98
V.A.Muradov
böyüklüyünü itirə-itirə gələn Naxçıvan şəhərindən
fərqli olaraq, Ordubad şəhəri ləng də
olsa inkişaf meylini saxlamışdı. Belə ki, osmanlı vergi məmurları Ordubadda 1590-cı
ildə 281 nəfər, 1727-ci ildə isə 598 nəfər vergi ödəyicisi qeydə almışdılar[3,s.10]. Hər
vergi ödəyicisinin ailəli olduğunu və hər ailədə orta hesabla 5 nəfərin yaşadığını nəzərdə
tutmaq qaydası ilə hesablama aparsaq, onda şəhərdə 1590-cı ildə 1500 nəfərin, 1727-ci
ildə isə 3 min nəfərin yaşadığını müəyyənləşdirə bilərik. Göründüyü kimi, təxminən 140
il ərzində Ordubadda yaşayan əhalinin sayı iki dəfə artmışdı.
Türk mənbələrində XVI əsrin sonunda və XVIII əsrin əvvəllərində Ordubad
şəhərində mövcud olan məhəllələrin adları və bu məhəllələrdən hər birində yaşayan
əhalinin sayı haqqında da xeyli məlumat verilir. Əgər 1590-cı ildə Ordubad şəhərində
Mingis, Anbaras, Sərşəhər, Kürdətal (başqa adı “Meydan”) və Məhəlleyi əraminə adı ilə
5 məhəllə qeydə alınmışdısa, 1727-ci ildə 4 məhəllə - Mingis, Anbaras, Sərşəhər və
İçtərəngə məhəllələri qeydə alınmışdı[3,s.10,125-134].
Bununla belə, 1727-ci ildə də
Ordubad şəhərində 5 məhəllənin mövcud olması fikrini irəli sürmək olar. Belə ki,
“Müfəssəl dəftər”in Ordubad şəhərinə aid olan hissəsinin əvvəlində 77 nəfər vergi
ödəyicisinin adı sadalansa da, onların yaşadıqları məhəllənin adı göstərilmir[3,s.125-
126]. Güman etmək olar ki, bu məhəllə 1590-cı il “İrəvan əyalətinin müfəssəl
dəftər”ində “Kürdətal” və yaxud “Məhəlleyi əraminə” adı ilə göstərilmiş məhəllələrdən
biri olmuşdur. Onu da göstərmək lazımdır ki, 1727-ci ilin “Müfəssəl dəftəri”ndə
Ordubad şəhərində bir nəfər də olsun qeyri-müsəlman qeydə alınmamışdır.
“Müfəssəl dəftər”də verilən məlumatlardan aydın olur ki, Ordubad şəhərinin ən
böyük məhəlləsi Sərşəhər məhəlləsi olmuşdur. 1727-ci ildə bu məhəllədə yaşayan 188
nəfər vergi ödəyicisinin adı qeydə alınmışdır[3,s.132]. Ordubad şəhərinin XIX-XX əsrin
əvvəlləri tarixini tədqiq etmiş X.Vahidova
göstərir ki, bu məhəllə Ordubadçayın sol
sahilində yerləşən və Yuxarı Əylis kəndindən başlayıb şəhərin cənub-şərqinə doğru
uzanan əsas küçə boyunca yerləşirdi[5,s.33]. XVIII əsrin əvvəllərində “Müfəssəl
dəftər”də adı göstərilməyən məhəllədə 77 nəfər, Anbaras məhəlləsində 173 nəfər,
Mingis məhəlləsində 105 nəfər, İçtərəngə məhəlləsində isə 46 nəfər vergi ödəyicisinin
adı qeydə alınmışdı[3,s.125-130].
“Naxçıvan sancağının müfəssəl dəftər”ində verilən məlumatlar göstərir ki,
əhalisinin sayının azlığına baxmayaraq, Ordubad şəhəri ticarət və sənətkarlığın inkişafı
baxımından Naxçıvan şəhərini üstələyirdi. “Müfəssəl dəftər”in tərtib olunduğu dövrdə
Ordubad şəhərində 1 böyük bazar, 210 ticarət dükanı və sənətkar emalatxanası, 5
karvansara, 2 sabunxana, 2 bəzirxana və 5 dəyirman fəaliyyət göstərirdi. “Müfəssəl
dəftər”in məlumatları bir
də onu göstərir ki, Ordubad şəhərinin ən işgüzar
məhəllərindən biri Anbaras məhəlləsi olmuşdur. Şəhərdə yerləşən 5 karvansaradan 3-ü
və xeyli sayda dükan və emalatxana məhz bu məhəllədə cəmləşmişdi[3,s.128]. Təəssüf
ki, göstərilən mənbədə Ordubadın sənətkar emalatxanalarında istehsal edilən
məhsulların, bazar və dükanlarda satılan malların həcmi və çeşidi barədə heç bir
məlumat verilmir.
Ordubadın tarixən bağlar şəhəri olması fikrini “Naxçıvan sancağının müfəssəl
dəftəri”ndə verilən statistik məlumatlar da təsdiq edir. Həmin məlumatlardan aydın olur
ki, XVIII əsrin əvvəllərində bu şəhərdə yaşayan əhali ticarət və sənətkarlıqla yanaşı,
üzümçülük və bağçılıqla da məşğul olmuşdur. Güman etmək olar ki,
bu fəaliyyət
sahələri, xüsusilə üzümçülük ordubadlıların əsas gəlir mənbələrindən birini təşkil edirdi.
