TURAN-SAM(TURAN-CSR)
YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013
YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013
TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ
(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES)
www.turansam.org
31
(4)
MİRZƏ FƏTƏLİ AXUNDOV, HEYDƏR HÜSEYNOVUN TƏDQİQİNDƏ
TÜRKÇE: HAYDAR HÜSEYİNOV’UN ARAŞTIRMASINDA MİRZE FETH
ALİ AHUNDOV
ENGLISH: MIRZA FATALI AHUNDOV AS A HAYDAR HUSEYNOV’S
RESEARCH
Dr. Rəşad ƏSGƏROV
*
ÖZET
Makalede bu sene 200. yıldönümünü kutladığımız Mirza Fatali Ahundov’un
felsefi, bilimsel görüşleri, etik ve estetik bakış açısı, ayrıca din konusundakı felsefi
fikirleri, kadın-erkek eşitliği, elifba ıslahatı ve diğer konular araştırılmıştır. Bu
aratırmada Ahundov’un Batılı aydınların eserlerine referansları ve bununla ilgili Haydar
Huseynov’un araştırmaları ışığında Azerbaycan’da aydınlanma felsefesinin
gelişimindeki hizmetleri tetkik edilmiştır. Önceleri Doğu’da oluşan tüm noksanları
İslam dini ve bu dinin devamcıları sayılan mollalarla ilişkilendiren Ahundov, daha
sonra İslama daha yumuşak yaklaşımda bulunmuş, milli-manevi değerlerin milletlerin
yaşamlarındakı olumlu etkisini belirtmiştir.
Ahundov idrak nazariyesinde rasyonalizmden yola çıkarak idrak sürecinde hissi
olanla rasyonel olanın vahdetini kabul etmiştir. Makalede Haydar Huseynov’un
araştırmaları sonucunda Ahundov’un ilmi mirasının tüm Doğu halklarının, özellikle
Azerbaycan halkının milli kültürel gelişimindeki rolü vurgulanmıştır.
Anahtar Kelimeler: Aydınlanma, Demokrasi, Hürriyet, İdeolojik Akım,
Rasyonel İdrak, Sosyal Gelişim.
ABSTRACT
Mirza Fatali Akhundov whose 200 years anniversary celebrated this year
attended philosophical, scientific view, aesthetic and esthetic thoughts and philosophical
thoughts about religion, women and men law equality, the alphabet reform and etc. have
been investigated in the article. The acquaintance of Akhundov with the European
enlightener”s works and his services in the development of enlightened philosophical
Huseynov’s studying here. From the begining Akhundov have dealed all the events
which took place in the East world with Islam religion and with the moollah who are
religion cariers and then he kept loyal attention to Islam and valued highly positive
influence to welfare. Taking into account the realism in intellect theory Akhundov
adopted the unity of feeling and rationality.
In the conclution of Heydar Huseynov’s investigation it especially is pointed out
that Akhundov’s scientific hereatage played especial role in the development of national
culture of Azerbaijan and all eastern peoples.
Keywords: Democracy, Enlightenment, Freedom, Ideological Action, Rational
Intellect, Social Development.
