Milli Kitabxana
206
Ç i n g i z. Məsetən...
Q ə m ə r. Məsələn, bir neçə vaxtdan bəri sən hər axşam bu skamyada əyləşib
saatlarca üfüqün şərq cəhətindən zühur edən bir parlaq ulduza tamaşa edirsən.
Ç i n g i z. Elə bu?
Q ə m ə r. Bəli, elə bu!
Ç i n g i z. Mənim ulduza baxmağımda sən nə sirr görürsən?
Q ə m ə r. Göydə ulduz çoxdur. Nə üçün sən ancaq o ulduza baxırsan?
Ç i n g i z. Çünki o ulduz qeyrilərindən parlaqdır. Mən onu çox sevirəm.
Q ə m ə r. Elə mən də bunu bitmək istəyirdim. O ulduzun adı nədir?
Ç i n g i z. Çoban ulduzu deyirlər, dan ulduzu deyirlər.
Q ə m ə r. Daha adı yoxdur?
Ç i n g i z. Qədim yunanlar o ulduzu eşq və hüsn ilahiyyəsi sanırdılar, adına da
Diana deyirdilər.
Q ə m ə r. Bəs, ərəblər o ulduza nə deyirlər?
Ç i n g i z. Bilmirəm, gərək ki... Zöhrə.
Q ə m ə r. Ha-ha-na... gərək ki... Zöhrə.
Ç i n g i z (acıqlı). Çəkil!
Q ə m ə r. Gedirəm, gedirəm acığın tutmasın.
Bir az gedib dayanır. Çingiz başını əlləri ilə tutub fikrə gedir. Qəmər gizli
daldan onun boynunu qucaqlayıb saçlarından öpür, qaçır.
Ç i n g i z. Qəmər. (Qalxıb otağına gedir.)
Q ə m ə r (yalnız). Ey zavallı qardaşım, görürəm, aslan ürəyini eşq atəşi
yandırır. Söndürmək istəyirsən fəqət bacarmırsan. Çünki atəş bütün vücudunu
almış, damarlarına yerimiş. Görürəm, müşkülat çox, sevdiyin düşmən qızı, sən bir
rəiyyət oğlu, o bir ağa qızı. Ah! Bilirsənmi Çingizim, bacın Qəmər də Şəms oduna
yanır.
Yasəmən və Piri baba komadan çıxırlar.
Y a s ə m ə n. Qəmər, Çingiz hanı? Bizimlə gedirmi?
Q ə m ə r. Bilmirəm, getsə yaxşı olardı, kefi açılardı.
P i r i b a b a. Əlbəttə, yaxşı olardı, yoxsa səhərdən axşama kimi kitabdan əl
çəkmir.
Y a s ə m ə n. Çingiz.
Milli Kitabxana
207
Çingiz otaqdan çıxır.
Ç i n g i z. Ana, mən gedə bilməyəcəyəm. Yoldaşım gələcəkdir, onu
gözləyirəm.
Q ə m ə r. Ana, yalan deyir, getmək istəmir, yoldaşını bəhanə gətirir.
Ç i n g i z. Qəmər, indi də məni yalançı edirsən? Çox sağ ol. Mən səni belə
bivəfa bacı bilmirdim. Get, get...
Q ə m ə r (əlindən tutub). Yox, yox, mən bivəfa bacı deyiləm. Şəms ilə Qəmər
altında mənim tək bacı tapa bilməzsən.
Ç i n g i z. Bu gün Şəms ilə Qəmər dilindən düşməyir. Bu nə sirdir?
Q ə m ə r. Çünki... xudahafiz. Ana, gedək.
Gedirlər.
P i r i b a b a. Ay oğul, bir belə nə oxuyursan?
Ç i n g i z. Piri baba, tibb çox çətin elmdir, gərək həmişə mütaliə edəsən.
P i r i b a b a. Həkimlik çətin isə də gözəl sənətdir. İnsanlara böyük xidmət
edir.
Ç i n g i z. Piri baba, mənim fikrim odur ki, həkimliyi qurtarandan sonra gəlib
kənddə oturam, kəndlilərə kömək edəm.
P i r i b ab a. Çox gözəl fikirdir, allah sənə tövfiq versin.
Bu halda Həcər xanım, Şəmsi bəy, Zöhrə xanım və Heydərqulu daxil olurlar.
P i r i b a b a. Həcər xanım, çox xoş gəlmisiniz, səfa gətirmisiniz, buyurunuz,
buyurunuz...
Çingiz onlara əl verir.
H ə c ə r x a n ı m. Bəs Yasəmən və Qəmər hanı?
Ç i n g i z. Onlar indicə meşəyə gəzməyə getdilər.
H ə c ə r x a n ı m. Oğlum, bəs sən nə üçün getməmisən?
Ç i n g i z. Mən məktəb yoldaşım Fərmanı gözləyirəm, onunla dərslərimizi
mütaliə edəcəyik.
Ş ə m s i b ə y. Ana, mən də meşəyə gedirəm.
H ə c ə r x a n ı m. Get, Yasəməngilə də xəbər et gəlsinlər. Vaxt yoxdur, tez
gedəcəyik.
Milli Kitabxana
208
Şəmsi bəy gedir.
