www.kitabxana.net
– Milli Virtual Kitabxana
85
Qorçatan qan iyinə oyandı, ağız-burnundan qan daman Aza qınayıcı nəzərlə baxdı,
amma bir söz demədi. Sonra durub ocaq çatdı, tikələri odda bişirəndən sonra
doyunca yedi və Aza işarə elədi ki, yatıb dincini ala bilər.
Bir azdan sonra onlar kahadan çıxdılar və dağ boyu getməyə üz qoydular. Ər
tayfasının yerləşdiyi məkana az qalmışdı, onlar iri bir ulduzu tutub gedirdilər.
Həmin ulduz Ər tayfasının əcdadlarının gözləriydi və onlara yol göstərirdi. Bütün
bu müddət ərzində Qorçatan müqəddəs sümükləri bir dəfə də olsun qoynundan
çıxarmamışdı, yalnız bircə dəfə yağış suyunun altında çimərkən torpağa basdırmış,
çiməndən sonra çıxarıb, yenidən qoynunda gizlətmişdi. Ər tayfasının adamları
göydən su töküləndə, yəni yağış yağanda paltarlarını soyunar və yağışın altında
durardılar. Qorçatan tayfadan uzaq düşsə də, bu adəti unutmamışdı və bütün bu
günlər ərzində dəfələrlə yağış yağsa da, bircə dəfə suyun altına girmişdi…
* * *
Tülkügüdən vaxtı düz hesablamışdı, bilirdi ki, Qorçatan yeldən iti, şirdən güclüdür,
vaxtında, özü də əlidolu geri qayıdacaq. O, qaya parçasının üstündə dayanıb,
uzaqları seyr edir, hərdən də qulağını yerə dirəyib dinşəyirdi, Qorçatanı
addımlarının səsindən tanıyacağına əmin idi.
Tülkügüdən öncə addım səslərini eşitdi, amma gələnlər iki nəfər idi. Bir azdan o,
qaçanları gördü və kahanın o biri başına çatıb Qurdötürəni xəbərdar elədi. İki nəfər
onların planına daxil deyildi. Qorçatan da təhlükəni hiss eləmişdi. Ona görə də Azı
meşədə gizlətdi və qayaya dırmaşdı. Həm də əlinin işarəsilə başa saldı ki, bir şey
olsa, ona xəbər eləsin.
Tülkügüdən kahanın içərisində gizlənmişdi. O özü öndən, Qurdötürən isə arxadan
hücum eləməliydi.
Əroğlu ehtiyatı əldən verməmişdi, meşələrin, dağların dilini bilirdi, sirlərindən
xəbərdar idi. Kahaya girəndə hər şeyi susmuş gördü, şübhələndi.
Tülkügüdən kahanın dərinliyində, iri qaya parçasının arxasında, görünməz
yerdəydi. O, Qurdötürənin işarəsini gözləyirdi. Nəhayət, Qurdötürən kahanın
qarşısında göründü, onun nəhəng kölgəsi kahanın ağzına düşdü. Bu zaman
Tülkügüdən gizləndiyi yerdən çıxdı və qışqıra-qışqıra Qorçatanın üstünə atıldı.
Qorçatan onun nizəsini tutdu və əlindəki toppuzla düşməninin başına endirdi,
amma Tülkügüdən bu zərbədən qaça bildi. Qurdötürən də fürsəti fövtə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
86
verməmişdi, arxadan Qorçatanı vurmaq istəyirdi. Əroğlu bunu hiss elədi, kürəyini
kahanın divarına söykədi. Düşmənlər iki tərəfdən onun üstünə yeridilər.
Tülkügüdənin nizəsi Əroğlunun buduna sancıldı, dəhşətli ağrıdan Əroğlu bir anlığa
özünü itirən kimi oldu, ona görə də Qurdötürənin zərbəsindən yayına bilmədi,
sonuncunun vurduğu toppuz Əroğlunun çiyninə dəydi, amma sümüyü sındırmadı.
Qorçatan bildi ki, onun sonudur, ona görə də var qüvvəsini toplamalıdır. Bu zaman
Az kahanın qapısında göründü. O, hay-küyə özünü yetirmişdi. Əroğlu Azı görəndə
ürəkləndi, qollarına yeni güc gəldi, qışqıraraq yerindən atıldı, nizəsini
Qurdötürənin sinəsinə soxdu, düşmənin qıllı sinəsindən qan fəvvarə vurdu.
Tülkügüdən işin fəna olduğunu görüb, kahanın arxa dəliyindən çıxmaq istədi,
amma Qorçatanın atdığı toppuz onun başından dəydi, peyəsirini dağıtdı və o, üzü
üstə düşərək tərpənməz qaldı...
- Ax, nə bir! Nə bir elədi! - deyə mən həyəcandan az qala qışqırdım, - əclafa o da
azdı!
