar kimi o, dikəlib qələbəsindən qürrələnə-qürrələnə oturdu, 

barmaqları xüsusi bir gümrahlıqla və şövqlə girdə, cingiltili pulları seçib bir-bir 

ovcuna yığdı, onları əlində bir-birinə elə toxundurub oynatdı ki, pullar cingildəyib 

ahəngdar səslər çıxardı. Sonra o, yenə də narahatlıqla başını döndərib izaxtaran 

cavan ov iti kimi, qarşıdakı yaşıl masaya təlaşla bir nəzər saldı və birdən təkanla 

əlindəki pulları koması ilə kvadratların birinə atdı. Yenə də həmin üzücü diqqət, 

sayıqlıq, yenə də həmin gərginlik! Yenə də dodaqlardan burnuna tərəf narın, titrək 

dalğalar səyriyib axışdı, təlaşla əllər bir-birinə geyişdi, gəncin əvvəlki sifəti 

tamamilə yoxa çıxdı, o dözümsüz, tamah cizgilərinin altında görünməz oldu, bu 

cizgilər də elə həmin dəqiqə dəyişildi, yenə peşmançılıq, ümidsizliklə əvəz olundu: 

gənclik ehtirası ilə həyəcanlanmış sifəti soldu, avazıdı, saralıb qoca üzünə döndü, 

baxışlar tutqunlaşdı və onlardakı atəş tamam söndü. Bütün bunlar yalnız bircə 

anda, diyircək istənilən nömrəyə düşmədiyi anda oldu. O uduzdu: bir neçə saniyə 

keyimiş halda durub qarşısına baxdı, elə bil, heç nəyi anlaya bilmirdi, lakin 

qumarbaşının növbəti qamçılayıcı çağırışını eşidən kimi onun barmaqları cəld 

hərəkətə gəlib, bir neçə qızıl puldan yapışdı. Amma artıq inamını itirmişdi, o, 

pulları əvvəlcə bir tərəfə, sonra nə düşündüsə, götürüb başqa bir tərəfə tulladı və 

diyircək hərəkətə gələn kimi qeyri-iradi olaraq cəld titrəyən əlləri ilə daha iki 

əzilmiş kağız pulu əvvəlki yerinə atdı. 

Gah uğurlu, gah uğursuz qurtaran bu udub-uduzma səhnə fasiləsiz olaraq düz bir 

saat davam etdi və bu saat ərzində mən nəfəsimi dərmədən, bir an da olsun 

nəzərlərimi aramsız olaraq dəyişilən, bütün daxili ehtirasların qaynayıb, coşub 

daşdığı bu sifətdən yayındırmır, gözlərimi bu ovsunlu barmaqlardan, hər kiçik 

əzələsi qalxıb-enən bu əllərdən çəkə bilmirdim. Heç bir teatrda mən aktyorların 

üzünə, aramsız olaraq dəyişilən bu sifətə baxdığım kimi, belə gərgin tamaşa 

etməmişdim. Mən heç bir vaxt özgəsində həyəcan doğuran belə bir oyuna 

düşməmişdim. Əgər məni bu dəqiqələrdə müşahidə etsəydilər, onda mənim o 

zillənmiş, donuq, gərgin nəzərlərimi hipnoz təsirinə düşmüş hesab edərdilər, 

doğrudan da, mənim vəziyyətim elə idi ki, elə bil, sehrlənmiş halda donub 




qalmışdım – mən bundan nəzərlərimi ayıra bilmirdim və salondakı hər şey – bir-

birinə qarışmış işıqlar, qəhqəhələr, adamlar, baxışlar məni dumanlı şəkildə, 

formasız sarı tüstü topası kimi əhatə etmişdi, bunların içərisində mənim gözlərimə 

yalnız onun alovlu sifəti görünürdü – odlar içərisində parlaq bir alov! Mən heç nə 

eşitmirdim, heç nə hiss etmirdim, ətrafımdakı adamların necə çoxaldığını, necə 

sıxlaşdığını görmürdüm, başqa əllərin isə ilbiz buynuzu kimi pulu necə 

axtarmasını, yaxud ortalığa bir təkanla necə tullamasını və pulları necə 

qamarlamasını görmürdüm: nə diyircəyi görür, nə də qumarbaşının səsini 

eşidirdim, eyni zamanda hər şeyi, nə baş verdiyini, əşyanın əksinin qabarıq 

güzgüdə böyüdüldüyü kimi, hiss və həyəcanın şiddəti nəticəsində bu əllər də, 

sanki, yuxuda qəribə böyüdülmüş bir şəkildə görürdüm. Belə ki, mənim ruletkaya 

baxmağıma heç bir ehtiyac qalmırdı: diyircəyin qara, yaxud qırmızı xanaya 

düşməsi, onun fırlanması, dayanması, bu proses – uduzma və udma, intizar və 

peşmançılıq ehtirasla çulğalanmış bu sifətin hərəkət və mimikasında özünü 

görünməmiş bir qüvvə ilə büruzə verirdi. 

Lakin, sonra elə bir qorxulu an gəlib çatdı ki, bu an haqqında mən həmişə qəlbimin 

dərinliklərində qorxunc bir vahimə ilə düşünürdüm, bu an yaxınlaşmaqda olan 

fırtına kimi məni qərq etməyə hazırlaşırdı və nəhayət, gərilmiş əsəblərimi 

döyəclədi. Yenə də diyircək cingilti ilə xanaya yumbalandı, yenə də ani sakitlik 

yarandı, yüzlərcə insan nəfəsini çəkib gözlədi; «Sıfır!» – qumarbaşı elan etdi və o 

saat da cingiltili və şax-şax pullar hər tərəfdən sürətlə qalaqlandı. Elə o dəqiqə də 

bir-birinə möhkəm sıxılmış əllər təsvirəgəlməz dərəcədə dəhşətli hərəkətlər 

eləməyə başladılar; sanki, bu əllər ətrafda olmayan nəyisə qamarlamaq üçün 

atıldılar və nəhayət, boşa çıxdıqda üzgün və ümidsiz halda stolun üstünə sərildilər. 

Sonra onlar birdən-birə, sanki, yenidən cana gəldilər, qızdırmalı kimi stolun 

üstündən sürüşüb geri çəkildilər və vəhşi pişiklər kimi bədənin hər yerinə – yuxarı, 

aşağı, sağa, sola dırmaşmağa, qızğınlıqla cibləri qurdalamağa, söküb tökməyə 

başladılar ki, bəlkə, yaddan çıxmış bir-iki qəpik-quruş haradasa gizlənib qalıb. Hər 

dəfə də bu əllər geriyə bomboş qayıdırdı, lakin bu mənasız, bu əhəmiyyətsiz 

axtarışlar yeni qüvvə və qızğınlıqla təkrar olunurdu, ruletka isə yenidən fırlanır, 

başqalarının oyunu davam edirdi, qızıl pullar cingildəyir, stullar tərpənir və 

minlərlə pıçıltılı hay-küy vızıltı kimi zalı başına götürürdü. Mən dəhşətdən 

sarsılmış halda titrəyirdim. Mən bütün bunları, o əlləri elə aydın şəkildə duyurdum 

ki, sanki, naümid halda əzilmiş ciblərin qırışlarında, heç olmazsa bir qəpik 




tapmağa can atan o barmaqlar mənim öz barmaqlarım idi. Birdən qarşımdakı bu 

şəxs bir təkanla yuxarı atıldı, sanki, gözlənilmədən halı pisləşmiş, bu saat 

boğulacaq adamlar kimi, sərt hərəkətlə sıçrayıb ayağa qalxdı; oturduğu stul gurultu 

ilə döşəməyə aşdı. Lakin özü də bunu hiss etmədən qorxdu və təəccüb içərisində 

ona yol verən ətrafdakı adamları görmədən səndirləyə-səndirləyə stoldan 

uzaqlaşdı. 

Bütün bunları müşahidə edə-edə mən, sanki, daşa dönmüşdüm. Mən o saat başa 

düşdüm ki, bu adam ölümə gedir! Belə ayağa qalxan bir şəxs mehmanxanaya, 

restorana, qadın yanına, dəmiryol stansiyasına, bir bəni-insan yanına deyil, 

bilavasitə özünü uçurumdan atmağa gedər. Hətta bu cəhənnəmdəki ən daşürəkli, 

duyğusuz qumarbazlar da hiss etməlidirlər ki, bu adamın nə evində, nə bankda, nə 

qohumlarında heç bir yatırı yoxdur, ancaq axırıncı pulu və həyatda artıqlıq edən 

canı ilə burada oturmuşdu, indi də harada isə onu bada verməyə gedirdi. 

Mən həmişə məhz bundan qorxurdum, elə bil, ilk baxışdan sövq-təbii olaraq başa 

düşmüşdüm ki, bu oyunda udmaq və yaxud uduzmaqdan daha vacib bir məsələ 

həll olunur, bu, belə də oldu, onun gözlərində həyatın birdən-birə əriyib yoxa 

çıxdığını, bir az bundan əvvəl canlı olan sifətini solğun ölüm pərdəsi bürüdüyünü 

görcək, elə bil, məni müdhiş bir ildırım vurdu. Onun mənalı hərəkətləri mənə o 

qədər möhkəm təsir etmişdi ki, o, yerindən qopub səndirləyə-səndirləyə bayıra 

çıxmaq istərkən mən qeyri-iradi olaraq qarşımdakı masanı qarmaladım, çünki mən 

bu ana qədər onun oyun zamanı keçirdiyi həyəcanları bütün qəlbim, sinirlərim 

vasitəsilə necə duymuşdumsa, bu səndirləmənin mənasını da eləcə bütün 

varlığımla başa düşdüm. Elə bil, məni nəsə çəkirdi, mən onun dalısınca getməyə 

bilmirdim: ayaqlarım gedir, bədənimi sürükləyib aparırdı. Bütün bunlar tamamilə 

şüursuz şəkildə baş verirdi, mən nə etdiyimi bilmirdim, elə bil, məni buna vadar 

edirdilər, odur ki, ətrafımdakılara da məhəl qoymadan, öz şəxsiyyətimi belə 

düşünmədən koridor boyu bayır qapıya tərəf götürüldüm. 

O, paltar asılqanının yanında dayanmışdı. Xidmətçi paltosunu gətirdi. Lakin 

taqətsiz əlləri daha onun iradəsinə tabe olmurdu. Xidmətçi, şikəst bir adam olduğu 

kimi, qayğı ilə ona qollarını geyməkdə kömək etdi. Mən onun mexaniki olaraq 

qulluqçuya hörmət etmək məqsədi ilə əlini jiletinin cibinə necə saldığını, lakin bu 

boş cibdən heç nə çıxara bilmədiyini gördüm. Birdən, elə bil ki, o, hər şeyi yenidən 

xatırladı, xidmətçiyə pərt halda nəsə bir söz mızıldandı, yenə də əvvəlki kimi 



yerindən qopub irəli atıldı və sərxoş adamlar kimi, xidmətçinin əvvəl həqarətli, 

sonra isə hər şeyi anlayaraq təbəssümlü baxışları altında qumarxananın pillələri ilə 

ağır-ağır aşağı düşməyə başladı. 

Bütün bu hərəkətlər elə iyrənc idi ki, onu izlədiyimə görə xəcalət çəkdim. Mən 

üzümü qeyri-iradi olaraq yana çevirdim, özünü teatrda başqasının iztirabına 

kənardan həyəcanla tamaşa edərkən utandığım kimi göstərməyə çalışdım, lakin 

həmin o anlaşılmaz qorxu məni yenidən hərəkətə gətirdi. Mən daha heç nə 

düşünmədən tələsik paltarımı xidmətçidən aldım və qeyri-iradi bu yad adamın 

dalınca qaranlığa getdim. 

Missis K. bir anlığa hekayətini kəsdi. O, bu müddətdə qarşımda əyləşib, bütün bu 

hadisələri, elə bil, əvvəlcədən dönə-dönə götür-qoy edib, qayğıkeşliklə 

sistemləşdiribmiş kimi, özünəməxsus təmkinlə, təfsilatı ilə fasiləsiz olaraq danışdı. 

İndi, o tərəddüdlə dayanıb birdən hekayətini kəsdi və mənə baxdı. Narahat halda 

dilləndi: 

– Mən sizə və özümə də söz vermişəm ki, hər şeyi açıq, mümkün qədər olduğu 

kimi danışım. Sizdən xahiş edirəm ki, mənim bu etirafıma tamamilə inanasınız, 

hərəkətlərimdə qaranlıq, gizli eyhamlar axtarmayasınız, əgər onlar olsaydı, mən bu 

gün utanmadan, çəkinmədən hər şeyi danışardım. Mən yenə də təkrar edirəm ki, 

əgər mən bu ümidsiz oyunçunun dalısınca küçəyə qaçırdımsa, bu heç də mənim 

ona vurulduğum demək deyildi, mən hətta onun kişi olduğunu belə düşünmürdüm, 

doğrudan da, mənə, o zaman qırx yaşı olan bir qadına, ərim öləndən sonra heç bir 

kişi baxışı təsir eləməmişdi. Belə hiss mənim üçün artıq yox kimi idi. Mən bunu 

sizə müfəssəl söyləməliyəm, əks təqdirdə, siz sonra baş verəcək hadisənin 

dəhşətini bütünlüklə təsəvvür edə bilməzsiniz. Doğrudur, mən o vaxt bu bədbəxt 

biçarənin dalısınca sürüklənən qüvvətli daxili hissimin mənasını düzgün 

müəyyənləşdirə bilmirdim, burada bir maraq da, dəhşətli bir qorxu da var idi və 

yaxud qara bulud kimi bu gəncin başının üstünü alan o anlaşılmaz fəlakətdən 

doğan qorxu idi. Belə hissi xırdalamaq, götür-qoy etmək olmur, hər şeydən əvvəl 

ona görə ki, bu hiss səni birdən-birə görünməmiş bir qüvvə ilə əsir edir – yəqin ki, 

mənim bu cəhdim, sadəcə olaraq, kömək etmək arzumdan doğan instinktdən başqa 

bir şey deyildi,  bax bu cür bir instinktlə adam küçədə avtomobil altına düşəcək 

uşağı geri çəkmək üçün özünü irəli atar. Yaxud boğulanı xilas etmək üçün üzmək 

bilməyən bir adamın körpüdən özünü suya atmasını izah etmək olarmı? Bu hisslər 



qarşısıalınmaz dərəcədə güclü olur. Bu güc onlara etmək istədiyi cəsur hərəkətin 

nə qədər ağılsız və təhlükəli olduğunu düşünməyə, götür-qoy etməyə imkan 

vermədən onları uçuruma itələyir; eynilə mən də düşünmədən, şüurlu götür-qoy 

etmədən o bədbəxt gəncin dalısınca oyun zalından vestibülə, oradan da 

qumarxananın həyətinə çıxdım. 

Mən əminəm ki, siz də, hər hansı həssas qəlbli bir adam da o saat bu qorxulu 

marağın əsiri olardınız, çünki sərxoş kimi yavaş-yavaş, səndirləyə-səndirləyə, qoca 

kişilər kimi pillələrdən ayaqlarını sürüyə-sürüyə düşüb küçənin səkisinə çıxan, ən 

çoxu iyirmi dörd yaşı olan bu gəncin görkəmindən dəhşətli bir şey təsəvvür etmək 

mümkün deyildi. O, aşağı enib bədənini skamyaya kisə kimi saldı. Mən yenə 

sarsıldım, bu dəfə aydın gördüm ki, bu adam üçün həyat bitmişdir. Həyatdan əli 

tamam üzülmüş, yaxud tamam ölmüş adamlar torpağa eynən bu cür yıxılırlar. Bu 

zaman buradan ötən olsaydı, başı geriyə, belinə sarı qanrılmış, əlləri ölgünləşmiş 

şəkildə yerə tərəf sallanmış bu zavallını fənərin zəif və titrək işığında gicgahına 

güllə sıxılmış bir adam hesab edərdi. Bax, bilmirəm fikrimi necə ifadə edim, 

bilmirəm necə oldu ki, bu qorxunc xəyal birdən-birə peyda olub, məni labüd 

surətdə bürüdü, o, mənim gözümə bu an intihar etmiş şəkildə göründü, mən artıq 

möhkəm əmin idim ki, onun cibində tapança vardır, sabah ya bu, ya da başqa 

skamyada qanına qəltan olmuş bu gəncin cəsədini tapacaqlar, çünki onun 

skamyanın üstünə yıxılan bədəni birdən uçurumdan başaşağı yuvarlanaraq, dərənin 

dibinə çatıncaya qədər dayanmadan bir qaya parçasından heç nə ilə fərqlənmirdi: 

mən heç bir zaman təsəvvür etməzdim ki, bədənin bir hərəkəti ilə ümidsizliyi və 

əzginliyi belə dolğun ifadə etmək olar. 

