112
axırıncı təsdiqi bu ölkədəki proqressin səviyyəsi, qazanılan nailiyyətlərdir.
Bir yapon müdrikinin kəlamına görə, qələbənin əldə edilməsi imkanı
düşməndən asılıdırsa, məğlubedilməzlik sənin özündən asılıdır. Qabiliyyəti,
yenilik hissinə sönməz həvəsi və yaxşı ənənələrə sədaqəti, mübaliğəsiz deyilsə, bu
xalqa öz hərtərəfli istedadını nümayiş etdirməyə imkan vermişdir. Kimsə kor-
koranə qaydada əhəmiyyətsiz bir şeyə sitayiş edirsə, bu inancın özündə qüsur
vardır. Təəccüblənmək üçün isə bu ölkədə çox şey vardır. Yapon xalqının müasir
həyat fəlsəfəsi göz qabağındadır və ona haqq qazandırmaq üçün heç bir izaha da
ehtiyac yoxdur. Ölkə isə təbii və insanlarının əli ilə yaradılmış gözəlliyinə görə
valeh olmağa layiqdir və bu hissi etiraf edənləri qınamaq da haqsızlıqdır.
“525-ci qəzet”.5,6,7,8,12,13.05.2010
Atanın arzularına sədaqət
(Barak Obamanın kitabı haqqında qeydlər)
ABŞ-dakı prezident seçkilərində Barak Obamanın zəfərinə həsr olunmuş
kiçik yazını oxuyan ziyalı dostum zəng edib, dünyanın müxtəlif guşələrində qalxan
sevincə tam şərik olduğunu bildirdi. Hacı titulu daşıyan həmin mömin adam
xüsusən Obamanın babasının müsəlman olması ilə əlaqədar bu hissləri yaşadığını
dedi və öz ümidini də dilə gətirdi ki, bundan sonra yəqin ki, fundamentalizmlə
mübarizə pərdəsi altında islama qarşı yeni səlib yürüşünə, kimlərisə müdafiə etmək
naminə müsəlman dünyası əleyhinə ümumi cəbhə açmaq cəhdi kimi ağılsız
siyasətin davam etdirilməsinə son qoyulacaqdır. Sonra o, yeni seçilmiş prezidentin
tərcümeyi-halından, atasının oğluna tövsiyələrindən maraqlı şeylər danışdı,
bunların islam dəyərlərindən gəlməsini vurğulamağı da unutmadı. O, Obamanın
türk dilinə tərcümə olunmuş “Dreams from My Father» – «Atamdan gələn arzular»
(türklər «Babamın həyalları» adlandırmışlar) əsərini diqqətlə oxuyubmuş və
lütfkarlıqla kitabı mənə təklif etdi. Marağım daha da artdı, lakin başqa dilə (özü də
yaxşı bilmədiyim bir dilə) tərcüməyə böyük etibarım olmadığından, kitabla
orijinalda tanış olmağı daha əlverişli saydım.
Əvvəlcədən onu demək istərdim ki, səmimi monoloq və əsasən ailəvi dialoq
şəklində yazılmış bu kitab maraqla oxunur, olduqca sadə dildədir. Müəllif
həyatında baş vermiş hadisələrə hansısa bər-bəzək verməkdən uzaqdır, bu
xüsusiyyət əsərin bədii dəyərini heç də azaltmır, əksinə gerçək dramatizmi ilə daha
da artırır. «Nyu-York Tayms» qəzetinin rəyçisi yazır ki, «(O) nadir
siyasətçilərdəndir ki, həqiqətən yaza bilir və özü haqqında təsirli qaydada və doğru
yazır». Bu rəylə qismən razılaşmaqla yanaşı, onun doğrudan da yalnız müasir
siyasətçilər arasında fərqləndiyini qeyd etmək olar. Tarixdə isə siyasətçilərin
əksəriyyəti olmasa da, xeyli hissəsi böyük qələm sahibləri hesab olunurdu. Bibliya
tərəfindən şöhrət çələngi ilə mükafatlandırılmış İsrail-İudeya çarları David və
Solomon, XVI-XVII əsrlər İngiltərəsinin dövlət xadimləri Tomas Mor və Frensis
Bekon, XVIII əsr Fransasındakı onların davamçıları, XIX əsr Böyük Britaniyasının
113
bəzi baş nazirləri (məsələn, Eduard Stenli, Bencamin Dizraeli), ABŞ-ın bani-
ataları, xüsusən Bencamin Franklin, Tomas Cefferson, Aleksandr Hamilton bu
sahədəki istedadları ilə fərqlənirdilər. XX əsrin əvvəllərində prezident olmuş
Vudro Vilson öz ölkəsinin tarixi haqqında beş cildlik əsərin müəllifi idi. Con
Kennedi isə 1956-cı ildə Pulittser mükafatına layiq görülən «Profiles in Courage»
– «Cəsarət kiçik tərcümeyi-halları» kitabı ilə məşhurlaşmışdı.