*
Fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı/AZƏRBAYCAN; asrasad@mail.ru
TURAN-SAM(TURAN-CSR)
YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013
YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013
TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ
(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES)
www.turansam.org
32
Bu il görkəmli Azərbaycan mütəfəkkiri, maarifçi, drammaturq və filosofu Mirzə
Fətəli Axundovun anadan olmasının 200 illiyi dövlət və YUNESKO xətti ilə geniş
miqyasda qeyd edilir. Bu böyük filosofun Azərbaycan xalqı üçün gördüyü işlərin
miqyası o qədər genişdir ki, anadan olmasından iki əsr keçməsinə baxmayaraq onun
elmi irsi bu gün də öz aktuallığını saxlayır. Mirzə Fətəli Axundovun milli maarifçilik
fəlsəfəsində Şərq xalqlarının azadlıq və səadəti uğrunda yorulmadan mübarizə
aparmışdır. O “Kəmalüddövlə məktubları” traktatında öz fəlsəfi mülahizələrini, fəlsəfi
dünyagörüşünü tam aydınlığı ilə göstərmişdir. Materialist fəlsəfənin müxtəlif
məsələlərini və kateqorialarını bu əsər vasitəsilə tədqiq edən Axundov eyni zamanda
maarifçiiliyin bir məfkurə hərəkatı kimi rolu və əhəmiyyətini də tam aydınlığı ilə açıb
göstərmişdir. Axundov materialist mövqeyi əsas götürərək bütün dinlərə, o cümlədən də
islam dininə birmənalı yanaşmamış, bəzən isə ateist mövqedən dinə qarşı mübarizənin
labüdlüyünü vurğulamışdır.
Axundovun elmi-fəlsəfi irsi müxtəlif tədqiqatçılar tərəfindən fikrimizcə əsasən
iki dövrdə tədqiq olunmuşdur.
Sovet dövrü tədqiqatçıları zamanın tələblərinə uyğun olaraq marksist
metodologiyadan istifadə edərək (Hüseynov H, Qasımzadə F, Əhmədov Ə, Məmmədov
A, Məmmədov Ş, Mustafayev Q, Məmmədzadə H, Rəfili M, Rüstəmov İ, Ramazanov
F, A.P.Nəsir və s.) Axundovun irsini tədqiq etmiş və əsas diqqəti onun materialist
fəlsəfəsi, dinə qarşı mübarizəsinə vermiş, Qərbi Avropa maarifçilik fəlsəfəsinin bütün
xüsusiyyətlərinin məhz Axundovda cəmləşdiyini göstərməyə çalışmışlar. Bu dövrdə
Axundov həm də drammaturq və nasir kimi ədəbiyyatçıların da tədqiqat obyektinə
çevrilmiş, onun ədəbi tənqidi məqalələri və etik, estetik görüşləri haqqında kifayət qədər
tədqiqatlar aparılmışdır.
Postsovet dövrün (müasir) tədqiqatçıları isə M.F.Axundova münasibətdə daha
yumuşaq mövqe ortaya qoyur, onun bütün dinlərə, o cümlədən islam dininə heç də qarşı
olmadığını vurğulayaraq sübut etmək istəyirlər ki, Axundov yalnız riyakar mollalar və
din xadimlərinə qarşı mübarizə aparmışdır. Bu dövrün görkəmli tədqiqatçısı akademik
Firudin Köçərli “M.F.Axundovun dünyagörüşü” monaqrafiyasında hətta Axundovu
dindar və idealist kimi təqdim edir. F.e.d, Zümrüd Quluzadə isə Axundovun digər
Azərbaycan maarifçilərindən fərqli olaraq din və dini dünyagörüşü ilə ardıcıl mübarizə
aparmasını, islam dini ilə bağlı adət və ənənələrə qarşı radikalizmlə səciyyələnən və bir
sıra məqamlarda obyektivlikdən kənar mülahizələri ilə tamamilə razılaşmırdı. Amma o,
Axundovun fəlsəfi dünyagörüşünün Şərqin mədəni həyatına böyük təsirini də xüsusi ilə
vurğulayırdı (7, 335-336).