Mən artıq İmranbəyin ovsununa düşmüşdüm, hadisələri diqqətlə izləyirdim, ona
inamım daha da artırdı. O, gözəl natiq idi. İmranbəy mənim bu fəryadımdan daha
da ürəkləndi, gözlərində sevinc qığılcımları yanıb-söndü, üzünün cizgiləri səyridi
və söhbətinə davam elədi:
- Az Qorçatanın yarasına palçıq sürtdü, ot-ələflə sarıdı. Əroğlunun ayağının qanı
kəsildikdən və ağrısı azaldıqdan sonra yola düzəldilər və bir ulduz gecəsi keçmiş
Ər tayfasının düşərgəsinə çatdılar...
Gələnləri birinci Yolgüdən gördü. Tayfa ərləri yola düşəndən bəri o, yuxu nə
olduğunu bilmirdi, yolu güdürdü. Gözünün acısını qaya başında, ağac budağında
alırdı. Amma Qorçatanla birgə daha kimsə vardı və bu kimsə ona tanış deyildi.
Tayfada özgə adamın olmasını heç kim istəməzdi, o ki gələn «az»lardan olaydı! Bu
yerlərdə ərlər sinəliləri «az» çağırırdılar, yataqlarına yoldaş seçdiklərini «öncə»
deyə əzizləyirdilər.
Bu gələn sinəlinin «az»mı, «öncə»mi olduğunu Yolgüdən ayırd edə bilmədi, heç
buna zamanı da qalmadı, ağzını düşərgəyə tərəf tutub bu xəbəri tayfadaşlarına
verdi. Hamı Ərbilənin qamışdan hörülmüş mərəsinin qabağına yığışdı. Torpaq
tayfasından fərqli olaraq, ərlər çoxdan yer üstünə çıxmışdılar. Yalnız müqəddəs
sümükləri kahalarda qoruyurdular. Dağda-daşda, qazmalarda yaşayanlar da vardı,
amma onlar da günlərini meşədə-bağda, dağda-qayada keçirir, ov ovlayır, quş
quşlayırdılar, yalnız qaranlıq düşəndə odalarına qayıdırdılar.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
87
Ərbilən oğlunun sağ-salamat gəldiyini eşidib sevindi, bilirdi ki, Qorçatan düşmənə
can verər, amma istədiyini almayınca geri qayıtmaz. Tayfa başçısı oğlunun
yanındakı yad adamı görəndə narahat oldu. Gələnlərin başına yığışanlar maraqla
Aza baxırdılar. Qorçatan öz adətlərini yaxşı bilirdi. Tayfadaşları yad adamı ya
ömürlük dərin quyuda saxlamalı, ya da öldürməliydilər. Azın kəlləsindən piyalə,
ağ sümüyünün aşıqlarından isə muncuq düzəldib boyunlarından asa bilərdilər.
Qorçatan aradakı soyuqluğa son qoymaq üçün qoynunda gizlətdiyi sümükləri
çıxardı və Yer tanrısına uzatdı. Ərbilən sümükləri aldı, diqqətlə baxdı, sonra
hayqıraraq başı üzərinə qaldırdı. Tayfadaşları da ona qoşuldular, şadyanalıq hər
tərəfi-dağı, meşəni bürüdü, hələ bəlkə Qorçatangili izləyən Torpaq tayfasının da
qulağına çatdı.
Şən sədalar bitdikdən sonra hamı Ərbilənin üzünə baxdı. Qərarı indi o verməliydi,
Qoçatanın və Azın taleyi ondan asılıydı.
Ərbilən üzünü oğluna tutub acıqlı səslə xəbər aldı:
- Onu niyə gətirdin?
- O, məni ölümdən qurtardı, quyudan çıxmağıma kömək elədi.
- Sən ölümdən qorxduğuna görə, tayfadaşlarını təhlükəyə atdın?
- O, mənə sümüklərin yerini göstərdi.
- İndi onu gətirdin, dalınca düşmənlər gələcək! Odu söndürsən də, tüstüsünü
saxlaya bilməzsən, onlar öz «az»larının iyinin dalınca gələcəklər, onu
öldürməliyik.
Qorçatan sinəsini irəli verdi:
- Mən ona söz vermişəm. Demişəm ki, müqəddəs sümüklərin yerini göstərsə, onu
özümə ömürlük qul edəcəm. Göylər bizə xoşbəxtlik göndərəcək.
- Yad adam bizə bədbəxtlik gətirəcək. Biz belə şeyləri çox görmüşük. Qan iyini
hiss edirəm, - deyə qoca Ərbilən inadından dönmədi, - o ölməlidir!
- Ölməlidir! - deyə yerbəyerdən qışqırdılar.
- Quyuya salmaq ölümdən yaxşıdır, - deyə Qorçatan yazıq-yazıq Yer tanrısının
üzünə baxdı.
- Ondan pis qoxu gəlir. Tayfadaşları bu iydən tutub onu hökmən tapacaqlar. Bu
fəlakətdir.
Dostları ilə paylaş: |