www.kitabxana.net
– Milli Virtual Kitabxana
82
dayanıb dinşədilər. Torpaq tayfasının adamlarının səsi gəlirdi. Onlar çığırışa-
çığırışa irəliləyirdilər. İybilən ən qabaqda gedirdi, Yelötən də onu tələsdirirdi. Ən
axırda Ayıbasan gəlirdi...
Torpaq adamları Əyri qayanın yanına çatanda izi tamam itirdilər. Yağış qaçaqların
izini yumuşdu. Amma Ayıbasan nəysə hiss elədi, kahaya girdi və bir az keçmiş
nərildəməyə başladı. O, ocağı tapmışdı, amma köz yoxuydu. Torpaq tayfası odu
əlindən buraxmışdı. Onlar qaçaqların dağı aşacağını güman eləmədiklərinə görə
meşəyə girdilər və bataqlıq adamlarının sərhədində yox oldular. Bir azdan bataqlıq
adamları ilə Torpaq tayfasının cəngi-cidası başladı, haray-qışqırıq aləmi başına
götürdü.
Qorçatangil dağı aşandan sonra səslər də yox oldu. Qaçaqlar dağdan düşüb yenidən
meşəyə girdilər. Onların qarşısında hələ üç ulduz gecəsi yol vardı.
Əroğlu elə yerlərlə gedirdi ki, iz qoymasınlar, həm də onların qoxusunu sevməyən
vəhşilərə rast gəlməsinlər.
Ətraf təhlükələrdən ibarət idi və çox çəkmədi ki, onlar ağacda yaşayan
quşadamlara rast gəldilər.
Onları birinci Az gördü və başı ilə göyə işarə elədi. Qorçatan addımlarını yavaşıtdı,
başlarını aşağı əymiş yöndəmsiz, qaba ağaclara baxdı. Quş adamlar budaqdan-
budağa tullanır və cürbəcür səslər çıxarırdılar, təhlükənin olmasından xəbər
verirdilər. Amma qorxulu deyildilər. Qorçatangilin pis niyyətdə olduğunu hiss
eləsəydilər, bir göz qırpımında bu yadların dərisini soyardılar. Onlar yarasalar kimi
qəfil hücum eləyir və ovlarını didişdirirdilər.
Qorçatan Azın qolundan çəkdi. Burada ləngimələri onlara baha başa gələ bilərdi.
Əroğlu anlayırdı ki, Torpaq tayfasının adamları onların izini itirib, qarşıda isə
düşərgəyə aparan yollar və vəhşilərlə döyüş var.
Qaçaqların ilk üzləşdikləri ac-yalvac qurdlar oldu. Onlar hər tərəfdən Qorçatanla
Azı mühasirəyə aldılar. Qorçatan ayı balasından kiçik olanda canavarları
görmüşdü. Yer tanrısı ilə ovda olarkən boz qurdların çöl atını dövrələmələrinin
şahidi olmuşdu. Qorçatan bu mənzərəni lap yaxından seyr eləmişdi. Canavarlar
yava-yavaş ata yaxınlaşmışdılar. Əroğlu o zaman atın gözlərində məyusluğu və
məğlubiyyət əlamətlərini görmüşdü. At qorunmaq üçün bir neçə cəhd eləsə də,
xeyri olmamışdı, çünki qalib gələcəyinə inamı yoxuydu. Ona görə də inamsız və
hürkək halda boz qurdlara təpik atmış, könülsüz-könülsüz bir neçə dövrə vurmuş,
axırda canını vəhşilərə təslim eləmişdi...
www.kitabxana.net
– Milli Virtual Kitabxana
83
İndi həmin mənzərə yaranmışdı. Amma bu dəfə at yox, o özü tələyə düşmüşdü.
Canavarlar Qorçatangilin həlqəsini getdikcə kiçildirdilər. Hücum eləsəydilər,
onların qarşısını almaq olmayacaqdı. Əroğlu cəld ocaq çatdı. Qurdlar indiyə kimi
bir neçə dəfə od görmüşdülər, onun necə yandırıcı və ağrıdıcı olduğunu bilirdilər.
Buna baxmayaraq, ovlarından əl çəkmək istəmirdilər.
Canavarlardan ən irisi birinci hücum elədi. Onun gözləri par-par yanırdı, zəhmi
adamı basırdı. Qorçatan canavarın gözünün içinə baxdı, onu ovsunlayandan sonra
odla onun üzünü qarsdı, canavar geri sıçradı, uzun-uzadı uladı. Bu, döyüş əmriydi.
Boz qurdlar hər tərəfdən həmlə elədilər. Qorçatanla Az kürək-kürəyə
dayanmışdılar, əllərindəki kösövlə onların üz-gözünü yandırırdılar, lap yaxına
gələnin qarnını nizəylə deşirdilər. Ölüm-dirim savaşı xeyli davam elədi. Növbə iri
boz qurda çatdı. O, adamlardan əl çəkmək fikrində deyildi, geri çəkilib Əroğlunun
üstünə tullandı, köpək dişlərini onun boğazına keçirmək istədi. Qorçatanın bir
zərbəsi dördayaqlı düşmənin başını dağıtdı. Canavarlar başçılarının qan içində
çabaladığını görəndə dağılışdılar, ulaşa-ulaşa meşənin dərinliyinə tərəf qaçdılar...
