326
dairələri qarşısında da diz çökməmiş, öz sarsılmaz mövqelərinin haqq işi olduğunu
sübuta yetirə bilmişlər.
1734-1735-ci illərdə Nyu-Yorkda “Zenqer işi” deyilən bir hadisə baş verdi.
Ştatın qubernatoru Kosbi məhkəmə qarşısında müəyyən məbləğ pul barədə iddia
qaldırdı və işi uduzdu. Sonra o, həmin hakimi uzaqlaşdırıb, yenisini təyin etdi.
“New York Weekly Journal” qəzetinin naşiri Con Piter Zenqer bir il əvvəl
buraxmağa başladığı bu qəzetində qubernatoru kəskin tənqid etdi. Böyük
hakimiyyət sahibi olan qubernator guya böhtana görə qəzeti yandırmaq və naşiri
həbs etmək barədə göstəriş verdi. Məhkəmədə naşir qələbə çaldı. Bu hələ
müstəqillik qazanmamış Amerikada mətbuatın azadlığının ilkin və böyük qələbəsi
idi və onun sonralar həqiqətən dördüncü hakimiyyət olmasına geniş yol açdı.
Bu misalın bizim şəraitə uyğun olmadığını təsdiq edənlər də tapıla bilər və
onlar əsas kimi bunu gətirə bilərlər ki, axı bizdə məhkəmələr müstəqil deyil,
böhtan iddiası təsdiq olunmayanda belə qəzetlər təqib edilir, məsuliyyətə cəlb
edilir, cərimələnir. Qəzet naşirlərinin dustaqxanaya salınması, hətta qətlə
yetirilməsi faktı da mövcuddur. Belə dəlilləri gətirənlərə, daha çox isə onlara bu
danışıqlar üçün şərait yaradanlara bir cəhəti xatırlatmaq yaxşı olardı ki, mətbuatın
azadlığı heç də şüar olmayıb, real qaydada həyata keçirilməlidir. Nyu-Yorkdakı
hadisə ilə bizi 270 ilə bərabər bir tarixi məsafə ayırır, axı demokratiyanı bərqərar
etmək üçün, - söz azadlığı isə onun təməl prinsiplərindən biridir, - əsrlər lazım
olduğunu düşünənlər, bu ali prinsipi sadəcə olaraq kabusa çevirmək arzusu ilə
yaşamağa üstünlük verənlərdir. Amerikadakı hadisədən üç onillik sonra İngiltərədə
baş verən hadisə uzun müddət siyasət dəhlizlərini tərk etmədi. İngiltərənin baş
naziri Qrenvillin başçılıq etdiyi hökumət 1763-cü ildə gömrük xidməti, vergi
yığmaq sahəsində bir sıra tədbirlər gördü ki, bunlar daha da sərtləşərək sonra
Amerika ərazisindəki koloniyalara ağır iqtisadi zərbələr vuracaq və olduqca pis
nəticələrə gətirib çıxaracaqdı. Bu vaxt Con Uilkis adlı naşir özünün “North Briton”
qəzetində hökuməti ciddi tənqidə məruz qoydu. Elə bu qəzetdə o, kral II Corca
qarşı, İngiltərənin müharibə qənimətlərinin əldən çıxmasına səbəb olan Paris
müqaviləsini müdafiə etdiyini əsas götürərək, hücum xarakterli məşhur “N 45” adlı
məqaləsini dərc etdi. Həmin yazıda kral saxtakarlıqda ittiham edilirdi. Hökumət
buna kralı müdafiə etməklə cavab verdi, üstəlik Uilkis həbs edildi. Məhkəmə
hökumətin Uilkisə olan hücumlarını qətiyyətlə dəf etdi, lakin parlament də
hökumətin tərəfini saxladıqda, Uilkis Parisə qaçmalı oldu və o, İcmalar Palatasının
üzvlüyündən xaric edildi.
Bir neçə il sonra Uilkis mühacirətdən vətənə döndü və yenə parlamentin
üzvü seçildi. Köhnə böhtana görə yenə onu mühakimə edib cərimələdilər və
dustaqxanaya saldılar. Lakin artıq o, kütlənin bütünə çevrilmişdi və kütlə “Uilkis
və Azadlıq” şüarı altında bunt qaldırdı. Beləliklə, Uilkis böyük siyasi populyarlıq
qazandı və uzun müddət parlamentin üzvü oldu.
