qəbul etmişlər! Ən balacası, doğuş zamanı anasını
itirmiş özbək qızı idi. Deyirlər, heç vaxt doğmamış
Şamahmudova binəva çağanı görəndə ürəyi elə
sıxılıb ki, özündə ana südü yaranıb. Qadın təbiəti
nə dərəcədə səxavətli və izaholunmazdır!
Qadınlar barədə söz açmışamsa, anam
haqqında, onun xeyirxah qabaqcadangörən qəlbi
haqda
kəlmə kəsməsəm, ədalətsizlik olar.
1987-ci ildə Sovet Ordusu sıralarında uzaq
Baykalarxasında qulluq edirdim. Bir dəfə bütün
bölümlər, tibbi-sanitar hissəsi də daxil olmaqla,
təlimlərə göndərilmişdi. Yalnız növbətçilər, o
cümlədən mən qalmışdım. Soyuq yazın burnu
hələ təzə-təzə qanayırdı, növbətçilikdə duranda,
möhkəm soyuqladım. Dərman yox, tibbi-sanitar
hissənin qapısı bağlı, boğazımın ağrısından isə
gözüm açılmır. Yarım gün zülm çəkdim, birdən
yadıma düşdü ki, qışın oğlan çağında anam evdən
barat göndərəndə, içinə qoyun quyruğu qoymuşdu.
Onda elə hirslənmişdim ki, utandığımdan, anamın
göndərdiyi payı camaat görməsin deyə, baratı YBM-
in (Yoxlama Buraxılış Məntəqəsi) taxtapuşuna
tolazlamışdım. İndi yadıma düşən kimi özümü
taxtapuşa atdım, tələsik qoyun quyruğu bağlamasını
açıb bir parçasını odun üstündə əritdim, yavaş-
yavaş qurtumladım. Qırğız xalq təbabəti vasitəsi
kömək etdi, boğazımın ağrısı səngidi, boğulmam
keçdi. Fikrə getdim: anam haradan bilə bilərdi ki,
başıma nələr gələcək? O qədər ona minnətdar idim
ki, yalnız Allahıma bəllidir. Bu quyruq məni və
əsgər yoldaşlarımı sonradan nə qədər azr-bezardan
qurtardı. Bineyi-qədimdən müdrik atalar sözləri
var: “Uşağın barmağı incidirsə, ananın ürəyi”;
“Ananı belində üç dəfə Məkkəyə apar –
borcundan çıxa bilməzsən”.
Başıma bir iş də gəlmişdi – iş yoldaşlarım
şahiddir. Beş il bundan əvvəl baş vermişdi.
Qəflətən əllərimdə ekzema əmələ gəldi. Açığını
deyim, heç də ürəkaçan mənzərə deyil. Qələmi
əldə tutmaq mümlün deyil, dostlarla görüşəndə əl
verə bilmirsən. Xülasə, həm fiziki, həm mənəvi
cəhətdən üstümə min tərəfdən pisliklər töküldü.
Dörd ay bu dərdlə əlləşdim. Həkim qalmadı –
qəbuluna düşməyim, davacat qalmadı – içməyim,
ara həkimi qalmadı – baş çəkməyim. Hər şey bihudə
idi. Əlimi hər yerdən üzmüşdüm ki, anam kənddən
gəldi və İssık-Kul kökü gətirdi. O dəqiqə qaynatdı,
birinci suyunu atdı, ikinci suyunu soyudub əllərimi
ora qoymağa məcbur etdi. Bu proseduru düz bir
həftə sərasər etdim. Bir neçə gündən sonra ekzema
necə gəlmişdisə, elə də yoxa çıxdı – özündən
sonra yalnız xatirə qoydu. Əminəm, mənə həm
ot dəmləməsi kömək etdi, həm də anamım sidq-
ürəkdən etdiyi duası. İndi hamıya deyirəm ki, ən
yaxşı təbib – həkimlik təhsili almayan anamdır.
Rəhmdil ürəkdən – mülayim niyyətlər doğur.
Mülayim niyyətlərdən – xeyirxah əməllər. Xeyirxah
əməllərdən isə ədalətli, humanist ideallara söykənən
mehriban cəmiyyət. Qırğızıstan – balaca, dağlıq
ölkədir, onu əsil xoş niyyətlər və xeyirxah ideallar
cəmiyyətinə döndərmək ancaq bizim əlimizdədir.
Qırğız xalqının qadın gözəlliyinə də, qadın
qəlbinin genişliyinə də həsr etdiyi çoxlu nəğmə
və rəvayəti var. Bizdə deyirlər: ən yaxşı alma
– İssık-Kuldadır, bal – Toktoquldadır, kumıs
– Suusamırdadır, qaysı – Batkəndədir, düyü –
Üzgəndədir, gözəllər isə Son-Kuldadır. Məhz bu
unikal dağ gölünün yaxınlığında qənirsiz gözəl və
istedadlı aktrisa Tattıbübü Tursunbayeva anadan
olmuş və böyüyüb ərsəyə yetmişdi. Belə göyçəklər
haqqında xalq arasında deyirlər: “Qızı öpərsən –
almanın, şəkərin, balın dadını bilərsən”. Həyatdan
çox tez köçmüş misli görünməmiş qənirsiz gözəl.