M.F.Axundovu ilk dəfə fəlsəfi baxımdan tədqiqat obyektinə çevirən Heydər
Hüseynov olmuşdur. H.Hüseynov da öz əsərlərində idoloji tələblərdən çıxış edərək dinə
qarşı mübarizənin zəruriliyini vurğulasa da, islama qarşı, Şərq mentalitetinə qarşı
münasibətdə Axundovun mövqeyini kənara qoyaraq əsas diqqəti fəlsəfi səpgiyə
yönəldir. Baxmayaraq ki, o, bu məsələlərə daha çox diqqət yetirsəydi, toxunsaydı
respublikada daha yüksək vəzifələrə yüksələ bilərdi. Həm də ateizmin təbliği və tədqiqi
o dövrdə tədqiqatçıya bəraət qazandıra bilərdi. Amma bütün bunlara baxmayaraq
H.Hüseynov ideoloji tələbləri nəzərə alaraq din və dini dünyagörüş barədə tənqidi
fikirlər bildirsə də, Məhəmməd peyğəmbərə hörmətlə yanaşmış, onun haqqında
“Kəmalüddövlə məktublarında” verilən məsələləri öz tədqiqatından kənarda
TURAN-SAM(TURAN-CSR)
YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013
YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013
TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ
(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES)
www.turansam.org
33
saxlamışdır. O marksist metodologiyadan doğma xalqının ləyaqətini gözləyərək istifadə
etməyə üstünlük vermişdir. Sadaladığımız keyfiyyətlər H.Hüseynovun xalqımıza və
milli mənafelərimizə nə qədər bağlı şəxsiyyət olduğunu bir daha təsdiq edir.
Azərbaycan xalqının böyük filosofu M.F.Axundov bir maarifçi kimi bütün orta
əsr qalıqlarına qarşı ciddi mübarizə aparmışdır. M.F.Axundov öz dövründə mütərəqqi
bəşəriyyətin yaratdığı elmi fikrin ən yaxşı varislərindən biri olmuşdur. O Mövlanə
Cəlaləddin-Rumi, Şəbüstəri, Boql, Spinoza, Monteskiyo, Volter, Con Styuart Mil,
Lametri, Didro, Helvetsi, Holbax, Çernışevski və sair böyük alimlərin öz dövrlərinə
görə mütərəqqi fikirlərinin təbliğatçısı olduğu kimi, orijinal ideyaların, fəlsəfi
müddəaların yaranmasında da cəsarətli addımlar atmışdır.
Heydər Hüseynovun fikrincə, M.F.Axundov Azərbaycan ictimai həyatını öz
dövrünə görə ən yaxşı görən və onun bütün incəliklərini dərindən anlayan insan idi.
M.F.Axundovun fəlsəfi görüşlərinin inkişafı, onun demokratik ideyalarının
formalaşması ilə sıx surətdə əlaqədardır. M.F.Axundov ictimai-siyasi məsələlərlə daha
çox maraqlanır, ictimai həyatın dəyişməsi üçün yollar axtarırdı. O, Rusiya və Qərbi
Avropa mədəniyyəti ilə tanış olaraq rus xalqının dilini dərindən öyrənirdi (3, 8).
M.F.Axundovun ən mühüm fəlsəfi əsərlərindən biri “Hindistan şahzadəsi
Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə yazdığı üç məktub və
Cəlalüddövlənin ona göndərdiyi cavabdır. M.F.Axundov öz əsərinin bütün dünyaya
yayılması uğrunda ciddi mübarizə aparmışdır. Bu əsər 1924-cü ildə ilk dəfə olaraq
Bakıda nəşr edilmişdir. M.F.Axundov “Kəmalüddövlə məktublarının” nəşri mümkün
olacağı təqdirdə əsərin heç bir yerinin dəyişdirilməməsini dönə-dönə tələb edirdi.
Bəziləri bir az üstüörtülü və yumuşaq yazılmasını Axundova təklif edirdilər. Cəsarətli
və mübariz M.F.Axundov, 1870-ci il 17 dekabr tarixli Mirzə Yusifxana məktubunda
yazırdı: “Əgər mən də əsərimi Mollayi Rumi, Şeyx Mahmud Şəbüstəri, Əbdülrəhman
Cami və sair mütəfəkkirlər kimi yazmış olsam, mənfəətsiz olub qalar. Onlar öz
fikirlərini ifadə edərkən cəsarətsizlik və qorxaqlıq göstərmişlər. Buna görə də onların
əsərləri indiyə qədər anlaşılmamış qalmış və heç kəs onların əsərlərindən bir səmərə
əldə etməmişdir.
