|
ВәҺҺабијЈӘтин сијаси тарихи тарихиVƏHHABİ FİRQƏSİNİN YARANMASI
|
səhifə | 13/42 | tarix | 15.03.2018 | ölçüsü | 5,57 Mb. | | #32240 |
| VƏHHABİ FİRQƏSİNİN YARANMASI ümumi nəzər
Vəhhabilik zahirpərəst, təxribatçı və fitnə-fəsad törədən bir məzhəbdir ki, yarandığı vaxtdan etibarən həmişə İslam aləmində acınacaqlı vəziyyətlər yaratmışdır. Bunun da dünya müsəlmanları və zəif təbəqələri arasında təfriqə salmaqdan, tövhidçilərin cərgələrini pozmaqdan, küfr və dinsizliyi gücləndirməkdən başqa bir səmərəsi olmamışdır.
Vəhhabilər iddia edirlər ki, onlar hər növ bütpərəstliyi və şirki aradan qaldırmaq fikrindədirlər. Buna görə də peyğəmbərlər və övliyalara təvəssül etməyi, ehtiyaclarını onlardan diləməyi, ilahi peyğəmbərlərin, salehlərin, pak insanların və zahidlərin qəbrini ziyarət etməyi qadağan və qeyri-qanuni bir iş hesab edirlər. Amma sözün əvvəlində aşkar şəkildə bəyan edirik ki, vəhhabilərin küfr və şirk ilə mübarizə aparmaq iddaları həqiqətdə günahsız müsəlmanları qətlə yetirmək, onlar arasında təxribat yaradıb fitnə-fəsad və virançılıq törətməklə nəticələnmişdir. İş o yerə çatmışdır ki, hətta demək olar ki, bu məslək özünün zahirpərəstlik, kobudluq, təxribatçılıq və təfriqə salmaq kimi təlimləri ilə əməli olaraq İslamın barışmaz və qatı düşmənləri olan istismarçıların əlində bir vasitəyə çevrilmişlər. İstismarçı qüvvələr öz məkrli siyasətlərində müsəlmanların vəhdətini pozmaq üçün onlardan istifadə edirlər.
Müsəlmanlarla düşmənçilik etmək, öz din qardaşlarını müşrik və kafir adlandırmaq, onları döymək, lənətləmək, söyüşə, nalayiq sözlərə və əzab-əziyyətə məruz qoymaq və s. kimi yaramaz işlər vəhhabilikdən çox çirkin və qorxulu bir çöhrə yaratmış, onları təxribatçı bir firqə şəklinə salmışdır (onların əməli şüarları təxribatçılıq, dağıntı, təfriqə salmaq və qəsavətlilikdir). “Şirk və bütpərəstliklə mübarizə” adı altında Allaha pərəstiş edən və dinə inanan sadə camaatı kütləvi şəkildə qırmaq, “tövhid şüarlarını dirçəltmək və şirklə mübarizə aparmaq” adı ilə böyük dini şəxsiyyətlərin və pak insanların qəbirlərini dağıtmaq vəhhabilərin ən adi işlərindəndir.
Həqiqətdə bu gün vəhhabilər düşmən dəyirmanına su tökür və istismarçıların mənfur niyyətlərinin icrası yolunda var-qüvvələri ilə çalışırlar. Onların İslam cəmiyyəti arasında nifaq yaradıb təfriqə salmaq, dünya istismarçı qüvvələrinə kömək etmək və küfrün müştərək cəhbəsini gücləndirməkdən başqa bir məqsədləri yoxdur. Bəli, Həzrət Əlinin (ə) təbiri ilə desək, onlar İslam paltarın tərsinə geymiş və əsl İslam məramlarından heç nə başa düşməmişlər. Əgər belə olmasaydı, onda necə mümkün ola bilər ki, bir insan kafirlərin və dinsizlərin qucağında olub tövhiddən dəm vursun və tövhidin məhv olunmasına çalışan zalımlarla, peşəkar cinayətkarlarla sülh və dostluq bərqərar etsin?! Necə mümkün ola bilər ki, bir kəs müsəlmanların əleyhinə fəaliyyət göstərsin və bununla belə, yenə də tövhid (ibadətdə tövhid) iddiaları etsin?!
