156
"saysız-hesabsız" qaramal, davar, qatır, ikihürgüclü dəvə və at ələ keçirildiyi
haqqında tez-tez məlumat verilir.
Aşşur kitabələrinə görə, yuxarıda xatırladılan inkişaf etmiş əkinçilik
vilayətlərində yalnız kənd təsərrüfatı məhsulları deyil, metallar və sənətkarlıq
məmulatı da ələ keçirilir və bac şəklində alınırdı. Kitabələr yalnız bərəkətli zəmilər,
kanallar, taxıl və şərab anbarları, küləş, at ilxıları, qaramal və davar haqqında yox,
qızıl, gümüş, mis, bu metallardan hazırlanan məmulat, müxtəlif parça və i.a. haqqında
da məlumat verir.
Metallurgiya və metalişləmə, dulusçuluq, daşişləmə, sümükişləmə, əyiricilik
və toxuculuq geniş surətdə inkişaf etmişdi.
Diyarın qədim metallurgiyasının öz filiz mənbəyi vardı. Biz mis, dəmir, qızıl,
qurğuşun və gümüş yataqlarının istismar edildiyini qəti söyləyə bilərik.
Əsasən dulus çarxında hazırlanan bir çox keramika məmulatı sənətkarların
böyük məharətindən xəbər verir; regionun müxtəlif yerlərində dulus sobaları
aşkarlanmışdır.
Qəbirlərdən daşdan, gipsdən, qızıldan düzəldilmiş çoxlu möhür (bir parasının
üzərində mixi yazı işarələri qalmışdır), xeyli bər-bəzək, bilərzik, üzük, muncuq, sırğa,
asmalar və s. tapılmışdır. Çoxlu sənət inciləri - qızıl camlar, müxtəlif ritonlar, situlalar
və başqa şeylər aşkara çıxarılmışdır. Bir çox sənət inciləri müxtəlif zərgərlik,
dulusçuluq mərkəzlərindən bəhs etməyə imkan verir. Mühüm bir cəhət ondan
ibarətdir ki, qazıntı zamanı Həsənlidə sənətkar emalatxanaları, xüsusən "sənətkar evi"
tapılmışdır. Bütün bunlar, şübhəsiz, əhalinin yüksək sənətkarlığa və zəngin incəsənətə
malik olduğunu sübut edir.
Zəngin xammal ehtiyatları, böyük kənd təsərrüfatı potensialı, inkişaf etmiş
sənətkarlıq, incəsənət və bir çox başqa nailiyyətlər region vilayətlərinin yalnız bir-biri
ilə deyil, həm də uzaq ölkələrlə ticarətinin inkişafına kömək edirdi. Hələ lap qədim
vaxtlardan Azərbaycanın vilayətlərindən bu diyarı Qərb və Şərq, Şimal və Cənub
ölkələri ilə birləşdirən beynəlxalq ticarət yolları keçirdi.
Əkinçilik. Azərbaycanın torpaqları və su ehtiyatları bol əkinçilik məhsulları
yetişdirilməsinə imkan verirdi. Azərbaycanın coğrafi şəraiti sayəsində həm dəmyə
yerlərdə, həm də suvarılan torpaqlarda əkinçilik inkişaf etmişdi. Quraqlıq rayonlarda
bulaq və kəhriz sularından istifadə olunurdu.
Aşşur çarları bol qənimət ələ keçirdiklərini, hər il bac topladıqlarını bildirirlər.
Birdəfəlik bac adətən taxılla alınmırdı, çünki kənd təsərrüfatı məhsulları ehtiyatından
yürüşün özündə qoşunu dolandırmaq üçün istifadə olunurdu. Aşşur istilaçılarını mal-
qara, metal və metaldan hazırlanan məmulat daha çox maraqlandırırdı. Lakin illik bac
olaraq hər il başqa şeylərlə yanaşı taxıl da alınırdı.