Təkcə siyasətçilər deyil, onların xanımları, birinci ledilər də avtobioqrafik
janrda qələmlərini sınamışlar. Eleonora Ruzvelt öz kitabında dörd dəfə prezident
seçilmiş və dahiyanə şəxsiyyət olan əri haqqında geniş məlumat verir. Naməlum,
gizlədilən hadisələrə də işıq salmağı bacarır. SSRİ xarici işlər naziri
V.M.Molotovun 1942-ci ildə Vaşinqtona gələrkən, onun paltarlarını qaydaya
salmaq istəyən qulluqçunun qonağın çemodanında əşyalar arasında gizlədilmiş
tapançanı və bir neçə lülə kolbasanı tapdığını yazır və bunu onunla izah edir ki,
yəqin ki, o, təyyarəsinin almanlar tərəfindən vurulduğu təqdirdə sağ qalsa özünü
müdafiə etmək və götürdüyü ehtiyatla aclıqdan xilas olmaq məqsədini güdürmüş.
Nensi Reyqan isə öz kitabında SSRİ liderinin arvadı Raisa Qorbaçovanın ədəb
qaydalarına məhəl qoymayaraq Ağ evdəki prezidentin yataq otağında çarpayıların
yerini dəyişdirməyi nəzakətsiz qaydada məsləhət gördüyünü yazır və onu da qeyd
edir ki, Parisdə olarkən Andropovun sərgidəki şəklini ona göstərən Raisa deyibmiş
ki, yüksəlməyimizə görə biz ona borcluyuq.
Siyasi xadimlər də tarixi şəxsiyyətlərə qiymət verdikdə ümumi stereotiplərin
təzyiqinə
əhəmiyyət verməyərək, onlara başqa prizmadan baxmaqdan
çəkinməmişlər. Con Kennedi öz kitabında ölkəsinin ən koloritli on şəxsiyyəti
haqqında, ABŞ tarixində onların qeyri-adi cəsarəti, ümumi rəyə məhəl
qoymamaları barəsində söhbət açır. Linkolnun qətlindən sonra prezident kürsüsünə
yiyələnmiş Endryu Consona Konqressin hüquqlarını pozması və digər xətalarına
görə impiçment elan edilməsi cəhdini yeganə səsi ilə ölkəsinin şərəfi naminə pozan
və senatda təklifin əleyhinə səs verməklə prezidentin tükdən asılı qalmış taleyini
müsbət həll edən senator Rossun qeyri-adi müstəqilliyini tərifləyir. Az qala bir əsr
sonra 1946-cı ilin sonunda keçmiş prezident Uilyam Taftın oğlu, görkəmli
siyasətçi kimi tanınan senator Robert Taftın senatdakı çıxışında Nyürnberq
tribunalının alman hərbi caniləri barədə hökmünün qanundan, beynəlxalq
hüquqdan kənar, qaliblərin məğlublar üzərində mühakiməsinin ədalətsiz və
qəddarlıq nümunəsi olduğunu, ABŞ-ın demokratik imicinə, hüququn aliliyi
prinsipinə ağır zərbə vurduğunu qeyd etməklə öz dövründə təkcə ölkəsindəki deyil,
bütün dünyadakı ictimai rəyə əks çıxmaqla böyük mərdlik göstərdiyini yazır.
Müəllif qeyd edir ki, Robert Taftın əvvəlki prezident seçkilərindən fərqli olaraq
1948-ci il seçkilərində Respublikaçılar partiyasından namizəd göstərilməsi və
seçkiləri udması şansı xeyli böyük idi. Lakin o, vicdanının səsinə qulaq asıb,
ümumi rəyin əsarətinə qarşı çıxdı. Belə cəsarətli bəyanatına görə isə əsl anafemaya
məruz qaldı, böyük siyasət səhnəsini tərk etməyə məcbur oldu. Bunlar Amerika
siyasət tarixinə parlaqlıq verən faktlardır. Buna rəğmən, 2008-ci il prezident
seçkilərinin yekununu da xalqın iradəsinin ənənəvi qaydaları qırıb dağıtması
nümunəsi hesab etmək olar.
Dostları ilə paylaş: |