154
III Salmanasarın hakimiyyətinin son illərində Aşşur dövlətində daxili iğtişaşlar
başlandı. Urartu çarı İşpuini bundan istifadə edib Urmiya gölünün sahillərinə çıxdı,
Gilzan çarlığını işğal edib Urartuya qatdı. İşpuininin vaxtında urartulular Manna
çarını ağır məğlubiyyətə uğratdılar. Bunu, məsələn, bir də ondan görmək olar ki, 820-
ci ildə Urmiyaboyu vilayətlərdə hegemonluq Zamua çarlarından biri olan Şarsinanın
əlinə keçir.
E.ə. IX əsrin sonu - VIII əsrin birinci yarısında Urartu çarları Menuanın, I
Argiştinin, II Sardurinin zamanında urartulular Mannanın ən təhlükəli düşmənlərinə
çevrilirlər. Menuanın hökmranlığı dövründə Urartu o qədər qüvvətlənir ki, Aşşur çarı
onu ləyaqətli bir düşmən kimi tanımağa məcbur olur. İki güclü düşmən arasında
Urmiyaboyu əraziyə yiyələnmək uğrunda mübarizə qızışır. Menua qalib gəlir və
Aşşur çarının əlindən vilayətləri bir-bir alır.
Lakin Aşşur çarlığı hələ kifayət qədər güclü idi və Urmiyaboyu vilayətlər
uğrunda mübarizə davam edirdi. E.ə. 807 və 806-cı illərdə düşmənlər Mannada iki
dəfə vuruşmuşdular.
E.ə. IX əsrin lap sonunda - 802-801-ci illərdə aşşurlularla urartulular arasında
mübarizə daha da qızışdı. Menuanın Mannaya ikinci yürüşü bu dövrə aiddir. Menua
Mannada (Miandub yaxınlığında) qala qurur, yaxud onu bərpa edir və orada öz
qarnizonlarını qoyur. Ola bilsin ki, urartulular ayrı-ayrı vaxtlarda Manna ərazisinin bir
hissəsində müvəqqəti hökmranlıq etmişlər.
E.ə. VIII əsrin birinci yarısı Aşşur dövlətinin zəiflədiyi və Urartu dövlətinin
gücləndiyi dövr idi. Bu dövrə aid Urartu qaynaqlarında Manna ölkəsinin adı getdikcə
daha tez-tez çəkilir və ona qarşı bir çox yürüşlər edildiyi göstərilir. Urartulular bu
ölkəni talan edir, oradan saysız-hesabsız qaramal, davar, minlərlə əsir aparır, yerli
əhalidən bac alırlar və həmin torpaqlarda yerlərini möhkəmləndirməyə cəhd edib,
işğal olunmuş rayonlarda qalalar qururlar.
I Argiştinin hakimiyyəti dövründə urartulular Urmiyaboyu rayona, xüsusən
Mannaya daha tez-tez yürüşlər edirdilər. Urartulular bu vilayətlərə e.ə. 784, 781-774-
cü illərdə soxulmuşdular. Bu on il ərzində Urmiyaboyu vilayətlərdə, təxmini
hesablamalara görə, 50 mindən artıq adam öldürülmüş və əsir alınmış, 100 mindən
çox davar və 40 mindən artıq qaramal, xeyli at, dəvə aparılmış, bir çox şəhər və digər
yaşayış məntəqələri dağıdılmışdı. Lakin Manna mübarizəni kəsmir və arabir əks-
hücuma keçirdi. E.ə.VIII əsrin 70-ci illərinin ortalarında artıq belə bir əks-hücum
olmuşdu. Görünür o vaxt, yaxud bir qədər sonra Manna Urartunun hakimiyyəti
altından çıxmışdı, hərçənd I Argişti (e.ə. 773, 772, 771, 769, 768-ci illərdə) və II
Sarduri (e.ə.VIII əsrin 50-ci illərinin əvvəlində) buraya viranedici yürüşlər etmişdilər.
E.ə. VIII əsrin 60-cı illərin ortalarında və əvvəlində I Argişti Buştunu, Urmiyadan
cənub-şərqdə bir sıra rayonları işğal edir, Cənubi Zaqafqaziyaya (Etiuni ölkəsinə)
155
soxulur, Mannanın möhkəmləndirilmiş "çar şəhəri" Şimerixadirini işğal edir, orada
çoxlu kişi və qadın tutub aparır.
