qaldırılmasına sərf edilən və bununla bağlı aparılan digər xərclərin ödənilməsi şərti ilə
qaldırılmış əmlakın mülkiyyətçisi tərəfindən geri tələb edilə bilər.
Maddə 84. Dənizdə batmış əmlakın liman hakimiyyət orqanları tərəfindən
qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi
84.1. Liman hakimiyyət orqanları aşağıdakı hallarda dənizdə batmış əmlakı qaldıra və
zərurət yarandıqda isə uzaqlaşdıra və ya məhv edə bilər:
84.1.1. dənizdə batmış əmlakın mülkiyyətçisi müəyyənləşdirilmədikdə və ya o,
dənizdə batmış əmlakı qaldırmayıb, uzaqlaşdırmayıb və ya məhv etmədikdə onda
dənizdə batmış əmlakın mülkiyyətçisi bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə
tutulmuş hərəkətləri həyata keçirməlidir;
84.1.2. dənizdə batmış əmlak dəniz üzgüçülüyü təhlükəsizliyinə və ya dəniz
mühitinə xeyli zərərin vurulmasına bilavasitə təhlükə yaratdıqda, su bioloji
ehtiyatlarının ovuna, hidrotexniki və digər işlərin aparılmasına maneə yaratdıqda;
84.1.3. kifayət qədər əsas olduqda dənizdə batmış əmlakın mülkiyyətçisinə həmin
əmlakı öz vasitələri və ya müvafiq təşkilatların vasitələri ilə qaldırmağa,
uzaqlaşdırmağa və ya məhv etməyə icazə verilmədikdə.
84.2. Bu Məcəllənin 84.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dənizdə batmış
əmlakın qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi belə əmlakın məlum olan
mülkiyyətçisinin hesabına həyata keçirilir.
Maddə 85. Liman hakimiyyət orqanlarının çəkdiyi xərclərin əvəzinin ödənilməsi
Dənizdə batmış əmlakın bu Məcəllənin 84.1-ci maddəsinə müvafiq olaraq qaldırılması,
uzaqlaşdırılması və ya məhv edilməsi ilə bağlı liman hakimiyyət orqanlarının çəkdiyi
xərclərinin əvəzinin ödənilməsinə dair tələbin həmin əmlaka yönəldilməsi Azərbaycan
Respublikasının mülki qanunvericiliyinə əsasən həyata keçirilir.
Maddə 86. Dənizdə batmış əmlakın təsadüfi qaldırılması
Dənizdə batmış əmlakın təsadüfi qaldırılmasından əmələ gələn hüquq münasibətləri
Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
VIII fəsil. Dənizlə yük daşınması müqaviləsi
Maddə 87. Dənizlə yük daşınması müqaviləsinin tərifi
87.1. Dənizlə yük daşınması müqaviləsi daşıyıcının, yükgöndərənin ona verdiyi və ya
verəcəyi yükü təyinat limanına daşımağı və yükün alınmasına vəkil edilən şəxsə (bundan
sonra - yükalan) verməyi, yükgöndərən və ya fraxtedən isə daşımanın dəyərini (fraxtı)
ödəməyi öhdəsinə götürməsi barəsində istənilən müqavilədir.
87.2. Dənizlə yük daşınması müqaviləsinin mövcudluğu və məzmunu çarter, konosament
və ya digər yazılı sübutlarla təsdiq edilir.
87.3. Dənizlə yük daşınması müqaviləsi bağlana bilər:
87.3.1. dənizlə yük daşınması üçün bütün gəminin, onun bir hissəsinin və ya
müəyyən gəmi yerlərinin verilməsi şərti ilə (çarter);
87.3.2. belə şərt olmadan.
87.4. Daşıyıcı dənizlə yük daşınması müqaviləsini yükgöndərənlə və ya fraxtedənlə və ya
onun adından belə müqaviləni bağlamış olan şəxsdir. Faktiki daşıyıcı - daşıyıcının yükün
daşınmasını və ya daşımanın bir hissəsini həyata keçirməyi həvalə etdiyi hər hansı bir
şəxsdir, o cümlədən daşımanın belə həyata keçirilməsinin həvalə edildiyi hər hansı bir
digər şəxsdir.
87.5. Fraxtedən bu Məcəllənin 87.3.1-ci maddəsində göstərilən dənizlə yük daşınması
müqaviləsini bağlamış şəxsdir.
87.6. Yükgöndərən bu Məcəllənin 87.3.2-ci maddəsində göstərilən dənizlə yük daşınması
müqaviləsini bağlayan, habelə daşıyıcıya yükü öz adından təhvil verən istənilən şəxsdir.
87.7. Tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmadıqda, bu fəsildə
müəyyənləşdirilmiş qaydalar tətbiq edilir. Bu fəsildə birbaşa göstərilmiş hallarda
tərəflərin razılaşması bu fəsildə müəyyənləşdirilmiş qaydalara uyğun olmadıqda
əhəmiyyətsizdir.
Maddə 88. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilə
88.1. Dənizlə yükün müntəzəm daşımaları həyata keçirildikdə, daşıyıcı və yük sahibi
dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilə bağlaya bilərlər.
Dənizlə yüklərin daşınması haqqında uzunmüddətli müqavilə bağlandıqda, yükün
konkret partiyalarının daşınması belə müqavilə əsasında bağlanmış dənizlə yük daşınması
müqaviləsinə əsasən həyata keçirilir.
88.2. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilədə yükün
daşınmasının razılaşdırılmış şərtləri, əgər tərəflər başqası barədə razılığa gəlməyibsə,
dənizlə yük daşınması müqaviləsinə daxil olunmuş hesab edilir.
88.3. Dənizlə yük daşınması müqaviləsinin şərtləri dənizlə yüklərin daşınmasının təşkili
haqqında uzunmüddətli müqavilənin şərtlərinə zidd olduqda, dənizlə yük daşınması
müqaviləsinin şərtləri tətbiq edilir.
88.4. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilənin
konosamentə daxil edilməmiş şərtləri, əgər üçüncü şəxs fraxtedən deyilsə, onun üçün
məcburi xarakter daşımır.
Maddə 89. Yüklərin daşınma üçün qəbulunun müvəqqəti dayandırılması və ya
məhdudlaşdırılması
89.1. Hərəkətdə fasilənin yaranmasına səbəb olan təbii fəlakət, qəzaya uğrama və ya qəza
hallarında, habelə karantin elan edildikdə, liman hakimiyyət orqanlarının sərəncamı ilə
dərhal
müvafiq icra hakimiyyəti orqanı
məlumatlandırılmaqla, yüklərin qəbulu
müvəqqəti dayandırıla və ya məhdudlaşdırıla bilər.
89.2. Yüklərin qəbulunun müvəqqəti dayandırılmasının və ya məhdudlaşdırılmasının
müddətlərini
müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir. Yüklərin qəbulunun
müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması barədə liman hakimiyyət orqanları
yükgöndərənləri və digər maraqlı şəxsləri dərhal xəbərdar edir.
Maddə 90. Çarterin (reys çarterinin) məzmunu
Çarterə (reys çarterinə) tərəflərin və gəminin adı, yükün növü və çeşidi barəsində
məlumat, fraxtın məbləği, yükvurma yerinin adı, gəminin göndərildiyi yerin və ya təyinat
yerinin adı daxil edilməlidir. Tərəflərin razılaşması əsasında çarterə digər şərtlər və qeyd-
şərtlər daxil edilə bilər. Çarter daşıyıcı və fraxtedən və ya onların nümayəndələri
tərəfindən imzalanır.
Maddə 91. Çarterin və konosamentin qarşılıqlı əlaqəsi
Daşıyıcı və dənizlə yük daşınması müqaviləsinin tərəfi olmayan yükalan arasında
münasibətlər konosament ilə müəyyənləşdirilir. Konosamentdə yükalana istinad
edildikdə, onun üçün çarterin şərtləri məcburidir.
Maddə 92. Çarter üzrə hüququn güzəşt edilməsi
92.1. Çarter üzrə yük daşınanda fraxtedənin daşıyıcının razılığı ilə, dənizlə yük daşınması
müqaviləsinə dair hüquqlarını üçüncü şəxslərə güzəşt etmək hüququ vardır.
92.2. Fraxtedən, habelə onun hüquqlarının güzəşt edildiyi üçüncü şəxs dənizlə yük
daşınması müqaviləsinin yerinə yetirilməsinə görə daşıyıcı qarşısında birgə məsuliyyət
daşıyırlar.
Maddə 93. Gəminin səfərə hazırlanması
93.1. Daşıyıcı gəmini səfərə çıxmaq üçün yararlı vəziyyətdə verməyə - onun dəniz
üzgüçülüyünə texniki yararlığını təmin etməyə, gəmini lazımi qaydada təchiz etməyə,
gəmi heyəti ilə komplektləşdirməyə, habelə anbarları və gəmidə yüklərin daşınması üçün
nəzərdə tutulan digər yerləri yükün lazımi qəbulunu, daşınmasını və saxlanılmasını təmin
edən vəziyyətə gətirməyə borcludur.
93.2. Gəminin səfərə yararsız vəziyyətinin, lazımi qayğı göstərilməsinə baxmayaraq
zahirən görünməyən qüsurlardan irəli gəldiyi sübut olunarsa, daşıyıcı gəminin səfərə
yararsız vəziyyətinə görə məsuliyyət daşımır.
Maddə 94. Gəminin dəyişdirilməsi
Əgər yük müəyyən gəmidə daşınmalıdırsa, yükün digər gəmiyə vurulması, yükvurma
əməliyyatı başlandıqdan sonra yaranan texniki zərurət nəticəsində yükün yenidən
vurulması halları istisna olmaqla, yalnız fraxtedənin və ya yükgöndərənin razılığı
əsasında həyata keçirilə bilər.
Maddə 95. Yükvurma limanı və yeri
95.1. Daşıyıcı gəmini çarterdə göstərilmiş və ya çarterin şərtlərinə uyğun olaraq
fraxtedənin göstərdiyi dəniz limanına verməlidir. Fraxtedən təhlükəsiz yükvurma
limanını göstərməyə borcludur.
Dostları ilə paylaş: |