Lakin fransız Volter və ingilis Boql və sair Avropa filosofları eyni fəlsəfəni öz
düşüncələrinə uyğun olaraq bütün açıqlığı ilə, qorxmadan, cəsarətlə ifadə etmişlər. Buna
görə də onlar bütün dünyaya səs salıb Avropanın bugünki sivilizasiyasının faktoru
olmuşlar. Əgər nüsxənin (Kəmalüddövlə məktubları- R.Ə) olduğu kimi ixtisarsız və
əlavəsiz, dəyişdirmədən, heç bir örtük örtmədən çap olunması mümkün isə qoy çap
etdirsinlər. Əgər bu mümkün deyilsə, nüsxənin atəşinliyini, təsirliyini və təzəliyini
dəyişdirmə yolu ilə puç etmək məqsədə uyğun deyildir, qoy olduğu kimi qalsın. Bəlkə
bir zaman keçdikdən sonra bizim oğullarımızdan, ardımızca gedənlərdən idrak və
bacarıq sahibi olanlar yuxarıdakı səbəbləri nəzərə alaraq nüsxəni çap etdirər. O zaman
nüsxə, indiyə qədər cəhalət və avamlıq okeanında qərq olan Asiya tayfalarının
xoşbəxtliyi, qurtuluşu səbəbi olar. Hicrətdən bu vaxta qədər bu cür kəskinliklə heç bir
əsər yazılmamışdır. Lakin bu əsər çap olunduqdan sonra, dünyanın hər yerində bundan
daha kəskin əsərlər yazılacaqdır. Mən bu nüsxəni tərtib etməklə nəinki sivilizasiyaya
xidmət
etmək
istəyirəm,
mən
insanların düşünə bilməsinə, filosof və
mütəfəkkirlərimizin ... həbsdə qalan təsəvvürlərini azad etmək istəyirəm. Mən insanlığı
korluqdan qurtarmaq istəyirəm. Insanın altmış və ya yetmiş il kor-koranə yaşayıb və
sonra ölməsindən nə mənfəət vardır” (3, 8).
TURAN-SAM(TURAN-CSR)
YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013
YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013
TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ
(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES)
www.turansam.org
34
Əslində, Axundovun Şərq fəlsəfəsi haqqında dediyi bu kimi fikirlər tamamilə
həqiqətdən uzaq baxışlardır. Çünki, yuxarıda adları sadalanan mütəfəkkirlər nəinki
Şərqdə, həm də Qərbdə qəbul edilmiş alimlər olmuşlar. M.F.Axundov isə Avropa
maarifçiliyinə elə vurğun olmuşdur ki, o Şərqin filosoflarının baxışlarını da qəbul etmir,
onların irəli sürdüyü ideyaları Qərb maarifçilərinin süzgəcindən keçirib cəmiyyətə
çatdırmaq istəyirdi. Aydın məsələdir ki, bu halda Şərq mütəfəkkirləri dini-idealist
dünyagörüşündən azad olub, materialist yönümlü mütəfəkkirlər olmalı idilər. Məhz
buna görə də onlar Axundovun tənqid hədəfinə çevrilirdilər.
Heydər Hüseynovun fikrincə, M.F.Axundov qətiyyətlə inanırdı ki, bu əsərin
nəşri köhnə təsəvvürləri dəyişdirəcəkdir. Bu əsər olduğu kimi çapa getdikdən sonra isə
“Şərq dünyası”nda intibah və oyanış yaranacaq ki, bu da burada müasir sivilizasiyalı
cəmiyyətin yaranıb inkişaf etməsinə gətirib çıxaracaqdır.