Aktrisanın doğma qardaşından müsahibə
götürmüşdüm. Onun sözlərinə görə sonda dəfnə
yığılanlardan heç kəsin onun üzünü örtməyə əli
gəlmirdi. Hamının ölüm yatağında sanki yatmış
gözəl kimi uzanmış Tattıbübüdən ayrılmağa
heyfi gəlirdi... Hamı diqqət yetirmişdi ki, qızın
qəbri üstündə qağayılar necə uzun müddət
hərlənmişdilər. Hər kəs quşların da insanlarla
bahəm göz yaşı töküb ağlamağına, cahandan bir
gözəlin getdiyinə yandıqlarına inanmaq istərdi.
Belə gözəl qadınlar dünyamızı tərk edəndə onları
tanıyan üçün də, tanımayan üçün də əfsanəyə
dönürlər... F.Dostoyevski “Dünyanı gözəllik xilas
edəcək” deyəndə, haqlı idi. Axı ən avam adam da
qadın gözəlliyinin dəyərini anlayır.
Atay Oqonbaeyevin “Oy, Bülbül” mahnısı
sevgilisi Bülbülə həsr olunmuşdur. Şair aşiqinin
səsini bülbülün cəh-cəh ilə müqayisə edir.
Deməliyəm ki, xalqın ən sevimli mahnıları –
akınların məhəbbətə dair nəğmələridir. Hətta şair-
demokrat Toktoqul ən yaxşı əsərlərini vurğunu
Alımkana həsr etmişdir. Mahnıların birində ona
xitabən deyir:
At belində qızıl kimi gözəlsən,
Mənə
verilməmiş al bir çiçəksən,
Alımkan, sağlamam, ancaq yanıram –
Sitəmliyəm, ancaq sən bilməyəcəksən...
Xalqın sevimli akını Jenijok son günlərinə
qədər sevgilisi Koksuluunun vurğunu qalmışdı.
73
Hərçənd övladları olmasa da, Koksuluu – kişi üçün
dünyada yeganə qadın idi. Onun sevgili qadınına
yazdığı çılğın nəğməsindən sətirlər:
Kim sevgi ehtirasının oduna düşməmişsə,
Nə
sevgiyə dəyər verər, nə bəxtiyarlığa.
“Manas” dastanında Semetey bahadırın arvadı
Ayçörəyin gözəlliyi belə vəsf olunur:
Sözləri qənddən şirin,
Gözləri – bir cüt ulduz,
Ağ
dərisi məxmərdir,
Al yanağı – qırmızı.
Sanki bəyaz qar üstə
Qan yerə dağılmışdır.
Üzü od tutub yanır,
Gözdən nəvaziş yağır.
Hörükləri lap ipəkdir.
Tel alnına dağılmış,
Qaməti hilala bənzər.
Dodaqları nar kimidir,
Ağzından da alov çıxır...
Qadın gözəlliyini hamıdan yaxşı tərənnüm edən
qırğız akını Barpı Alıkulov ömrünün son illərində
dünya işığından məhrum olmuşdu. Lakin nəğmələrinin
qəhrəmanları qadınlar batinində daha parlaq şüalarla
bərq vurub cilvələnirdilər. Ölən günü iyirmi saat sərasər
gözəlliyin ilahi əsrarəngizliyi barədə yeni sətirlər düzmüş,
yalnız təbi bitəndən sonra dünyasını dəyişmişdi.
Toktoqul
Qızlara
Qızlar, atlaslara, ipəklərə,
Bəzənərək siz qurşanın.
Nə qədər cavansınız,
Deyin, gülün, əylənin.
Cavanlıq
tez sürəcək,
Bunu siz unutmayın.
Dərd-bəla sizi qocaltmasın,
Yadınızdan çıxarmayın.
Həm rəqs edin, həm oynayın,
Axı biz də gənc olmuşuq.
Qızlar, atlaslara, ipəklərə,
Bəzənərək siz qurşanın.
Libas
nə qədər xoşa gəlir,
Geyinin, həm tumarlanın.
Həyat budur – gözəl günlər,
Çiçək açın, sığallanın.
Ancaq keçən əyyamları
Qaytarmağa çalışmayın.
Həm rəqs edin, həm oynayın,
Axı biz də gənc olmuşuq.
Balbay kimi gül açmısız,
Göylərin rəngi qoy çoxalsın.
Oxuyun, həm oynayın, qızlar,
Hər anın sevincini yaşayın.
Qocalıq gəlib çatdıracaq özünü,
Sevməyə ümid bağlamayın.
Üstünüzü
torpaq örtəcək,
Əbədi qarlarsa sizi göməcək.
74