İndi siz mənim vəziyyətimi təsəvvür edin. Bu bədbəxt gəncin hərəkətsiz halda 

üstünə sərildiyi skamyanın iyirmi, otuz addımlığında dayanıb, bilmirdim nə edim; 

bir tərəfdən kömək etməyə vadar edən şiddətli meyil, digər tərəfdən küçədə yad 

kişi ilə danışmağı qəbahət hesab edən bizə aşılanmış o əxlaq qanunları! Qaz 

fənərləri üzünü qara buludlar almış havada işarır, hərdənbir buradan ötüb-keçənləri 

işıqlandırırdı; gecə yarısına az qalırdı və mən, demək olar ki, küçədə bu qara kölgə 

ilə tək qalmışdım. Beş, on dəfə mən ona yaxınlaşmaq üçün cəsarətə gəldim, amma 

hər dəfə də məni həya və yaxud, bəlkə də, sirli bir qorxu tutub saxladı; axı suda 

batmaqda olan bir şəxs ona kömək etmək istəyən adamı da özüylə batırmağa 

hazırdır, buna görə də mən tərəddüdlər içində hey öz-özümə etiraf edirdim ki, çox 

ağılsız, çox gülünc bir vəziyyətə düşmüşəm! Ancaq mən nə bir söz danışa bilir, nə 




də çıxıb gedə bilir, nə bir tədbir görə bilir, nə də onu tərk edirdim. Ümidvaram ki, 

sizə desəm inanarsınız ki, mən, bəlkə də, düz bir saat, – o bitməz-tükənməz saat ki, 

elə bil, gözəgörünməz dənizdir, orada minlərlə, on minlərlə kiçik dalğalar üzürdü, 

– bu bir saat ərzində mən bir insanın məhvi qarşısında sarsılmaz və həm də hipnoz 

vəziyyətdə səkidə o tərəf-bu tərəfə gəzdim, müəyyən bir qərara gələ bilmədim. 

Lakin, həqiqətən, mənim bir şey deməyə, yaxud nəsə bir şey etməyə cəsarətim 

qalmamışdı, gecə yarısına kimi beləcə dayanıb gözləyə bilərdim və yaxud, nəhayət 

ki, qəlbimin ağıllı çağırışına itaət edib evə gedərdim. Bəli, deyəsən, mən artıq bu 

başıbəlalı qumarbazı köməksiz halda belə uzalı qoyub getmək qərarına da 

gəlmişdim, lakin elə bu zaman təbii bir qüvvə mənim qətiyyətsizliyimə son qoydu. 

Daha doğrusu, yağış yağmağa başladı. Axşamdan bəri külək, dənizdən qatı sulu 

bahar buludlarını sürükləyib şəhərin üzərinə yığmışdı, hava cansıxıcı bir hala 

düşmüşdü. Adama elə gəlirdi ki, səma yerə tərəf sıxılmaqda davam edir, birdən 

tək-tək iri yağış damcıları yerə dəyib şappıldadı, az sonra külək sulu yağış selini 

ardı-arası kəsilmədən ətrafa səpələdi. İslanmamaq üçün mən istər-istəməz özümü 

yaxınlıqdakı köşkün talvarı altına saldım, o saat çətrimi açsam da yenə şiddətli 

yağış ətrafdan sıçrayaraq paltarımı isladırdı. Damcılar özünü qeyzlə yerə çırpıb 

dağılır, soyuq dənəciklər əllərimə və üzümə çilənirdi. 

Lakin bu, o qədər dəhşətli idi ki, artıq iyirmi ildən çox bir müddət keçməsinə 

baxmayaraq, indi də yadıma düşəndə qəhərlənirəm, zavallı biçarə bu sel-su altında 

yenə də hərəkətsiz halda skamyada qalıb tərpənmirdi. Bütün navalçalardan su 

şırıldayır, şəhərdən miniklərin sürətlə ötüb-keçən gurultusu eşidilir, sağdan, soldan 

yaxalıqlarını qaldırmış qara kölgələr görünüb yoxa çıxır, bütün canlılar gizlənməyə 

çalışır, yüyürür, qorunur, münasib bir sığınacaq axtarırdı: insanlar da, heyvanlar da 

bu təbiət hadisəsi qarşısında vahiməyə düşmüşdü. Ancaq təkcə skamya üstündəki 

bu qara insan yumağı nə hərəkətə gəlir, nə də bir qurcalanırdı. Mən sizə 

qabaqcadan dedim ki, bu adam öz hərəkətləri və tərpənişi ilə hisslərini ecazkar bir 

şəkildə düzgün ifadə edə bilirdi; amma yer üzündə heç bir varlıq, heç nə bütün bu 

ümidsizliyi, bu dirikən ölülüyü belə dəhşətli şəkildə ifa edə bilməzdi; bu hərəkətsiz 

sükunət, bu hissiz, tərpənişsiz oturuş, çılğın yağışdan daldalanmaq üçün ayağa 

qalxıb iki-üç addım atmağa belə iqtidarsızlıq, öz varlığına belə dönük, belə laqeyd 

münasibət, özünə qarşı belə sonsuz etinasızlıq! Heç bir heykəltəraş, heç bir şair: nə 

Mikelancelo, nə Dante güclü yağış altında qalıb, ondan xilas olmaq üçün cüzi cəhd 

etməyə belə taqəti qalmamış, yorulub tamam haldan düşmüş bu canlı kimi mənə 




ümidsizliyin son həddini, yer üzündəki əzabın son dəhşətini bu cür güclü, bu cür 

qabarıq şəkildə hiss etdirə, duydura bilməzdi. 

Bu hal məni yerimdən oynatdı, başqa cür də edə bilməzdim. Mən cəld irəli atılıb, 

aramsız şırıldayan soyuq yağış altında özümü ona çatdırdım: «Durun!» – deyə 

skamya üstündə yumağa dönmüş bu insanın qolundan yapışıb silkələdim. Onun 

sönük nəzərlərində nəsə, elə bil, hərəkətə gəldi: əllərini zəif-zəif tərpədib qalxmaq 

istədi, amma məni, deyəsən, anlamadı. «Durun!» – deyə mən onun yaş qolundan 

bir qədər hirslə və güclə dartdım. Bu zaman o ağır-ağır, nəsə könülsüz bir halda 

skamyadan qalxıb soruşdu: «Nə istəyirsiniz?» Mənim isə cavab verməyə bir sözüm 

yox idi, axı heç özüm də bilmirdim ki, onu haraya aparmaq lazımdır: bircə buradan 

uzaqlaşmaq, bu soyuq sel-sudan, bu ağılsız, bu dərin ümidsizliyin intihar 

pəncəsindən xilas olmaq lazımdı. Mən onun qolunu buraxmırdım, hissiz cəsədini 

köşkə tərəf dartıb aparırdım, heç olmasa, damın irəliyə çıxmış ensiz talvarı bizi bu 

quduz küləkdən və yağışdan azacıq da olsa qoruyardı. Mən, bundan savayı, daha 

heç nə haqqında düşünmürdüm. Bircə bu adamı talvar altına, quru bir yerə sürüyüb 

salmaq istəyirdim. Mənim daha bundan başqa müəyyən bir fikrim, məqsədim yox 

idi. 

Nəhayət, biz bu ensiz, quru yerdə yanaşı dayandıq, arxamızda bağlı köşk divarı, 



başımız üzərində isə çox kiçik bir talvar vardı, sakitləşmək bilməyən sel-su soyuq 

damcılarla üz-gözümüzü, paltarımızı tamam islatmışdı. Vəziyyət get-gedə 

dözülməz bir şəklə düşürdü. Mən suyu süzülən bu yad adamla nə vaxtadək qoşa 

dayanacaqdım? Digər tərəfdən, onu dartıb buraya salandan sonra heç nə demədən 

necə çıxıb gedə bilərdim? Nəsə olmalıydı və mən də bu olacaq hadisəni fikrimdə 

tədricən aydınlaşdırmağa çalışırdım: «Yaxşı olar ki, – mən öz-özümə düşündüm, – 

onu miniklə evinə aparım, sonra isə otelə qayıdım; sabah, yəqin ki, o özü müəyyən 

bir çıxış yolu tapar». Bu məqsədlə də yanımda hərəkətsiz dayanıb, gözlərini 

qaranlığa zilləmiş bu adamdan soruşdum: 

– Harada olursunuz? 

– Mənim mənzilim yoxdur... Mən elə bu axşam Nitsadan gəlmişəm... Mənim 

yanıma getmək olmaz. 

Axırıncı sözləri mən o saat başa düşmədim. Yalnız sonra mənə aydın oldu ki, o, 

məni... məni yüngül əxlaqlı bir qadın... axşamları sərxoş bir kişidən, yaxud 




qumarda bəxti gətirmiş bir oyunçudan bir qədər pul qoparmaq niyyəti ilə dəstə ilə 

qumarxananın həndəvərində dolaşan qadınlardan biri hesab edirmiş. Axı o, heç 

başqa cür də düşünə bilməzdi, çünki mən yalnız indi, hər şeyi sizə danışdığım bir 

zamanda öz vəziyyətimin ağlasığmazlığı, əfsanəviliyini dərk edirəm: mənim 

haqqımda başqa daha nə düşünə bilərdi, doğrudan da, təklif olunmadan onu 

skamyadan qaldırıb darta-darta ardımca aparmağım heç də əxlaqlı bir qadın 

hərəkətinə bənzəmirdi. Ancaq o zaman mən bu barədə düşünməmişdim, yalnız 

sonralar, çox-çox sonralar onun mənim şəxsiyyətim haqqında olan o yanlış, o 

müdhiş fikrinin mənasını dərk etdim. Yoxsa, mən söhbətimizin anlaşılmazlığını 

daha da gücləndirən sonrakı sözləri heç söyləməzdim. Mən dedim: 

– Onda otellərin birində otaq tutmaq lazımdır. Siz burada qala bilməzsiniz. Siz bir 

sığınacaq tapmalısınız. 

Bax yalnız indi mən onun o dəhşətli yanlış fikrini anladım, çünki o, heç mənə sarı 

çevrilmədən istehzalı bir tərzdə: 

– Yox, – dedi, – mənə otaq gərək deyil, mənə, ümumiyyətlə, heç nə lazım deyil, 

əbəs yerə özünü əziyyətə salma, məndən heç nə çəkə bilməyəcəksən. Sən 

axtardığın adam mən deyiləm, mənim pulum-zadım yoxdur. 

Bu sözlər elə dəhşətlə, elə sarsıdıcı bir etinasızlıqla deyildi ki, eyni zamanda, belə 

islanmış bütün mənəviyyatı ilə üzülmüş bu adamın belə ölgün, belə halsız bir 

vəziyyətdə divara söykənib dayanması mənə o dərəcədə təsir etdi ki, çürükçülük 

edib, ondan inciməyimə heç bir lüzum qalmadı. Onun salondan səndirləyə-

səndirləyə çıxdığı andan məni əsir edən və bütün bu ağlasığmaz dərəcədə cəfəng 

bir saat ərzində qəlbimi rahat buraxmayan həmin hiss yenidən məni bürüdü: burada 

bir insan, bir gənc, canlı, nəfəsli bir məxluq ölümlə üz-üzə dayanmışdı, onu 

ölümün pəncəsindən mən xilas etməliydim, yalnız mən! Yaxın gəldim. 

– Puldan yana narahat olmayın, gedək! Burada qala bilməzsiniz, mən sizi 

yerləşdirərəm. Heç bir şey haqqında narahat olmayın, ancaq, tez olun, gedək! 

O, başını çevirdi, yağış hələ də ətrafı döyəcləyirdi, navalçadan şırıltı ilə su axıb  

ayaqlarımıza sıçrayırdı. Mən bu zaman hiss etdim ki, o, ilk dəfə qaranlıqda mənim 

üzümü görməyə cəhd edir. O qurcalandı, görünür, artıq bədəni də letargiya  

yuxusundan yavaş-yavaş oyanmağa başladı. 



– Neyləyim, necə istəyirsən? – o, tabe olaraq cavab verdi. – Mənim üçün fərqi 

yoxdur... Yaxşı, niyə də axı getməyək? Gəlin!  

Mən çətri açdım, o, mənə yaxınlaşdı və qoluma girdi. Bu gözlənilməz yaxınlıq 

məni narahat etdi, hətta qorxutdu da. Ürəyim şiddətlə döyünməyə başladı. Onun 

qolunu kənar etməyə cəsarətim çatmadı, axı onu rədd etsəydim, o məhv ola bilərdi 

və mənim bura qədərki əziyyətim heçə gedərdi. Biz qumarxanadan bir neçə addım 

uzaqlaşdıq. Yalnız burada ağlıma gəldi ki, bəs sonrası necə olacaq? “Yaxşı olar ki, 

– tələsik düşündüm, – onu hər hansı bir otelə aparım, orada ovcuna pul basım ki, 

gecələsin və səhər evlərinə gedə bilsin…” Sonrası barədə mən heç düşünməzdim 

də. Elə bu zaman kazinonun qarşısından tez-tez ötüb-keçən faytonlardan birini 

saxladım, biz əyləşdik. Faytonçu soruşanda ki, hara sürüm, mən əvvəlcə cavab 

verə bilmədim. Mən başa düşürdüm ki, bu suda islanmış cücəyə oxşayan adamı 

bahalı otellərə qəbul etməzlər, digər tərəfdən də, belə işlərdə o qədər təcrübəsizdim 

ki, sözlərimin başqa bir məna verəcəyini düşünməyib faytonçuya: «Ucuz 

otellərdən birinə!» – dedim. 

Faytonçu dinməzcə və laqeyd halda atları qovurdu. Yanımdakı bu yad adam heç 

dinmirdi: təkərlər taqqıldayır, yağış şiddətlə şüşəni döyəcləyirdi; bu, tabuta 

bənzəyən qanlı, qaranlıq, darısqal, dördkünc qutuda elə narahat idim ki, sanki, 

özümlə bir meyit aparırdım. Çalışırdım ki, bu cansıxıcı sakitliyi pozmaq, bu qəribə 

və dəhşətli şəxsi dilə gətirmək üçün nəsə düşünüm, hər hansı bir söz tapım, lakin 

heç nə ağlıma gəlmirdi. Bir neçə dəqiqədən sonra fayton dayandı, mən birinci 

olaraq düşdüm. O, key halda, aşağı enib qapını örtüncə, mən faytonçunun pulunu 

verdim. Biz kiçik, mənə tanış olmayan bir mehmanxananın girəcəyində dayandıq, 

ensiz şüşə talvar bizi qəzəbli bir inadkeşliklə qatı zülməti didib-parçalayan 

yağışdan qoruyurdu. 