Əlbəttə, M.F.Axundov əvvəllər Şərq filosoflarının əsərləri ilə tanış olduğundan
onların təsiri altında özünü Cəlaləddin Rumi, Qəzali kimi mütəfəkkirlərin tərəfdarı kimi
çıxış edirdi. Sonralar isə o, Cəlaləddin Ruminin tənqidinə başladı. Əslində bu
Axundovun fəlsəfi görüşlərində olan ən böyük çatışmamazlıq idi ki, o bütün dünya
fəlsəfi fikir tarixində qəbul olunan mütəfəkkirləri qəbul etmirdi. Əlbəttə bu fikirlər
Axundovun dünyagörüşünə Qərbi Avropa maarifçi filosoflarının əsərləri ilə tanışlıqdan
sonra hakim kəsilmişdi. Heydər Hüseynov bu məsələdə Axundovun ideya irsi ilə eyni
mövqedən çıxış etmir, Şərq alimləri və Azərbaycan filosoflarının ictimai fikir
tariximizdəki rolunu və yerini yüksək qiymətləndirir və onların Şərq dünyasının
oyanmasındakı fəaliyyətinə böyük önəm verirdi.
H.Hüseynova görə, M.F.Axundovun idrak nəzəriyyəsinin əsasında obyektiv
varlıq – təbiət durur. O, ağılın böyük rol oynadığını qeyd edərək yazır: “Bəşəriyyətin
xoşbəxtlik və səadəti o vaxt mümkün olacaqdır ki, istər Asiyada və istərsə də Avropada
insanın ağlı tamamilə əbədi həbsdən qurtulacaq, işlər və fikirlərdə nəql deyil, yalnız
insan ağlı istinadgah və dəlil tanınaraq hakimi mütləq olacaqdır” (3, 39).
M.F.Axundov idrak prosesində duyğuların başlıca çıxış nöqtəsi olduğunu qəbul
edərək bildirirdi ki, o şeylərdən duyğulara doğru gedir. Duyğunu yaradan varlıq
təbiətdən başlayır. Şeylərdən duyğuya və ya düşüncəyə doğru getmək, yaxud
düşüncədən duyğuya, şeylərə doğru getmək dilemmasında M.F.Axundov birinciyə daha
çox üstünlük verirdi. Lakin, onun fikrincə, idrak prosesində insanın beş duyğusu kafi
deyildir. Bu beş duyğu ilə ruhun və yaxud işığın, maqnit qüvvəsinin nə olduğunu
anlamağın mümkün olmadığını bildirən M.F.Axundov idrakda elmin ən kəskin silah
olduğunu vurğulamaqdan çəkinmirdi. Ona görə, idrak prosesi təbiətdə olan
qanunauyğunluğu açıb göstərməkdən ibarətdir. M.F.Axundov idrak prosesində ağılın
rolunu ardıcıl surətdə göstərərək bildirirdi ki, insanların biliyi artdıqca onların düşüncə
dairəsi genişlənir, idrak daha dərin və əhatəedici olur (3, 39).
H.Hüseynovun fikrincə, M.F.Axundovun dövlət quruluşu haqqındakı fikirləri də
xüsusi əhəmiyyətə malikdir. M.F.Axundov cəmiyyətdəki bütün çatışmamazlıqları Qərbi
Avropada baş verən inqilabların təsirindən yararlanaraq əvvəllər islahat yolu ilə həll
etmək istəyirdi. Lakin bu islahatların baş vermədiyini gördükdə, o, despotizm və köhnə
hakimiyyətin dəyişdirilməsini xalqın birliyi və ittifaqında görürdü (3, 43).