Burada vəhhabiliyin necə yaranmasını araşdırıb onu təhlil etməyə çalışacağıq.
VƏHHABİLİYİN BANİSİ MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHAB
İslamın zühurundan keçən 1400 illik müddət ərzində insanlar bir çox şəxslər tərəfindən acınacaqlı hadisələrin şahidi olmuşlar. İslam tarixinin acı hadisələrinin əksəriyyətinin mənşəyi nəfsani istəklər, cah-cəlal axtarmaq, imanın süstlüyü və s. kimi şeylər olub İslam cəmiyyətinin öz içindən meydana gəlmişdir. Lakin istismarçıların və dünya hegemonluğuna can atanların gizli əlləri də orada müşahidə olunur. (Biz bu barədə sonrakı fəsildə ətraflı şəkildə araşdırma aparacağıq.) Müsəlman cəmiyyətləri tarixində ən təxtibatçı ünsürün bariz nümunəsi vəhhabi firqəsinin təsisçisi və banisi Məhəmməd ibn Əbdül-Vəhhabdır.
Cənab Fəqihinin bəyan etdiyi kimi: “Vəhhabi məzhəbi hənbəli məzhəbindən yaranmışdır. Vəhhabilərin bütün rəhbərləri də ümumi şəkildə ilk əvvəldən Peyğəmbərin (s) qəbrini ziyarət, ona təvəssül etməyi və ondan kömək istəməyi qadağan edən hənbəli alimlərindən olmuşlar. Əbu Məhəmməd Bərbəhari, İbn Bəttə, İbn Teymiyyə və onun şagirdlərindən olan İbn Qəyyim, Məhəmməd ibn Əbdül-Vəhhab hamılıqla hənbəli alimlərindən hesab olunur. Buna görə də vəhhabilər ilk əvvəldən də, hal-hazırda da özlərini Əhməd ibn Hənbəlin ardıcılları hesab edirlər.”1
Həqiqətdə İbn Teymiyyənin ölümündən sonra sələfiçilik dəvətinin və Əhməd ibn Hənbəlin əqidəvi məktəbinin unudulmasına baxmayaraq2, onun düşüncələri Məhəmməd ibn Əbdül-Vəhhabın Nəcddə zahir olduğu günə qədər kitablarda və kitabxanaların guşələrində qalmışdı. Məhəmməd ibn Əbdül-Vəhhab “onun (İbn Teymiyyənin) unudulmuş və “dəfn olunmuş” əsərlərini bir daha üzə çıxarır, onun yazılarını və sözlərini camaat üçün aldadıcı bir səviyyədə irəli çəkirdi.”3
O, özünün etirazçı, təəssübkeş və “sünnətə meyl etmə” adlı əməlləri ilə müsəlmanların əməl və əqidələri, xüsusilə imamların və peyğəmbərlərin qəbirlərinin ziyarət olunması ilə şiddətlə müxalifətçilik edir, o əməlləri “şirk” və “bidət” adlandırırdı. Halbuki, “bidət dini təlim və göstərişlərin hissəsi olmayan bir şeyi dinə daxil etməyə deyilir” və həqiqətdə müsəlman alimlərinin və rəhbərlərinin hamısı bidəti haram hesab etmişdir. Belə ki, bir hədisdə belə qeyd olunur:
“Kullu bidətin zəlalətun və kullu zəlalətin finnar” (Hər bidət azğınlıq və hər azğınlıq cəhənnəm odunda olacaqdır.”)