P i r i b a b a. Niyə o səfərki kimi tələsirsiniz?
H ə c ə r x a n ı m. Xalam naxoşdur, Heydərqulu bizim dalımızca göndəribdir.
P i r i b a b a. Allah şəfa versin. Heydərqulu, Züleyxa xanımın naxoşluğu nədir?
H e y d ə r q u l u. Soyuq dəymədir, qorxusu yoxdur. Piri baba, xanım mənə
göyərti tapmışdır.
P i r i b a b a. Get xanıma nə lazımdır yığ.
Heydərqulu gedir.
H ə c ə r x a n ı m. Piri baba, içəri gedək, sizə deməli sözüm var.
Komaya girirlər.
Z ö h r ə (Çingizin əlindən tutub). Çingiz, səni döymək lazımdır.
Ç i n g i z. Döy.
Z ö h r ə. Səni sevmək lazımdır.
Ç i n g i z. Sev.
Z ö h r ə. Bəs sən.
Ç i n g i z. Əfsus ki, mən də sevirəm.
Z ö h r ə. Nə üçün əfsus, Çingiz, məhəbbət bir elə dövlət, bir elə nemətdir ki,
allah onu ən bəyəndiyi dostuna bəxş edər.
Ç i n g i z. Görünür ki, mən onun dostu deyiləm. Dosta bir belə bəla, cəfa
vermək rəvadırmı?
Z ö h r ə. Çingiz, bəlanı, cəfanı özünə, sən özün çəkdirirsən. Nə üçün mənim
kimi ürəyinin dalınca getmirsən?
Ç i n g i z. Çünki mane olan səbəb çoxdur.
Z ö h r ə. Bilirəm, yenə deyəcəksən sən düşmənimiz Şahbaz bəyin qızısan. Sən
bir bəy qızı, mən bir rəiyyət oğlu. Çingiz, məhəbbət aləmində bəy, gəda yoxdur,
mən səni sevirəm, sən də məni. Başqaları bizə nə lazımdır? Mən məhəbbət uğrunda
hər şeydən keçirəm. Mən səninlə haraya istəyirsən getməyə hazıram. Bir başqa
ölkəyə gedək, orada bəxtiyar yaşayaq.
Ç i n g i z. Zöhrə, nə demək istəyirsən?
Z ö h r ə. Onu demək istəyirəm ki, bu gün səni həbs edecəklər, gəlmişəm səni
xəbərdar edəm.
Milli Kitabxana
209
Ç i n g i z. Məni kim həbs edəcəkdir?
Z ö h r ə. Qəza naziri Səfi bəy.
Ç i n g i z. Səfi bəy məni nədə müqəssir edir?
Z ö h r ə. Guya sən hökumətin əleyhinə işləyirsən.
Ç i n g i z. A... bu hiylə ilə Səfi bəy məni tələf etmək istəyir. Sən bunu kimdən
eşitmisən?
Z ö h r ə. Səfi bəy özü dedi. Keçən səfər buraya gəlməyimiz ona məlum
olmuşdur. Məndən və Şəmsidən böyük silist etdi və tapşırdı ki, sənlə əlaqə
etməyək, əks halda bizi də həbs edəcəkdir. İndi gəlmişik səni xəbərdar edib
qaçırdaq.
Ç i n g i z. Zöhrə, sizin bu fədakarlığı ölənə kimi unutmaram. Ələlxüsus Şəmsi
bəyi, onda siz buradan tez gedin, yoxsa fəlakətə düşərsiniz.
Z ö h r ə. Anamgil getsin, mən getməyəcəyəm.
Ç i n g i z. Nə üçün?
Z ö h r ə. Ah, Çingiz... görünür, sən mənim məhəbbətimə inanmırsan,
inansaydın bu sualı mənə verməzdin. Sən fəlakətə düşdükdə, mən kənardanmı
baxım?
Ç i n g i z. Zöhrə, ağıllı ol, elə iş etmə, nahaq yerə özünü bəlaya salma.
Z ö h r ə. Aqil olub qorxaqlartək canımı salamat saxlamaqdan, eşq cünunu olub
sevgilim ilə hebsxanaya düşməyi daha əfzəl bilirəm.
Ç i n g i z. Zöhrəm, ey parlaq ulduzum, sənə and içirəm ki, əgər bu bəladan
xilas olaramsa, sənin arzunu yerinə yetirərəm.
Şəmsi bəy, Qəmər və Yasəmən daxil olurlar. Qəmər
Çingizin boynunu qucaqlayıb
ağlayır.
Ç i n g i z. Ay dəli bacım, nə üçün ağlayırsan?
Q ə m ə r. Ah, səni tutmaq istəyirlər, zindana salmaq istəyirlər. Yox, yox,
qoymaram. Səni heç kəsə vermərəm.
Ç i n g i z. Qəmər, sakit ol, görürsən qardaşını nə tutublar və nə də həbsxanaya
salıblar.
Y a s ə m ə n. Çingiz, əhvalatı bilirsənmi?
Ç i n g i z. Bilirəm, Zöhrə xanım söyləyibdir.
Q ə m ə r (Zöhrə xanımı öpərkən). Zöhrə, bizə etdiyin yaxşılığı ölənə kimi
unutmaram.
Dostları ilə paylaş: |