241
Vətən kimi həmişə yad edərək ölkəmizlə əlaqələrini genişləndirəcəklər.
Bu, indi bizim üçün çox lazımdır. Çünki biz Azərbaycanı dünyaya
açmışıq, indi Azərbaycanın həm ərazisi, iqtisadiyyatı, həm də intellektual
potensialı dünya üçün açıqdır. İqtisadi və ticarət əlaqələrimizdə tam
açıqlığı təbliğ edir və bunu genişləndirməyə çalışacağıq. Bayaq qeyd
etdiyim addımlar, böyük olmasa da, xarici ölkələrlə, dünya iqtisadiyyatı,
dünya mədəniyyəti ilə birləşməyə, əlaqələri inkişaf etdirməyə olan
meyllərimizə kömək edir. Ona görə də mən bu təşəbbüsü bəyənir və
güman edirəm ki, o, gələcəkdə də davam edəcəkdir.
Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə,
mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk
növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda
yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz
kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr
etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün
tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas
vəzifələrimdən biri sayıram.
Doğrudur, indiki ağır sosial-iqtisadi böhran dövründə, respublikamızın
iqtisadiyyatında yaranmış çətinliklərlə əlaqədar və başqa ölkələrlə
əlaqələrimizin məhdudlaşdığı bir vaxtda nəşriyyat işi də çox çətinliklərlə
qarşılaşır. Bu təbiidir. Ancaq biz bu çətinliklərin qarşısını almalıyıq,
bunun üçün yeni-yeni yollar axtarmalıyıq.
Həyatımız dəyişir, hər bir şey dəyişir. Biz bu dəyişikliklər prosesinin
içindəyik. Keçmişdə nəşriyyat işi dövlətin əlində idi, onun tərəfindən
maliyyələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə çox
genişlənmişdi. İndi, dövlətin imkanları məhdudlaşdığı, sərbəst
iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz bir vaxtda, özəl
bölməyə geniş imkanlar yaratmağa çalışdığımız və Azərbaycanda, kiçik
də olsa, özəl bölmə-nin meydana çıxdığı bir vaxtda biz onun bütün
imkanlarını nəşriyyat işinin canlandırılmasına, inkişaf etdirilməsinə,
xüsusən kitab nəşrinin genişləndirilməsinə cəlb etməli, yönəltməliyik.
242
Bu sahədə başqa ölkələrdə, xüsusən Rusiyada yaxşı təcrübə var.
Məsələn, Rüsiyada bəzi firmalar, şirkətlər uşaqlar, gənclər üçün,
ümumiyyətlə, cəmiyyət üçün, o cümlədən məktəblilər üçün lazım olan
kitabların nəşrini öz üzərinə götürür, bu işə sponsorluq edirlər. Mən bir
neçə nümunə ilə tanış oldum və deyə bilərəm ki, keçmişdəkindən də
yaxşı kitablar buraxırlar.
İndi respublikamızda xeyriyyəçilik fəaliyyəti genişlənir. Arzu edərdim
ki, bizim iş adamları, imkanlı sahibkarlar bütün sahələrdə xeyriyyəçilik
fəaliyyəti göstərdikləri kimi, bu işdə - kitabların yazılması və nəşri
sahəsində də köməklərini əsirgəməsinlər. Zənnimcə, bu xeyriyyəçilik
sahəsində ən yaxşı iş ola bilər. Mən iş adamlarını buna dəvət edirəm.
Şübhəsiz ki, dövlətin imkanlarından da daha səmərəli istifadə
olunmalıdır. Ancaq bayaq dediyim kimi, indi biz mülkiyyət formasını
dəyişdiririk, bazar iqtisadiyyatı yolu ilə gedirik, özəl bölməyə geniş
imkanlar yaradırıq və bundan sonra da yaradacağıq. Ona görə də bunların
hamısı ümummilli əhəmiyyət kəsb edən kitab nəşrinə səfərbər edilməli,
cəlb olunmalıdır. Ümidvaram ki, belə də olacaqdır.