Heydən düşmüş bu yad adam ağır gövdəsini qeyri-iradi olaraq divara söykədi, 

onun islanmış şlyapasından və əzilmiş köynəyindən hələ də su süzülürdü. Çaydan 

dartıb çıxarılmış və hələ özünə gəlməmiş adamlar kimi orada dayanıb qalmışdı, 

üstündən damcılayan su ayağının yanından axıb aşağıda gölməçələnirdi. Ancaq o, 

suyu alnına, üzünə damcılayan şlyapasını çıxarıb çırpmağa, yaxud bir tərəfə 

atmağa belə cəhd etmirdi. O elə dayanmışdı ki, elə bil, bütün bunların onun üçün 

heç bir fərqi yox idi. Onun belə acınacaqlı görkəminin mənə necə təsir etdiyini sizə 

danışa, izah edə bilmirəm. 



Lakin yenə bir şey etmək lazım idi. Mən əlimi pul kisəsinə saldım: 

– Budur, alın, yüz frankdır, – deyə tələsik dilləndim, – götürün, bu pula bir otaq 

tutun, səhər isə Nitsaya yola düşərsiniz. 

O, təəccüblə üzümə baxdı. Onun tərəddüd etdiyini görüb sözümə davam etdim: 

– Mən sizi qumarxanada müşahidə edirdim, bilirəm ki, siz nəyiniz varsa, 

uduzmuşsunuz. Sizdən qorxuram, deyəsən, ağılsız bir hərəkət etmək qərarına 

gəlmişsiniz. İrəli uzanmış kömək əlini utanmadan qəbul edərlər... Buyurun, 

götürün! 

Ancaq o, mənim əlimi gözləmədiyim bir qüvvə ilə geri itələdi: 

– Sən çox səxavətli qadınsanmış, – deyə o mızıldandı, – lakin bədxərclik eləmə, 

mənə artıq heç nə ilə kömək edə bilməzsən. Bu gecəni yatdım-yatmadım – heç bir 

fərqi yoxdur. Sabah onsuz da hər şey bitəcək. Mənə kömək etmək mənasızdır. 

– Yox, siz bunu götürməlisiniz! – deyə təkid etdim. – Səhər siz başqa cür 

düşünəcəksiniz. Hələlik siz bircə yuxarı qalxın, yaxşıca-yaxşıca yatıb dincəlin. 

Gündüz hər şey dəyişiləcək, bax görərsiniz. 

Lakin mən yenidən təkid edəndə o, yenə də irəli uzadılmış əlimi qəzəblə geri 

itələdi. 

– Çək o tərəfə! – deyə o, yenə də boğunuq bir səslə dilləndi. – Axı nə mənası?! 

Başqasının otağını qana bulaşdırmaqdansa, hər şey küçədə baş versə, daha yaxşı 

olar. Mənə yüz frankla yox, heç min frankla da kömək edə bilməzsiniz. Mən, 

onsuz da, sabah bu puldan qalan qəpik-quruşla yenə də qumarxanaya gedəcək, son 

qəpiyimi uduzana kimi oynamağımdan əl çəkməyəcəyəm. Axı hər şeyi yenidən 

başlamağın nə xeyri? Mənimki elə bura qədərdir, bəsdir daha! 

Bu tutqun səsin mənim ruhumu necə xəncərlədiyini siz təsəvvür edə bilməzsiniz; 

bir təsəvvür edin: Sizin iki addımlığınızda cavan, gözəl bir insan dayanıb, o, indi 

nəfəs alır, yaşayır, siz də yaxşı bilirsiniz ki, əgər bu saat bütün qüvvə və 

bacarığınızı səfərbər etməsəniz, bu düşünən, danışan, nəfəs alan gənc məxluq ikicə 

saatdan sonra meyitə dönəcəkdir. Bu sərsəm inadkarlığa üstün gəlmək üçün məni 

birdən-birə qəzəbli, kinli bir hiss bürüdü. Mən hirslə onun qolundan yapışdım. 



– Qurtarın bu sərsəmliyi! Bu saat yuxarı qalxıb özünüzə bir otaq tutun, mən isə 

səhər tezdən qayıdıb gələrəm, sizi vağzala apararam. Siz buradan çıxıb 

getməlisiniz. Siz sabah mütləq çıxıb evinizə getməlisiniz, biletlə sizi vaqonda 

görməyincə mən rahat ola bilməyəcəyəm. Yüz, yaxud min frank uduzmaqla adam 

öz cavan canına qəsd eləməz. Bu qorxaqlıqdır, qəzəb və əsəbdən doğan 

sərsəmlikdir. Sabah özünüz mənim haqlı olduğumu təsdiq edəcəksiniz! 

– Sabah! – deyə o, qəribə bir istehza, kinayə ilə dilləndi. – Sabah! Eh, sabah 

mənim haralarda olacağımı kaş siz biləydiniz! Kaş özüm də bunu biləydim, indi 

mən də bunun marağındayam. Yox, gedin evinizə, əzizim, özünüzə əziyyət 

verməyin, pulunuzu beləcə kül edib, göyə sovurmayın. 

Lakin mən əl çəkmədim. Elə bil, qeyzli bir inadkarlığa mübtəla olmuşdum. Var 

gücümlə onun əlini dartıb, banknotları ovcuna basdım. 

– Siz bu saat pulları götürəcək və yuxarı qalxacaqsınız. – Mən bu sözləri deyib 

qətiyyətlə qapıya yaxınlaşdım və zəngin düyməsini basdım. – Bax belə, mən artıq 

zəngi basdım, indi bax, bu dəqiqə portye gələcək, siz onunla yuxarı qalxar, uzanıb 

yatarsınız. Səhər düz saat 9-da bu binanın qapısında sizi gözləyəcəyəm, birlikdə 

vağzala gedərik. Daha heç bir başqa şey haqqında narahat olmayın, sizin evə gedib 

çatmağınız üçün nə lazımdırsa edəcəyəm. İndi isə gedib yatın, daha heç nə 

haqqında düşünməyin. 

Elə bu vaxt içəridən qapı cingildədi və portye qapını açdı. 

– Gedək, – deyə birdən oğlan qətiyyətli, sərt və qeyzli bir səslə dilləndi və mən 

onun dəmir kimi barmaqlarının biləyimi necə sıxdığını, elə bil, yalnız indicə hiss 

etdim. Mən dəhşətə gəldim... elə qorxdum ki, elə bu saat şikəst olacaq, ağlımı 

itirəcəkdim... Mən müqavimət göstərmək, dartınmaq, qaçmaq istədim... Lakin 

bütün iradəm, elə bil, iflic olmuşdu... və mən... Siz məni başa düşərsiniz... Mən... 

mən utanırdım ki, axı qapının ağzında dayanıb gözləyən portyenin qarşısında 

oğlanla necə əlbəyaxa ola bilərdim. Və mən... beləliklə, bir də gözümü açıb 

gördüm ki, otelin içərisindəyəm, mən danışmaq, bir şey demək istəyirdim, ancaq 

boğazım heyrətdən qurumuşdu... onun ağır və möhkəm əli biləyimdən 

üzülmürdü... Mən dumanlı halda hiss etdim ki, o, məni artıq pillələrdə dartıb çəkə-

çəkə yuxarı aparır… Nəhayət, açar cingildədi... və nəhayət, mən bu yad adamla, bu 

gün belə adını bilmədiyim o naməlum oteldə təkcə qaldım. 




 

***. 


 

Missis K. yenə də susdu və birdən ayağa qalxdı. Görünür, daha danışa bilmirdi. O, 

pəncərəyə tərəf addımladı, bir neçə dəqiqə sakitcə dayanıb bayıra tamaşa etdi, 

bəlkə də, elə beləcə alnını, sadəcə olaraq, soyuq pəncərə şüşəsinə dayayıb durdu. 

Mən ona tərəf baxmağa cəsarət etmədim, belə həyəcan içərisində olan yaşlı bir 

qadına nəzər salmaq mənə ağır gəlirdi. Ona görə də beləcə sakitcə, heç bir sual 

vermədən, səsimi belə çıxarmadan oturub gözlədim. Nəhayət, ağır addımlarla geri 

qayıdıb qarşımda əyləşdi.  

– Bax  belə, indi  artıq ən çətini deyilmişdir. Əgər mən yenə də təkrar olaraq sizə 

söyləsəm və mənim üçün həyatda müqəddəs olan hər şeyə – namusuma, 

uşaqlarıma da and içib desəm ki, düz o saniyəyə kimi bu tamamilə mənə yad olan 

kişi ilə... yaxınlıq etmək fikri heç mənim ağlıma belə gəlməmişdi, həm də mən heç 

nə düşünmədən, ağıllı götür-qoy etmədən, bəli, həyatımın düzən yolu üzərinə 

qoyulmuş bu tələyə tamamilə qeyri-şüuri olaraq düşdüm desəm, ümidvaram ki, siz 

mənə inanarsınız. Mən özümə və sizə söz vermişəm ki, həqiqəti danışım, ona görə 

də təkrarən deyirəm ki, mən yalnız hədsiz dərəcədə güclü kömək etmək arzusu ilə 

bu faciəli qəza-qədərə düçar olmuşdum ki, başqa bir daxili hiss, başqa bir gizli 

istək haqqında heç söz ola bilməz. 

O otaqda həmin gecə baş verən hadisəni danışmaq əzabından məni xilas etmənizi 

rica edirəm; onsuz da, mən özüm bir an belə olsun o gecəni unudub yadımdan 

çıxarmıram və heç bir zaman da unutmaq istəmirəm, çünki o gecə mən onun öz 

həyatını qorumaq üçün mübarizə aparırdım və yenə də təkrar edirəm: bu mübarizə 

ölüm-dirim mübarizəsi idi. Tamamilə aydın surətdə hiss edirdim ki, artıq həyatdan 

üzülmüş bu yad adam, suda boğulan saman çöpünə əl atan kimi, hədsiz hərarət və 

canfəşanlıqla məndən yapışmışdı. O,  mənə elə sarmaşmışdı ki, elə bil, bu saat 

uçuruma yuvarlanacaqdı. Mən var qüvvəmlə, bütün istək və imkanımla onu xilas 

etmək istəyirdim. Belə bir saat insanların əlinə yalnız ömründə bircə dəfə düşə  

bilər, özü də milyondan yalnız birinə.  Əgər bu dəhşətli hadisə olmasa idi, yəqin ki, 

məhv olmağa məhkum edilmiş şəxsin son nəfəsdə həyatından necə bir 

qarşısıalınmaz ehtirasla istifadə edib, nəşələnməsini öyrənə bilməzdim. İndiyə kimi 




həyatının iyirmi ilini qapalı bir məişətdə yaşayıb, qayğısız güzəran keçirən mən 

təbiətin qəribə bir şəkildə istini və soyuğu, həyatı və ölümü, sevinci və ümidsizliyi 

bir-birinə  belə bir  quvvətli, belə heyrətamiz  bir vəhdətdə birləşdirməsini necə 

öyrənə bilərdim?! O gecə, odlu sözlər və mübarizə, ehtiras, qəzəb və nifrətlə, göz 

yaşları ilə dolu, yalvarışlarla, sərxoşluq və sərməstliklə dolu bir gecə idi. Bu gecə 

mənə min illərə bərabər intəhasız gəldi. Həmin gecə biz iki adam – biri 

qeyzlənmiş, digəri qeyri-şüuru – birgə təkanla özümüzü uçuruma atıb, bir ölüm-

dirim döyuşündən yeni hisslər, yeni düşüncələrlə çıxdıq. 

Lakin mən bu barədə danışmaq istəmirəm. Mən heç nəyi təsvir edə bilmirəm və 

heç təsvir etmək də istəmirəm. Mən yalnız səhər oyandığım zaman o tənha 

dəqiqələrimdən söz açmaq istəyirəm. Mən daş kimi bir yuxudan oyanıb indiyə 

qədər görmədiyim o müsibətli gecədən xilas oldum. Mən uzun müddət çalışdım ki, 

gözümü açam və gözümü açarkən ilk dəfə mənim nəzərimə toxunan başım 

üzərindəki yad tavan, sonra isə bilmirəm necə gəlib düşdüyüm o özgə, mənə yad, 

mənə tanış olmayan o mənfur otağın yöndəmsiz görkəmi oldu. Əvvəlcə mən öz-

özümü inandırmağa çalışdım ki, bu yuxudur, boğucu, qarmaqarışıq, ağır 

qarabasmadan sonra adamı bürüyən daha yüngül, daha aydın bir yuxudur, lakin 

pəncərə önündə nüfuzedici, parlaq, həqiqi günəş şüası, səhər işığı görünür, 

aşağıdan küçənin hay-küyü, təkərlərin taqqıltısı, tramvay zənglərinin və insanların 

aydın səsləri gəlirdi, mən qəti başa düşdüm ki, heç də yuxu görmürəm, oyağam. 

Özümə gəlmək üçün mən qeyri-iradi olaraq bir az dikəldim və bu zaman… 

nəzərlərimi yana çevirərək... gördüm ki, yox, mən heç bir vaxt bu dəhşətimi şərh 

edə bilməyəcəyəm. Yad bir adam mənimlə enli çarpayıda... düz yanımda uzanıb 

yatır... ancaq yad, yad, yad, yarıçılpaq, tamam naməlum, yad bir adam. 

Yox, bu dəhşət, mən bilirəm, təsvirəgəlməz bir dəhşətdir. Bu dəhşət məni elə 

bürüdü ki, gücümü itirib arxası üstə yatağa düşdüm. Lakin bu insanı bir qədər 

rahatlayan özündən getmə, yaxud bihuş olmaq deyildi, əksinə, bir an içərisində 

başıma gələn bütün dəhşəti, təsviredilməz müsibəti xatırladım, həyadan və abırdan 

ölmək istəyirdim, axı mən bu yad, bu özgə adamla necə olub ki, bu çarpayıya, bu 

iyrənc xarabaya gəlib düşmüşəm. Mən bu gün də aydın xatırlayıram ki, ürəyimin 

döyüntüsü, sanki, dayandı, nəfəsimi kəsdim, elə bil, mən bununla həyatımın 

axınını dayandırmaq, düşüncələrimi, bu aydın, bu dəhşətli surətdə aydın 

düşüncələrimi söndürmək, məhv etmək istəyirdim. Qəribə idi: mən hər şeyi dərk 

edirdim, lakin heç nəyi başa düşə, ayırd edə bilmirdim. 




Əlim, ayağım bumbuz olmuş halda çarpayıda nə qədər beləcə uzalı qaldığımı heç 

bir zaman xatırlaya bilməyəcəyəm. Yalnız ölü, meyit tabutda beləcə uzanıb qala 

bilər. Mən təkcə bunu xatırlayıram: gözlərimi yumub Allaha yalvarırdım ki, qoy 

bütün bunlar pərvərdigarın sehrli qüvvəsi ilə həqiqət olmasın, doğru olmasın. 

Lakin mənim gərginləşmiş duyğularım artıq yalanı qəbul etmirdi, mən qonşu 

otaqdan insan səsi və su şırıltısı eşitdim, dəhlizdən ayaq səsləri gəldi və bütün bu 

səslər hər şeyin doğru olduğunu, amansız, rəhmsiz bir həqiqət olduğunu söyləyirdi. 

Bu əzabverici vəziyyətin nə qədər davam etdiyini demək çətindir; belə hallarda 

saniyələr, elə bil, başqa vaxtlara nisbətən daha uzun olur. Lakin birdən məni başqa 

bir qorxu, sümüklərimə qədər işləyib, bədənimi üşütməyə salan bir qorxu bürüdü: 

adını bilmədiyim bu adam birdən oyanıb, mənimlə danışmağa başlar. Mən o saat 

başa düşdüm ki, mənim bircə çıxış yolum var: geyinmək və o oyanmamış çıxıb 

qaçmaq. Bir daha onun gözünə görünməmək, bir daha onunla danışmamaq! Qaçıb 

vaxtında xilas olmaq, qaçmaq, qaçmaq, geriyə – öz əvvəlki, o sakit həyatıma, öz 

otelimə qayıtmaq və birinci qatarla bu lənətəgəlmiş yerdən, bu ölkədən biryolluq, 

birdəfəlik çıxıb getmək, bir daha onunla qarşılaşmamaq, heç bir vaxt gözlərinə 

baxmamaq, nə bir şahidə, nə bir ittihamçıya, nə də bu işdə bir iştirakçıya möhtac 

olmaq! Bu fikir mənə qüvvət, cəsarət verdi: mahir oğrular kimi ehmallı hərəkətlə 

nəfəsimi çəkib, yavaşca çarpayıdan sürüşüb paltarlarımı axtarıb tapdım. Ehmalca 

geyinməyə başladım, bütün bədənim tir-tir əsirdi, qorxurdum ki, bu saat oyanacaq. 