Təkcə o faktı göstərmək kifayətdir ki, türk vergi orqanları Ordubad şəhərində hər birinin
sahəsi 1 qitə olan 103 üzüm bağı qeydə almışdılar. Bu bağlardan 15-i adı göstərilməyən
məhəllədə, 27-si Anbaras məhəlləsində, 17-si Mingis məhəlləsində, 29-u Sərşəhər
məsəlləsində, 15-i isə İçtərəngi məhəlləsində yerləşirdi[3,s.125-133]. Ordubad əhalisi,
99
V.A.Muradov
məhdud şəkildə də olsa, arpa, buğda, darı kimi dənli bitkilərin əkilib-becərilməsi
ilə də
məşğul olurdu.
Osmanlı işğal rejimi başa çatdıqdan sonra Ordubad şəhəri əvvəlcə Nadir şah
Əfşarın yaratdığı imperiyanın, 1747-ci ildən sonra isə müstəqil Naxçıvan xanlığının
tərkibində olmuşdur. Təəssüf ki, təxminən 100 il davam etmiş bu dövr ərzində Ordubad
şəhərinin vəziyyəti haqqında mənbələrdə, demək olar ki, heç bir məlumata rast gəlmək
mümkün deyildir. Buna baxmayaraq,
tam inamla söyləmək olar ki, 1735-ci ildə sona
çatmış osmanlı işğal rejimindən 1828-ci ildə başlanmış rus müstəmləkə dövrünə qədər
keçən bu müddət ərzində Ordubad şəhərinin vəziyyətində elə bir ciddi dəyişiklik baş
verməmişdi. Bunu orta əsrlər dövrünün sonlarında, rus işğal reliminin başlanğıcında rus
məmurlarının tərtib etdikləri arxiv sənədlərində verilən məlumatlar da təsdiq edir.
Həmin sənədlərdən birində verilən məlumatdan aydın olur ki, bu dövrdə Ordubadda
3444 nəfər əhali yaşayırdı[1,v.6-7]. Bu məlumatı “Naxçıvan sancağının müfəssəl
dəftəri”ndə verilən məlumatla müqayisə etdikdə, təxminən 100
il ərzində şəhərdə
əhalinin sayının 444 nəfər artdığını müəyyənləşdirmək mümkündür..
Əldə olan mənbələrin əksəriyyətində Ordubad şəhəri xanlıqlar dövründə və
Rusiya müstəmləkə dövrünün başlanğıcında olduqca mənzərəli və abad bir şəhər kimi
təqdim edilir. Həm də bu mənbələrdə Ordubadın istər xanlıqlar dövründə mütəmadi
xarakter daşıyan daxili çəkişmələrin, istərsə də Rusiya-İran müharibələrinin gedişində
hər hansı bir ciddi dağıntıya məruz qalması haqqında məlumat verilmir. İkinci Rusiya-
İran müharibəsinin sona çatmasından cəmisi 4 il
sonra tərtib edilmiş kameral
təsvirlərdən birində Ordubad haqqında verilmiş məlumat da bunu təsdiq edir: “Ordubad
şəhəri çeşidli görkəmə malikdir. İrəvan və Naxçıvandan daha ürəkaçandır. Burada
xarabalıqlar demək olar ki, yoxdur, bütün Asiya şəhərlərində olduğu kimi, burada da
küçələr əyri-üyrü olsalar da, içərilərində yaşıl bağlar görünən... hasarlar və tikililər
hesabına fasiləsiz uzanırlar. Hər addımbaşı (olan) su ətrafa sərinlik yayır və həyətərin
çoxunda fantana çevrilir”[1,v.5-6]. Şəhərin xarici görkəmi çiçəklənən bağı xatırladırdı.
Zəngin bitki örtüyü arasında
düzqamətli çoxillik çinarlar, irihəcmli tut və qoz ağacları
şəhərə xüsusi gözəllik verirdi.
Ədəbiyyat
1.Azərb.DTA, f.24, siy.1, iş 372
2.Musəvi T.M. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər. XVI-XVIII
əsrlər, Bakı, 1977
3.Naxçıvan sancağının müfəssəl dəftəri. 9 məhərrəm 1140 (27 avqust 1727).
Araşdırma, qeyd və şərhlərin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı),
Bakı, 2001
4.Алиев В. Археологические исследования в Нахичеванской АССР.
//Нахичеванская АССР, Баку, 1975
5.Ваидова Х. История города Ордубада. Баку, 2007
6.Гейдаров М.Х. Города и городское ремесло Азербайджана XIII-XVII вв.
Баку, 1982
7.Дневник ЗакарияАкулисского, Ереван, 1939
8.Ибрагимов Б.И. Средневековый город Хараба-Гилан. АКД, М., 1985
9.История императора Ираклия. Сочинения епископа Себеоса, писателя
VII столетия. (Пер. К.Н. Патканова). СПб., 1862
10.ОлеарийАдам.Подробное описание путешествия Голштинского
посольства в Московию и Персию в 1633, 1636 и 1639 годах. Составлено
секретарем посольства Адамом Олеарием. (Пер. с немецскогоП.Барсов).
М., 1870