Cəmiyyətdə hamının bərabər hüquqa malik olmadığını göstərən M.F.Axundov
qadın və kişi hüququ məsələsinə böyük önəm vermişdir. Onun fikrincə, bütün qanunlar
qadınların hüququnu ya qətiyyən qeyd etmir ya da məhdud edir. Buna görə də hüquqi
TURAN-SAM(TURAN-CSR)
YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013
YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013
TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ
(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES)
www.turansam.org
35
bərabərlik ancaq sözdə vardır. M.F.Axundov həqiqi bərabərlik üçün azadlıq ideyasını
irəli sürür. Mütəfəkkir cəmiyyətin inkişafı, tərəqqisi üçün fikir azadlığının böyük
əhəmiyyəti olduğunu qeyd edərək Con Stüart Milin azadlıq haqqındakı fikirlərindən
bəhs edərək deyir: “Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə, heç bir inkişaf
olmaz, mədəniyyətdə, elmdə, durğunluq əmələ gələr. O, azadlığın insanın təbiətində
olduğunu irəli sürür, insan azadlığına qarşı çıxanları isə qüvvətli sürətdə tənqid edirdi”
(1, 207).
Heydər Hüseynovun fikrincə, M.F.Axundov öz xalqını savadlı görməyi çox
istəyirdi. Buna görə də ilk növbədə Azərbaycan xalqı tərəfindən yeni əlifbanın (latın
əlifbası-R.Əsgərov) qəbul edilməsini zəruri sayırdı. O, bildirirdi ki, ərəb əlifbası elmin
və mədəniyyətin inkişafına, geniş xalq kütlələri arasında maarifin yayılmasına böyük
maneə yaradır. M.F.Axundov əlifba islahatını elmi cəhətdən əsaslandırmış və praktiki
olaraq yeni əlifbanın qəbul edilməsi-Şərqdəki mədəni inqilab uğrunda mübarizə
aparırdı. Bu iş uğrunda yorulmadan, cəsarətlə mübarizə aparan Axundov yazırdı:
“Mənim əlifbam yüz ildən sonra şərq ədəbiyyatında öz layiqli yerini tutacaq... Bu əlifba
ilə yeni əsərlər yazılacaq, həmçinin onun hərfləri ilə köhnə kitablardakılar oxuculara
çatdırılacaq... O zaman mənim məqsədimə nail olunacaq və mən qabaqcadan arxayın
ola bilərəm, baxmayaraq ki, o xoşbəxt günü görməyəcəyəm” (4, 293).
M.F.Axundov əlifbanın dəyişdirilməsinin zəruriliyini vurğulayaraq 1871-ci ilin
mart ayında Mirzə Melkum xana yazdığı məktubda deyirdi. “Mən və sən əlifbanı
dəyişdirmək fikrini irəli sürməklə öz borcumuzu bəşəriyyət qarşısında və mədəniyyətin
inkişafı uğrunda yerinə yetirmişik. Bizim adımız həmişə tarixdə qalacaq və övladlarımız
tərəfindən hörmət və iftixarla qeyd ediləcəkdir. Biz istəyirik ki, qüdrət və sərvət sahibi
olan müasirlərimiz bu fikri həyata tətbiq etmək yolu ilə gələcək nəsillər yanında iftixar
əldə etsinlər...” (2, 121).
H.Hüseynova görə, Axundovun əlifba islahatı uğrunda apardığı mübarizə sonralar milli
əlifbamızın formalaşmasına və xalqımızın avropa elmi və mədəniyyətinə inteqrasiyasına
öz töhfəsini vermiş, maarifçilik məfkurəvi bir hərəkat kimi Azərbaycanda təşəkkülünə
və inkişafına zəmin yaratmışdır.
M.F.Axundov Azərbaycan xalqının milli xarakteri məsələsinə dair maraqlı
mülahizələr söyləmişdir. Onun fikrincə qeyrət, namus, ədalətlilik, fədakarlıq,
xeyirxahlıq, işgüzarlıq, həqiqətpərəstlik, qəhrəmanlıq, xalqı və vətəni sevmək, şücaətli,
sədaqətli olmaq və b. tarixən formalaşıb gələn keyfiyyətlər azərbaycanlıların, milli
xarakterini müəyyən edən keyfiyyətlərdir.