Nəhayət ki, geyinib qurtardım. Bircə şlyapam qalmışdı, çarpayının o biri 

ayağından asılmışdı və mən pəncələrim üstə yeriyib, onu götürmək istərkən bu an 

dözə bilməyib, hörgüdən düşən qəfil daş kimi həyatımı əzmiş bu yad adamın üzünə 

bir də baxmalı oldum. Yalnız bircə dəfə mən onun üzünə baxmaq istədim, lakin... 

qəribə idi, dərin yuxuya getmiş bu cavan oğlan, həqiqətən, mənə tanış gəlirdi. İlk 

baxışda mən gördüyüm o sifəti heç tanımadım. Sanki, bu üz dünənki üz deyildi. 

Onun ehtirasdan dəhşətli, gərginlikdən yöndəmsiz bir şəkildə qıc olmuş üzünün 

qırışıqlarını, elə bil, silib tamamilə təmizləmişdilər, bu şəxsin sifəti indi tamamilə 

başqa görkəmdə idi: eynən uşaq üzü, körpə üzü kimi aydın, təmiz, işıqlı idi. Dünən 

bir-birinə sıxılan dişləri arasına tikilib bir-birinə dirənən dodaqları indi son dərəcə 

yumşaq, xəyala dalmış adamların ağzı kimi azacıq açıq idi. Elə bil, bu dodaqlara 

aydın bir təbəssüm qonmuşdu, dalğalı sarışın saçları yumşalıb qırışsız alnına 

yayılmışdı. O, rahat-rahat nəfəs alır, sinəsi ahəstə-ahəstə qalxıb-enirdi. 



Yadınızdamı, mən sizə danışdım ki, qumar masası başında mən heç bir zaman heç 

kəsdə bu adamın sifəti qədər gərgin, ehtiraslı, müdhiş bir sifət görməmişdim. Mən 

sizə yenə də deyirəm: heç bir vaxt, bəzən yuxularında nədənsə həyəcanlanıb üz-

gözündə qəribə təlaş oynaşan körpələrimin o məsum sifətlərində də belə nurlu, 

belə şəfəqli cizgilər, belə xəfif bir sakitlik görməmişdim. O, indi cənnətə düşmüş 

kimi bütün qayğı, qorxu və həyəcanlardan tamamilə xilas olmuş kimi görünürdü. 

Belə gözlənilməz bir mənzərəni görərkən, elə bil, bütün vahimələri üzərimdən ağır 

bir yük kimi götürdülər – mən daha utanmırdım, yox, mən hətta, az qala, 

sevinirdim də. Bütün o dəhşətli hadisələr, bütün o ağlasığmaz, o dərkedilməz 

hadisələr birdən-birə xüsusi məna kəsb etdi, mən şadlandım, bir qürur hissi ilə 

sevindim ki, əgər mən özümü qurban verməsə idim, zərif bir çiçək kimi burada 

sakitcə, rahat-rahat yatan bu cavan, bu gözəl oğlanı indi kim bilir haradasa – 

qayaların arasında qanına qəltan olmuş, ölmüş halda, eybəcərləşmiş bir sifətdə, 

vahiməli bir tərzdə, gözləri bərələ qalmış halda tapardılar. Mən onu xilas etmişəm, 

o, artıq xilas olmuşdur! Və mən bu dəfə – başqa cür deyə bilmirəm – bir ana 

nəvazişi ilə yenidən həyata qaytardığım bu oğlana təkrar bir nəzər saldım. Elə bil, 

mən özüm onu doğmuşdum, doğma balalarıma nisbətən daha böyük əzabla, 

işgəncə ilə. Ola bilsin ki, bu sizə gülməli gəlir, lakin bu çirkli, mənfur otaqda, bu 

iyrənc zibilli mehmanxanada məni birdən-birə elə bir hiss bürüdü ki, elə bil, mən 

kilsədəydim, əsrarlığı və müqəddəsliyi məmnun bir halda duyur və hiss edirdim. 

Həyatımın o müdhiş dəqiqələrində yeni, daha valehedici, daha fərəhli anlar doğdu. 

Bilmirəm, bir şeyə toxundum, yoxsa da ağzımdan bir söz çıxdı, nə oldusa, o, 

gözlərini açdı. Mən qorxub geriyə çəkildim. O, təəccüblə ətrafına baxdı, eynən o 

dərin, o ağır yuxudan oyanıb ətrafa baxdığım kimi. Onun nəzərləri bu yad, bu özgə 

otağı dolaşıb təəccüblə mənim üzərimdə dayandı. O, hələ ağzını açmamış, 

fikirlərini toplamağa imkan tapmamış mən tez özümü ələ ala bildim. Onu bir söz 

belə deməyə qoymamaq, heç bir suala cavab verməmək, heç bir təklifə razı 

olmamaq, heç nəyi izah etməmək, dünən və bu axşam nələr baş verdiyi barədə heç 

bir kəlmə də danışmamaq! 

– Mən çıxıb getməliyəm, – deyə tələsik dilləndim. – Siz burada qalın, geyinin. Saat 

12-də kazinonun girəcəyində görüşərik, orada mən hər şeyi qaydasına qoyaram. 



Mən onun cavabını gözləmədən götürüldüm. Qaçdım ki, bu otağı bir də görməyim. 

Mən ətrafıma baxmadan, adını bilmədiyim (gecəni birgə keçirdiyim adamın adını 

bilmədiyim kimi) bu mehmanxanaya nəzər salmadan qaçdım. 

 

***. 



 

Missis K. bir anlığa hekayətini dayandırdı. O, yenidən danışmağa başlayanda, 

səsində artıq əzabverici həyəcan və narahatlıq hiss olunmurdu: nitqi indi, çətinliklə 

təpəyə qalxmış bir araba oradan başaşağı necə yüngülcə, necə sürətlə yuvarlanırsa, 

eləcə sərbəst və sürətli idi. 

– Hə, mən səhər günəşinin şüalarına qərq olmuş küçə ilə öz otelimə qaçdım, 

dünənki sel-sudan sonra hava tərtəmiz olmuş və yüngülləşmişdi – mənim əzabla 

dolu qəlbim kimi! Əvvəlcə sizə dediklərimi bir xatırlayın: ərim öləndən sonra 

həyatımın axını bir növ başqa yön almışdı: artıq uşaqlarımın mənə ehtiyacı yox idi, 

özüm özümə ağır yük olmuşdum. Çünki müəyyən bir məqsədi olmadan yaşamaq 

ağılsızlıqdır. İndi, ilk dəfə olaraq, mənim öhdəmə məsul bir vəzifə düşmüşdü: mən 

bir insan həyatını xilas etmişdim, bütün qüvvə və səyimi səfərbər edib, onu məhv 

olmaqdan qurtarmışdım. Yalnız kiçik bir maneəni də dəf etmək lazım idi ki, bu 

vəzifə tamamilə yerinə yetirilmiş olsun. Bəli, öz otelimə qaçdım. Səhər saat 9-da 

otağıma qayıtdığıma görə portye məni təəccüblə təpədən-dırnağa süzdü. Lakin 

daha mən utanmır, çəkinmirdim; baş vermiş bu hadisənin nə dərdi, nə də kədəri 

daha məni sıxmırdı. Yaşamaq arzusu, kiməsə gərək olmaq hissi mənim 

damarlarıma aramsız olaraq isti qanla dolurdu. Otağımda paltarlarımı cəld 

dəyişdim; qara geyimimi (bunu mən sonra hiss etdim) çıxarıb, açıq rənglisi ilə əvəz 

etdim, pul götürmək üçün banka getdim, oradan qatarın yola düşmə vaxtını 

öyrənmək məqsədilə vağzala yollandım. Özümə də təəccüblü görünən xüsusi bir 

şövqlə daha bir neçə başqa işimi gördüm. Taleyin hökmü ilə ürcahıma çıxmış bu 

adamı yola salmaqdan və bununla da onu birdəfəlik xilas etməkdən başqa mənim 

elə bir işim qalmadı. 

Doğrudur, onunla yenidən görüşmək asan deyildi, belə ki, dünən baş verən bütün 

hadisələr qaranlıqda, nə isə zülmət bir qasırğa içərisində baş vermişdi, elə bil, 




şəlalənin gətirdiyi iki daş qəflətən bir-birinə toxunmuşdu. Biz bir-birimizi ancaq 

üzdən tanıyırdıq. Mən hələ inanmırdım ki, bu yad adam məni, ümumiyyətlə, bir də 

tanıyacaqmı? Dünən bu bir təsadüf, bir sərməstlik idi. İki həyəcanlı, çaşqın insanın 

sərməstliyi! Bu gün isə mən ona özümü dünənkinə nisbətən daha yaxından 

tanıtmalıyam, çünki bu parlaq, bu amansız gündüz işığında mən onun qarşısında, 

əslində, necə idimsə eləcə, öz mənliyimlə, öz görkəmimlə, əsl canlı bir qadın kimi 

dayanmalıydım. 

Ancaq hər şey mən düşündüyümdən çox asan baş verdi. Şərtləşdiyimiz vaxtda mən 

qumarxanaya çatar-çatmaz cavan bir oğlan skamyadan qalxıb, mənə tərəf irəlilədi. 

Onun görkəmində və sözlə ifadə olunmayan hərəkətlərində təəccüblü bir sevinc, 

bir uşaq səmimiliyi, təmənnasız və xoş bir ecazkarlıq aydın bir ifadə ilə özünü 

qabarıq şakildə göstərirdi. O, gözlərində sevinc atəşi, eyni zamanda ehtiraslı bir 

minnətdarlıqla mənə tərəf atıldı. Lakin həmin an, mənim baxışlarım bu gözlərə 

sancılan kimi, bu gözlərdəki şuxluq mütiliklə sönüb yox oldu. Minnətdarlıq, 

insanlarda bu hissə az-az rast gəlmək olur, həqiqətən minnətdar olmaq istəyənlər 

isə çox vaxt bu hissi ifadə etməyə söz tapmırlar; onlar pərt halda susur, öz 

hisslərini ifadə etməkdən utanır və çox vaxt yersiz və mənasız sözlər söyləyirlər ki, 

istəklərini ört-basdır etsinlər. Lakin Allah, sirli bir heykəltəraş kimi bu gəncin 

qəlbindən keçənləri gözəl, ahəngdar ifadə etmək, elə ehtiraslı, odlu minnətdarlığını 

bütün varlığı ilə büruzə vermək qabiliyyətini onun bədən üzvləri arasında hədsiz 

bir səxavətlə bölüşdürmüşdü. O, əllərim üzərinə əyilib, ehtiramla, bir uşaq kimi 

başını aşağı dikdi, bir anlığa duruxub, güc-bəla ilə dodaqlarını mənim 

barmaqlarıma dayadı, sonra geri çəkilib, əhvalımı xəbər aldı. Onun sözlərində, 

baxışlarında o qədər ciddi bir nəzakət vardı ki, mən bir neçə dəqiqədən sonra 

ondan çəkinməməyə başladım. Eyni zamanda, hisslərin belə aydın əks 

olunmasından ətrafda təbiət də, elə bil, cuşa gəlmişdi: dünən qəzəblə gurlayan 

dəniz indi elə sakit, elə hərəkətsiz, elə aydın idi ki, hər bir kiçik daş narın ləpələr 

altında sayrışırdı, qumarxana, mavritan üslublu ornamentlərlə bəzədilmiş o 

cəhənnəm ocağı indi göylərə baş vurur, təmizlənmiş mavi səma ilə qovuşub 

sehrkar bir görkəm alırdı, leysan yağışından qaçıb talvarında gizləndiyimiz o köşk 

isə indi bərq vuran əlvan rəngli don geymiş qızın, qarışıq halda üst-üstə qalağı 

topa-topa ağ, qırmızı, yaşıl, sarı rəngli gülləri olan gül-çiçək dükanına çevrilmişdi. 

Mən onu kiçik bir restoranda nahar etməyə dəvət etdim və orada bu yad oğlan 

mənə öz macərasının müsibətli tarixçəsini danışdı. Onun söhbəti mənim yaşıl masa 




üzərində əsəbiliklə bir-birini didişdirən o əlləri görərkən düşündüklərimi tamamilə 

təsdiq etdi. O, qədim Avstriya polyaklarından olan aristokrat bir ailədə doğulmuş, 

diplomat karyerasına yiyələnmək hüququ qazanmış, Vyana şəhərində təhsil almağa 

başlamış və bir ay bundan qabaq birinci imtahanını böyük müvəffəqiyyətlə 

vermişdi. Bu günü qeyd etmək üçün evində yaşadığı, özü də baş qərargahın zabiti 

olan dayısı onu Praterə  aparır və onlar birlikdə yarış meydançasına gedirlər. 

Dayısının bəxti gətirir, o, üç dəfə udur. Udduqları bir dəstə pulu götürüb bahalı bir 

restoranda şam edirlər. Gələcək diplomat ertəsi gün müvəffəqiyyətlə verdiyi 

imtahana görə atasından aylıq əmək haqqı məbləğində pul alır. İki gün bundan 

əvvəl bu pulu o, hədsiz dərəcədə çox hesab edərdi, lakin asanlıqla udduqları o 

qədər puldan sonra o, bu bəxşişə etinasız qalır, heç məhəl də qoymur. Nahardan 

sonra o, həmin saat yenə də yarış meydançasına yollanır və heç nə düşünmədən 

pullarını qumara qoyur, öz xoşbəxtliyinə, daha doğrusu, bədbəxtliyinə şirnikərək 

atasından aldığı məbləği son qəpiyinə kimi burada uduzub, Prateri tərk edir. Lakin 

oynamaq ehtirası onu rahat buraxmır. O, cıdırda, kafelərdə, klublarda qumar 

oynamağa başlayır, bu ehtirası onun vaxtını, dərsini, əsəbini, hər şeydən əvvəl, 

pulunu əlindən alır. O daha heç nə haqqında düşünə bilmir, yuxusunu itirir, 

başlıcası isə, daha özünü idarə edə bilmir; bir dəfə axşam klubda pullarını uduzub 

evə qayıdır və soyunarkən cibində yadından çıxıb qalan əzilmiş bir kağız pul tapır. 

O dayana bilmir, yenidən geyinir və hansı bir kafedəsə bir neçə nəfər domino 

oynayan tapıncayadək bütün şəhəri dolanır, onlarla əyləşib səhər açılana qədər 

qumar oynayır. Bir dəfə də ərə getmiş bacısı bir məşhur aristokrat ailəyə verdiyi 

sələmdən aldığı əlavə pulla ona əl tutur. Bir müddət onun bəxti gətirir. Sonra isə 

tale amansızlıqla ondan üz döndərir; hey uduzur, uduzduqca daha da qızışır və 

bütün xərclərini ödəyə biləcək, verdiyi sözü vaxtı keçməmiş qürurla yerinə yetirə 

biləcək daha böyük bir uduşa ümid bağlayır. Beləliklə, o, öz saatını, kostyumunu 

uduzur. Nəhayət, ən dəhşətli bir işə əl atır, yəni xalasının nadir hallarda qulağına 

taxdığı mirvari sırğalarını şkafdan oğurlayır. Bir tayını böyük məbləğdə pula satır 

və həmin axşam qoyduğundan dörd dəfə çox pul udur. O, sırğanı geri almaq 

əvəzinə, risk edib bütün uduşu oyuna qoyur və uduzur. O, oğurluğun üstü 

açılmamış ikincisini satır və gözlənilmədən şövqə gələrək, həsrətini çəkdiyi sərvətə 

nail olmaq üçün qatarla Monte-Karloya yola düşür. O, burada öz çamadanını, 

paltarlarını, çətrini satmalı olur. Üstündə dörd patronlu olan tapançadan və xaç 

anası knyaginya X. tərəfindən ona hədiyyə verilmiş, heç vaxt yerə qoymadığı, 

üzərində qiymətli daş-qaşı olan xaçdan başqa heç nəyi qalmır. O, bu xaçdan uzun 



müddət ayrılmaq istəmir. Lakin o, bu xaçı da əlli franka verir ki, axşam qumarda 

həyat yox, ölüm uğrunda gedən şiddətli mübarizədən axırıncı dəfə həzz alsın... 