Biz elə bu bölmədə (Məhəmməd ibn Əbdül-Vəhhabın fəaliyyət üslubu və seçdiyi yol bölməsində) vəhhabilərin bidət adlandırdığı və elə buna görə də onu yerinə yetirənlərin əməl və hərəkətlərini şirk və küfr, özlərini isə müşrik və kafir hesab etdikləri əməl və rəftarları bəyan edəcəyik. Amma hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, bidətin mənşəyi aydınlaşdırılmalıdır. Seyyid Möhsün Əminin təbiri ilə desək «Bidətin mənşəyi ya bu ola bilər ki, bir məsələnin necəliyində xəta üz vermiş olsun. Yəni hər hansı bir şəri məsələ filan mövzuya aid olub-olmaya bilər. Yaxud da bidət qoyan şəxsə təqlid olunur və camaat onun barəsində xoş gümanda olub onun işini sünnə hesab edir. Beləliklə də sünnə bidətlə qarışıq düşür. Sünnənin bidətə qarışmasının üçüncü bir amili də budur ki, bəziləri hər bir mövzu və məsələ barəsində şəriət tərəfindən aşkar və xüsusi bir bəyan verilməli olduğunu güman etmişlər. Bu sözü deyənlər bunu nəzərə almamışlar ki, barəsində xüsusi bəyan gəlib çatmayan həmin məsələ şəriət sahibinin ya mütləq, ya ümumi, yaxud da külli bəyanlarının içərisində mövcud ola bilər. Buna görə də biz hər hansı bir əməli o vaxt bidət hesab edirik ki, o əməl din təlimlərinin bir hissəsi olmadığı halda dini məqsədlə yerinə yetirilir. Vəhhabilər deyirlər ki, zikr demək və rəhmət göndərmək ona görə bidətdir ki, Peyğəmbərin (s) dövründə belə bir şey olmamışdır! (Bu da bir növ bidətdir.) Biz isə deyirik ki, bu əməlin şəri qanun olmasında təkcə bunu qeyd etmək kifayətdir ki, Allahı zikr etməyin, Peyğəmbərə (s) salavat göndərməyin, dua etməyin və sair kimi şeylərin şəriətdə üstün və bəyənilən bir əməl olmasını nəzərə alsaq, bu halda hər bir yerdə, hər bir zamanda şəri qayda olmadığını dedikdə bidət hesab olunmayacaqdır. Vəhhabilərin bidət saydıqları çox şeylər də buna misal ola bilər.”1 Sair müsəlmanların (vəhhabilərdən başqa) arasında mövcud olan və vəhhabilərin nəzərində bidət sayılan əməllər sonradan bəyan olunacaqdır.
Şübhəsiz, Məhəmməd ibn Əbdül-Vəhhab, İbn Hənbəlin, xüsusilə İbn Teymiyyənin, İbn Qəyyimin və İbn Əbdül-Hadinin rəy və fikirlərini araşdırıb mütaliə etməklə onlardan təsirlənmiş, İslama zidd olan vəhhabi firqəsinin əsasını Ərəbistanın Nəcd əyalətində qoymuşdur. (Adları qeyd olunanlar vəhhabiliyin ideoloji rəhbərləri hesab olunur). Sonralar bu əqidə tədricən bütün Ərəbistan yarımadasını əhatə etdi.