Axundov milləti zülmətdən nicat tapıb işıqlığa çıxartmağı özünün ən əsas
məqsədi sayırdı. O, aydın görürdü ki, xalqda milli mənlik, milli ləyaqət şüurunu inkişaf
etdirmədən, vətənpərvərlik hissi aşılamadan, onu geniş sosial tərəqqi və milli
müstəqillik yoluna çıxarmaq olmaz. Axundov belə hesab edirdi ki, vətənpərvərlik
millətin özünü dərk etməsi, öz ləyaqətini qiymətləndirməsi, bir sözlə, milli mənlik
şüurunun inkişafı əlamətidir. Vətən və el təəssübü çəkmək qeyrətlilik əlamətidir, şərəf
və şöhrət qazanmaq yoludur.
Axundov belə hesab edirdi ki, millətin patriot olması özünü dərketmənin, öz
gücünə inamın, bir sözlə millətin mənlik şüurunun inkişafı əlamətidir. O, Həsən bəy
Zərdabiyə məktubunda yazırdı: “Qoy bizim millətimiz də bir az gözü açılıb fanatizmdən
çıxsın, bəlkə patriot olsun, onda hər nə etsən, baş tutar”. Axundov özünün vətənpərvər
olduğunu dönə-dönə, həm də böyük iftixarla söyləmişdir (2, 212).
TURAN-SAM(TURAN-CSR)
YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013
YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013
TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ
(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES)
www.turansam.org
36
O, aydın görürdü ki, xalqda milli mənlik şüurunu inkişaf etdirmədən onu geniş
sosial tərəqqi və milli müstəqillik yoluna çıxarmaq olmaz. Filosofumuz məhz belə bir
mövqedən yaltaqlığı, həmçinin insanların şəxsi və milli ləyaqətini kiçildən digər əxlaqi
eybəcərlikləri qətiyyətlə pisləyir, həmvətənlərində vətənpərvərlik, milli iftixar şüuru
aşılamağı xalqın milli xarakterinə aid məsələlər kimi xüsusi qeyd edirdi. O, xalqın milli
mənlik şüurunun inkişafı məsələsini ciddi bir kəskinliklə qoyur, milli şüurun inkişafını
həm də xalqın müstəqillik uğrunda mübarizəsi üçün ən zəruri şərtlərdən hesab edirdi
(5).
Heydər Hüseynovun fikrincə, Axundovun etik görüşləri üçün səciyyəvi olan
belə bir mühüm cəhəti xüsusi qeyd edək ki, o, əxlaq-mənəviyyat məsələlərinə bir qayda
olaraq yüksək mövqedən – ümumxalq mənafeyi mövqeyindən yanaşmış, “bütün xalqın
tərəqqisini”, “hamının maariflənməsini”, “bütün islam xalqlarının” savadlanması,
elmlərə, sənətlərə yiyələnməsini arzu edir, bu uğurda mübarizə də aparırdı. Filosofumuz
dönə-dönə təkrar edirdi ki, xalqı cəhalət qaranlığından elmin işığına çıxarsam və bu
arzuma nail ola bilsəm, bu böyük xoşbəxtlik olar və dünyadan muradıma çatmış bir
insan kimi gedərəm.
Axundov öz dövrünün və xalqının oğludur. Azərbaycanın XIX əsr “dönüş”
dövrü onu dahilər səviyyəsinə qaldırmışdır. Fransa tarixçisi Minyenin “böyük insan
doğulmaq kifayət deyil, həm də vaxtında doğulmaq lazımdır” – fikrini tamamilə
Axundova da aid edə bilərik. Yazıçı və filosof Azərbaycan tarixinin ictimai-siyasi
hadisələrlə olduqca zəngin bir dövründə, “ölən” feodalizm və “doğulan” kapitalizm
cəmiyyətlərinin keçidində yaşayıb fəaliyyət göstərmişdir. Yaşadığı və fəaliyyət
göstərdiyi dövr onun fikri inkişafını, bütün taleyini müəyyən etmişdir. Axundov bütün
həyatı, bütün şüuru ilə dövrünə bağlı sənətkardır. O, xalqının mənəvi inkişafının
təcəssümü olmaqla, eyni zamanda xalqın özünün mənəvi tərəqqisində fəal iştirak
etmişdir. Axundovun dünyagörüşü ictimai həyatda, kütlələrin şüurunda, sosial
psixologiyasında əmələ gələn yeniləşmə və dəyişiklikləri əks etdirərək formalaşmışdır
(7, 140-150).