O, bunların hamısını mənə məftunedici bir gümrahlıqla və şövqlə danışdı, mən onu 

həyəcanla, maraqla, aludə bir diqqətlə dinlədim. Mənim heç ağlıma gəlmirdi ki, 

qarşımda əyləşmiş bu adam, əslində, oğrudur. Dünən mənə, yəni kübar 

cəmiyyətinin şərtlərinə ciddi əməl edən və ləyaqətli keçmişi olan bir qadına 

desəydilər ki, sən oğlun yerində, özü də mirvari sırğalar oğurlamış bir oğlanla 

dostcasına söhbət edəcəksən, mən həmin şəxsi, yəqin ki, sərsəm hesab edərdim. 

Lakin mən oğlanın söhbətində heç nə hiss etmədim. O elə təbii, elə inandırıcı 

danışırdı ki, sanki, heç cinayətkarlıqdan deyil, hansısa bir xəstəliyin, bir 

qızdırmanın əlamətlərindən danışırdı. Bundan başqa, keçən gecə o gözlənilməz, 

sarsıdıcı iztirabları ki mən çəkmişdim, mənim yerimə kim olsaydı, ona «bu 

mümkün deyildir» sözləri çox mənasız bir şey kimi görünərdi. Mən qayğısız 

keçirdiyim o qırx ilə nisbətən bu on saatlıq həyatımdan daha çox şey öyrəndim. 

Lakin bu ilahi insanda məni başqa bir şey qorxuya salırdı. Bu, onun gözlərindəki 

alov parıltısına bənzər bir işıq idi. Bu işıq qumar ehtirasından danışanda elektrik 

cərəyanı kimi üzünün bütün əzələlərini lərzəyə salırdı. Yalnız, olub keçmiş 

hadisələr haqqındakı təəssüratı danışarkən qəlbində oyanan yeni hissləri onu 

sarsıdırdı və üzündə son dərəcə aydın bir şəkildə təzahür etdirirdi. Sövq-təbii 

olaraq, onun əlləri, yaraşıqlı nazik biləkləri olan əsəbi əlləri yenidən, eynən yaşıl 

oyun masası üstündə olduğu kimi, qovan və qovulan vəhşi heyvansayağı bir hal 

aldı. O danışanda isə mən gördüm ki, onlar birdən-birə biləkdən titrəməyə 

başladılar, qıvrıldılar, qıc olmuş kimi yığıldılar, sonra isə yenidən açıldılar və 

təzədən bir-birinə dolaşdılar. O, qiymətli sırğaları oğurladığını etiraf edəndə isə, 

mən qeyri-iradi olaraq diksindim, o əllər ildırım sürəti ilə sıçrayıb nəyisə 

qamarlayırmış kimi, oğrulara məxsus bir cəldliklə hərəkət etdi. Mən gördüm ki, 

əyani bir şəkildə gördüm ki, o barmaqlar qiymətli şeyə tərəf necə atılmış, ovcunun 

içi o sırğaları necə udmuşdu. Təsviredilməz bir vahimə içində mən başa düşdüm 

ki, hərisliyi bu adamı son damla qanına kimi zəhərləmişdir. 

Bu cavan, təmiz qəlbli, təbiətən tərki-dünya adamın hekayətində məni dəhşətə 

gətirən yalnız bir cəhət idi. Taleyin mənə ürcah elədiyi bu adamı bir dost kimi dilə 

tutmağı özümə borc bildim ki, bu saat Monte-Karlodan çıxıb getməsin və mən 

onun ailəsinə qayıtmasını təşkil edim, çünki sırğaların yoxa çıxmasının üstü açılsa, 



o, hələ tamamilə itirilməmiş mənliyini də həmişəlik itirə bilərdi. Mən ona söz 

verdim ki, səfər xərcini və sırğaları almaq üçün ona pul verərəm, lakin bu şərtlə ki, 

o, elə bu gün çıxıb buradan getsin və öz namusuna and içsin ki, bir daha əlinə kart 

almayacaq və ümumiyyətlə, heç vaxt qumar oynamayacaq. 

Heç unuda bilmirəm ki, bu yad, bu məhv olmuş adam necə bir mütiliklə, getdikcə 

daha çox sezilən aydın, ehtiraslı bir minnətdarlıqla məni dinləyirdi. Mən ona 

kömək edəcəyimi söyləyəndə, o, elə bil, mənim sözlərimi göydə udurdu; birdən o, 

əllərini masanın üstündən irəli uzadıb, müqəddəs bir and içirmiş kimi, əllərimi 

qarmaladı. Onun aydın, ümumiyyətlə, bir az dalğın gözlərində yaş göründü. 

Həyəcandan və sevincdən bütün bədəni əsirdi. Gör bir neçənci dəfədir ki, mən 

onun qəribə mənalı hərəkətlərini sizə təsvir etmək istəyirəm. Onun bu anlarda 

baxışlarını sözlə ifadə edə bilmirəm. O baxışlarda insan üzündə nadir hallarda 

müşahidə edilən müstəqil bir vəcd, müstəsna bir valehedicilik vardı. Bu parlaq 

cizgiləri, yuxudan ayılarkən insanın gözləri qarşısında canlanan, tədriclə əriyib 

yoxa çıxan bir məlaikənin sifəti ilə müqayisə etmək olardı. 

Niyə gizlədim, mən bu nəzərlərə tab gətirmədim. Başqası sənə minnətdar olanda 

sevinməyə bilmirsən, lakin minnətdarlığı hər dəfə belə səmimi şəkildə hər adamda 

görmürsən, bu cür həssaslıq adamın qəlbini kövrəldir, mənim üçün isə, səbirli, ayıq 

bir qadın üçün isə, belə səmimiyyət tamamilə yeni bir şey, əvəzsiz bir həzz idi. Bir 

də, təkcə bu biçarə oğlan həyata qayıtmamışdı, dünənki leysandan sonra bütün 

təbiət oyanıb canlanmışdı. Biz restorandan çıxanda tamam sakitləşmiş dəniz 

gözqamaşdırıcı halda parıldayır, üfüq uzaqda, ağ qağayıların süzdüyü yerdə mavi 

səma ilə birləşirdi. Axı siz Riverin mənzərəsinə yaxşı bələdsiniz. O, həmişə 

gözəldir, lakin şəkillər kimi bayağıdır. O, sabit parlaq rəngarəngliyi ilə gözləriniz 

önündə mürgüləyir; başqalarının gözləri önündə açılan bu yuxulu, tənbəl gözəllik 

cah-calallı Şərq hərəmxanalarına bənzəyir. Lakin elə günlər olur ki, – əlbəttə, belə 

günlərə çox nadir hallarda təsadüf olunur, – bu gözəllik oyanıb qalxır, qaynayıb 

üzə çıxır, sanki, özunün coşqun, əlvan rənglərilə sizi öz qoynuna haraylayır, 

tükənməz əlvan çiçəklərinə sizi qərq etmək istəyir. Adamın bütün hiss və duyğuları 

bu mənalı gözəllikdə cuşa gəlir. Dünənki tufanlı gecənin o qəzəbli hərc-

mərcliyindən sonra bax belə bir gözəl, coşqun gün əmələ gəlmişdi: yağışın 

təmizlədiyi küçələr par-par parıldayırdı, səma firuzə rənginə çalır, şehli otlar 

üzərində əlvan güllər topası günəş şüaları altında, elə bil, bərq vururdu. Dağlar da, 

sanki, işıqlanmış, bir qədər yaxınlaşmışdılar, sanki, cilalanıb pardaxlanmış 




şəhərciyə tamaşa etmək üçün onun ətrafına toplanmışdılar. Təbiət, elə bil, 

gümrahlıqla insana gəl-gəl deyir, ürək isə istər-istəməz bu çağırışa əsir düşürdü. 

Mən: «Minik tutub, bir corniche  boyu gəzək» – təklifiylə ona müraciət etdim. 

O, sevinclə razılıq verdi: yəqin ki, cavan oğlan bura gələndən ilk dəfə idi ki, 

buranın təbiətini müşahidə edirdi. Bu vaxta qədər qumarxananın boğucu ağır tər iyi 

verən salonundan, eybəcər bir şəklə düşmüş qumar azarkeşlərinin həris 

sifətlərindən, o səs-küylü, dumanlı insan dənizindən başqa nə görmüşdü, axı. İndi 

isə bizim qarşımızda günəş işığına qərq olmuş dəniz sahilləri açılır, sehrlənmiş 

nəzərlərimiz aydın üfüqlərdə əriyib, yox olurdu. Biz faytona əyləşib (o zaman hələ 

avtomobil yox idi), gözəl mənzərəli yolla saysız-hesabsız villaların yanından ötüb 

keçirdik, hər şey anbaan dəyişilir, hər dəfə bir şeyin qarşısından, yaşıl sarmaşıqlar 

içində itmiş hər villanın önündən keçəndə qəlbimdə gizli arzu baş qaldırırdı; 

burada dünyadan uzaq, sakit, rahat bir həyat sürmək olar! 

Görəsən, mənim həyatımda bu dəqiqələrimdən də xoşbəxt anlarım olubmu? 

Bilmirəm, mənimlə yanaşı, dünən ölüm məngənəsində boğulan, bu gün isə günəş 

şüalarının şəfəq seli altında məst olmuş cavan bir oğlan əyləşmişdi, elə bil, illər 

onun üstündən elə-belə ötüb keçmişdi. O, sanki, körpə bir uşağa dönmüşdü, gözəl, 

şux təbəssümlü və mənalı nəzərləri olan bir uşağa! Məni onun həssaslığı daha çox 

heyran edirdi: qarşımıza bərk yoxuş çıxanda, atlar çətinlik çəkir, o isə çevik bir 

hərəkətlə sıçrayıb düşürdü ki, faytona təkan versin. Mən hərdən yola yaxın bitmiş 

bir gülü göstərən kimi o, cəld yerə atılıb, onu dərirdi. Dünənki yağışdan karıxıb 

yola çıxmış və ağır-ağır yolu keçən balaca bir köstəbəyi götürüb ehmalca qıraqdakı 

yaşıl otların içinə qoyurdu ki, yoldan ötən arabalar onu əzməsin. O, arabir də 

gülməli və şən hadisələr danışırdı; mən bilirdim ki, bu gülüşlər, bir növ, onun 

xilası üçün çox zəruridir. Axı onu elə bir fərəh hissi bürümüşdü ki, o ya oxumalı, 

ya atılıb-düşməli, ya da sərsəm hərəkətlər etməli idi. Biz kiçik bir dağ kəndinə 

çatanda o, ehtiramla şlyapasını çıxardı. Mən təəccüb etdim: axı bu yad adam ona 

yad olan adamlar içərisində kimi salamlayırdı? Mənim sualımdan sonra öz 

hərəkətinə haqq qazandırmış kimi, yüngülcə qızarıb izah etdi ki, biz kilsənin 

yanından keçdik, onlarda – Polşada, bütün katolik ölkələrində olduğu kimi, adama 

ta uşaqlıqdan hər bir kilsə və allah evi önündə şlyapanı çıxarmağı öyrədirlər. Dinə 

olan bu ehtiram mənə təsir etdi. Mən onun söylədiyi xaçı xatırlayıb soruşdum ki, o, 

dinə inanırmı? O, bir qədər tutulub ciddi şəkildə cavab verdi ki, bu etimada həmişə 

layiq olmaq istəyərdi, gözlənilmədən ağlıma bir fikir gəldi. 




– Saxlayın, – deyə mən sürücüyə müraciət etdim və tələsik faytondan düşdüm. O, 

təəccüblə ardımca yerə endi. 

– Hara gedirsiz?  

Mən yalnız: 

– Dalımca gəlin, – deyə cavab verdim. 

Biz yolla bir neçə addım geri qayıdıb kilsəyə, kərpicdən tikilmiş bu balaca allah 

evinə yaxınlaşdıq. Qapı açıq idi, suvaqlı, çılpaq divarları tutqunlaşıb bozarmışdı. 

Biz içəri daxil olduq. Sarı işıq zolağı açıq qapıdan içəriyə hücum çəkib, kiçik 

mehrabı işıqlandırırdı. İki zəif şam işığı isə qaranlıqda gözümüzü qamaşdırdı. 

Kilsədən buxur iyi gəlirdi. O, əlini qaldırıb, şlyapasını çıxardı və günahları yumaq 

üçün barmaqlarını müqəddəs su olan kasaya salıb xaç çəkdi və diz çökdü. O, duran 

kimi mən əlindən yapışdım. «Yaxın gəlin, – dedim. – Sizə müqəddəs olan bir surət 

qarşısında dayanın və mənim dediklərimi təkrarlayıb, tövbə edin. O, qorxmuş kimi, 

təəccüblə mənə baxdı. Lakin o saat fikrimi başa düşdü. O, səcdəgaha yaxınlaşaraq 

xaç çəkdi və dinməzcə diz çökdü. Həyəcandan titrəyə-titrəyə dilləndim: 

– Mən dedikcə siz də təkrar edin, təkrar edin: «And içirəm...» 

O təkrar etdi: 

– And içirəm... 

Mən sözümə davam etdim: 

– ...ki, heç bir zaman, fərqi yoxdur, qoy necə olursa olsun, mən pulla qumar 

oynamayacağam, heç bir zaman bu oyundan ötrü həyatıma, şərəfimə risk 

etməyəcəyəm! 

O, əsə-əsə mənim sözlərimi təkrar etdi, bomboş kilsədə onun səsi aydın və ucadan 

səsləndi. Sonra birdən ətrafa sakitlik çökdü, elə bir sakitlik ki, eşikdən küləyin 

aramla tərpətdiyi yarpaqların xışıltısı belə eşidilirdi. Birdən o, fəryad edən 

günahkarlar kimi gözlənilmədən özünü yerə atdı, mənim bu vaxta qədər təsadüf 

etmədiyim bir tərzdə, son dərəcə iti sürətlə, polyak dilində anlaşılmaz sözlərlə 

hansı duanısa təlaşla hüdüləyib tökdü. Bu odlu bir dua idi, minnətdarlıq tövbə 

duası. Belə ki, tövbə zamanı onun başı get-gedə itaətkarlıqla daha da aşağı enir, 



dodaqlarından hədsiz coşqunluqla naməlum sözlər bir-birinin ardınca axıb 

tökülürdü. Eyni sözü o, bu dəfə daha ehtirasla, daha qızğın bir canfəşanlıqla təkrar 

edirdi. Nə bu vaxta qədər, nə belə dua etmək görmüşdüm, nə də bundan sonra 

dünyanın heç bir kilsəsində belə dua etmək görərəm. Onun əlləri əsə-əsə balaca 

kürsünün böyrünü qamarladı, bütün bədəni daxili təlatümdən aramsız bir lərzəyə 

düşmüşdü. O, daha heç nə görmür, heç nə hiss etmirdi, elə bil, başqa bir dünyadan, 

günahkarların odla yuyulduğu bir dünyadan qayıtmışdı, müqəddəs bir aləmə 

yüksəlmişdi. Nəhayət, o, yavaşca ayağa qalxdı, xaç çəkdi və yorğun-yorğun mənə 

sarı çevrildi. Onun dizləri əsirdi, sifəti ölümcül, yorulmuş adamların sifəti kimi 

sapsarı olmuşdu. Ancaq o, mənə baxanda gözləri, elə bil, işardı, təmiz, həqiqi bir 

mömin təbəssümü onun yorğun üzünü nura qərq etdi. O, yaxına gəldi, ruslar kimi, 

dərindən təzim edib, əllərimi əlinə aldı, ehtirasla onları dodaqlarına yaxınlaşdırdı: 

«Sizi mənim üçün Allah göndərib, ona görə də, mən ona minnətdarlığımı 

bildirdim» – dedi. Mən bilmədim nə cavab verim. Lakin ürəkdən istəyirdim ki, bu 

saat həzin bir səslə orqan çalsınlar, çünki mən hiss etdim ki, artıq məqsədimə nail 

olmuşam, bu insanı mən həmişəlik xilas etmişəm! 