Ən başlıcası Uilkis öz cəsarətli yazısı ilə çoxlarına müyəssər olmayan bir iş
görmüşdü. Ölkəni siyasi böhrana cəlb etmişdi. Bəzi tarixçilər bu hadisəni
qiymətləndirərkən, onun İngiltərənin xarici siyasətinə və inteqrasiyanın taleyinə
necə böyük təsir göstərdiyini qeyd edirlər. Bir çoxları güman edir ki, İngiltərə
327
hökumətinin və parlamentinin Uilkis əhvalatına başı ciddi surətdə qarışdığından,
Şimali Amerikadakı koloniyalarda meydana gələn müstəqillik hərəkatına lazımi
qiymət verməyi bacarmadı. Amerikada inqilab baş verdi, istiqlaliyyət uğrunda
uzun müddətli qanlı müharibə getdi və İngiltərə Amerikadakı on üç varlı ştatı
itirməyə məcbur oldu. Dünyada ABŞ adlı yeni dövlət meydana gəldi və iki əsr
keçməmiş o fövqəldövlət ləyaqətinə yiyələndi. Uilkis adi bir qəzetçi olsa da,
İngiltərə imperiyasının parçalanmasında və Yeni Dünyanın taleyində özünəməxsus
rol oynadı.
Digər böyük bir qələm sahibi olan Tomas Peyn çap etdirdiyi “Sağlam
düşüncə” pamfletində Amerikada müstəqilliyi birbaşa elan etmək çağırışı ilə çıxış
etmiş, onun bu müraciəti geniş yayılaraq, böyük əks-səda doğurmuşdu. 47 səhifəlik
yazının çap olunduğu elə həmin 1776-cı ildə Birləşmiş Ştatlarda İstiqlaliyyət
Deklarasiyası elan olundu. Müəllif dövrün tələbini düzgün tutaraq, inqilab
məsələsinin bilavasitə gündəliyə daxil edilməsini təklif etdi və onun zəfərinin
şahidi oldu.
Yaxud, XIX əsrin ortalarında A.İ.Gertsen xaricdə buraxdığı “Kolokol” –
“Zəng” qəzeti isə təhkimçiliyin ləğv olunduğu 1861-ci ilə qədər Rusiyada ciddi
demokratik islahatları – kəndlilərin azad olunmasını, senzuranın və bədən
cəzalarının ləğv edilməsini tələb edirdi. O, qəzetdə Rusiya mütləqiyyətini daim ifşa
edirdi.
Onların şəxsi talelərinə gəldikdə Tomas Peyn ahıl yaşlarında Amerikada
ostrakizmə məruz qaldı, ömrünü kasıblıqda başa vurdu, Gertsen isə vətənindən
uzaqlarda həyatdan vaxtsız köçdü. Lakin onların öz həmvətənləri qarşısında böyük
xidmətləri heç vaxt unudulmadı. Çünki onlar alov törədəcək qığılcımı yandıra
bilmişdilər. Bu qığılcım isə azadlığın, demokratiyanın yoluna işıq saçırdı.
KİV indi daha geniş və daha böyük miqyasda şüurlara təsir göstərmək,
ictimai rəyi formalaşdırmaq imkanına malikdir. Bu, həmin sahədə çalışan hər bir
işçinin çiyinlərinə düşən məsuliyyət yükünü daha da ağırlaşdırır. Jurnalist ağır
zehni və fiziki əməklə məşğul olur, daim axtarışdadır. Bu cəhətdən onun əməyini
geoloqların ağır zəhməti ilə müqayisə etmək olar. Geoloqlar yerin təkinin
məchulluqlarına nüfuz etdikləri kimi, qələm sahibləri də insanların zəkalarına və
könüllərinə müraciət edirlər, öz tədqiqatlarını aparırlar. Ona görə də ölkəmizin bu
günü və sabahının taleyində onların rolunu inkar etmək olmaz. Bu rol o vaxt
böyüyəcəkdir ki, hər bir qələm əhli özünü xalqın işıqlı amallarına həsr etsin, heç
vaxt vətəndaşlıq hissini unutmasın. Deməli, jurnalist silahından istifadə
məsələsində öz ləyaqətini ön plana çəkməlidir. Ləyaqətin aparıcı olduğu işdə heç
şübhəsiz, nəticə də qazanılacaq. Ləyaqətli insanın sözünün vəzninə isə bir qayda
olaraq, heç kəs şübhə ilə yanaşmır. Ləyaqət dedikdə birinci növbədə həqiqət
ilahəsinə sitayiş nəzərdə tutulmalıdır, heç kəsin məğlub edə və ya qəsb edə
bilmədiyi iradə işə salınmalıdır. Qədim Romanın sonuncu imperatoru olmuş,
böyük filosof Mark Avreli insanlara müdrik bir məsləhət vermişdir: “Əgər nəsə
düzgün deyilsə onu etmə, əgər nəsə doğru deyilsə, onu söyləmə”. Bu ağıllı nəsihəti
bilavasitə jurnalistlərə, sözdən ictimai şüura təsir mənbəyi kimi istifadə edənlərin
hamısına ünvanlamaq olar.
Dostları ilə paylaş: |