Heydər Hüseynova görə, Axundovun bütün fəaliyyəti böyük bir məqsədə -
doğma xalqını geniş sosial tərəqqi yoluna çıxarmaq uğrunda mübarizəyə yönəlmişdi.
Azərbaycan mədəniyyətinin inkişafının bütöv bir dövrü, onun milli mədəniyyət kimi
qərarlaşması və inkişafı Axundovun çoxcəhətli yaradıcılığı və fəaliyyəti ilə sıx bağlıdır.
Hazırda respublikamız müstəqil, demokratik və hüquqi dövlət quruculuğu yolu
ilə inamla irəliləyir. Dövlətimizin mənafeyi bu gün bizdən daha çox milli birlik,
ümummilli mənafedə birləşmək, Azərbaycan dövlətinin qüdrətini daha da
möhkəmlətməyi tələb edir. Bu mənada 200 illik yubileyini qeyd etdiyimiz görkəmli
filosof, ədib, maarifçi, həqiqi vətənpərvər M.F.Axundovun mənalı və şərəfli həyat yolu
bizim üçün gözəl nümunədir.
Beləliklə, M.F.Axundovun dünyagörüşünü tədqiqat obyektinə çevirən akademik
Heydər Hüseynov bildirirdi ki, o, Azərbaycanda ictimai və fəlsəfi fikrin inkişafı
tarixində bütöv bir dövr yaradaraq milli mədəniyyətimizin inkişafına misli-bərabəri
olmayan töhfəsini vermişdir. Bu zəngin, geniş eridusiyaya malik alimin bizə miras
qoyub getdiyi irs xalqımızın fəlsəfi və ədəbi fikir tarixində əbədi olaraq yaşayacaqdır.
TURAN-SAM(TURAN-CSR)
YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013
YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013
TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ
(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES)
www.turansam.org
37
“...Kainat bir vahid, qadir və kamil vücuddur. Əvvəli də budur, axırı da. Nə
ondan qabaq başlanğıc olmuşdur, nə də ondan sonra nəhayət olacaqdır. Zaman
onun tələblərindən, məkan isə keyfiyyətlərindən sayılır, çünki zaman və məkan bu
varlığın əsil atributlarıdır”. M. F. AXUNDOV
KAYNAKÇA (ƏDƏBİYYAT)
1. Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 376
səh.
2. Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2005, 296
səh.
3. H.Hüseynov. M.F.Axundovun fəlsəfi görüşləri. EAAzF Nəşriyyatı, Bakı -1938, 72
səh.
4. H.Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, Zəkioğlu
nəşriyyatı-2006, 544 səh.
5. Köçərli F. M.F.Axundov Azərbaycan xalqının milli xarakteri haqqında. Şəhriyar
qəzeti 24 mart 1995. N:12 (107).
6. Köçərli F.Q. M.F.Axundov və yeni dövr Azərbaycan mədəniyyətinin təşəkkülü.
Azərbaycan EA-nın xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası. 1990, N:1, s. 80-92.
7. Z.Quluzadə. Konseptualnıe problemı issledovaniya soçiokulturnoqo razvitiya
(koneç XX –naçalo XX vv.)., ç II. Baku: “Teknur”, 2009. s.398.
Dostları ilə paylaş: |