II Sardurinin vaxtında urartuluların istilaçılıq siyasəti daha kəskinləşir. II
Sarduri Şimali Urmiya vilayətlərinə soxulur, Cənubi Azərbaycan torpaqlarının
içərilərinədək irəliləyir. O məlumat verir ki, dağlıq Puluadi ölkəsinə qalib gəlmiş, 21
qalanı, 45 şəhəri və "çar şəhəri olan Libliuni"ni ələ keçirmişdi. Çar salnaməsində
deyilir ki, düşmən ölkəni ram etmək üçün o, işğal etdiyi vilayətdə öz qalalarını
qururdu.
Bu, urartuluların Manna ərazisinə ən çox nüfuz etdiyi dövr idi. Onlar istila
olunmuş vilayətlərdə qalalar tikirdilər, həmin qalalarda qoşun saxlayır və yeni
yürüşlərə hazırlaşırdılar. Sonralar II Argişti də bu rayonlarda olmuşdu.
Manna mübarizə aparır, Urartu çarlarına inadlı müqavimət göstərirdi. Manna
məhz Urartu ilə mübarizədə vahid dövlət kimi təşəkkül tapır və bu dövlət bəzən
Cənubi Azərbaycanın, demək olar ki, bütün ərazisini əhatə edirdi.
VIII əsrin ikinci yarısı Manna çarlığının möhkəmlənməsi və genişlənməsi
dövrü idi.
Mannanın təsərrüfat həyatı: əkinçilik, maldarlıq, sənətkarlıq. E.ə. I
minilliyin başlanğıcında və sonralar Cənubi Azərbaycan tayfalarının təsərrüfatı
çoxsahəli idi. Diyarın əhalisi əkinçilik, maldarlıq və müxtəlif sənətlərlə məşğul
olurdu. Müxtəlif vilayətlərdə təsərrüfatçılığın ayrı-ayrı sahələri üstünlük təşkil edirdi.
Məsələn, Zamua, Allabria, Karalla, Kirruri, Gilzan vilayətləri və bəzi başqa
vilayətlər oturaq əkinçilik-maldarlıq təsərrüfatının qədim ənənələrinə, mahir
sənətkarlara malik, qızğın ticarət edən, şəhər və kənd tipli bir çox məskənləri olan
rayonlar idi. Başlıca sahə əkinçilik, özü də suvarma əkinçilik idi. Dövlət
hakimiyyətinin tam təşəkkülü prosesi bəlkə də məhz suvarma əkinçiliyin inkişafı ilə
bağlıdır. Aşşur çarları tez-tez xatırladırlar ki, "mən onların bol məhsulunu yandırdım,
dolu anbarlarını açdım və qoşunuma o ki var arpa yedizdirdim", "onun bol məhsulunu
saya gəlməyən qamış kimi kökündən qopartdım... onun lacivərd rəngli gözəl, güllü-
çiçəkli, yamyaşıl torpaqlarını, Adad kimi suya qərq etdim, atlarının ümid yeri olan
çəmənlərini də arabaların təkərləri, süvarilərin, döyüşçülərin ayaqları altında tapdaq
eləyib çöl-biyabana çevirdim", "bağlarını, qamış kimi sıx ağaclarını... onun şəhərinə
yaraşıq verən, bolluca meyvə ağacları və meynələri olan gözəl bağlarını qırdım"...
Zikertunun, müəyyən dərəcədə də Gizilbundanın və bəzi başqa yerlərin
əhalisinin əsas peşəsi maldarlıq idi. Lakin burada, əlbəttə, əkinçilik və sənətkarlıqla
da məşğul olurdular.
Elə vilayətlər də vardı ki, Aşşur mənbələri o vilayətlərdən qarət edilmiş əmlakı
sadalayanda əkinçilik məhsullarının və sənətkarlıq məmulatının adını bircə dəfə də
çəkmirlər. Belə vilayətlərdən biri, məsələn, Mes[s]idir. İstilaçıların yazılarında burada