118
buna hazır hesab edirdi, yalnız düz sözləri tapmaq lazım idi, düz sözlə hər şey
dəyişilə bilərdi – aparteiddən əziyyət çəkən Cənubi Afrika da, bir az aralıda
gettoda yaşayan uşaqların həyatı da, özünün dünyadakı havası çatmayan yeri də.
Ona görə də çıxışını belə başladı. «Mən deyirəm, bu, başlanan mübarizədir.
Okeandan o tərəfdə baş verir. Lakin bu mübarizələr hər kəsə və bizim hər birimizə
toxunur. Biz bunu bilsək də, bilməsək də, istəsək də, istəməsək də. Mübarizə
özündəki tərəfləri seçməyi tələb edir. Qaralar və ağlar arasında yox. Varlılar və
kasıblar arasında yox. Yox, bu onlardan daha çətin seçimdir. Bu ləyaqətlə asılılıq
arasındakı seçimdir. Ədalətlə ədalətsizlik arasında, borcla laqeydlik arasında, düzlə
əyri arasındakı seçim». Tələbə dostları gəlib axşam onu təbrik etdilər. Dostu olan
qız isə qətiyyətliliyin olmasını vacib hal kimi qiymətləndirdi. İlk təşəbbüs uğurlu
alınmışdı.
Kollecdən sonra artıq Nyu-Yorkda, Manhettendə yaşayanda atasından yenə
məktub aldı. Onu bir
daha dəvət edirdi, yazırdı ki, buraya hətta
bir neçə günlüyə də
gəlsən, bu çox vacib məsələdir ki, öz xalqını tanıyarsan, bilərsən ki, sən haraya
məxsussan. Haraya məxsus olduğunu hökmən bilməlisən. Lakin Barak başqa cür
düşünürdü. Afrikanın onun vətəni olmasını iddia etməyin artıq gec olduğunu
bilirdi.
Qaralara rəğbət bəsləyənlər arasında belə, onları fəaliyyətsizlikdə,
cəsarətsizlikdə ittiham edənlər az deyildi. Bir iranlı tənqidi qaydada
deyirdi ki, niyə
indiyədək onlar vuruşmayıblar. Barak ona cavab vermək istədi ki, bəs Savak (İran
siyasi polisi) əclafları şaha müxalif olanları qətlə yetirəndə və işgəncə verəndə,
niyə iranlılar əllərini əllərinin üstünə qoyub heç nə etmirdilər. Digər tərəfdən
zəncilər də bütövlükdə bircinsli məhlul deyillər, görkəmli lider Malkolm İksin
dediyi kimi, ev zənciləri ilə tarla zənciləri arasında böyük fərq vardır.
Çox götür-qoy etdikdən sonra onun şüuruna təşkilatlanmaq ideyası hakim
kəsilmişdi, bu bir xilas vədi idi. Lakin bir il rahat işləməyi qərara aldı. Onu
çoxmillətli korporasiyanın məsləhət evinə tədqiqat assistenti götürdülər. O, özünü
düşmən arxasına düşmüş casusa bənzədirdi. Manhettendəki ofisə gəlib kompyuter
qarşısında Röyter agentliyinin xəbərlərini izləyirdi. Onun təşkilatlanmaq ideyasını
isə bəyənmirdilər, məsləhət görürdülər ki, onu unut, əvəzində pul gətirən işdən
yapış. Onu maliyyə işinə irəli çəksələr də o, deyilənlərə əhəmiyyət verməyib,
məsləhət firmasındakı işindən çıxıb, təşkilat ideyasına ciddi yanaşmağa başladı və
1983-cü ildə icma təşkilatçısı olmağı qərara aldı. O, qara adamları təşkil edəcəkdi.
Bu məqsədlə Çikaqoya getməyi qərara aldı. Bu şəhər barədə ondan ilk dəfə
soruşanda demişdi: «Dünya üçün donuz qəssabxanasıdır». Buna cavab olaraq ona
qəssabxanaların xeyli vaxt əvvəl bağlandığını demişdilər.
Barak onu da bilirdi ki, Çikaqo Amerikanın ən qatı seqreqasiya şəhəridir,
ağlarla qaraların ayrıca yaşamasını tələb edən məkandır. Bu vaxtlar qara siyasətçi
Harold Vaşinqton şəhərin meri seçilmişdi, lakin bu ağ adamların xoşuna gəlmirdi.
Qütbləşmiş şəhər siyasətçi üçün heç də pis yer deyildi. Bu fikir
öz təsdiqini tezliklə
tapdı. Çikaqo həqiqətən də onun geniş fəaliyyət meydanına, etimad qazanmaq
beşiyinə çevrildi. Birinci ildə ona on min dollar maaş, avtomobil almaq üçün
nəqliyyat xərci kimi əlavə iki min dollar təklif etdilər. İşlər yaxşı getsə əməkhaqqı