Buradakı sərgidə Azərbaycanın görkəmli yazıçı və şairlərinin,
alimlərinin əsərlərinin miniatür nəşrləri nümayiş etdirilir. Bir daha qeyd
edirəm ki, bu, əlamətdar hadisədir. Yazıçı və şairlərimiz, alimlərimiz,
mədəniyyət xadimlərimiz böyük potensiala malikdirlər. Onların
indiyədək yazdıqları əsərlər Azərbaycan xalqının təhsillənməsində,
biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın inkişaf
etdirilməsində öz rolunu oynamışdır. Ancaq xalqımız Azərbaycanın elmi,
mədəni potensialından, ümumiyyətlə, intellektual potensialından bundan
sonra daha çox bəhrələnməlidir. Ona görə də çalışmalıyıq ki, belə
yaradıcı adamlar öz fəaliyyətlərini davam etdirsinlər. Onlara kömək
etməliyik, şərait yaratmalıyıq.
Eyni zamanda yazılan kitabların nəşr olunmasının qayğısına
qalmalıyıq. Bilirəm ki, yazanlar və yazmaq istəyənlər çoxdur. Bu adamlar
- alimlər, yazıçılar, mədəniyyət xadimləri yazdıqlarının bir çoxunu çap
etdirə bilmirlər. Bu çətinliyi hamımız dərk etməliyik. Ancaq bununla
kifayətlənmək olmaz. Hər bir çətinlikdən çıxış yolu tapmalıyıq, özü də bu
yolu birlikdə axtarmalıyıq. Dövlət də bütün imkanlardan istifadə
edəcəkdir. Ancaq
243
ayrı-ayrı cəmıyyətlər, təşkilatlar, iş adamlarımız da bu işə
qoşulmalıdırlar. Arzu edərdim ki, bu tövsiyənin əməli nəticələri olsun.
Bu günkü mərasim münasibətilə hamınızı bir daha təbrik edirəm. Belə
hesab edirəm ki, bu mərasim təkcə mənim nitqimin miniatür nəşrinin
təqdimatına yox, ümumiyyətlə, respublikamızda miniatür kitabların sər-
gisinə həsr olunmuşdur. Bu sərginin açılışı münasibətilə Sizi təbrik edir
və çox böyük məmnuniyyətlə onunla tanış olmaq istəyirəm.
Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki,
bunlar fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli
olan ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim özümün
deyil, müxtəlif müəlliflərin kitablarıdır və kitabxananın böyük
xəzinəsində öz yerini tutarlar. Zənnimcə, gələcəkdə bu təşəbbüs də
davam edə bilər. Elə imkanı olan ayrı-ayrı adamlar kitabxanamızı
zənginləşdirmək üçün yəqin ki, ona kitab bağışlayacaqlar. Bilirəm, bizim
bu kitabxananın çox böyük fondu var. Kitabxananın direktoru bu barədə
məlumat verdi. Ancaq kitabxana elə bir yerdir ki, gərək daim onun fondu
genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Bunlar
insanlara yeni biliklər, yeni məlumatlar gətirir. Ona görə də bizim bu
mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun.
Vaxtilə biz bunu planlı şəkildə edirdik. Dövlət planı var idi, heç kəsi
narahat etmədən bu kitabxananı yaradıb inkişaf etdirmişdik və o, indi də
fəaliyyət göstərir. Ancaq gərək indi buraya hərə öz payını versin.
Azərbaycanın bütün ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm.
Bağışladığım kitabları nümayiş etdirmək istəmirəm. Ancaq bizim
üçün müqəddəs olan bir kitabı da bağışlamaq istəyirəm. Bilirsiniz ki, mən
Səudiyyə Ərəbistanına rəsmi səfərə getmişdim. Səfər zamanı biz İslam
aləminin müqəddəs yerlərini ziyarət etdik və bundan çox məmnun olduq.
Orada-islam dininin mərkəzi olan Məkkədə mənə Quranın nüsxələrini
bağışlamışlar. Çox nəfis şəkildə buraxılmış bu nüsxələrdən birini də
Dövlət kitabxanasına verirəm.
Dostları ilə paylaş: |