BAĞIŞLAYIN BİZİ YURD YERLƏRİ
Bu toyun ortasında, çal-çağırın içində dəli bir hönkürtüylə, boz bayatı deyib ağlamaq
keçir könlümdən. Boylu-buxunlu, geyimli-kecimli cavanların, lüt-üryan müğənni qızın köntöy
səsi ilə bağıra-bağıra dediyi “Qarabağ da bizimdir” – sözlərinə atılıb düşmələrinə baxa-baxa için-
için ağlayıram. Qəlbə axan göz yaşı sifətə axan göz yaşından daha acı, daha göynərtili imiş.
İllərdən bəri doğma nəfəsə, doğma hənirə həsrət yurd yerlərinin adı müğənninin şit dodaqlarında
çeynəndikcə ürəyim tıncıxırdı. Toydan yarımçıq çıxdım, amma bu səs qulaqlarımda gur-gur
guruldayırdı:
“Qubadlı da bizimdir,
Zəngilan da bizimdir,
Ağdam da bizimdir...”
Bağışlayın bizi yurd yerləri. Bu boyda dərdi oxuyuruq, oynayırıq, bağışlayın.
“Qarabağ bizimdir” deyirik amma
İllərdir o yurda dönə bilmirik.
Gəl indi bu dərdə odlanıb yanma,
Vallah, elə yannıq sönə bilmirik.
Qəlbində Qarabağ atəşi olan,
Qardaşlar, bacılar gəlin birləşək.
Dildə deyilənlər olmasın yalan,
Bu odda bir yanaq, birlikdə bişək.
Tonqaltək çatılsın ürəklərimiz,
Məşəli nur saçsın yollarımıza.
Bir güclə vuruşsun biləklərimiz,
Bir yerdə qayıdaq yurdlarımıza.
ŞƏHİDLƏR XİYABANI
Hər dəfə yanından ötəndə, adını çəkəndə düşünürəm ki, necə dözürsən bu dağdan ağır
dərdə. Nələrə şahidsən, nələrə şəriksən, Şəhidlər Xiyabanı. Tumurcuq balaların, qönçə
cavanların narahat ruhlarına, yaralı canlarına həmdəm olmaq asandırmı?
İllərdir “nakam balam, körpə quzum” deyib inləyən, fəryad qoparan anaların ah-
naləsindən sinən dağlanmadımı?
Soyuq məzar daşlarını yanan sinəsinə sıxan, qarayaylıqlı, qara bəxtli gəlinlərin ürək
dağlayan, qəlb yandıran qəmli baxışlarından od tutub yanmadınmı?
-- Ana, atamı da aparaq,-- deyə inadla analarının ətəyindən dartan, qəbirləri qucaqlayan
körpələrin sızıltısından bağrın yarılmadımı?
Xəlvətcə, dörd yanına boylana-boylana gələn, qoynundan bircə qərənfil çıxarıb qəbir
üstünə qoyan və bu gülü göz yaşları ilə sulayan nakam gözəllərin naləsindən köksün
parçalanmadımı?
Arxa, kömək saydıqları oğul itkisindən ömrün qürub çağında qəddi əyilmiş, beli
bükülmüş ataların dərdi çiyinlərini əymirmi?
Bütün dərdlərdən ağır sənin dərdindir, bütün ağrılardan acı sənin ağrındır, Şəhidlər
Xiyabanı. Ən böyük qəhrəman elə sən özünsən, Şəhidlər Xiyabanı.
ANA ADI
Diri-diri dərisi soyulan, ancaq iradəsindən dönməyən Nəsimilər, bir dəli nərəsiylə
xanları, bəyləri tir-tir əsdirən Koroğlular, öz ağlı, kamalı ilə dünya fatehliyi iddiasında olan
hökmdara qalib gələn Nüşabələr hardadır, doğma yurdum? Ey odlar yurdumun bu günkü tarixini
yazan od övladları, üzümü sizə tuturam. Əsrlərdən bəri qəhrəmanlıq, saflıq, qeyrət, dəyanət
mücəssəməsi olan xalqımızın tarixinə xələl gəlməyə yol verməyin! Bir xain əlinə əsaə verməyin
ki, haqqımızda biri beş eləyib ləkəli səhifələr yazsın. Xalqıma şir ürəkli, pəhləvan biləkli oğullar,
ismətli, kişi qeyrətli qızlar verən, analar! Körpələrinizə ana südü ilə bərabər, Azərbaycan sözünü
damla-damla içirin, hopdurun qanına Azərbaycan dilinin şirinliyini. Öz laylalarınızda Koroğlu
hünərini, Babək dəyanətini, Həcər qeyrətini aşılayın balalarınıza. Əgər yurdumuzun övladları öz
köklərinə bağlı olsalar, ellərini sevsələr, dilini bilsələr və əzizləsələr, onda basılmaz olar
Azərbaycanım! Sevdiyin bir şeyi heç kəs səndən ala bilməz, sevmədiyin şeyi özün də verərsən.
Mən üç körpə oğul anası kimi and içirəm! Balalarımın sinəsində Azərbaycan adlı elə bir ocaq
qalayacağam ki, odu-atəşi ilə tariximizin gələcək səhifələrini işıqlandırsın! Axı, yurdumun
gələcəyi indiki körpələrimizdən asılıdır.
O GECƏ
Dünyanın axırıydı o gecə. Yerlə göy qovuşmuşdu elə bil. Evlərdən kişilər getmişdi.
Bakımın küçələrində tunc qanadlı, polad sinəli şahinlərim alınmaz qalaya çevrilmişdi. Qadınlar
eyvanlardan, pəncərələrdən qaranlıq, dəhşətli gecəyə boylanırdı. Səhərəcən qayıtmadı kişilər,
səhərəcən dincəlmədi, sızıldadı qadınlar. Güllə səslərindən, tank gurultusundan yatmadı şəhər o
gecə. Dərddən beli əyildi, rəngi bozardı, külə döndü Bakımın o gecə. Güllə səsləri diddi,
parçaladı ərlərini, oğullarını gözləyən qadınların sinəsini.
Dəhşətli, əzablı faciələr doğulurdu o gecə. O gecəni yaşayanların saçları ağardı bircə
anda. Nalə, fəryad göyləri dəlib, diddi o gecə. “Ana”, “ana” deyən dodaqların harayı gecəni
dəhşətli qaranlığında əriyirdi, çatmırdı analara. Hardasa bir ana yatağına qor dolmuşdu, hardasa
bir ana əli qoynunda, boynu çiynində, ürəyi səksəkədə küçə qapısında bitmişdi sərv kimi. İlk
günlərə açılanda, şahinlərim vurulanda, hardasa, hardasa bütün analar diksindi, ürəkləri alışdı o
gecə. Görəsən bu qanı kim yuyacaq, dağlanmış sinələrə kim məlhəm qoyacaq, günahsız
körpələri kim ovudacaq, ilahi?
Dostları ilə paylaş: |