138.4. Sərnişin dənizlə sərnişin daşınması müqaviləsinə əsasən, yaxud daşıyıcının razılığı
ilə dənizlə yük daşınması müqaviləsinə əsasən avtomobili və ya heyvanları müşayiət
etmək məqsədi ilə daşınması həyata keçirilən istənilən şəxsdir.
138.5. Dənizlə sərnişin daşınması müqaviləsinin bağlanması bilet ilə, sərnişinin baqajı
təhvil verməsi isə baqaj qəbzi ilə təsdiqlənir.
Maddə 139. Baqaj və kayut baqajı
139.0. Bu fəslin məqsədləri üçün:
139.0.1. baqaj — dənizlə yük daşınması müqaviləsinə əsasən daşınan
avtomobillər və heyvanlar istisna olmaqla, daşıyıcı tərəfindən dənizlə sərnişin
daşınma müqaviləsinə əsasən daşınması həyata keçirilən əşyalar və ya
avtomobillərdir;
139.0.2. kayut baqajı — sərnişinin kayutunda olan və yaxud hər hansı bir başqa
şəkildə onun sahibliyində, mühafizəsində və ya nəzarəti altında olan baqajdır. Bu
Məcəllənin 141, 148.2-148.5-ci maddələrində müəyyənləşdirilmiş qaydaların
tətbiq edildiyi hallar istisna olmaqla, kayut baqajı sərnişinin avtomobilində və ya
onun üstündə olan baqajı da əhatə edir.
Maddə 140. Sərnişinin gediş və onun baqajının daşınması haqqı
140.1. Sərnişinin gediş və onun baqajının daşınması haqqı tərəflərin razılaşması əsasında
müəyyənləşdirilir.
140.2. ümumi istifadədə olan nəqliyyatda sərnişinin gediş və onun baqajının daşınması
haqqı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq
edilən tariflər əsasında müəyyənləşdirilir.
140.3. Sərnişinin aşağıdakılara hüququ vardır:
140.3.1. özü ilə beş yaşına çatmamış bir uşağı ona ayrıca yer verilmədən pulsuz
(xarici sərnişin xətlərində isə güzəştli tariflə) aparmaq. Beş yaşına çatmamış digər
uşaqlar, beş yaşından on iki yaşına qədər uşaqlar üçün qanunvericiliklə güzəştli
daşınma tarifləri tətbiq edilir;
140.3.2. müəyyən edilmiş normalar həddində pulsuz kayut baqajını aparmaq.
Maddə 141. Sərnişinin daşınma müddətləri
141.0. Sərnişinin daşınması aşağıdakı müddətləri əhatə edir:
141.0.1. sərnişinə və kayut baqajına münasibətdə — sərnişinin və onun kayut
baqajının gəmidə olduğu müddəti, gəmiyə minmə və gəmini tərketmə müddətini,
habelə sərnişinin su yolu ilə sahildən gəmiyə və gəmidən sahilə çatdırılması
müddətini — əgər belə daşınma biletin qiymətinə daxildirsə və ya bu yardımçı
daşınma üçün nəqliyyat vasitəsini daşıyıcı veribsə. Sərnişinin dəniz vağzalında,
körpüdə və ya hər hansı bir başqa liman qurğusunda olduğu müddət daşınma
müddətinə daxil edilmir;
141.0.2. kayut baqajına münasibətdə — əgər baqaj daşıyıcı, onun işçisi və ya
agenti tərəfindən qəbul edilib və sərnişinə təhvil verilməyibsə, sərnişinin dəniz
vağzalında, körpüdə və ya hər hansı bir liman qurğusunda olduğu müddət
daşınma müddətinə daxil edilir;
141.0.3. kayut baqajı olmayan digər baqaja münasibətdə — baqaj daşıyıcı, onun
işçisi və ya agenti tərəfindən sahildə, yaxud gəmidə qəbul edildiyi andan
daşıyıcının, onun işçisinin və ya agentinin baqajı sərnişinə verdiyi ana kimi keçən
müddəti.
Maddə 142. Sərnişinin dənizlə sərnişin daşınması müqaviləsindən imtina etməsi
142.1. Sərnişinin gəmi yola düşənədək, habelə səfər başlandıqdan sonra sərnişinlərin
minməsi və ya düşməsi üçün gəminin daxil olduğu hər hansı bir məntəqədə dənizlə
sərnişin daşınması müqaviləsindən imtina etmək hüququ vardır.
142.2. Əgər sərnişin dənizlə sərnişin daşınması müqaviləsindən
müvafiq icra hakimiyyəti
orqanı
tərəfindən təsdiq edilmiş dənizlə sərnişin daşınması qaydaları ilə müəyyən edilmiş
müddətdən gec olmayaraq imtina edibsə və ya gəmi səfərə çıxanadək xəstəlik nəticəsində
gəmiyə gəlməyibsə, yaxud gəmi səfərə çıxanadək xəstəlik nəticəsində və ya daşıyıcıdan
asılı olan səbəblərə görə dənizlə sərnişin daşınması müqaviləsindən imtina edibsə,
sərnişinə gediş və baqajının daşınması üçün ödədiyi haqq tam həcmdə qaytarılır.