Biz kilsədən çıxdıq. əsl may günəşi ətrafı parlaq nura qərq etmişdi. Dünya heç bir 

vaxt mənim üçün belə gözəl olmamışdı. Biz miniklə daha iki saat təpələrin başına 

hərlənən mənzərəli yolu asta-asta getdik. Hər döngədə yeni, daha gözəl mənzərə ilə 

rastlaşdıq. Lakin biz susurduq, hisslərin o cür partlayışından sonra sözlər, elə bil, 

bayağılaşmışdı. Başıma gələn bu qəribə hadisə məni elə həyəcanlandırmışdı ki, 

nəzərlərim təsadüfən onun nəzərləri ilə rastlaşanda özümü itirib, cəld üzümü yana 

çevirirdim. 

Saat beş radələrində biz Monte-Karloya qayıtdıq. Qohumlarıma baş çəkməli idim, 

bunu təxirə salmaq isə heç cür mümkün deyildi. Doğrusu, keçirdiyim həddindən 

artıq həyəcanlardan sonra sakitliyə daxilən bir ehtiyac duyurdum, çünki hədsiz 

sevinc məni tamam üzmüşdü. Hiss edirdim ki, ömrümdə ilk dəfə rast gəldiyim bu 

vəcdə gətirən hadisədən sonra bir qədər dincəlməliyəm. Ona görə də mən ondan 

xahiş etdim ki, yalnız bir dəqiqəliyə oteldəki mənzilimə gedək; orada mən ona yol 

xərci və sırğaları geri almaq üçün pul verim. Biz şərtləşdik ki, mən qohumlarımla 

görüşənə qədər o, bilet alar; sonra biz Genuyadan keçərək onu evlərinə aparacaq 

qatarın gəlməsinə yarım saat qalmış, düz saat yeddidə vağzalın giriş zalında 

görüşərik. Mən ona beş banknot uzadanda onun birdən-birə dodaqlarının qanı 

qaçdı: 



– Yox, pul lazım deyil... Xahiş edirəm, pul lazım deyil! – deyə o, boğuq səslə 

kəkələdi və əsməyə başlayan barmaqlarını cəld geri çəkdi. «Pul lazım deyil... pul 

lazım deyil... Mən onlara baxa bilmirəm» – deyə bir daha təkrar etdi. O, bu sözləri 

bütün bədəni ürpəşə-ürpəşə, elə tərzdə dedi ki, elə bil, bir iyrənclik və qorxu 

duyurdu. Lakin mən onu sakitləşdirdim, dedim ki, ona borc verirəm, əgər elə-belə 

götürməyə utanırsa, mənə qəbz verə bilər. 

– Hə... hə... qəbz, – deyə gözünü çəkmədən pulu yapışqanlı bir şey kimi 

barmaqlarında bürmələyib, baxmadan cibinə soxdu və cəld, tələsik xətlə bir parça 

kağız üzərinə bir neçə söz atdı. O, başını qaldıranda alnı tərdən islanmışdı, elə bil, 

daxildən nəsə onun nəfəsini kəsirdi. Mənə vərəq uzadar-uzatmaz səksənən kimi 

oldu və mən özümdən asılı olmayaraq birdən qorxub geri çəkildim. O, qarşımda 

diz çöküb ətəyimdən öpməyə başladı. Onun bu hərəkətlərində o qədər coşqunluq, o 

qədər hiss var idi ki, bir anda bütün bədənim lərzəyə gəldi, məni qəribə bir təlaş 

bürüdü, yalnız pıçıltı ilə: 

– Bu minnətdarlığınıza görə təşəkkür edirəm, – deyə bildim. – Ancaq rica edirəm, 

indi gedin. Biz axşam saat yeddidə vağzalın giriş zalında vidalaşarıq. 

O, nəzərlərini qaldırıb üzümə baxdı, gözləri riqqətli yaşla dolmuşdu; bir anda mənə 

elə gəldi ki, o, nəsə demək istəyir, mənə elə göründü ki, o, özünü bu saat mənə 

tərəf atacaqdır. Lakin bir dəfə də mənə lap alçaqdan baş əyib otaqdan çıxdı. 

 

***. 



Missis K. yenidən hekayətinə ara verdi. O ayağa qalxdı, pəncərəyə yaxınlaşıb, 

tərpənmədən bir müddət beləcə bayıra tamaşa etdi. Onun yaraşıqlı çiyinləri 

yüngülcə titrəyirdi. Birdən o, qətiyyətlə geri döndü. Onun əlləri, bu vaxta qədər 

sakit, tərpənməz əlləri gözlənilmədən kəskin bir hərəkət etdi; elə bil, nəyisə bu saat 

parçalamaq istəyirdi. Sonra o, əzmkarlıq ifadə edən nəzərlərini mənə tərəf çevirdi 

və qətiyyətlə sözünə davam etdi: 

– Mən söz vermişəm ki, tamam açıq danışım. İndi mən görürəm ki, bu vədim nə 

qədər vacib imiş. Yalnız indi həmin o saatlarda baş verən hadisələri rabitəli bir 

ardıcıllıqla, özü də o zaman tamamilə bir-birinə qarışmış dolaşıq hissləri aydın 

sözlərlə təsvir etməyə məcbur olduğum bir zamanda, mən əvvəllər başa 




düşmədiyim, yaxud heç, bəlkə də, başa düşmək istəmədiyim çox şeylər yalnız indi 

mənə aydın olur. Buna görə də mən mütləq və qətiyyətlə özümə və sizə həqiqəti 

danışmalıyam. Bu zaman o, otaqdan gedəndən sonra mən tək qalarkən birdən-birə, 

elə bil, ürəyimə öldürücü bir zərbə endirdilər, gözlərim qaraldı. Nəsə qəlbimi 

amansızlıqla incidirdi. Lakin mən bilmirdim ki, yaxud bilmək istəmirəm ki, axı yol 

yoldaşımın belə qəm gətirən minnətdarlığı nəyə görə mənim qəlbimi belə 

yaralayır? 

Lakin indi olub-keçəni, yad bir adam kimi, xatirimdə güclə bərpa etdiyim bir 

zamanda heç nəyi ört-basdır etmirəm, halbuki, bunları etiraf etmək həya 

normalarına sığmır, lakin mən dözürəm, ancaq indi mənə aydındır və buna şübhə 

etmirəm ki, o zaman qəlbimi o cür sızladan hiss bütün ümidlərimin boşa çıxması 

peşmançılığı idi… O, belə itaətkarlıqla çıxıb getdi, heç məni  tutub saxlamadan, 

danışmağa qoymadan, yanımda qalmağa kiçik cəhd də belə etmədən… Mənim 

«çıxıb gedin» sözlərimə o elə itaətkarlıqla qulaq asdı ki, məni adi bir qadın deyil, 

öz ürcahına çıxmış müqəddəs bir ilahə hesab etdi. 

Bu artıq mənim üçün bir məğlubiyyət idi, elə bir məğlubiyyət ki, onu nə o zaman, 

nə də ondan sonra etiraf edə bildim, qadın hissiyyatı isə hər şeyi sözsüz və şüursuz 

anlayır. Ona görə də indi artıq mən öz-özümu aldatmıram, əgər bu adam həmin 

dəqiqələrdə məni qucaqlasaydı; məndən bir şey xahiş etsə idi, mən onunla 

dünyanın o başına gedərdim. Öz şərəfimi və uşaqlarımın adını biabır etməkdən 

çəkinməzdim. İnsanların dedi-qodularına və öz daxili düşüncələrimə məhəl 

qoymadan madam Anrietin o qədər də tanımadığı cavan bir fransızla qoşulub 

qaçdığı kimi, mən də onunla çıxıb gedərdim... Mən heç soruşmazdım ki, hara, nə 

müddətə gedirik, hətta öz keçmiş həyatıma heç ötəri bir vida nəzəri də 

salmazdım... mən bütün pulumu, ad-sanımı, bütün var-dövlətimi, namusumu bu 

adama qurban verərdim... Mən dilənməyə razı olardım, yer üzündə elə bir 

şərəfsizlik olmazdı ki, o, məni buna vadar edə bilməsin. Əgər o, mənə bir söz 

desəydi, mənə sarı kiçik bir addım atsa idi, məni özü ilə saxlamağa cəhd etsə idi, 

mən ləyaqət, şərəf, namus adlandırdığımız hər şeyi bir yana tullayardım, özümü 

bütünlüklə onun ixtiyarına verərdim. 

Mən artıq sizə demişəm... Bu divanə məni artıq qadın hesab etmirdi... Ancaq mən 

sonsuz bir fədakarlıq, hədsiz bir qüvvə və sədaqətlə ona can atırdım, mən bunu 

yalnız tək qalanda, onun aydın ilahi sifətində ehtiras alovları oynaşanda hiss etdim, 



artıq əvvəlki o boş zülmət yenidən üzərimə çökməyə başlayır, ağırlığı ilə köksümü 

əzirdi. Mən güclə özümü ələ aldım və qohumlarımızla olacaq görüşümüzü 

xatırladım. Mənə elə gəldi ki, başıma, sanki, ağır dəmir dəbilqə keçiriblər, bu 

dəbilqə mənim alnımı sıxır, ağırlığı altında isə bədənim tab gətirməyərək aşağı 

əyilir. Nəhayət, mən qarşıdakı otelə, qohumlarımızın yanına yola düşəndə 

düşüncələrim də, ayaqlarım kimi, bir-birindən ayrılmağa başladı. Orada mən şirin 

söhbət edən adamların arasında key kimi əyləşmişdim. Hərdən təsadüfən başımı 

qaldırıb, ətrafımdakıların hərəkətsiz sifətlərinə tamaşa edirdim. Bu sifətlər kölgə və 

işığın oynaşdığı o sifətlə müqayisədə mənə cansız, donuq bir maskanı xatırladırdı. 

Mən, sanki, meyitlərlə əhatə olunmuşdum. Bu məclis mənim üçün o dərəcədə 

cansız, gərəksiz idi ki, mən, hətta qəndi fincana salıb, fikirli-fikirli söhbətə 

qoşulanda da, elə bil, ürək döyüntülərimin təsirindən gözlərim önündə tamam 

başqa bir surət dayanırdı. Bu surətə tamaşa etmək mənim üçün misilsiz bir sevinc 

idi. İki saatdan sonra mən onu axırıncı dəfə görməliydim. Mən, deyəsən, qeyri-

iradi ah çəkdim, ya da ki inildədim, çünki ərimin bibisi qızı mənə sarı əyilib 

soruşdu ki, mənə nə olmuşdur, yoxsa özümü yaxşı hiss etmirəm? Niyə belə rəngim 

qaçıb, dilxoram. Bu sualların mənə xeyri oldu. O saat düşünmədən cavab verdim 

ki, miqren məni yamanca incidir və xahiş edirəm, hiss olunmadan çıxıb getməyimə 

icazə verəsiniz. 

İndi artıq mən sərbəst idim, tələsik öz otelimə yollandım. Tək qalan kimi yenidən 

məni yalqızlıq, kimsəsizlik hissi bürüdü. Mən bu günü tamamilə itirəcəyəm. O 

gəncdən ötrü darıxmağa başladım. Otaqda qərar tuta bilmirdim, lüzumsuz olaraq 

şkafın siyirmələri açıb-örtür, paltarlarımı və lentlərimin yerini dəyişirdim. Sonra 

güzgünün qabağında dayanıb özümə bir qədər nəzər saldım. Düşündüm ki, səylə 

bəzənsəm, bəlkə də, onun nəzər-diqqətini özümə cəlb edə bilərəm. Birdən mən nə 

istədiyimi, nəhayət ki, başa düşdüm: nəyin bahasına olursa olsun onu 

buraxmamaq! Bir anın içərisində bu arzu qəti qərara çevrildi. Mən aşağı qaçıb, 

portyeyə dedim ki, axşam qatarı ilə çıxıb gedirəm. Tələsmək lazım idi. Xidmətçi 

qadına zəng vurdum ki, gəlib şey-şüyü yığışdırmaqda mənə kömək etsin, vaxt az 

idi; biz tələm-tələsik yır-yığış edib, paltarlarımı və hər cür xırım-xırda şeyləri 

çamadana doldurduğumuz zaman mən xəyalımda onu necə yola salacağımı götür-

qoy edirdim: onu vaqona mindirəcəyəm, son anda, lap son saniyələrdə o 

vidalaşmaq üçün əlini mənə tərəf uzadanda, birdən onun təəccübləri altında həmin 

gecəni də, daha başqa bir gecəni də, o nə qədər istəsə, bir o qədər onunla qalmaq 




üçün kupeyə girəcəyəm. Məni qəribə bir nəşə, həyəcan hissi bürümüşdü. 

Donlarımı çamadana ata-ata xidmətçi qızın heyrətli baxışları altında ucadan 

qəhqəhə çəkib gülürdüm, dumanlı şəkildə dərk edirdim ki, deyəsən, ağlım 

çaşmışdır. Nökər çamadanı aparmaq üçün içəri girəndə mən ona key-key, özü də 

təəccüblə baxdım. Həyəcandan özümü itirdiyim bir zamanda belə adi şeylər 

haqqında düşünmək mənə çox çətin idi. 

Vaxt ötürdü, qatarın yola düşməsinə isə, olsa-olsa, iyirmi dəqiqə qalırdı. Əlbəttə, 

mən özümə təskinlik verirdim ki, axı mən onu ötürməyə ki getmirəm. Bir halda ki 

mən onu müşayiət etməyi qərara almışam, onda ürəyi istəyən yerə qədər mən onu 

müşayiət edərəm. Nökər çamadanları apardı, mən isə otelin kassasına qaçdım ki, 

haqq-hesabımızı kəsim. Müdir pulun qalığını qaytardı. Uzaqlaşmaq istəyirdim ki, 

birdən kiminsə əli yavaşca çiynimə toxundu. Diksindim. Bu, həmin bibiqızı idi; o, 

yalançı kefsizliyimdən narahat olub, mənə baş çəkməyə gəlmişdi. Gözlərimə 

qaranlıq çökdü. Vaxtımı ona sərf edə bilməzdim, bir saniyəni itirmək belə mənə 

baha başa gələrdi. Lakin hörmət əlaməti olaraq, onunla bir qədər söhbət etməli 

idim. 


– Sən yatmalısan, – o təkid etdi. – Sənin, doğrudan da, qızdırman var. 

Yəqin ki, bu, belə də olmalı idi, çünki gicgahlarım zoqquldayır, gözlərim 

dumanlanır, az qala, huşumu itirirəm. Yatmaqdan imtina edib, ona bu diqqəti üçün 

minnətdarlığımı bildirdim, halbuki onun hər bir sözü məni tamam hövsələdən 

çıxarırdı. Az qalırdım onu bu zəhlətökən qayğıkeşliyi ilə birlikdə itələyib bayıra 

salım. Lakin çağırılmamış bu qonaq çıxıb getmirdi, yox, getmirdi, getmirdi. O, 

mənə ətirlənməyi təklif etdi, özü tənbəl-tənbəl ətri mənim gicgahlarıma çəkdi. Mən 

isə dəqiqələri sayır, onun haqqında düşünürdüm. Başımı çatladırdım ki, axı bu 

əzabverici mehribançılıqdan, görəsən, necə xilas ola bilərəm? Mən 

həyəcanlandıqca onun məndən yana narahatçılığı daha da artırdı. Nəhayət, o, məni 

güclə nömrəmə qalxıb uzanmağa məcbur etmək istədi. Lakin dilə tutarkən birdən 

nəzərlərim vestibüldə asılmış saata sataşdı: səkkizə iyirmi səkkiz dəqiqə işləmişdi, 

səkkizə iyirmi beş dəqiqə qalmış isə qatar yola düşürdü. Sərt, kəskin bir hərəkətlə, 

kobud bir etinasızlıqla onun əlini sıxdım: 

– Xudahafiz, mən getməliyəm! – deyib, onun təəccübünə məhəl qoymadan, 

heyrətlənmiş xidmətçilərin nəzərləri altında sürətlə keçib küçəyə çıxdım, düz 




vağzala sarı götürüldüm. Məni yüklə səkidə gözləyən nökərin təşvişli 

hərəkətlərindən başa düşdüm ki, gecikirəm. Özümü keçidə saldım. Lakin burada 

məni bilet yoxlayan saxladı: mən bilet almağı unutmuşdum. Onu dilə tutub keçincə 

qatar yerindən tərpəndi. Bütün bədənim əsə-əsə son dərəcə gərgin halda 

pəncərələrə diqqətlə nəzər saldım ki, bəlkə, heç olmasa onun baxışlarını, bir 

hərəkətini, əl eləməsini, salamını görə bilim. Lakin tez-tez ötüb-keçən pəncərələrdə 

mən onun sifətini seçə bilmədim. Get-gedə vaqonların sürəti artırdı. Bir dəqiqədən 

sonra isə artıq gözlərim önündə qara tüstülü buluddan başqa heç nə qalmadı. 

Allah bilir, mən orada nə qədər daşa dönmüş kimi quruyub qalmışam, çünki, 

görünür, nökər bir neçə dəfə mənə müraciət etmişdi, yoxsa qoluma toxunmağa 

onun cəsarəti çatmazdı. Bu zaman mən xəyaldan ayrıldım. O, yükü geriyə oteləmi 

aparmalıydı? Mən fikrimi cəmləyincə daha iki dəqiqə keçdi, yox, bü mümkün 

deyildi! Dəli kimi biryolluq tərk etdiyim o otelə bir də geri qayıtmaq? Qayıtmaq 

istəmirdim, heç vaxt qayıtmayacaqdım! Mən ona sərəncam verdim ki, aparıb şey-

şüyü yüksaxlama anbarına versin. Narahat idim, heç tək qalmaq istəmirdim. Yalnız 

indi vağzalın bu çaxnaşmasında bir-birini aramsız əvəz edən bu sifətlər içərisində 

hər şeyi götür-qoy etmək, ağıllı-başlı götür-qoy etmək istəyirdim ki, görüm məni 

qəhərləndirən, məni boğan bu ümidsizlik hissinə axı necə qalib gələ bilərəm. Belə 

ki, niyə də boynuma almayım? Düşünəndə ki, mən özüm öz günahımın üzündən 

son görüşümü bada verdim, bu fikir məni qızmar dəmir kimi yandırıb-yaxırdı. Bu 

ağrı get-gedə şiddətlənir, elə kəskinləşirdi ki, bağırmamaq üçün güclə tab gətirir, 

ancaq, ancaq özümü saxlayırdım. Bəlkə də, insanlar ömürlərində, heç olmasa, bircə 

dəfə belə gözlənilməz hadisə ilə, sürətli dağ uçqununa oxşayan hisslərin tufan kimi 

beləcə coşub tüğyana gəlməsi ilə qarşılaşmışlar. Bu zaman insanın bütün ömrü o 

keçmiş illərin sərf edilməmiş qüvvəsi ilə birlikdə aşıb öz başına tökülür. Heç bir 

zaman nə o ana kimi, nə də ondan sonra ümidlərin belə məhv olmasını 

görməmişdim. Mən son qərara gəlmişdim ki, qayğı ilə bəslənmiş həyatım gəlib 

keçilməz bir divara dirənmişdir. Bütün qüvvə və ehtiraslarımla bu divar qarşısında 

aciz qalmışdım. 

Sonra bilsəniz, mən nə etdim? Bu mənasız, ağılsız bir hərəkət idi. Bu barədə 

danışmaq mənə əzab verir, lakin mən özüm söz vermişəm, sizə söz vermişəm ki, 

heç nəyi gizlətməyim. Mən... mən onu özümə qaytarmaq istəyirdim... daha 

doğrusu, mən onunla keçirdiyim anları geri qaytarmaq istəyirdim... qarşısıalınmaz 

bir qüvvə, məni dünən onunla olduğumuz o yerlərə, onu üstündən qaldırdığım o 




bağdakı skamyaya, ilk dəfə onu gördüyüm o qumar zalına, bəli, hətta o oğru 

yuvasına belə sürükləyirdi ki, heç olmasa, bircə dəfə, bircə dəfə onunla keçirdiyim 

anları yenidən yaşaya bilim. Səhər isə miniklə cornich boyu, gəzdiyimiz həmin o 

yolu keçmək, hər bir sözümüzü, hər bir hərəkətimizi yenidən canlandırmaq 

qərarına gəldim. Bəli, mən uşaq kimi beləcə mənasız təlaş keçirirdim! Axı bir 

təsəvvürünüzə gətirin ki, bütün bu hadisələr bir anda ildırım sürəti ilə uçulub 

üstümə tökülmüşdü. Bu hadisələr mənə sarsıdıcı bütöv bir zərbə kimi dəymişdi. 

İndi isə sərməstliyimdən belə kobud tərzdə ayılandan sonra mən xatirələr 

adlandırdığımız o özünüaldatma yolu ilə dünən ötəri yaşadığımız o anları bir daha 

qurtum-qurtum udub, ləzzət almaq istəyirdim; bu istəyi hər adam başa düşə 

bilməz; bəlkə də, bütün bunları başa düşmək üçün alovlu bir ürək sahibi olmaq 

lazımdır. 

Beləliklə, mən hər şeydən əvvəl qumarxanaya yollandım ki, onun arxasında 

əyləşdiyi masanı axtarıb tapım və başqalarının əlləri arasında onun əllərini 

təsəvvürümə gətirim. Mən zala daxil oldum. Hələ də yadımdadır, gərək ki, onu ilk 

dəfə gördüyüm masa ikinci otaqda sol tərəfdə idi. Onun hər bir hərəkəti xəyalımda 

elə aydın həkk olunmuşdu ki, mən gözümü yumsaydım da əllərimi irəli uzadıb 

onun yerini o saat tapardım. Nəhayət, içəri girib, zal boyu addımladım. Elə bu 

zaman... qapıların yanında dayanıb, yığıncağa nəzər yetirərkən... elə bil, mənə nəsə 

bir şey oldu... orada onu, təsəvvürümə gətirdiyim həmin yerdə, həmin stulda 

əyləşən... bu nə idi – qızdırmadan sayıqlama, yaxud qarabasmamı idi?.. O... 

həqiqətən, o... o... idi, mənim xəyalımın indicə yaratdığı surətin eyni... eynən 

dünənki kimi gözləriylə diyircəyə aludə olmuş o adam, ölü kimi rəngi qaçmış o 

şəxs... o... bəli, o! Tanınmaz dərəcədə dəyişilmiş o... o! 

Mən elə qorxdum ki, az qala, bağıracaqdım. Bu qarabasma elə ağlasığmaz, elə 

dərkedilməz idi ki, mən o saat özümü ələ aldım, gözlərimi yumdum! «Sən dəli 

olmusan. ...Sən sayıqlayırsan... sənin qızdırman var... – deyə öz-özümü danladım. 

– Axı, bu mümkün deyildir. Bu, sənin gözlərinə görünüb... Yarım saat bundan 

əvvəl o, yola düşüb». Yalnız bundan sonra mən gözlərimi açdım. Lakin, dəhşət! O, 

yenə də əvvəlki kimi orada əyləşmişdi... milyonlarla əllər arasında mən o əlləri 

tanıyardım... ox, məni qara basmırdı, bu, həqiqətən, o idi. O, mənə and içməyinə 

baxmayaraq, deməli, çıxıb getməmişdir. Gəlib, burada əyləşmişdir. Mənim yol 

üçün verdiyim pulları o, buraya, yaşıl stolun üstünə gətirmişdir. Yenə də 



ehtirasının tamam əsiri olaraq canfəşanlıqla oynamağa başlamışdır. Eh, mən isə 

bayaqdan bütün varlığımla, qəlbimlə hələ ona tərəf can atıram. 

Gözlərimdə qəzəbli bir alov oynadı, kinli, nifrətli bir qəzəb! İrəli atılıb, məni 

həyasızlıqla aldatmış bu tövbə canisinin boğazından yapışmaq istədim. O, mənim 

etibarımı, fədakarlığımı, hisslərimi təhqir etmişdi. Lakin mən yenə də vaxtında 

özümü ələ ala bildim. Qəsdən yavaş-yavaş (ah, bunun üçün mən nə qədər dözümlü 

olmalı idim) stola yaxınlaşdım, onun qarşı tərəfində dayandım. Hansı cənabsa 

ehtiramla mənə yer göstərdi, əyləşdim. Bizi bir-birimizdən iki metr yaşıl örtük 

ayırırdı. Mən, elə bil, teatr lojasında oturub, tamaşaya baxırmış kimi, onun üzünə, 

bir neçə saat bundan əvvəl minnətdarlıqla parlayan, ilahi bir adlıqla gülümsəyən o 

sifətə diqqət yetirirdim. Bu sifət yenə də qumarın o cəhənnəm əzablı ehtirasının 

təsirindən dəyişilib eybəcərləşmişdi. Bu gün səhər müqəddəs tövbə zamanı dua 

kürsüsünün küncündən yapışan həmin o əllər indi, elə bil, tamahkarlıqla qarmağa 

çevrilmiş, qaniçən cani hərisliyilə pulları seçib dəstələyirdi. O udmuşdu, gərək ki, 

çox, lap çox udmuşdu; onun qarşısında dağınıq şəkildə qat-qat jeton luidor  və 

bank biletləri var idi, bu hədsiz sərvət içərisində onun əsəbi, titrək barmaqları 

quylanır, sonsuz bir fərəhlə bu pulların içində üzürdü. Mən o əllərin necə bir 

hərisliklə qənimətini bir-birinin üstünə yığmasını, qızıl pulları əlində necə ehtirasla 

hərlədib kvadratların birinə atmasını müşahidə edirdim. O saatda da burun pərləri 

genəlir, qumarbaşının elanı onun tamahkarlıqla alışıb yanan nəzərlərini pullardan 

ayırır və bu nəzərlər diqqətlə, xırdaca taqqıltılarla hərlənən diyircəyə tərəf 

yönəlirdi. O, odlu bir təlaşla özünü də unudurdu. Elə bil, dirsəklərini yaşıl stola 

mıxlamışdılar. Keçən axşama nisbətən daha dəhşətli, daha qorxulu bir tərzdə 

qumara qurşanmışdı, belə ki, onun hər bir hərəkəti, sadəliklə ürəyimdə həkk 

etdiyim şəfəq saçan o surəti məhv edirdi. 

Biz bir-birimizin iki metrliyindəydik. Mən gözlərimi diqqətlə ona zilləmişdim. O 

isə məni görmürdü, heç kimi görmürdü. Qarşısında səpələnmiş banknot və qızıl 

pullardan ayrılan nəzərləri qızğınlıqla diyircəyə dikilirdi. Diyircək hərlənməyə 

başlayanda isə onun baxışları yenidən pullara tərəf çevrilirdi: bu qapalı əhatədə 

onun bütün fikri-zikri və hissləri hərlənirdi. Bütün dünya, bütün bəşəriyyət, elə bil, 

yığışdırılıb o düşkün adamın qarşısındakı süfrənin yaşıl kvadratlarına 

doldurulmuşdu. Başa düşdüm ki, saatlarla burada dayansam da o, mənim burada 

olmağımı hiss etməyəcək. 



Lakin mən artıq dözə bilmədim. Gözlənilmədən ayağa qalxdım, hərlənib arxadan 

ona yaxınlaşdım və sərt hərəkətlə çiyinlərindən yapışdım. O qanrılıb yuxudan 

ayılan sərxoş kimi dumanlı, yuxulu, qızarmış şüşə gözləri ilə mənə heyrətlə baxdı. 

Sonra, deyəsən, tanıdı. Onun tir-tir əsən dodaqları azacıq açıldı və sevinclə mənə 

baxdı. Baxdı və gizlincə pıçıldadı: 

– İşlər yaxşı gedir... Mən bura girib onu görəndə belə olacağını bildim... Mən belə 

də bilirdim... 

Mən onu başa düşmədim. Bircə onu başa düşdüm ki, qumar onu yenə sərxoş edib. 

Bu sərsəm hər şeyi – öz tövbəsini, bizim şərtimizi, məni, bütün dünyanı 

unutmuşdu. Lakin onun bu sərsəmləməsinə də mən tab gətirə bilmədim. Qeyri-

iradi olaraq söhbətinə qoşuldum və təəccüblə soruşdum ki, o, kimi deyir. 

– Bax, oradakı o qoca, bir əli olmayan o rus generalı, – deyə bu sehrli sirri heç kəs 

eşitməmək üçün bir qədər mənə tərəf əyilib pıçıldadı. – Görürsünüzmü, o çal 

bakenbardlını deyirəm, arxasında da nökəri dayanıb ha, bax o, həmişə udur. Mən 

hələ dünən ona fikir verirdim. Yəqin ki, onun xüsusi üsulu var, mən onun kimi 

oynayıram... O, dünən elə hey udurdu... Mən səhv etdim ki, o gedəndən sonra 

oynadım... bu mənim səhvim idi. O, dünən iyirmi min frank uddu... bu gün də hər 

oyunda o udur. İndi mən onu izləyirəm... İndi... 

Birdən o söhbətini kəsdi. Qumarbaşı cingiltili səslə ucadan dilləndi: 

– Faites votre jeu . 

Onun baxışları hərisliklə, sakit və məğrurluqla əyləşmiş ağ saçlı rusa tərəf yönəldi; 

general tələsmədən əvvəlcə bir, sonra tərəddüdlə ikinci qızıl pulu dördkünc 

nömrəyə qoydu. O saat mənə tanış olan titrək barmaqlar özünü pul yığınına tərəf 

saldı və bir ovuc qızıl pulu həmin kvadrata tulladı. Qumarbaşı bir dəqiqədən sonra 

«sıfır» deyə elan edib, bir hərəkətlə bütün masanı süpürüb təmizləyəndə o, 

qarşısından gedən pullarını əzablı baxışlarla müşayiət etdi. Siz elə güman edirsiniz 

ki, o, yenidən mənə tərəf çevrildi? Yox, o, tamamilə məni unutmuşdu; mən onun 

üçün itirilmiş, yoxa çıxmış, tamam çıxıb getmişdim. O, bütün varlığı ilə rus 

generalına aludə olmuşdu. O isə soyuqqanlılıqla əlinə iki qızıl pul alıb durmuşdu, 

düşünürdü ki, görsün hansı rəqəmə qoymaq lazımdır. 