Qorçatan həmin gecəni böyürtkən kolluqları və cökə ağacları ilə dolu, amma susuz
bir çöllükdə keçirmək qərarına gəldi. Belə olanda onlar təhlükəni tez hiss edə və
qorunmağa imkan tapardılar. Bir az keçmiş Qorçatan gecə kərgədanının
xorultusuna yuxudan ayıldı. Kərgədan düz onlara tərəf gəlirdi. Ötən dəfə
Qorçatanla döyüşdən yayınan kərgədanın bu dəfə geri çəkilmək fikri yox idi, onun
ərazisinə ikinci dəfə soxulmuş yabançı ilə döyüşə hazırlaşırdı. Səhərin
alaqaranlığında onun qıpqırmızı gözləri alışıb-yanırdı, qabaq ayaqları torpağı
eşirdi.
Qorçatan döyüşə hazır vəziyyətdə durmuşdu. Az da bir tərəfdə dayanıb, dəmir
ağacından olan şeşpərini hazır saxlamışdı. Kərgədan onun üstünə qəfil hücuma
keçə bilərdi. Bu heyvanların necə hərəkət edəcəklərini öncədən bilmək çətindir.
Vəhşi, Qorçatanın üstünə hücum elədi və buynuzu ilə düşməninin qarnını nişan
aldı. Amma Qorçatan onun qarşısını kəsdi və Toppuzla kərgədanın buynuzunu
parça-parça elədi. Ağrıdan qəzəblənən vəhşi daha coşqun bir şəkildə hücuma
keçdi, Qorçatan bu həmlədən də qalib çıxdı, kənara sıçradı və nizəsini onun
boynuna sancdı. Vəhşi buna da əhəmiyyət vermədi və yenidən Əroğlunun üstünə
cumdu. Qorçatan bu dəfə toppuzla düz onun alnının ortasından vurdu, qırılan
sümüyün xırçıltısını kənarda dayanmış Az da eşitdi. Kərgədan bir-iki addım
gedəndən sonra yenidən geri dönüb Qorçatana tərəf qaçmaq istədi, amma ayağı
burxuldu, müvazinətini saxlamadan yerə gəldi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
84
Kərgədanın yeməyə yaxşı qara tikələri vardı və yolçuların toqqalarının altını
bərkitmək üçün bir neçə günə çatardı.
Qorçatan ocaq çatdı, əti bişirib yeyəndən sonra cökə ağacının dibini eşdi. Bir azdan
çala su ilə doldu. Suyu növbə ilə və aram-aram içməyə başladılar. Növbəti dəfə
çalaya əyiləndə Qorçatanın qulağına səslər gəlməyə başladı. Sanki hansısa bir
dəstə onlara tərəf qaçırdı. O elə zənn elədi ki, yaxınlaşanlar Torpaq tayfasının
adamlarıdır. Amma gələnlər bir sürü bizon idi, pələnglər onların arxasına düşüb
qovurdu, vəhşilərin ayaqları altında qalmaq təklükəsi vardı. Qorçatan pişik
cəldliyilə iri cökə ağacına dırmaşdı, Az da onun kimi hərəkət elədi. Heyvanlar yel
kimi onların yanından ötüb keçdilər, böyürtkən kolluqları vəhşilərin ayaqlarının
altında qalıb xurd-xəşil oldu.
Ağacda bir az gözləyəndən sonra qaçaqlar yola düşdülər. Pələnglər, yəqin ki,
istəklərinə çatmışdılar və ən zəif bizonu tutub parçalamışdılar.
Qorçatangil çöllüyün qurtaracağında zolaqlıları gördülər. Onlar qanlı ağızlarını
marçıldadır və bir tərəfdə uzanıb mürgüləyirdilər. Bizon sürüsü isə heç nə
olmayıbmış kimi bir az aralıda otlayırdı.
Onlar dərin və qaranlıq meşəni iki ulduz gecəsi ərzində keçdilər. Və yalnız bircə
dəfə ağacda yatdılar. İri palıd ağacının gövdəsi onlara yatacaq üçün yer verdi.
Yatıb dincələndən sonra meşəlikdən çıxdılar, Od tayfasının ərazisinə girdilər.
Qorçatan qayalığın döşündəki tanış kahanı gördü. Xeyli əvvəl o, burada meşə şirilə
dalaşmış və qalib gəlmişdi. Qorçatan kahanın içini yoxlayandan sonra Azı da içəri
çağırdı. Və ona tapşırdı ki, gözdə-qulaqda olsun, özü isə mürgüləmək istəyir. O,
Aza arxayın idi, bilirdi ki, geri qayıdıb onu satmaz. Hətta qayıtmaq istəsə də, yolu
tapa bilməz.
Qorçatan yatandan sonra Az kahadan çıxdı, sal qayaya dırmaşıb gözləməyə
başladı. Bir azdan dağ kəlləri göründü. Onlar yaxınlıqdakı dərəyə enirdilər. Az
başa düşdü ki, yaxınlıqda su var. Susuzlamışdı, həm də acmışdı. Öncə dağ
kəllərindən birini vurmaq, onu yedikdən sonra su barədə fikirləşmək olardı.
Dağ kəlinin axırıncısı Aza yaxın cığırdan keçəndə qız, nizəsini ona tuşladı. Bir
azdan sonra dağ kəlinin imisti əti titrəyirdi və Az Qorçatanın oyanmasını
gözləmədən ətdən qoparıb çiy-çiy yeyirdi. O, çiy ətə öyrəşsə də, Qorçatanın
ocaqda bişirdiyinin yerini vermirdi, ağzının dadı tamam qaçmışdı, amma odun
dilini bilmədiyinə görə əti belə yeməyə məcbur idi.
Dostları ilə paylaş: |