116
Lakin həyat onun şüuruna, düşüncələrinə öz düzəlişlərini etmək cəhdindən
də qalmırdı və bu təsirlər bədbinlik hissləri yaratmaya bilməzdi. Bir dəfə bu
məktəbli uşaq «Layf» jurnalında öz dərisini soymağa cəhd edən qara adamın
şəklini gördükdə sarsılmışdı. Anası ona təskinlik verərək məşhur zənci kinoaktyoru
Harri Belafontenin planetin ən yaraşıqlı kişisi olduğunu demişdi. Barak uşaqlıqda
və gəncliyində ümumən qaralara həqarətli münasibətlərlə çox rastlaşmışdı. Kürən
sifətli sinif yoldaşı ondan həyasızcasına soruşmuşdu ki, sənin atan adam
yeyəndirmi?
On yaşı olanda o, artıq yenidən Havay adalarında oxuyurdu. Milad bayramı
ərəfəsində nənəsi ona bildirdi ki, bu yaxınlarda atası sizinlə görüşməyə gələcəkdir.
Anan da Yeni ili burada olacaqdır. Bu xəbər ona heç bir təsir göstərmədi. Çünki o,
doğma atasını heç xatırlamırdı da. Atası əvvəlcə Harvard universitetində oxumaq
üçün materikə yollanmış, təhsilini başa vurduqdan sonra isə vətəni Keniyaya
qayıtmışdı. Körpəliyindən atasını görməyən uşaq onun gətirdiyi hədiyyələrə də
biganə idi.
Böyük Barak vətənində düşdüyü ağır avtomobil qəzasından sonra uzun
müddət müalicə olunduğundan indi oğlunun gözündə olduqca arıq bir kişi kimi
görünürdü. Lakin səkkiz illik fasilədən sonra da, o keçmiş ailəsinin yanında özünü
zəhmli aparırdı və amiranə iradları onun qürurundan xəbər verirdi. Milad bayramı
günlərində tətil vaxtı olduğundan oğlu televiziyadakı maraqlı bir verilişə baxan
vaxt, atası ona acıqlandı ki, bəs dərs tapşırıqlarını nə vaxt hazırlayacaqsan?
Tövsiyə etdi ki, sən yaxşı oxumalısan. Afrikadakı övladlarını nəzərdə tutaraq dedi
ki, sənin qardaşların və bacın çox yaxşı oxuyurlar. Bu qandandır. Qonşu otağa
keçdikdə atasının «o, güclü ələ möhtacdır» sözlərini eşitdi. Bu sözləri ilə atası, elə
bil ki, hamını ittiham edirdi.
Bir az sonra vaxtilə Keniyada işləmiş müəlliməsi Barakın atasını şagirdlərlə
görüşə dəvət etdi. Başqa sinfin uşaqları da öz müəllimləri ilə bu görüşə qatıldı.
Böyük Barak məktəblilərə olduqca maraqlı mühazirə oxudu. İlk insanın məhz
Şərqi Afrikada meydana gəlməsindən, ölkəsinin zəngin faunasından söhbət açdı,
cavan oğlanın öz kişiliyini sübut etmək üçün şiri öldürməsindən danışdı.
İngilislərin ağalığı altında yaşadıqlarından, amerikalıların vaxtilə apardığı kimi
xalqının öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəsindən, çoxlarının yalnız
dərisinin rənginə görə qul edilməsindən, britaniyalıların ədalətsiz idarəçiliyindən
xeyli misallar gətirdi. Onun çıxışı alqışlarla başa çatdı. Vaxtilə kannibalizm barədə
sual vermiş kürən oğlan indi atasının təlaş hissi keçirməməsini tərifləməyə başladı.
Kiçik Barak getdikcə uşaq biganəliyindən uzaqlaşırdı. Ərindən boşanıb
İndoneziyadan daimi sığınacağına qayıdan anasına o, hər işdə, həmçinin ögey
bacısına qayğı göstərməkdə kömək edirdi. Anası işləmək üçün yenidən
İndoneziyaya qayıtdıqda, Barak ora getməkdən qəti surətdə imtina etdi. Bu
yeniyetmə artıq müstəqil olmağa can atırdı, baba və nənəsi ilə qeyri-formal
müqavilə bağlamışdı ki, bir şərtlə onlarla yaşayacaqdır ki, istədiyi vaxt onu tək
yaşamağa buraxacaqlar. Valideynlərindən aralıda olduqda o, yalnız daxili
mübarizəsi ilə məşğul olacaqdı. Bir qara adam kimi özünü Amerikada ayağa
qaldırmağa cəhd edəcəkdi. Onun inadkarlığı, sonralar
formalaşan intellekti, həm də