Mən öz qəzəbimi, öz iztirabımı təsvir edə bilmirəm. Lakin özünüz mənim ruhi 

sarsıntılarımı duyun: bir insandan ötrü mən öz həyatımı qurban verdim, onun özü 

isə məni, əli ilə tənbəl-tənbəl qovaladığı bir milçək yerinə qoymadı. Yenə də 

məndə qəzəb alovları şölələndi. Bütün qüvvəmlə onun qolundan elə yapışdım ki, o, 

dik atıldı. 

– Bu saat ayağa qalxın! – astadan, lakin amiranə tərzdə dilləndim. – Bu gün kilsədə 

mənə verdiyiniz andı bir yadınıza salın, yazığın biri, tövbə canisi! 

O, təəccüblə üzümə baxdı və ağardı. Döyülmüş itlər kimi gözlərində günahkar bir 

ifadə yarandı, dodaqları əsdi. Elə bil, o saat hər şeyi xatırladı və vahiməyə düşdü. 

– Hə... hə... – deyə kəkələdi. – İlahi!.. hə... gəlirəm... Bağışlayın... 

Onun əlləri pulları qarmalamağa başladı. Əvvəlcə tez-tez, kəskin, lakin get-gedə 

ağırlaşan bir hərəkətlə; elə bil, onu nəsə əks bir qüvvə tutub saxlayırdı. Baxışları 

yenidən elə indicə banka pul qoyan rus generalına dikildi. 

– Bir dəqiqə... – O, generalın qoyduğu kvadrata beş qızıl pul tulladı. – Təkcə bu 

oyunu da... Sizə and içirəm. Mən bu saat çıxıb gedirəm... Ancaq bu oyunu... axı 

axırıncısını... 

Onun səsi yenə də batdı. Diyircək fırlanmağa başladı və onun nəzərlərini özünə 

cəlb etdi. Yenə də bu divanə mənim və özünün iradəsindən kənara çıxdı. Kəməndə 

düşmüş kimi balaca diyircəyin hamar çarx üzərində atılıb-düşməsi yenə bu 

divanəni mənim əlimdən çıxardı, iradəsindən məhrum etdi. Yenə də qumarbaşı 

elan etdi və yenə də kürək onun beş qızılını süpürüb apardı, o uduzdu. Lakin o, 

geriyə dönmədi. O, məni unutmuşdu, tövbəsini – bir dəqiqə bundan qabaq mənə 

verdiyi sözü unutduğu kimi. Yenə də onun əlləri xəsisliklə pul komasına tərəf 

uzandı. Onun sərxoş baxışları, elə bil, ona səadət gətirə biləcək pul yığınının 

maqnit qüvvəsinə bənd edilmişdi. 

Artıq səbrim tükəndi. Mən onu yenidən silkələdim, lakin bu dəfə daha qüvvətlə: 

– Durun yerinizdən! Bu saat durun!.. Siz dediniz ki, təkcə bu oyunu... 

Lakin gözlənilməz hadisə baş verdi. O, sərt hərəkətlə geri döndü. Mənə tərəf 

çevrildi, sifətində nə mülayimlik, nə də utancaqlıq əlaməti var idi. Əksinə, gözləri 

nifrət və hirsdən alışıb yanır, dodaqları kinli bir qeyzlə titrəyirdi. 




– Əl çəkin məndən! – deyə o dilləndi. – Gedin buradan. Siz mənə bədbəxtlik 

gətirirsiniz. Siz burada olanda mən uduzuram. Dünən də belə etdiniz, bu gün də! 

Çıxın gedin! 

Bir anlığa mən yerimdəcə quruyub qaldım, lakin onun qəzəbi mənim də hiddətimə 

səbəb oldu: 

– Mən sizə bədbəxtlik gətirirəm? – deyə onun üstünə qışqırdım. – Siz mənə and 

içmişdiniz... – Daha danışa bilmədim, çünki bu dəli yerindən sıçrayıb, həyəcana 

gəlmiş adamlara məhəl qoymadan məni kobudca geri itələdi. 

– Məni rahat buraxın! – deyə bağırıb özündən çıxdı. – Siz mənim qəyyumum 

deyilsiniz... bu da... bu da... sizin pullar! – O, mənə sarı bir neçə yüz franklıq pul 

tulladı. – İndi isə məni rahat buraxın! 

O, özündən xəbəri olmadan, ətrafdakı yüzlərlə adama məhəl qoymadan var 

qüvvəsi ilə bağırırdı. Hamı bizə baxır, pıçıldaşır, bizi göstərir, gülürdü, hətta qonşu 

zaldan maraqlanıb baxanlar da var idi. Mənə elə gəlirdi ki, əynimdən paltarımı 

dartıb çıxarıblar və mən lüt-üryan bu həris baxışların qarşısında qalmışam... 

«Silence, madame, s'il vous plait!..»  – deyə xəzinədar ucadan və amiranə tərzdə 

dilləndi və kürəklə masanı döyəclədi. O, həyasız əclaf mənim üstümə çığırırdı, 

mənə! Təhqir edilmiş, xəcalətimdən qıpqırmızı olmuş halda üzümə pul çırpılmış 

küçə qızları kimi, ətrafımdakı adamların istehzalı təbəssümləri altında quruyub 

qalmışdım. İki yüz, üç yüz sırtıq nəzər düz mənə tərəf zillənmişdi. Elə bu zaman... 

alçaldılmış və biabır edilmiş halda nəzərlərimi kənara çəkmək istərkən birdən 

nəzərlərim heyrətdən bərəlmiş iki gözə sataşdı, bu, bibiqızı idi. O, ağzı açıq 

vahimə ilə mənə baxırdı. 

Bu məni sarsıtdı: o, özünə gəlməmiş, mən zaldan çıxıb qaçdım; güc-bəla ilə özümü 

o sərsəmin dünən özünü yıxdığı skamyaya saldım. Eynən onun kimi mən də halsız, 

iradəsiz, huşsuz halda o sərt taxta üstünə sərildim. 

O vaxtdan iyirmi beş il keçib, buna baxmayaraq, mən hər dəfə yüzlərlə yad 

adamlar qarşısında təhqir olunduğumu, alçaldığımı yadıma salanda heyrətdən 

damarlarımdakı qan donur. Yenə də təəccüb edirəm ki, heç nəyə qadir olmayan, 

aciz, gərəksiz bir şeyə axı niyə təmtəraqlı qəlb, ruh, hiss, əzab adı qoyuruq. Əgər 

bütün bunlar iztirablar çəkmiş bədəni, işgəncə verilmiş cismi məhv edə 



bilməyəcəksə, əgər elə dəhşətlər görəndən sonra ildırım vurmuş ağac kimi qopub 

yerə kömülmək əvəzinə hələ nəfəs alıb yaşayacaqdırsa, bunu necə hiss etmək olar. 

Yalnız bir anlığa, yalnız kiçik bir müddət ərzində əzab məni sarsıtdı və nəfəsim 

kəsilmiş halda həsrətində olduğum o ölümün gəlişini hiss edə-edə, daha heç nə 

dərk etmədən məni o skamyaya saldı. Ancaq mən artıq söyləmişəm. Hər hansı bir 

ağrı qorxaqdır, o həyatın çağırışı qarşısında acizdir, həyatın hökmü bizim 

bədənimizdə, ölümün bütün müdhiş ruhundan güclüdür. 

Mənim özüm başa düşə bilmirəm ki, axı bu sarsıntılardan sonra necə özümə 

gəldim, özümü ələ aldım ancaq hər halda qalxdım. Doğrusu, bilmirdim ki, indi 

mən nə edim. Birdən yadıma düşdü ki, çamadanlarım vağzaldadır və o saat 

beynimdən belə bir fikir keçdi: buradan qaçmaq, qaçmaq, bu lənətəgəlmiş 

yerlərdən çıxıb getmək lazımdır! Ətrafıma baxmadan vağzala sarı götürüldüm. 

Soruşdum ki, Parisə tezliklə hansı qatar gedəcək. «Saat onda» – növbətçi mənə 

cavab verdi və mən yüklərimi təhvil verdim. Saat onda, deməli, o fəlakətli 

görüşümüzdən sonra düz iyirmi dörd saat keçəcək, mənəviyyatımı əbədi məhv 

edən güclü, təzadlı hisslərlə dolu olan iyirmi dörd saat! Lakin o zaman mən bir 

sözdən başqa heç nəyi dərk etmirdim: qaçmaq! Qaçmaq! Bu söz aramsız olaraq 

gicgahlarımı döyəcləyir, çiv kimi beynimə batırdı: qaçmaq! Qaçmaq! Bu şəhərdən 

qaçmaq, öz-özündən qaçmaq, evə, öz qohumlarımın yanına, əvvəlki həyata 

qayıtmaq! Səhər mən Parisə gəldim. Orada bir vağzaldan başqasına keçdim, düz 

Bulona, Bulondan Duvra, Duvrdan Londona, Londondan birbaşa, dayanmadan, 

götür-qoy etmədən, düşünmədən oğlumun yanına getdim. Qırx səkkiz saat 

yuxusuz, danışıqsız, xörəksiz. Düz qırx səkkiz saat ərzində təkərlər eyni bir sözü 

taqqıldadırdı: qaçmaq! Qaçmaq! Qaçmaq! Qaçmaq! 

Nəhayət, mən oğlumun şəhər kənarındakı evinə gözlənilmədən daxil olanda hamı 

qorxdu; yəqin ki, sifətimdə, görkəmimdə hisslərimi büruzə verən bir hal var idi. 

Oğlum məni qucaqlayıb öpmək istəyəndə mən geri çəkildim: istəmirdim ki, o, 

mənim ləkələnmiş dodaqlarıma toxunsun. Mən sorğu-sualdan yayındım və xahiş 

etdim ki, çimmək üçün vanna hazırlasınlar. Mən bədənimdəki yolun tozu ilə 

birlikdə o yararsız, o sərsəm adam haqqındakı xatirələrimdən də yuyunub 

təmizlənməyə özümdə daxili bir ehtiyac duyurdum. Sonra mən özümü yataq 

otağına salıb, on iki-on dörd saat dərin yuxuya getdim. Mən ömrümdə heç vaxt 

belə ağır yatmamışdım. Bu yuxudan sonra mən ölü olub qəbirdə yatmağın nə 

olduğunu başa düşdüm. Qohumlarım mənə, xəstəyə qulluq edən kimi, qayğı 




göstərirdilər. Lakin onların mehribançılığı qəlbimi ağrıdırdı. Mən onların 

hörmətləri qarşısında, nəvazişləri qarşısında utanırdım. Onları necə unutduğumu, 

ağılsız, quduzlaşmış bir ehtiras ucbatından, az qala, necə atacağımı bağırıb üzlərinə 

söyləməkdən özümü güclə saxlamalı olurdum. 

Sonra mən işsiz-gücsüz, heç kimi tanımadığım yad bir fransız şəhərciyinə 

yollandım. Bu fikir məni rahat buraxmırdı ki, hər kəs ilk baxışdan mənim 

biabırçılığımı, məndəki dəyişikliyi o saat duya bilər. Mən özümü son dərəcə biabır 

edilmiş, son dərəcə təhqir edilmiş sanırdım. Hərdən səhərlər oyananda yatağımda 

məni elə qəribə bir vahimə bürüyürdü ki, gözlərimi açmağa belə qorxurdum. Hər 

dəfə mən həmin o gecəni xatırlayırdım, birdən ayılıb özümü o yad, yarımçılpaq 

adamla bir yerdə gördüyüm gecəni! Hər dəfə də qəlbimdə bir arzu – ölüb 

qurtarmaq arzusu oyanırdı. 

Lakin zamanın gücü hər şeyə qadirdir. Qocalıq isə qəribədir, bütün hissləri, 

coşqunluğu azaldır, ölümün yaxınlaşdığını hiss edirsən, onun qara kölgəsini 

duyursan ki, artıq yolunun üstünə düşməkdədir, hər şey sənə bir qədər solğun, 

tutqun görünür və hisslərini heç nə dərindən oxşamır, olmuş hadisələr daha səni 

qorxudub vahimələndirmir. Yavaş-yavaş sarsıntılardan xilas oldum və məni bir 

çox illər keçəndən sonra bir məclisdə Avstriya səfirliyində işləyən cavan bir 

polyakla tanış etdilər. O, sualıma cavab olaraq söyləyəndə ki, onun qohumunun 

oğlu on il bundan əvvəl Monte-Karloda intihar etmişdir, mən heç təəccüb də 

etmədim. Mən ona heç acımadım da, ola bilsin ki, axı niyə gizlədim? – hətta 

sevindim də. Çünki mən artıq heç nədən qorxmaya bilərdim, belə ki, bir daha 

onunla görüşməyəcəkdim. Daha bu hadisədə mənə qarşı öz xatıratımdan başqa bir 

şahid qalmamışdı. O zaman mən rahat oldum. Qocaldım, qocalığın özü də elə 

keçmişindən bir növ qorxmamaq deməkdir. 

İndi sizə aydındır ki, niyə mən öz haqqımda, həyatımda baş vermiş o hadisə 

haqqında sizinlə söhbət etmək istəyirdim. Siz madam Anrieti qızğınlıqla müdafiə 

edib, iddia edəndə ki, iyirmi dörd saat bir qadın taleyini, bir qadın müqəddəratını 

kökündən dəyişdirə bilər, mənə elə gəldi ki, söhbət məndən gedir. Mən sizə 

minnətdar idim, çünki ilk dəfə idi ki, başqası mənim hərəkətlərimə haqq 

qazandırırdı. Buna görə də düşündüm ki, qəlbimdəkiləri barı sizə danışım, bəlkə 

də, bundan sonra o lənətəgəlmiş hadisə xatirimdən silinib gedə və əgər mən elə 

günü sabah həmin yerə getsəm, taleyimin məni cəzalandırdığı həmin o zala, ona və 



özümə nifrət etmədən daxil ola biləm. Onda ürəyimdən asılan daş götürülər, onun 

ağırlığı ömrümün keçmiş günlərinin üstündə qalar və onu heç bir zaman yenidən 

canlanmağa qoymaz. Yaxşı oldu ki, mən bütün bunları sizə danışa bildim. İndi 

yüngülləşmişəm, hətta az qala sevinirəm də... Bunun üçün sizə minnətdaram. 

Bu sözləri deyib, o, birdən ayağa qalxdı. Mən hiss etdim ki, o, hekayətini 

qurtarmışdır. Mən pərt, çaşmış kimi danışmağa söz tapmadım. Gərək ki, o, mənim 

narahatçılığımı başa düşüb tez dilləndi: 

– Yox, xahiş edirəm danışmayın... Mən istəmirəm ki, siz mənə nəsə cavab 

verəsiniz, yaxud da bir şey soruşasınız... Sizə təşəkkür edirəm ki, məni axıra qədər 

dinlədiniz. Sizə yaxşı yol. 

O, qarşımda dayanıb xudahafizləşmək üçün əlini uzatdı. Özümdən asılı olmayaraq, 

onun üzünə baxdım, bu qoca qadının sifəti valehedici dərəcədə gözəl idi, o, səmimi 

bir mehribanlıqla, eyni zamanda xəfif bir utancaqlıqla qarşımda dayanmışdı. Ötüb-

keçən gərginliyin təsirindənmi, yoxsa utandığındanmı, nədənsə yanaqlarından düz 

ağ birçəklərinin dibinə qədər sifəti qıpqırmızı qızarmışdı. Elə bil, qarşımda 

xatirələrini danışdığına görə həyəcanlanmış, günahlarını etiraf etdiyinə görə utanıb 

pörtmüş tamam gənc bir qız dayanmışdı. Özümdən asılı olmayaraq mən də 

həyəcanlanmışdım. Ona öz rəğbətimi bildirmək istəyirdim. Lakin boğazım, elə bil, 

qovuşurdu. Buna görə də dərindən təzim edib, ehtiramla onun ağarmış, payız 

yarpağı kimi yüngülcə titrəyən əlindən öpdüm. 



 

 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə