80
aldadıcı parıltısı da sönməyə başladı və bu ilğım artıq şüurlara və ürəklərə təsir
göstərmək gücündə deyildi. Real sosializm özünün hədd bilməyən iddialları və
olduqca cılız imkanları ilə gözdən düşdü, özünün «gil ayaqlar üzərində gəzən
Koloss» olduğunu biruzə verdi. Əvvəllər bütün çətinliklərə dözüm təlqin edən
məslək möhkəmliyi də ovxalanıb, küləyin sovura biləcəyi toz təpəsinə çevrildi.
Böyük dövlət dağıldıqdan sonra, onun xarabalığı üzərində baş qaldıran yeni
dövlətlər həm irsdən gələn, həm də zəifliyindən sirayətləndiyi problemlər
xəstəliyinə tutuldu, bədbəxtlikdən həm də buna milli münasibətlər zəminində
yaranan və başqasının ərazisinə yiyələnmək məkrindən əmələ gələn silahlı
münaqişələr əlavə olundu.
İngiltərə, bəxti gətirilməyin bariz sübutu kimi ancaq bir qanlı inqilabla
üzləşməli oldu, vətəndaş müharibəsindən başlanğıcını götürən bu münaqişə tarixdə
ilk dəfə kralın boynunun vurulması ilə nəticələndi. Lakin 100 min nəfərin qurban
getməsinə səbəb olan həmin faciəli dövr heç iki onillik də davam etmədi və ölkə
yenidən əmin-amanlıq bəxş edən monarxiya sisteminə qayıtmalı oldu. Fransada isə
bir əsr yarım sonra baş verən inqilab öz sələfindən kralı edam etməyi qəbul etsə də,
daha qanlı xarakter daşıdı. Ölkə sarsıntılara məruz qaldı, inqilabın meydana
gətirdiyi gilyotinadan da betər olan Avropa üçün Napoleonu siyasət və müharibə
səhnəsinə atması ilə qitənin torpaqlarının qanla suvarılmasına yol açdı. Sonra
Napoleon ordusunun acı məğlubiyyətləri dövrü gəldi və Fransa da şimal qonşusu
kimi monarxiya xilas kəmərinə əl atsa da, inqilabın caynaqları XIX əsrin sonrakı
onilliklərində onun boğazını boğmaqda davam etdi. İngiltərə isə hər
cür təhlükələrə
baxmayaraq daxilindəki sabitliyi qoruyub saxlaya bildi.
İngilislərin məişət qaydaları da keçmişi kimi digər avropalılarınkından və
amerikanlarınkından fərqlidir. Bu qaydalar zaman keçdikcə belə qüvvədə
qalmaqda davam edir. Adi bir cəhəti götürək: su kranının altındakı tasda hökmən
ortadakı deşiyi qapamaq üçün klapan vardır. Kranın özü də olduqca gödəkdir və az
qala yanındakı tas divarına dəyir. Bu isə əli-üzü yumaqda xeyli çətinlik törədir,
çünki ovucu su ilə doldurmaq mümkün olmur. Bu ondan irəli gəlir ki, ingilislər
bizim kimi krandan gələn su ilə əl-üzlərini yumurlar, onlar tasın aşağıdakı deşiyini
bağlamaqla onu su ilə doldurur və onda əl-üzlərini yuyurlar. Suya sabun köpüyü və
əlavə nə qatılsa da fərqi yoxdur, onlar bunu çirkli hesab etmirlər, həmin su ilə
yuyunmaqda davam edirlər. Yuyunma qurtardıqdan sonra deşik açılır və çirkli su
axıdılır. 1960-cı illərdə keçmiş baş nazirin jurnalist oğlu – Ralf Çörçill Moskvaya
gələndə «Rusiya» mehmanxanasında yaşayırmış, nömrəsində vacib sanitariya
qurğusu xarab olduğuna görə hay-küy qaldırıbmış. Vətəninə döndükdən sonra
tənqidi yazı yazmış, rusların çox geri qaldıqlarını həm də onunla əsaslandırıbmış
ki, burada hətta tasdakı deşiyi bağlamaq üçün klapan da yoxdur və onlar bu
çatışmazlığa əhəmiyyət də vermirlər.
Bəlkə də bəzilərinə bu qeydlər əhəmiyyətsiz məsələ kimi görünə bilər. Lakin
məişət qayğıları xalq haqqında çox şeyləri deyir. Çörçill özü də Amerika haqqında
demişdi: «Burada tualet kağızı çox nazik, qəzetlər isə çox qalındır».
Amerikalılar isə İngiltərə müstəmləkəçiliyinə qarşı inqilabi mübarizə
apardıqlarından həmin xalqa xas olan çox şeydən həmçinin imtina etmək