Həsənlidə aparılan qazıntı işlərinin nəticələri bölgənin iqtisadiyyatında
əkinçiliyin çox mühüm yer tutduğunu söyləməyə imkan verir. Burada iki və altı
157
cərgəli arpa, bir növ buğda və darı yetişdirilirdi. Digər tikintilər sırasında içərisində
müxtəlif kənd təsərrüfatı məhsullarının qalığı olan anbarlar da aşkar edilmişdir.
Əkinçilik qədim əhalinin əsas peşələrindən biri olduğuna görə əkinçilik
texnikası yüksək səviyyədə inkişaf etdirilməli idi. Dəmir dövrünə keçdikdən sonra
əkinçilik alətləri təkmilləşdirilməyə başlandı. Tarlalar ağac kotanla, dəmir toxa ilə
şumlanırdı. Taxıl dəmir oraqla biçilirdi. Həsənlidə qazıntı zamanı dəmir toxalar və
dəmir oraq tiyələri tapılmışdır.
Təsərrüfatda yüklər iki və ya dördtəkərli arabalarda daşınırdı.
Təsərrüfat haqqında xüsusilə zəngin məlumatı II Sarqonun yürüşünün
müfəssəl təsvirindən almaq mümkündür. Bu təsvirdə Mannada və onun tabeliyindəki
vilayətlərdə arpa ilə dolu anbarların ələ keçirilməsindən, zəngin əkinçilik rayonlarının
var-yoxdan çıxarılıb xaraba qoyulmasından danışılır. İstilaçının keçdiyi bütün yol
boyunca mannalılar onun qoşununu ərzaqla təmin etməyə məcbur idilər. Məsələn,
Manna çarı Ullusunu haqqında deyilir ki, "o mənim (II Sarqonun) qoşunumu yedirib-
içirmək üçün anbarlara un və şərab doldurmuşdu".
Zirkertu ilə döyüşə hazırlaşanda II Sarqon Mannanın Panziş qalasını
möhkəmləndirmişdi: "Onun (Ullusununun) qalası Panzişə... yaxınlaşdım. Bu şəhəri
daha da möhkəmləndirdim, onun içərisinə yağ, dən, şərab və döyüş ləvazimatı
qaldırdım".
Uişdiş və Sanqibutu vilayətində çoxlu taxıl ehtiyatı var idi, görünür, bu,
müharibə ehtimalına qarşı və ya qıtlıq illəri üçün yaradılmışdı. "Onun ölkəni və
camaatı dolandırmaq üçün uzun müddət anbarlara vurduğu çoxlu arpa və buğda
ehtiyatını qoşunumun atları, qatırları, dəvələri və ulaqları ilə daşıtdırıb öz düşərgəmdə
qalaq-qalaq yığdırdım".
Şəhərlərdə belə böyük anbarlar olduğunu arxeoloji qazıntılar da sübut edir.
Həsənlidə qazıntı zamanı tapılmış binalardan biri təsərrüfat məqsədləri üçün imiş.
Onun içərisində keramika məmulatı, kənd təsərrüfatı məhsullarının, qala ətrafında
yetişdirilən buğda, arpa, darı, əncir və üzümün qalıqları var idi.
Suvarma kanalları şəbəkəsi barlı-bəhrəli bağlar və üzümlüklər salmağa imkan
verirdi. Bizə məlum olduğuna görə, Urartu çarı Rusa mannalılardan zəbt etdiyi
Sanqibutu vilayətinin Ulxu şəhərinin ətrafında kanallar çəkdirmişdi. "O, axar suyu
aparan kanal qazmış və onu Fərat çayı kimi gur axmağa məcbur etmişdi. Kanaldan
saysız-hesabsız arxlar ayırmışdı... zəmiləri həqiqətən suvarırdı".
Arxların bəzisi borularla yerin altından çəkilmişdi. Sanqibutu vilayətinin
təxmin edildiyi rayonun yaxınlığında Bastam məskənində də uzunluğu 12 kilometrə
qədər olan bu cür kanalın qalıqları tapılmışdır. Güman edilir ki, kanallar çox uzun idi
və Sanqibutunun xeyli hissəsinin torpaqlarını suvara bilirdi. Su, ola bilsin, Araz
çayının qolu Kotur çayından götürülürdü.