Burada “vəhhabi” məzhəbinin nə üçün belə adlandırıldığı və Məhəmməd ibn Əbdül-Vəhhabın qondarma firqəsinə belə ad qoyulduğu bəyan edilməlidir. “Vəhhabilər” kitabının müəllifi bu barədə yazır: “Vəhhabi kəlməsi vəhhabi firqəsinin banisinin atasına, yəni Əbdül-Vəhhaba mənsub edilir, lakin vəhhabilərin özləri bu mənsubiyyəti düzgün hesab etmirlər. Seyyid Mahmud Şukri Alusi (o, vəhhabi məzhəbinin tərəfdarlarındandır) deyir ki, “vəhhabi mənsubiyyəti”ni vəhhabi düşmənləri onlara aid etmişlər! Bu mənsubiyyət düzgün deyil. Onun rəhbərinin adı olan Məhəmmədə mənsub edilməli və Məhəmmədiyyə adlandırılmalıdır... Misirin məşhur yazıçısı Əhməd Əmin bu barədə deyir: “Məhəmməd ibn Əbdül-Vəhhab və onun ardıcılları özlərini “müvəhhid” (tövhidçi) adlandırır və “vəhhabi” adını da düşmənləri onlara vermişlər. Sonralar bu ad dillərə düşmüşdür... Vəhhabilərin özləri vəhhabi məzhəbini təzə bir məzhəb hesab etmir, əksinə deyirlər ki, bu məzhəb saleh sələflərin məzhəbidir. Buna görə də özlərini sələfilər adlandırırlar... Bunun səbəbi də budur ki, özlərinin əməl, rəftar və etiqadlarında saleh sələflərin, yəni Peyğəmbəri-Əkrəmin (s), səhabələrin və tabeinin ardıcılları olduğunu deyirlər.”1
Cənab Ramazan Əl-Buti sələfiyyə və onun yaranması barəsində belə deyir: “Sələfilik təqribən son əsrlərdə yaranmış yeni bir cərəyandır ki, müsəlmançılıq iddiasını yalnız özlərinə aid olduğunu deyir və özlərindən başqa hamını kafir hesab edirlər. Onlar özləri özlərinə bu adı verərək saleh sələflərə mənsubiyyət paltarını geyir, məzhəbsizlik fəzasında vəhdət iddiası edirlər! Halbuki, vəhdətin əsasları ilə müxalifdirlər. Sələfiyyət, yəni vəhhabiyyətin zəminəsi olan şəxslər iddia edirlər ki, heç bir məzhəb mövcud deyildir və sələflərin, yəni səhabələrin, tabeinlərin və tabeinlərin tabeinlərinin dövrünə qayıtmaq lazımdır. Məzhəblərin əldə etdiyi bütün sərmayələri, yəni müxtəlif firqə alimlərinin uzun əsrlər boyu göstərdiyi yorulmaz səylərin nəticəsini, İslamın müxtəlif sahələrdə olan mədəniyyət xəzinələrini, İslami fiqh vasitəsilə yığıb topladıqları və hər bir əsrin ehtiyaclarına cavab verdikləri məsələləri kənara qoymaq lazımdır. Bununla da onlar məzhəbsiz bir İslamı seçmək istəyirlər. Sələfilər hamını dəvət edərək bir tərəfdən “Gəlin bütün məzhəbləri bir kənara qoyaq, vəhdətə doğru gedək” deyirlər. Digər tərəfdən isə, camaatı kafir adlandırmaqla qılınclarını siyirərək başqalarını İslam cəmiyyətindən çıxarmaq və onları kafirlər dəstəsinə qoşmaqla iddia edirlər ki, İslam cəmiyyətini vəhdət halına salırıq... Bu kimi “məzhəbsizliyə doğru dəvət” pərdəsi altında öz növbəsində bir məzhəb gizlənmişdir. Hətta bu dəvətin özü də bir növ məzhəbdir. Bu da donuşluğun əlində giriftar olan İslamı hərəkətsiz, ruhsuz, naqis, bacarıqsız, cazibəsiz təsvir edən dardüşüncəli bir nəzər olub, kobudluq və təəssüb ruhunu dirçəltməklə yanaşı camaatın bir-birinə yaxınlaşması üçün mövcud olan hər bir yolu bağlayır və onun əvəzində çarpışmalar və bədbinliklər fəzası yaradır, hamını qılıncla müharibə etməyə çağırır.”1
Bir sözlə, vəhhabilik təxribatçı və dağıdıcı bir firqədir, onların şüarları təxribat, məhv etmə, qəsavət və vəhşilikdən ibarətdir. Onlar öz ixtiyarlarında olan hər bir şeyi Allahın yeganəliyinə, Peyğəmbərin (s) risalətinə şahadət verən, namaz qılan, Allah evinin ziyarətinə gedən müsəlmanlarla müharibədə edirlər.
Dostları ilə paylaş: |
|
|