Maddə 143. Daşıyıcının dənizlə sərnişin daşınması müqaviləsinin icrasından imtina
etməsi
143.1. Daşıyıcının aşağıda göstərilən ondan asılı olmayan hallarda dənizlə sərnişin
daşınması müqaviləsinin icrasından imtina etmək hüququ vardır:
143.1.1. gəminin ələ keçirilməsi təhlükəsini yaradan hərbi və ya digər
əməliyyatlar;
143.1.2. gəminin yola düşdüyü və ya təyinat məntəqəsinin blokadası;
143.1.3. müqavilə tərəflərindən asılı olmayan səbəblərə görə müvafiq hakimiyyət
orqanlarının sərəncamı ilə gəminin saxlanılması;
143.1.4. gəminin dövlət ehtiyaclarının təmin edilməsinə cəlb olunması;
143.1.5. gəminin məhv olması və ya güc tətbiq edilməklə ələ keçirilməsi;
143.1.6. gəminin üzgüçülüyə yararsız hesab edilməsi.
143.2. Daşıyıcı dənizlə sərnişin daşınması müqaviləsinin icrasından gəmi səfərə
çıxanadək imtina etdikdə, sərnişinə gediş və baqajının daşınması üçün ödədiyi haqq tam
həcmdə qaytarılır, səfərə çıxandan sonra imtina etdikdə isə — həmin haqq daşımanın icra
olunmadığı məsafəyə mütənasib olaraq qaytarılır.
143.3. Bu Məcəllənin 143.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda,
dənizlə sərnişin daşınması müqaviləsinin icrasından imtina edən daşıyıcı öz hesabına
sərnişinin tələbi ilə onu yola salındığı məntəqəyə çatdırmalı və ya sərnişinə onun çəkdiyi
xərcləri ödəməlidir.
Maddə 144. Dənizlə sərnişin daşınması müqaviləsində dəyişikliyin edilməsi
144.1. Əgər sərnişinin yola düşdüyü məntəqədə və ya təyinat məntəqəsində, yaxud
daşınma marşrutunda təbii fəlakət, əlverişsiz sanitar-epidemioloji şərait, habelə
daşıyıcıdan asılı olmayan və dənizlə sərnişin daşınması müqaviləsinin icrasını qeyri-
mümkün edən digər hadisə və hallar nəticəsində zəruri olarsa, daşıyıcının gəminin yola
düşməsini gecikdirmək, daşıma marşrutunu, sərnişinin minəcəyi və ya düşəcəyi
məntəqəsini dəyişmək hüququ vardır. Bu hallarda daşıyıcı öz hesabına sərnişinin tələbi
ilə onu yola düşdüyü məntəqəyə çatdırmalı və ya sərnişinə onun çəkdiyi xərcləri
ödəməlidir.
144.2. Bu Məcəllənin 144.1-ci maddəsində müəyyən edilmiş qaydalar sərnişinin dənizlə
sərnişin daşınması müqaviləsindən imtina etmək hüququna toxunmur.
Maddə 145. Daşıyıcının məsuliyyəti
145.1. Sərnişinə zərərin vurulmasına səbəb olmuş hadisə xidməti vəzifələri
(səlahiyyətləri) hüdudunda hərəkət edən daşıyıcının, onun işçilərinin və ya agentlərinin
təqsiri üzündən baş vermişdirsə, daşıyıcı sərnişinin ölümünə və ya sağlamlığının
pozulmasına, habelə sərnişinin baqajının itirilməsinə və ya zədələnməsinə görə
məsuliyyət daşıyır.
145.2. Sərnişinin baqajının itirilməsi və ya zədələnməsi baqajın daşındığı və ya daşınmalı
olduğu gəminin gəlməsindən sonra baqajın ağlabatan müddətdə sərnişinə verilməməsi
nəticəsində vurulmuş zərəri də əhatə edir.
145.3. Sərnişinə zərərin vurulmasına səbəb olmuş hadisənin sərnişinin və onun baqajının
daşınması zamanı baş verməsini, habelə vurulmuş zərərin miqdarını sübuta yetirmək
vəzifəsi iddiaçının üzərinə düşür.
145.4. Sərnişinin ölümü və ya sağlamlığının pozulması, yaxud onun kayut baqajının
itirilməsi və ya zədələnməsi gəminin qəzaya uğraması, toqquşması, gəminin saya
oturması, gəmidə partlayış və ya yanğın nəticəsində baş verdikdə, bu halda öz vəzifələri
(səlahiyyətləri) hüdudunda hərəkət edən daşıyıcının, onun işçilərinin və ya agentlərinin
təqsirli olması sübuta yetirilməyibsə, onda onlar təqsirli güman edilir. Bu qayda baqajın
itirilməsinə və ya zədələnməsinə səbəb olan hadisənin xarakterindən asılı olmayaraq,
kayut baqajı olmayan digər baqaja da şamil edilir. Digər hallarda təqsiri sübuta yetirmək
vəzifəsi iddiaçının üzərinə düşür.
Maddə 146. Faktiki daşıyıcı
146.1. Sərnişinin daşınması və ya onun bir hissəsinin icrası faktiki daşıyıcıya həvalə
edildikdə, daşıyıcı bu fəslin qaydalarına müvafiq olaraq sərnişinin bütün daşınmasına
görə məsuliyyət daşıyır. Bununla belə, faktiki daşıyıcının, sərnişin daşınmasında yaranan
münasibətlərdə bu fəsildə müəyyən edilmiş qaydalarda nəzərdə tutulmuş vəzifələri və
hüquqları vardır.
146.2. Faktiki daşıyıcının icra etdiyi sərnişin daşınmasından yaranan münasibətlərdə
daşıyıcı, vəzifələri (səlahiyyətləri) hüdudlarında hərəkət edən faktiki daşıyıcının, onun
işçilərinin və ya agentinin hərəkətləri və ya hərəkətsizliyinə görə məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |