Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 1,48 Mb.
səhifə11/14
tarix02.10.2017
ölçüsü1,48 Mb.
#2991
1   ...   6   7   8   9   10   11   12   13   14

İnsanlıq tarixinin inkişafında misli görünməmiş dəyişik­liklər döğuran bu dövrdə cəmiyyətin ictimai inkişafında xüsusi irəliləyiş müşahidə olunur. Əkinçilik və maldarlıq daha da inkişaf edir,tayfalararası əlaqələr genişlənir,sinifli cəmiyyətlər üçün zəmin yaranır. Misdən ilk dövrlərdə soyuq döymə üsulu ilə xırda alətlər: bıçaqlar,iynələr,bizlər və sairə,həmçinin bəzək əşyaları hazırlanmışdır. İnsanlar mis külçəsinə əvvəllər daşın bir növü kimi baxmışlar. Bu külçələrin daşdan fərqləndiyi on­lara yalnız 6-cı minilliyin sonlarında məlum olmuşdur. Misin yüksək istidə əriməsi, müxtəlif formaya düşməsi,soyuyarkən yenidən bərkiməsi və sairə daşdan fərqləndirilməsinə əsas ver­miş, ondan müxtəlif məqsədlər üçün istifadə edilməsinə imkan yaratmışdır.” (Göyüşov, 1986, s. 24-25).

H.Cəfərov deyir:

Həmin dövrdə gön-dəri emalı və bununla bağlı sahələrin də inkişaf etməsi nəticəsində aşılanmış dəridən ayaqqabı,paltar və sairə də hazırlayırdılar. Hələ Eneolit dövründə təşəkkül tapmış toxuculuq sənəti daha da inkişaf etmişdi. Azərbaycanın bir sıra Eneolit abidələrindən – Kültəpə 1, Hacı Firuz, İlanlı­təpə, Babadərviş, Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları, habelə Əlikömək təpəsindən tapılmış saxsı qabın sə­thində qalmış toxuma izi bunu sübut edir.



Eneolit dövrü ev sənətkarlığının müxtəlif sahələri içəri­sin­də dulusçuluq daha kütləvi istehsal xüsusiyyətləri ilə fərq­lənirdi. Neolit dövrünün bəsit və kobud qablarından fərqli olaraq Eneolit dövründə istehsal olunmuş saxsı qablar həm forma, həm də hazırlanma texnologiyasına görə diqqəti cəlb edir. Əhalinin artan tələbatına uyğun yeni qab növlərinin is­teh­salı mənimsənilirdi.

Onların davamlılığını artırmaq və keyfiyyətini yüksəltmək üçün yeni texniki üsullardan istifadə olunurdu. Bu dövrdə ən mühüm yeniliklərdən biri saxsı qabların bişirilməsi üçün du­lus kürələrinin meydana gəlməsidir. Kültəpə, Şomutəpə, İlan­lıtəpə, Əliköməktəpə, Çalağantəpə yaşayış məskənlərində du­lus kürələri qalıqlarına da çox təsadüf edilmişdir. Burada du­lus kürələri əsasən iki qatlıdır. Alt qatda ocaq qalanır,üst qatda isə saxsı qablar yığılırmış. Əliköməktəpə və Leyletəpə abidələ­rində dulus kürələri yaşayış yerinin kənarında cəmlənmişdi.

Tədqiqatçıların fikrincə, bu faktı eramızdan əvvəl 5-ci minilliyin axırı və 4-cü minilliyin əvvəllərində meydana çıxan “icma sənətkarlığının”varlığı kimi qiymətləndirmək lazımdır. Maraqlıdır ki,bu abidələrdə tapılmış saxsı qabların bir qismi sadə quruluşlu dulus çarxında hazırlanmışdır.” (Azərbaycan tarixi, 1994, s. 30).

Öncələr elə hesab edilirdi ki, Azərbaycanda dulus çarxı yal­nız son Tunc dövründən tətbiq edilməyə başlamışdır. Dulus çar­xının kəşf və ilk dəfə tətbiq edildiyi yerin isə qədim Şumer əra­zisi olduğu hesab edilirdi.Ölkəmizin ərazisindən əldə edilmiş ar­xeoloji tapıntılar dulus çarxının ilk dəfə kəşf edilib,tətbiq edil­diyi məkanın məhz Azərbaycan ərazisi olduğunu söyləməyə əsas verir və bu, məhz son Eneolit dövründə baş vermişdir. Ma­raq­lıdır ki, qədim yunan müəllifləri dulus çarxının kəşfini iskit­lərə aid etmişlər. Məsələn, Posidoniy və Seneka saxsı qabların hazırlanmasında istifadə olunan dulus çarxını iskit Anaxarın icad etdiyini yazmışlar. (Сенека Луций, XVI, c. 31).

O da maraqlıdır ki, Eneolit, yəni Mis-Daş dövrünün başla­ma­sına səbəb olan misin kəşfi məsələsində də qədim yunanlar birin­ciliyi iskitlərin ayağına yazmışlar. Məsələn, Pliniy Sekund mis­gərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildir­mişdir (Плиний Секунд, VII, c. 197). Qədim yunanlara görə, ümu­miy­yətlə, metallurgiyanın kəşfi iskitlərlə, yəni türklərlə bağlıdır. Belə ki, Esxil İskitlər ölkəsini dəmirin doğulduğu ölkə adlandırmış, Mi­telenli Hellanik isə ilk dəmir alətləri iskitlərin xaqanı Sansvinin qayırdığını yazmışdır (Гелланик Митиленс­кий, X, c. 1241).

Qeyd etmək lazımdır ki, saxa-yakut mifoloji mətnlərində bu, eləcə də digər metalların adına tez-tez rast gəlirik. Məsələn, “Ər Soqotox” dastanının Böhtlinq variantında oxuyuruq:



Yurdundakı çayırlar qalay kimi parlar, meşələr isə misdən qayrılmış bir yer parçasına bənzəyirmiş (Ögəl, 2006, səh. 119).

N.Qoroxov tərəfindən toplanaraq yazıya alınmış bir mətndə isə dəmirin adı çəkilir:



Ağ oğluna anası su, od, dəmir vermiş,

Sonra da qeyb olaraq təkrar yerinə girmiş (Ögəl, 2006, s.117).

Artıq qeyd etdiyimiz kimi, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ilk olaraq Araz çayı sahilində yaşadıqlarını, son­radan Avrasiyanın geniş torpaqlarına yayıldıqlarını bildir­miş­­lər (Ağasıoğlu, 2005, s. 85). Bu qədim türk xalqı haqqında elmə məlum ən qədim yazılı mənbələr eramızdan əvvəl VII-VI əsrlərə aid Aşşur mənbələridir və bu mənbələr həmin xalqdan Azərbaycan əhalisi kimi söz açmaqdadır (Дьяконов, 1951, c. 65). Təbii ki, Eneolitin başlanğıcına təsadüf edən yazılı mən­bələr ola bilməzdi və yox idi də. Lakin fakt budur ki, bu gün Araz çayı sahillərində yerləşən Naxçıvan ərazisi dünyada misin ilk dəfə emal edilməyə başladığı ən qədim ocaqlardandır.

Tarixçi alim A.Seyidov bildirir:

Naxçıvan ərazisi çox-çox qədim zamanlardan, eramız­dan əvvəl 6-cı minillikdən başlayaraq, yaxın Şərq və Qafqazın müstəqil metallurgiya mərkəzlərindən biri kimi çıxış etmişdir. Burada çox sayda qədim metal məmulatı nümunəsi, eləcə də metal emalı sənayesi qalıqları tapılmışdır ki,bu da Naxçıvanda ən qədim zamanlardan metallurgiya sahəsində bilik və vərdiş­lrin ortaya çıxdığını sübut edir. Eyni zamanda bu tapıntılar bir sıra həllini gözləyən məsələlərin həllinə yardım edir.



Görkəmli Azərbaycan alimi Səlimxanov bu diyarın erkən Eneolit abidələrindən olan Kültəpə abidəsindən əldə edilmiş ilk metal məmulatlarının spektral analizini apararkən onların tərkibində mislə yanaşı arsen qarışığının da olduğunu üzə çı­xar­mışdır. Kültəpənin erkən Eneolit dövründən son Tunc döv­rünə qədərki bütün mərhələlərini əks etdirən və qalınlığı 22,2 metr olan mədəni təbəqəsindən tapılan məmulatların təhlili əsa­sında edilmiş bu böyük kəşf sayəsində Azərbaycanda və sonrakı dövrlərdə bütün Qafqaz ərazisində ayrıca bir misarsen mərhələsinin olduğu dünyaya məlum oldu.

Məlum olduğu kimi, metallurgiyanın yaranması və inki­şafı üçün xammal bazasının olması vacibdir. Naxçıvan ərazi­sində belə bir baza vardır. Bu, mis, arsen və polimetal yataq­larıdır. Azərbaycanda qalaydan başqa bütün zəruri metal ya­taq­ları mövcuddur. Və bu yataqlarda malaxit ,azurit, xalko­pirit, helenit, sfalerit, antimonit və sairə minerallara da rast gəlinir. Onların erkən dövrlərdən emal edildiyini sübut edən çox sayda qədim metalçıxarma və metalişləmə sənayesi izləri tapılmışdır. Belə izlərə Ordubad rayonu ərazisindəki Misdağ, Dizixçay, Parağaçay, Göy-göl, Ağyurd və Şəkərdərədə rast gəlinmişdir” (Сеидов, 2005, c. 165).

Maraqlıdır ki, Ordubadın Nüsnüs kəndindən qərbdə "Sak dağı" adlanan bir dağ iskitlərin, daha dəqiq desək, sakların adını yaşatmaqdadır. Sözügedən kəndin ən böyük küçələrindən biri "Sak" adını daşıyır və bu küçə Sak dağının şərqindədir. Mahmud İsmayıl bu toponimlərin, eləcə də Nüsnüs kəndinin şimal-şərq, Naxçıvanın qərb istiqamətində yerləşən Saqqarsu adlı yerin də saklarla bağlı olduğunu yazmışdır (İsmayıl, 1955, s. 19).

Bütün bu faktlar Azərbaycanda iskit və sak mədəniyyətinin köklərinin ən azı Eneolit dövrünə qədər uzandığını söyləməyə əsas verir. Lakin əldə olan digər faktlar bu mədəniyyətin kök­lərinin daha qədimlərə-Neolit dövrünə qədər uzandığını söylə­məyə də imkan yaradır.

Neolit dövrü Azərbaycanda eramızdan əvvəl 7-ci minilliyin əvvəllərindən başlamış və 6-cı minilliyə qədər davam etmişdir. Neoliti, yəni yeni Daş dövrünü başqa dövrlərdən fərqləndirən əsas xüsusiyyət bu dövrdə əkinçilik və maldarlıq mədəniyyətinin əsaslı surətdə təşəkkülü və inkişafı ilə bağlıdır. Bu dövrdə insan­lar istehsal mədəniyyətini mənimsəyir, təbiətdə hazır şəkildə mövcud olmayan yeni materialların istehsalına başlayır. Toxu­cu­luğun kəşfi və gil qabların hazırlanması istehsalda xüsusi yer tutur. İlk vaxtlar toxuculuq materialı qismində gicitkan, kətan və sairə kimi yabanı texniki bitkilərdən istifadə olunurdu (Azərbay­can tarixi, 1994, s. 26).

Mütəxəssislər toxuculuq sənətinin başlanğıcını məhz Neolit, yəni yeni Daş dövrü ilə bağlayırlar. Xalçaçılq sənətinin də məhz həmin dövrdə formalaşmağa başladığı hesab edilir. Fakt budur ki, elmə məlum ilk xalça e.ə.VI-V əsrlərə aid Pazırık kurqanından (Altay) tapılmışdır (Керимов, 1983, c. 10) və sözügedən Pazırıq kurqanı saklara aid edilir (Ağasıoğlu, 2005, s. 122-123).

Lətif Kərimovun yazdığına görə, Güney Aərbaycanın Hə­sən­lu yaşayış məntəqəsindən tapılan və Manna incəsənətinə aid edi­lən (e.ə. Vlll əsr) qızıl camın üzərindəki təsvirdə xalça rəsmi açıq-aydın sezilməkdədir (Керимов, 1983, c. 11). Məlumat üçün bil­dirək ki, Həsənlu tapıntıları üçün də iskit-saklara aid "heyvani üslub" xarakterikdir (Дандамаев, Луконин, 1980, c. 91-97).

Əldə olan məlumatlar xalçaçılıq sənətinin artıq Neolit-Eneo­lit dövrlərində formalaşdığını sübut etməkdədir. Məşhur ingilis ar­xeoloqu Jeyms Mellart Anadolu ərazisində yerləşən Ça­tal-Hü­yük abidəsində qazıntılar apararkən kömürləşmiş xalı qa­lıqlarına rast gəlmiş və həmin xalının üzərindəki naxışların qo­runub sax­lan­mamasından böyük təəssüf hissi keçirmişdi. Lakin qazıntıların sonrakı mərhələsində o son Eneolit dövrünə aid yaşayış binasının divarında xalça naxışlarını xatırladan naxışlara rast gəlmiş, bu naxışların bu günə qədər Anadoluda toxunmaqda olan türk xal­çalrının naxışları ilə tam eyni olduğunu görüb təəc­cüblənmişdi.

Eyni halla cənubi Türkmənistanda qazıntılar aparan tanın­mış rus arxeoloqu Sarianidi də üzləşmişdi. O, tapdığı son Eneo­lit-erkən Tunc dövrlərinə aid saxsı qabların üzərindəki naxışların bu gün də həmin ərazidə toxunmaqda olan türkmən xalçalarının naxışları ilə eynilik təşkil etdiyini görüb son dərəcə heyrətlən­mişdi. Sarianidi digər bir tanınmış rus arxeoloqu Masson ilə birlikdə qələmə aldıqları “Qaraqum: Sivilizasiyanın ilk şəfəqi” adlı kitabında bu mövzuya toxunaraq yazır:

Eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısından et­i­barən Cənubi Türkmənistan qəbilələrinin dulusçuluq sənə­tin­də böyük dəyişikliklər baş verməyə başladı. Zoomorf motivlə­rin yerini həndəsi naxışlar tutdu. Bu naxışlar ağlasığmaz bir şəkildə xalça naxışlarını xatırlatmaqdadır.” (Массон, Сариа­ни­ди, 1972, c. 18).

Sənətşünas alim K.Əliyeva və P.Şamxalova yazırlar:

Hər bir xalqın naxış sənəti müəyyən etnik xüsusiyyətlərə sahibdir və digər xalqların naxış sənəti ilə ümumi cəhətlərə ma­likdir. Xalqın mədəniyyəinin əhəmiyyətli tərkib elementlə­rindən biri olan və onun tarixi ilə sıx bağlı olan naxışlar etnik mədə­niyyət tarixinin öyrənilməsində də mühüm mənbə rolunu oy­nayır. Naxış sənəti xalqın məişəti,ictimai şəraiti ilə sıx bağlı olmaqla yanaşı, onun fəlsəfi-dini və magik dünyagörüşünü də əks etdirir. Naxış motivləri təkrarlanaraq ritmlər yaradır. Tə­sadüfi deyil ki,ornament motivlərini ritmlər də adlandırırlar. Bu baxımdan Tunc dövrünə aid keramika məmulatlarının na­xış­larının öyrənilməsi böyük önəm daşımaqdadır. Həmin döv­rə aid Naxçıvan saxsı qablarının üzərlərindəki naxışları göz­dən keçir­məklə ornamentlərin xarakterini müəyyənləşdirmək mümkün­dür. Bu qabların üzərindəki naxışlar içərisində hən­dəsi fiqur­lar: romblar, üçbucaqlılar, latın əlifbasının “S” hər­fini və üç rəqəmini xatırladan spiralvari elementlər,spirala çev­rilən düz xət­lər və sairə geniş yayılmışdır. Eyni motivlərə Azərbaycan xal­çalarında da rast gəlinir.” (Алиева, Шамхало­ва, 2005, c. 39).

Əgər antik dövr yunan müəlliflərinə inansaq, iskit və sak­la­rın Azərbaycandakı mədəni köklərini hətta Paleolit dövrünə qə­dər uzatmaq mümkündür. Məsələ burasındadır ki, Azıx mağara­sında aparılan qazıntılar nəticəsində aşkar olunan və yaşı təq­ribən 700 min ilə bərabər olan ocaq izləri indiyə qədər bütün dün­yada tapılan ən qədim ocaq izidir. Bu fakt ölkəmizin dünya­da süni yolla od əldə edərək, onu uzun müddət yanar vəziyyətdə saxlamaq texnologiyasının ilk dəfə kəşf və tətbiq edildiyi ərazi olduğunu söyləməyə əsas verir. Bu da təbiidir. Çünki Azərbay­can ərazisi ən qədim zamanlardan odun yerdən təbii şəkildə çıx­dığı yeganə ərazidir. Bu baxımdan Balaxanı kəndi yaxın­lığın­dakı Yanardağ və Astara rayonundakı yanan bulaq deyi­lənlərə ən gözəl misaldır. Təsadüfi deyil ki, qonşularımız ən qədim za­manlardan Azərbaycanı “Odlar yurdu” adlandırmışlar.

Mövzu ilə bağlı H.Cəfərov yazmışdır:

"Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycanın ən qədim sakinləri hələ ən azı 700 min il öncə süni yolla od əldə etməyi və onu uzun müddət yanar vəziyyətdə saxlamağı öyrənmişdilər. Ocaqdan isinmək, vəhşi heyvan-lardan qorunmaq, yemək hazırlamaq üçün istifadə olunurdu." (Azərbaycan tarixi, 1994, s. 21).

Qədim yunan şairi və dramaturqu Esxil özünün məşhur “Zəncirlənmiş Prometey” əsərində minilliklərin dərinliklərindən gələn miflərə istinad edərək, odun tanrılardan oğurlanaraq insan­lara təslim edildiyi yer kimi İskitlər ölkəsi və Qafqazın adını çəkir. Bu, insanların odla ilk tanışlıq yerinin Qafqazdakı iskitlər ölkəsinin olduğu deməkdir. Esxil sözügedən əsərin ən başında Hakimiyyət və Qüdrətin dili ilə deyir:

Bir uzaq guşəsinə gəlib yetişdik yerin,

Boş, tənha çöllərinə yırtıcı iskitlərin.

Atanın buyruğuna itaət eyləyərək,

Bu yaramaz canini öz əllərinlə gərək

Mıxlayasan qayaya, Hefest, budur vəzifən;

Ona bir zindan yarat zəncir həlqələrindən.

O sənin çiçək kimi açılan atəşini,

Şəfəqləri dörd yana saçılan atəşini,

Oğurlayıb aparmış, vermişdir insanlara...”

(Esxil, 2006, s. 7)

Təqdim olunan sitatdan da göründüyü kimi, qədim yunan mifologiyası insanların odla tanışlıq yeri kimi İskitlər ölkəsini tanıyır. Əsərin başqa yerində də hadisənin məhz İskitlər ölkə­sində baş verdiyi qeyd edilir. Bu dəfə bu, Prometeyin öz dilin­dən söylənir:

Bir an dinclik bilməyən sonsuz ləpələriylə



Başdan-başa dolaşan yeri elədən-belə.

Ey atamız Okeanın və çox uşaqlı Tifin

Gənc nəsli, yaxın gəlin, vəhşi gəzən iskitin

Yurdu olan bu yerdə, bu yüksək qayalarda

Zəncirlərlə bağlanıb qalmışam necə darda.”

(Esxil, 2006, s. 15)

Yunan mifologiyasında yunanların odu Qafqazdakı iskitlər, yəni saklar ölkəsindən oğurladıqları bildirilir. Bu, dolayısı ilə o deməkdir ki, bu xalqın əcdadları ocaq qalamağı və onu uzun müd­dət yanar vəziyyətdə saxlamağı sakların (türklərin) ulu ba­ba­larından öyrənmişlər. Türk mifologiyasında isə fərqli səhnə ilə qarşılaşırıq:

Tanrı insanı yaradanda belə fikirləşmişdi: “Mən bu in­sanları yaratdım, amma çılpaq yaratdım. Hava da bu günlərdə çox soyuqdur. İnsan oğlu özünü soyuqdan necə qoruyacaq və necə yaşayacaq? Yaxşısı budur bunlara bir od da verim, isinib yaşasınlar.”

Tanrıça Ülgənin üç qızı varmış. Bunlar da odu tapmaq üçün çalışırmışlar. Bir gün Tanrı bayıra çıxmışdı. Onun saq­qa­lı çox uzun olduğu üçün yeriyəndə saqqalı ayağının altında qalmışdı. Ona görə səndələmişdi. Qızlar bunu görüncə gül­mə­yə və Tanrıya istehza etməyə başlamışdılar. Buna görə Tanrı çox hirslənmiş və qızların üzünə baxmadan çıxıb getmişdir. Tanrının hirsləndiyini görən qızlar dilxor olmuşlar. Amma Tanrının nə etdiyini və barələrində nə danışdığını bilmək üçün qapının deşiyindən qulaq asmağı da unutmamışlar. Bu vaxt Tan­rı hirsli-hirsli və öz-özünə deyirmiş:

Tanrıça Ülgenin üç qızı məni ələ saldı. Onlarda ağıl nə gə­zir? Odu tapmaq üçün sərt bir daşla sərt bir dəmir tap­ma­lıdırlar ki, bir-birinə vurub od çıxarsınlar. Bunları tapmaq üçün onlarda bu ağıl yoxdur.

Qızlar bunu eşidən kimi işə başlamışlar. Sərt bir daşla sərt bir dəmiri bir-birinə vuraraq odu icad etmişlər (Ögəl, 2006, səh. 147).

Herodotun yazdığına görə, Tanrı kotan, qılınc, xamut və qabı məhz iskit-saklara bəxş etmişdir (Гасанов, 2002, с. 160-163). Başqa sözlə, bu əşyaları ilk dəfə iskit-saklar kəşf etmişlər. Bunlardan kotan və xamut mövzumuz baxımından böyük maraq doğurmaqdadırlar. Çünki bir xalqın adının bu əşyalarla yanaşı çəkilməsi, həmin xalqın oturaq əkinçilik mədəniyyətinin əsasını qoyması anlamına gəlir. Herodot kotanın icadını Tarqitayın oğlu Arpaksayın (Arpaçayın) adı ilə bağlayır (Гасанов, 2002, с. 160).

Burada “Kotan” kəlməsinin üzərində xüsusi durmağımıza ehtiyac var.

Q. Cavadov yazır:

Apardığımz tədqiqatlar qara kotanın Qafqaz mənşəli şum aləti olduğunu təsdiq edir. Bu şum aləti Qafqaz xalqla­rının çoxunda olub, azərbaycanlılarda “kotan”, ləzgilərdə və Şahdağ qrupu xalqlarında “kutan”, gürcülərdə “qutani”, çe­çenlərdə “quton”, avarlarda “kutan”, balkarlarda “qotan”, dar­ginlərdə “qutan”, udunlərdə “kotan”, osetinlərdə “quton // qoton”, farslarda “qutan” adlandırılır (Cavadov, 1990, s. 22).

Azərbaycanın əksər etnoqrafik zonalarında yayılan bu alət əhali arasında “qara kotan” adı ilə tanınmaqdadır (Cavadov, 1990, s. 23). Bu söz birləşməsi Azərbaycan folklorunda da özü­nə möhkəm yer eləmişdir:

Qara kotan ağırdır,

Öküzlərin yağırdır.

Qarmax tellim çəkməyir,

Xınalım da sağırdır” (Cavadov, 1990, s. 24).

Buradakı “qara” ifadəsi xüsusi diqqət çəkir. A.N.Konono­vun yazdığına görə, bu söz” türk xalqlarında yer, torpaq və rəng mə­nalarında işlədilmişdir (Кононов, 1959, с. 83-85). Ayrıca “ko­tan” kəlməsinə gəlincə, ona da folklorumuzda gen-bol rast gəlinir:

Dağ döşündə yatana,

Gün gedər ay batana.

Qara kəlim qarğıyır,

Kotan macı tutana”.

Başqa bir misal:

Öküzlər qoşa getdi,

İşlədi, çoşa getdi.

Kotan macı qırıldı,

Zəhmətim boşa getdi” (Bayatılar, 1960, s. 246).

“Kotan” termininin mənşəyinin dəqiqləşdirilməsi əkinçilik mədəniyyətinin cütçülüklə bağlı mərhələsinin, eləcə də bu mər­hə­ləyə start vermiş Kür-Araz mədəniyyətinin əsasının bilavasitə hansı etnos tərəfindən qoyulduğuna aydınlıq gətirə bilər. Yəni bu kəlmə hansı xalqa mənsubdursa, sözügedən mədəniyyətin əsa­sını da məhz bu xalq qoymuşdur və digər etnoslar bu mədə­niyyəti ondan əxz edərkən, bu kəlməni də həmin xalqadan əxz etmişlər.

Qeyd edək ki, terminin mənşəyi barədə çox fikirlər söylən­miş, onu ayrı-ayrı xalqlara şamil etmək cəhdləri olmuşdur. Mə­sələn, akademik B. A. Cavaxişvili iddia edir ki, guya bu kəlmə gür­cü sözüdür və gürcü dilindən də digər dillərə keçmişdir (Джа­вахишвили, 1930, с. 232-235). Şübhəsiz ki, bu kimi id­dia­ların heç bir faktoloji əsası yoxdur. Çünki bu, gerçəkdən də belə olsa idi, qonşu xalqlar da termini eynən gürcülər kimi axırına gürcü dilinə “-i” şəkilçisi artırmaqla, yəni “qutani” formasında işlədərdi­lər. Məsələn, gürcü mətbəxinin şah yeməklərindən he­sab edilən xaçapurinin (pendir-çörək mənası verir) adı bütün qonşuların di­li­nə məhz “xaçapuri” şəklində keçib və heç kəs də həmin kəl­mənin sonundakı “-i” şəkilçisini atmağı ağlına belə gətirməyib. Gürcülər isə, əksinə, kənardan aldıqları bütün söz­lərin arxasına öz dillərinin qanunauyğunluqlarına müvafiq ola­raq sözügedən şəkilçini əlavə edirlər. Məsələn, Azərbaycan türk­cəsindən bu dilə keçən “cib” kəlməsi həmin dildə “cibi”, “şal­var” sözü “şalvari”, pəncərə “pan­cari”, salam “salami” və s. for­masını alıb. Eyni qayda ilə Azər­baycanın qədim şəhərlərindən olan Tiflis şəhəri də Gürcüstan döv­lətinin paytaxtına çevril­dik­dən sonra bütün dünyaya “Tbilisi” kimi təqdim olunur və sovet dövründən sonra biz də həmin şəhəri o cür adlandırmağa baş­lamışıq və bu zaman toponimin sonundakı “-i” şəkilçisini bir kənara atmaq ağlımıza belə gəlməyib.

B.A.Cavaxişvilidən fərqli olaraq, XVIII əsrin tanınmış gür­cü maarifçisi və leksikoqrafı S.Orbeliаninin tərtib etdiyi izahlı lüğətdə sözügedən kəlmə türk mənşəli termin kimi qeyd edilib. Onun bu fikrini türk dilləri üzrə mütəxəssis olan İ.A.Abuladze də təsdiq etməkdədir (Абуладзе, 1968, с. 82).

R.Açaryanın “kotan” sözünün dil baxımından guya Qafqaz mənşəli olduğu və Qafqaz dillərindən türk, fars və suryani dillə­rinə keçdiyi barədə fərziyyəsini tənqid edən, onun bu fikrinin doğru olmadığını əsaslandıran A.N.Genko bildirir ki, “kotan” istilahı Qafqaz dillərində önlü şum aləti kimi başa düşülsə də onu Qafqazdilli xalqların, o cümlədən gürcülərin köklü sözü saymaq mümkün deyildir (Генко, 1930, c. 134).

Kəlmənin linqvistik baxımdan bir də ona görə Qafqaz mən­şəli hesab etmək olmaz ki, kotanın insanların mənşəyinə daxil olduğu erkən Tunc dövründə (e.ə. IV minillik) Qafqaz ərazisin­də qafqazdillilərin yaşadığını təsdiqləyəcək bircə dənə də olsun fakt yoxdur. Məsələ burasındadır ki, qafqazdilli etnosların mən­sub olduqları kafkasion antropoloji tipinin Qafqaz ərazisində ilk dəfə peyda olma vaxtı son Tunc – erkən dəmir dövrünə (e.ə. II minilliyin ortaları) təsadüf edir. Halbuki, Azərbaycan türklərinin mənsub olduqları kaspi (oğuz) tipi ən azı Mezolit dövründən (e. ə. XII-VIII minilliklər) müşahidə edilir. Odur ki, sözün türk mənşəli olduğu heç bir şübhə doğurmur və bunu həmin terminin eyni anlamda digər türk dillərində də (qırğız, uyğur, cığatay və s.) ümumişlək söz olması faktı da təsdiq edir.

“Kotan” kəlməsi linqvistik baxımdan Qafqaz mənşəli ol­ma­sa da, coğrafi areal baxımından, şübhəsiz ki, Qafqaz mənşəlidir və bilavasitə Azərbaycan türklərinə məxsusdur. Təsadüfi deyil ki, V.V.Radlov və L.Z.Budaqov kimi görkəmli türkoloqların lü­ğət­lərində həmin termin məhz Azərbaycan dili materialı kimi təq­dim olunmaqdadır (Радлов, 1899, столб 1216; Будагов, 1873, с. 144).

Bütün bu deyilənlər iskit və sakların Azərbaycandakı köklə­rinin nə qədər dərinlərə uzandığını göstərməkdədir. Siciliyalı Diodorun aşağıdakı sözləri bu xalqın ilkin vətəninin Araz sa­hilləri olduğunu və onların məhz buradan Avrasiyanın geniş əra­zilərinə yayıldıqlarını göstərməklə yanaşı, adlarının daha ön­cələr nədən eşidilmədiyinin, yəni daha qədim mənbələrdə hansı sə­bəbdən qeyd olunmadığını da anlamağa kömək edir:



"İndi də (hindlilərlə) qonşu ölkədə məskun olan iskitlərə keçək. Onlar əvvəllər o qədər də böyük olmayan bölgədə ya­şayır­dılar, lakin sonralar özlərinin artan qoçaqlığı, hərbi gücü ilə bö­yük ərazilər zəbt edib öz boylarını şöhrət və iqtidar sahibi etdilər. Əvvəllər onlar azsaylı idi və Araz qırağında yaşayır­dı­lar, onda şöh­rət sahibləri olmadıqları üçün onlara həqarətlə baxılırdı. La­kin hələ qədim vaxtlardan strateji bacarığı ilə se­çilən bir sa­vaş­qan başçılarının başçılığı altında onlar Qafqaza qədər dağlarda, Okean və Meoyiy (Azov) gölü sahillərindəki düzlərdə və Tanais çayına qədərki sair bölgələrdə ölərinə ölkə əldə etdilər...Xeyli vaxt keçəndən sonra ...Tanais çayından o tərəfdə Trakiyaya qədər ge­niş əraziləri də özlərinə tabe edib, hərbi yürüşlərini başqa is­tiqa­mətdə yönəltdilər, Misirin Nil çayına qədər özlərinin hökmran­lığını yaydılar." (Ağasıoğlu, 2005, s. 101).

Saklar barədə Yeni Türk Ensiklopediyasında yazılmışdır:



"Saklar (e.ə. VII-III əsrlər) türklərin tarix öncəsinin, Teo­man və Metedən öncəki türk tarixinin ən mühüm siyasi quruluşudur, sakların qurduğu dövlətdir... Yunanların "ska" dediyi qövmdür. Xanədan və hakim ünsür türkdür...

Sakların ən böyük hökmdarı iranlıların Əfrasiyab dedik­ləri Alp Ər Tonqadır. Türkləin yetişdirdiyi ilk böyük tarixi şəx­siyyətdir." (Yeni Türk Ansiklopedisi, 1985, s. 4363).

Artıq qeyd edildiyi kimi, Herodot yunanların "iskit" çağır­dıq­ları xalqlara farsların "sak" dediklərini yazmışdır. Bunun ger­çəkdən də belə olduğunu fars-Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsi də sübut etməkdədir. Bu kitabədə üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (də­nizin arxasında yaşayan saklar) (Гасанов, 2000, c. 54).

Daha qədim mənbələrdə, yəni e.ə.VIII-VII əsrlərə aid mən­bələrdə isə əsasən iki sak xalqından söhbət açılır. Onlardan biri kimmerlərlə eyniləşdirilir (Грантовский, 1960, c. 84), digəri isə həm də "işquz" adı altında yad edilir Birincilərdən Manna sa­kinləri kimi söhbət açılır:

"Manna ölkəsində oturan... Mana ölkəsindən çıxıb Urar­tuya hücum edən..., Aşşur sınırlarını aşıb yağmalar edən" (Ağasıoğlu, 2005, s. 106).

Bunlar kimmerlərdir, çünki eyni xalqdan II Sarqonun ki­ta­bəsində "qamir" (kimmer) kimi söz açılır:



"Qameraa (kimmelər) mannalıların ölkəsindən çıxıb Urar­­tuya daxil oldu... bütün Urartu qorxu içindədir." (Ağa­sıoğlu, 2005, s. 107).

Maraqlıdır ki, Aşşur mənbələri onlardan qəsbkar, yağmalar törədənlər kimi söz açır. Bisitun kitabəsinin farsdilli hissəsində də saklardan qəsbkar kimi söz açılır və məhz həmin saklar eyni kitabənin akkad variantında "kimmer" adlandırılır:



"Saklar qəsbkar idilər və Ahura Məzdaya hörmət etmirdi­lər. Mən Ahura Məzdaya hörmət edirdim. Ahura Məzdanın mərhəmətilə mən onlarla öz istəyimə uyğun rəftar etdim." (Ağa­sıoğlu, 2005, s. 105).

Artıq qeyd etdiyimiz kimi, bu sakların kimmerlərlə eyniləş­dirilməsi keçmişin ənənələri ilə bağlı olmuşdur. Yəni bir za­man­lar bu saklar kimmerlərin hakimiyyəti altında yaşamış olduqları üçün uzun müddət xüsusi "sak" (şakı) adı ilə yanaşı ümumiləş­dirici "kimmer" adını da daşımışlar. Yuxarıda bu barədə söhbət açarkən, müəyyənləşdirmişdik ki, bu saklar utilərin, yəni pay­taxtı Bərdə (Partav) şəhəri olan Uti vilayətinin qonşuluğunda yaşayan saklar idi ki, b.e. VII əsrinə qədər Kür və Araz çayları ara­sında yaşamaqda davam edirdlər və həmin ərazidəki Saka­sena (Şa­

kaşen) ölkəsinin sakinləri idilər. Lakin belə olan halda, hə­min sakların Mannaya heç bir dəxli olmur. Çünki belə hesab edi­lir ki, Manna Cənubi Azərbaycanda, Urmiya gölünün cənu­bu­nu və şərqini əhatə edən bir ölkə idi (Azərbaycan tarixi, 1994, s. 86; Qaşqay, 1993, s. 48) və Quzey Azərbaycan ərazisi onun sı­nırla­rına daxil deyildi. Əgər bu fikir doğrudursa, o zaman birmənalı şəkildə söyləmək olar ki, iki müxtəlif (biri quzeydə, biri isə gü­neydə) Sakasena olduğunu iddia edən Qiyasəddin Qey­bullayev (Гейбуллаев, 1991, s. 321) haqlıdır və sözügedən Sakasenanın Man­na ərazisindəki Sakasenaya, birinci Sakase­na­da yaşayan sak­ların isə "Manna sakları"na heç bir aidiyyatı yoxdur.

Lakin Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki, müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir (Qaşqay, 1993, s. 69). İlkin mənbələrin diqqətlə incələnməsi bu müddəanın tam doğru olduğunu, Manna ərazisinin düşünüldüyündən çox-çox böyük ol­duğunu, təkcə Güney və Quzey Azərbaycanı deyil, eyni za­man­da bugünki Dağıstan və Çeçenistanı da içinə aldığını gös­tərir. Bu məsələyə keçməmişdən öncə qeyd edək ki, mütəxəs­sislərin, demək olar ki, hamısı (V.V.Struve, İ.M.Dyakonov, K.V.Trever, İ.Q.Əliyev, V.F.Minorski, A,P.Novoseltsev) tək bir Sakasenadan söhbət açmış və onun Gəncə ilə Urmiya gölü ara­sında uzandığını, yəni həm Quzey, həm də Güney Azərbaycanı əhatə etdiyini qeyd etmişlər (Гейбуллаев, 1991, s. 321). Mə­sə­lən, İ.Dyakonova görə, iskitlərin məskənini Manna torpaqlarının şimal sərhəddində, Araz çayı və ondan şimaldakı torpaqlarda lokalizə etmək lazımdır (Дьяконов, 1956, c. 250). İ.Əliyev isə qeyd edir ki, iskitlərin məskəni Azərbaycanın həm cənubunu, həm də şimalını əhatə etmişdir (Алиев, 1960, c. 230, qeyd 5). M.İs­mayıl da eyni fikirdə olmuşdur (İsmayıl, 1955, s. 11). Ar­xeoloji tədqiqatlar nəticəsində isə məlum olmuşdur ki, sakların yaşayış arealına bugünkü Gür­cüstan ərazisi də daxil idi (Пирцха­лава, 1975).

Məlum olduğu kimi, "Sakasena" adına antik müəlliflərin, "Şakaşen" adına isə erməni müəlliflərinin əsərlərində rast gəlin­mişdir. Saklardan gen-bol söz açan aşşur mənbələrində isə bu toponimə rast gəlmirik. Əvəzində isə aşşur və Urartu mənbə­lə­rində paytaxtı Parda (Bərdə) olan Saqarta (Zikertu) toponiminə rastlaşırıq və bu toponim mənbələrdə Mannanın əyalətlərindən biri kimi qeyd edilir (Qaşqay, 1993, s. 63).

Doğrudur, həmin ölkənin Cənubi Azərbaycanda Miyanə və Ərdəbil arasında yerləşdiyi hesab edilir (Qaşqay, 1993, s. 63), lakin faktlar bu ehtimalı nəinki təsdiqləmir, əksinə söhbətin məhz Bərdə ətrafındakı ərazilərdən getdiyini sübut edir. Məsələ burasındadır ki, saqartalılardan söhbət açan Herodot onları uti­lər­lə birlikdə yad edir (Гейбуллаев, 1991, c. 147), utilərin isə Araz çayı yaxınlarında yaşadıqlarını göstərir (Гейбуллаев, 1991, c.143). Və məsələ təkcə bu faktla bitmir.

Məlum olduğu kimi, Mannanın əyalətlərindən biri də An­diya idi. Bu əyalətin adına ilk dəfə III Salmanasarın, daha sonra isə III Adadnerarinin kitabələrində rast gəlinir (Qaşqay, 1993, s. 64). Mütəxəssislər III Adnerarinin kitabəsində söylənilənlərə is­tina­dən, Andiyanın Xəzər sahillərində yerləşdiyi fikrində yekdil ol­muş­lar (Меликашвили, 1978, c. 75 сн 2; Дьяконов, 1956, 165).

Q.Melikaşvili Saqartanın (Zikkertunun) paytaxtı Parda şə­hə­ri ilə Azərbaycandakı Bərdə, eləcə də Andiyanın adının Da­ğıstandakı Andi toponimi ilə eynilik təşkil etdiyinə diqqət çək­miş, fəqət bunu mannalıların guya qafqazdilli olduqlarını "sü­but" etmək üçün etmişdir (Меликашвили, 1978, c. 60). Bu alim Andiya və Andi toponimləri arasındakı eyniliyi göstərməklə, əslində bizə Andiyanın harada olduğunu göstərmişdir. Biz də bu fikirdəyik ki, Andiya əyaləti Xəzər dənizi sahilində yerləşən bu­günkü Dağıstan ərazisini əhatə etmişdir və qafqazdilli andi (an­diyalı) xalqının adı ilə bağlı olmuşdur. Məlumat üçün bildirək ki, andilər (andiyalılar) Dağıstan xalqlarından biridir və bu gün də varlıqlarını sürdürməkdədirlər. Fəqət sovet dövründə onların millətləri inkar edilmiş və avarların bir qolu olduqları iddia edil­mişdir (Брук, 1986, c. 166). Hazırda Dağıstanda mövcud olan iki Göysu çayından biri avarların adı ilə "Avarskoye Koysu", di­gəri isə andilərin adı ilə "Andiyskoe Koysu" adlanmaqdadır.

Maraqlıdır ki, II Sarqonun müttəfiqi kimi çıxış edən Manna hökmdarına qarşı Urartu çarının təhriki ilə üsyan edən Saqarta (Zik­kertu) və Andiya əhalisini cəzalandırmaq üçün bu ölkələrə hü­cuma keçən II Sarqon öncə saqartalı, daha sonra isə andiyalı üs­yançıları məhv etmişdir. Yəni o, öncə Saqartaya (Zikkertuya) gəlmiş, daha sonra isə Saqartadan keçərək Andiyaya daxil ol­muş­du (Azərbaycan tarixi, 1994, s. 98-99). Bu da təbiidir, çünki Da­ğıs­tana getmək üçün mütləq Quzey Azərbaycandan keçmək lazımdır.

Mannanın digər bir əyalətinin də "Durdukka" olduğu və burada eyniadlı şəhərin bulunduğu məlumdur (Azərbaycan tari­xi, 1994, s. 96). Q.Melikaşvili haqlı olaraq göstərmişdir ki, Dur­dukka çeçenlərin əski adı olan "durdzuk" (Dağıstanda bu gün də çeçenlərə "durdzuk" deyirlər) etnonimi ilə bağlıdır (Меликаш­вили, 1978, c. 60). Eyni etnonimə XI əsr gürcü tarixçisi Leonti Mrovellidə də rast gəlmək mümkündür (Ковалевская, 1984, c. 85). O, eyni zamanda durdzuklarla yanaşı, andilərin, yəni andi­yalıların bir qolu olan didoyların da (Брук, 1986, c. 166) adını çəkmişdir (Ковалевская, 1984, c. 85).

Bütün bu faktlar sübut edir ki, Manna gücləndiyi vaxtlarda Quzey Azərbaycan ərazisi ilə yanaşı, Dağıstan və Çeçenistanı da öz sərhədləri içərisinə daxil edə bilmişdi. Saqarta da Mannanın bir parçası idi. Onun mərkəzi Bərdə olsa da, ərazisi Azərbay­ca­nın həm quzey, həm də güney ərazilərini əhatə edirdi. Mənbə­lərdən belə aydın olur ki, həmin dövrdə "sak" adı Azərbaycan əhalisinin mühüm bir hissəsinin ümumiləşdirici adı kimi çıxış edirmiş (Azərbaycan tarixi, 1994, s. 127-128). Məsələn, Aşşur mənbələrində Bərdənin Uti vilayətinin deyil, Saqartanın (Zik­kertunun) mərkəzi kimi göstərilməsi o deməkdir ki, həmin dövrdə utilər (udulular) üçün də "sak" adı ümumiləşdirici ad idi. Yəni utilər də sak ittifaqına daxil idilər.

Mənbələrdən belə aydın olur ki, Azərbaycanın şimal-qər­bində, Xəzər sahillərində yaşamış massagetlər də bir vaxtlar bu ümumiləşdirici ad altında çıxış etmişlər (İsmayıl, 1955, s. 11-12). Sonrakı dövr mənbələrində "maskutlar" adlandırılan bu xal­qın bəzi mütəxəssislərin fikrincə, Dərbəndlə Beşbarmaq dağı arasında (Ашурбейли, 1985, c. 304), digər mütəxəssislərin fik­rincə isə, Kür çayına qədər olan ərazilərdə və Muğanda (Anadol, 1991, s. 19) yaşadıqları bildirilimişdir. Antik müəlliflərin mas­saget kimi söz açdıqları həmin xalqın adı ilk dəfə Sasani şahının Paykulidəki yazısında, daha sonra isə erməni müəlliflərinin əsərlərində "maskut" kimi çəkilməkdədir (Касумова, 1985, c. 53). Ammian Marselinin yazdığına görə, massagetlər alanların əcdadları olmuşlar, Valeriy Flak isə massagetləri midiyalılarla birlikdə yad etmişdir (Гейбуллаев, 1991, s. 174-175).

Herodot massaget tayfaları barədə yazırdı ki, "bu xalq qə­dərsiz və cəsur hesab edilir, şərqdə Araz çayının o tərəfində is­sidonlarla üzbəüz yaşayır. Bəzilərinin fikrincə, bu iskit xalqıdır” (Azərbaycan tarixi, 1994, s. 124). Dion Kassi Arazdan şimalda yaşayan albanları massaget mənşəli hesab edirdi. Strabon qeyd etmişdir ki, iskitlərin böyük bir hissəsi massaget və sak adını daşıyırdılar (Azərbaycan tarixi, 1994, s. 124) və Araz çayı sahi­lində yaşayırdılar (Алиев, 1987, c. 25). Əhəməni şahlarının ya­zılarında ayrıca "massaget" adına rast gəlinmir və onlar da ümu­miləşdirici "sak" adı altında tanınırdı. Və maraqlıdır ki, Proko­piy, Musa Kağankatlı, Dionisiy Perieqet və erməni mənbələri massagetləri hunlarla eyniləşdirmişlər (Azərbaycan tarixi, 1994, s. 118; Kalankaytuklu, 1993, I, XIV fəsil; Гейбуллаев, 1991, s. 177; Пигулевская, 1939, №1, c. 114).

Yuxarıda qeyd edildiyi kimi, Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsində üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (ox­papaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin ar­xasında yaşayan saklar) (Гасанов, 2000, c. 54).

Daha qədim dövrə aid aşşur mənbələrindən belə aydın olur ki, bunlardan biri kimmerlərlə eyniləşdirilən saklar idi. Həmin mənbə­lər sayəsində bu sakların bir neçə hökmdarının adı da döv­rümü­zə­dək ulaşmışdır. Bunlar Teuşpa, İşpakay, Tuqdamme və onun oğlu Sandakşatrudur. Aşşur hökmdarları Teuşpa ilə e.ə. 678-ci, Manna­lıların köməyinə gələn İşpakayla e.ə. 670-ci ildə döyüşmüş və onlara qalib gəlmişdilər (Ağasıoğlu, 2005, s.107). Asarhaddonun kitabəsindən belə məlum olur ki, aşşurlar saklar­dan çəkinirmişlər:

"Müəyyən edilmiş bu müddət ərzində Manna vilayətində yaşayan və Manna ölkəsinin hüdudlarına gəlmiş sak ordusu bir qəsd hazırlayırmı? Bir şey fikirləşirmi? Hubuşkiya şəhə­rinin keçidini... keçəcəklərmi, gələcəklərmi, Aşşur sərhəd­din­dən böyük qənimət, əsirlər aparacaqlarmı?" (Azərbaycan ta­rixi, 1994, s. 105).

Eyni kitabədən belə aydın olur ki, döyüşdə saklar məğlub olurlar və bu Manna dövlətinin süqutu ilə nəticələnir:



"Mən Manna ölkəsinin sakinlərini, dinc oturmayan kuti­lə­ri darmadağın etdim, onu xilas edə bilməyən müttəfiqini - sak İşpakayın ordusunu əzdim" (Azərbaycan tarixi, 1994, s. 105).

Ən qədim yazılı mənbələr saklardan Azərbaycan və Ön Asi­ya sakinləri kimi söz açsa da sonrakı dövrlərə aid mənbə­lərdə onlardan Şərqi Avropadan Hndistan və Çinə qədər geniş ərazidə yaşayan xalq kimi söz açılmaqdadır. Bu barədə söz açmamışdan öncə qeyd edək ki, əldə olan mənbələr sakların bu geniş əraziyə məhz Azərbaycandan yayıldıqlarını söyləməyə tam əsas verir. Söhbət Siciliyalı Diadorun yazdıqlarından gedir. Sakları "iskit" adlandıran Diador yazmışdır:



"İndi də (hindlilərlə) qonşu olan iskitlərə keçək. Onlar əv­vəllər o qədər də böyük olmayan bölgədə yaşayırdı, lakin son­ralar tədricən özlərinin artan qoçaqlığı, hərbi gücü sayə­sində böyük ərazilər zəbt edib öz boylarını böyük şöhrət və iqtidar sahibi etdilər. Əvvəllər onlar azsaylı idi və Araz qırağında ya­şayırdılar, onda şöhrətsiz olduqları üçün onlara həqarətlə ba­xılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən başçılarının rəhbərliyi altında onlar Qafqaza qədər dağlarda, okean və Meotiy (Azov) dənizi sahillərindəki düzlərdə və sair bölgələrdə özlərinə ölkə əldə etdilər... Xeyli vaxt keçəndən son­ra Tanais çayından o tərəfdə Trakiyaya qədər əraziləri də özlərinə tabe edib, yürüş­lərini başqa istiqamətə yönəltdilər. Nil çayına qədər özlərinin hökmranlığını yaydılar." (Ağa­sıoğ­lu, 2005, s.101).

Yuxarıdakı sitatdan da göründüyü kimi, sonrakı dövrlərdə sakların məskun olduqları ərazilər Nil çayının şərq və Qara dənizin qərb sahillərindən ən azı Hindistana qədər uzanırmış.

Qədim Çin mənbələrində saklardan e.ə.V əsrdən etibarən söz açılmaqdadır. Çin arxeoloqlarının Cunqariyada üzə çıxar­dıqları və tədqiq etdikləri sak qəbirləri də e.ə. V-IV əsrlərə aid edilir. İssık, İsıkkul və Altay (Pazırıq) kurqanları, eləcə də Urumçi yaxınlığından tapılan kurqanlar da sak kurqanları hesab edilir və həmin dövrü əhatə edir (Восточный Туркестан в древности и раннем средневековье, 1988, c. 229).

Bu kurqanlardan birindən, daha dəqiq desək, Qazaxıstan ərazisindəki İssık kurqanından tapılan türkcə yazılar sakların zəngin yazı və ədəbiyyat ənənələrinə sahib olduqlarını söylə­məyə əsas verir. Bu barədə Oljas Süleymenov yazır:



"...1970-ci ilin yazında Alma-Atanın həndəvərində, İssık gölünün yaxınlığında Altay tipli kurqan-qəbir aşkar edildi; ilkin araşdırmaya görə, yeni tapıntı Pazırık kurqanı dövrünə (e.ə.Vl-V əsrlər) aid edildi...

...İssık sərdabəsində üzərində horizontal yazı olan qab tapılmışdı: 26 hərfdən ibarət ilan bu əlifba Orxon-Yenisey ya­zısını xatırladır." (Süleymenov, 1993, s. 178).

Mahmud İsmayıl bildirir:



"Məlum olduğu kimi, 1970-çi ildə Alma-Ata şəhəri yaxın­lığında, İssık rayonunda arxeoloqların açdıqları kurqanda bir sak döyüşçüsünün qızıl geyimi və üzərində yazı olan bir gümüş cam aşkar edilmişdir. Qazax alimi A.S.Amonjolov cam üzərin­dəki yazını oxumuş və belə qənaətə gəlmişdir ki, bu qəbrin sahibi türkdilli sak olmuşdur." (İsmayıl, 1955, s. 14).

İssık kurqanından tapılmış yazı ilə bağlı Murad Aci yazır:



"Arxeoloq K.A.Akişevin tədqiqatarı xüsusi maraq doğu­rur, o," iskit məsələsi" mövzusunda son nöqtəni qoymuşdur. Alim Yeddisudakı (Qazaxıstan)İssık kurqanından üzərində run əlifbası ilə dəqiq türkcə yazı olan qab tapmışdır. Tapıntının, eynən kurqanın özü kimi, 2500 il yaşı var. Beləcə, bu yazı iskit və sakların ilk yazılı abidəsi oldu, bu abidə onların dili barədə məlumat verməkdədir." (Аджи, 1998, c. 114).

İssık yazısının hərflərinin Orxon-Yenisey əlifbasının daha qədim və xüsusi bir variantı olduğunu və onlar arasındakı gene­tik bağlılığı inandırıcı şəkildə açıb göstərən Elməddin Əlibəy­zadə (Əlibəyzadə, 1998, s. qeyd 2) mövzu ilə bağlı deyir:



"İssık yazısı nəsr dili nümunəsidir. Öz yığcamlığı ilə diq­qəti cəlb edir. İkicə cümlədə hər şey aydın olur. Bu dil, təx­minən 2500-3000 il bundan əvvəl danışdığımız ümumtürk dili və onun yazıda ifadəsidir" (Əlibəyzadə, 1982, s. 290).

Tanınmış qazax alimi A.Amonjolov isə bildirir:



"Alma-Ata yaxınlığında sak qəbrindən tapılmış runa­bən­zər yazı, nəticə etibarilə, Yeddisu köçərilərinin danışdıqları qədim türk dilidir" (Амонжолов, 1971, с. 66).

İssık kurqandan tapılan və Orxon-Yenisey yazılarından da­ha qədim olan yazının əlifbası, yuxarıda qeyd edildiyi kimi, türk-run əlifbasının variantlarından biridir və İssık yazısı həmin əlfba ilə yazılmış yeganə epiqrafik abidə deyildir. Mu-rad Aci­nin yazdığına görə, Termez yaxınlığındakı Kara-Təpədə aparılan arxeoloji tədqiqatlar zamanı II-IV əsrlərə aid qədim bir buddist məbədi tapılmışdır. Həmin məbəddən tapılan qabların üzərində də eyni əlifba ilə qələmə alınmış yazılar aşkarlanmışdır. Eyni yazı növünə Əfqanıstan ərazisində fransız geoloqları da rastla­mışlar (Аджи, 1998, .115).

Murad Acinin söylədiklərini İ.Dyakonov da (Фридрих, 1979, c. 224), B.Livşits də (Лившиц. 1976, c. 165-166, прим. 14; История Казахской ССР, 1977, с. 220) təsdiqləmək­də­dirlər. Fəqət bütün əsərlərində iskit və sakları irandilli kimi təqdim etməyə çalışan bu alimlər fakt qarşısında qaldıqlarından, yazıların dilinin türk dili olduğuna göz yummuş və onu sadəcə "İssık yazısı" adlandırmışlar. Məsələn İ.Dyakonov yazır:

"Lap bu yaxın zamanlarda Orta Asiyada və Əfqanıstanda ilk tapıldığı yerin – Alma-Atadan 50 km aralıdan tapılmış kur­qanın (Qazaxıstan; kurqanın e.ə.VI-V əsrlərdən gec olmayan dövrə aid edilir) adı ilə şərti olaraq "İssık" adlandırılan heca və ya hərf yazısı tapılmışdır. Eyni yazıya Mərkəzi Əfqanıstan­dan tapılan e.ə. l əsrə aid trilinqvada da, kxaroştxi əlifbası ilə hind-prakrite dialektində və yunan əlifbasının bir növü ilə bak­triya dilində qələmə alınmış yazılarla birlikdə rastlan­mış­dır. Eləcə də Cənubi Özbəkistan, Cənubi Tacikistan və Şimali Əfqanıstandan tapılan və I-VI əsrlərə aid edilən (?) qab qırıqları üzərində də eyni yazı nümunələri ilə rastlaşırıq. Bu yazının yaranma yeri, ehtimal ki, sovet Özbəkistanı və Tacikistanının cənub-şərq his­səsi və Əfqanıstan olmuş və çox güman ki, oradan köçəri saklar tərəfindən gətirilmişdir" (Фридрих, 1979, c. 224).

Bir sözlə, İ.Dyakonov təkzibedilməz fakt qarşısında qalma­sına baxmayaraq, həmin yazının guya sakların kənardan əxz et­diklərini, yəni onların öz kəşfi olmadığını söyləyir, fəqət nə­dən hə­min yazının ən qədim nümunəsinə məhz saklara aid kur­qanda rast gəlindiyini izah etmir. Və bu onun yeganə ziddiyyətli fikri de­yil. O bir yandan yazır ki, həmin yazı təqribən 1000 il işlən­mişdir, bir qədər sonra isə onun guya birdəfəlik istifadə üçün kəşf edildiyini iddia edir. Daha sonra isə "İssık" yazısının başqa yazı növləri ilə, o cümlədən kxroştxi və brahmi əlifbaları ilə əlaqəsinin olmadığını söyləyir, o biri yandan isə onun qədim hind yazıları kxroştxi və ya brahmidən törəmiş ola biləcəyini iddia edir və dolayısı ilə həmin əlifbalar arasında müəyyən oxşarlığın olduğunu etiraf edir (Фридрих, 1979, c. 224), amma nədən "İssık" yazısını həmin yazılardan daha qədim dövrə aid olduğunu izah etmir.

Sakların Asiyanın ən uzaq nöqtələinə qədər gedib çıxdıqları barədə məlumata Pomponiy Melada (I əsr) rast gəlirik:

"Asiya şərqə doğru geniş sahil boyu uzanır. Onun şərqinə qədər olan məsafə Afrikanın ən cənub nöqtəsindən Avropanın ən şimal nöqtəsinə qədər olan və üstəgəl Ağ dənizin eninə bərabər məsafə qədər böyükdür...

Burada şərqdən başlayaraq ilk insanlar, görəcəyimiz kimi, hindlilər, serlər və iskitlərdir. Serlər Eoy dənizinin şərq sahil­lərinin tam ortasında, hindlilər və iskitlər isə onların ətrafında yaşayırlar. Sonunci iki xalq cöx geniş ərazilərdə yaşayırlarlar və onların əraziləri təkcə Eoy dənizinin sahilləri ilə yuyulmur. Hindlilərin ərazisi oradan cənuba, istidən yaşamağın mümkün olmadığı yerlərə və Hind dənizinə qədər uzanır. İskitlərin tor­paqları isə şimala İskit dənizinə qədər uzanır və soyuqdan ya­şamağın mümkün olmadığı ərazilərdən başqa Xəzər sahillə­ri­nədək əraziləri əhatə edir...

Buradan (yerin şimal sahillərindən yol Eoy dənizinə, yəni yerin şərqinə tərəf dönür. Bu yol İskit burnundan Kolida burnuna qədərdir. Amma ora öncə dözülməz soyuqlara, sonra isə oralarda yaşayanlarıın vəhşiliyi üzündən keçilməzdir. Daha sonra iskitlər: androfaqlar və saklar yaşayır. Onları vəhşi hey­vanların yaşadığı ərazi ayırır və həmin ərazdə elə bu səbəbdən də yaşayış yoxdur" (Pomponil Melae, 1953, c. 176-237).

Bu sitatdan belə anlaşılır ki, Pomponiy Melanın təsvir et­diyi İskit dənizi Şimal Buzlu Okean, Eoy dənizi Sakit okean, Hind dənizi isə Hind okeanıdır. Müəllifin coğrafi bilikləri ger­çək­dən də heyrətamizdir. Onun haqqında söz açdığı saklar isə belə məlum olur ki, bugünkü türkdilli saxa-yakutlar, onların ya­şadıqları ərazi isə bugünkü Saxa-Yakutiya Respublikasının əra­zisidir. Melanın yanlış olaraq, iskitlərə aid etdiyi, "androfaqlar" (adam yeyənlər) adlandırdığı, yəni hannibal olduqlarını bildir­diyi xalq isə, görünür, tunqusmancurdilli evenklərdir. Evenklər hazırda Evenkiya Res­publikasında yaşayırlar və Xəzərin şimal sahillərindən yola çıxıb, Saxa-Yakutiyaya getmək istəyən şəxs mütləq Evenkiyadan keç­məlidir. Evenklərin qədim dövrlərdə tanrılara insan qurban verdikləri məlumdur. Görünür, müəllif bunu nəzərdə tutmuşdur.

Deməli, saklar artıq ən azı Pomponiy Melanın yaşadığı dövr­də, yəni eramızın l əsrində hazırki Saxa-Yakutiya ərazisndə məs­kun idilər və bu əraziyə Ön Asiya və Qafqazdan, daha dəqiq de­sək, Azərbaycandan kütləvi köç etdikdən sonra qismən yerli xalq­larla qarışaraq, bugünkü saxa-yakut xalqını meydana gətir­mişlər. Sözügedən xalqın etnogenezinin bu məqamına aydınlıq gətirmək baxımından Sibirdə yaşayan müxtəlif xalqların, o cümlədən saxa-yakutların müştərək abidəsi hesab edilən “Hosun rəvayətləri”nin böyük önəm daşıdığı hesab edilir. Fəqət toplanmış materialın pərakəndəliyi və yetərsizliyi bu işi bir qədər çətinləşdirir.

Bəri başdan qeyd edək ki, saxa-yakut mif, əfsanə və rəva­yət­lərinin müəyyən bir hissəsi hosunlar, yəni nəhəng ovçular ba­rədəki epik dastanlar və bu dastanlara yaxınlığı ilə seçilən şə­cərə rəvayətləri təşkil edir. İ.S.Qureviçin fikrincə, sözügedən folklor nümunələri Lena və Yenisey çayları hövzələrinin ən qədim əha­lisinin etnik mənsubiyyətini öyrənmək baxımından böyük önəm daşıyır (Гуревич, 1977, с. 86). Alim özünün “Maralçılıqla məş­ğul olan şimal yakutlarının qəhrəmanlıq dastanları və Yenisey-Lena arası əhalinin etnik mənsubiyyəti məsələsi” adlı məqalə­sin­də bildirir ki, hosun dastanlarının müqayisəli təhlili təkcə bu folklor nümunələrinin yayılma arealını müəyyən etməyə deyil, eyni zamanda həm də onlarda əks olunmuş bəzi gerçək tarixi ha­disələri üzə çıxarmağa, eləcə də həmin əfsanə və rəvayətlərin ya­ranma tarixini müəyyən etməyə imkan verir (Гуревич, 1977, с. 86).

Məlumat üçün bildirək ki, hosunlarla bağlı dastan və rəva­yətlər ilk dəfə 1905-ci ildə, Turuxan vilayətində V.N.Vasilyev tərəfindən qeydə alınmış və yazıya köçürülmüşdür (Василев, 1908, 1909). Daha sonra bu iş daha geniş həcmdə Q.V.Ksene­fontov tərəfindən davam etdirilmişdir. Sonuncu onları nəşr də etdirmişdir (Ксенефонтов, 1937, с. 490-556). Bunlardan başqa soylar və boylar arası müharibələr barədə bəzi rəvayət və əfsa­nələr də qələmə alınmışdır ki, bu sahədə A.P.Okladnikovun əmə­yi xüsusi qiymətləndirilməlidir (Окладников. 1940, с. 73-109). A.P.Okladnikovla yanaşı B.O.Dolqix, A.A.Savin, E.D.Xris­to­forov və Q.U.Erqisin də əməyi hər cür təqdirə layiqdir (Исто­рические предания и рассказы якутов, 1960, с 195-111).


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə