181
xan, digər Azərbaycan xanları və Ərzurum valisi Bayazid hakimi ilə birləşib
düşmənin hücumuna qarşı hazır olduqları barədə Osmanlı sarayına yenidən rəsmi
məlumat göndərdilər [20, 32; 125, 57].
Bu müraciətlərin qarşılığı olaraq 1784-cü ilin payızında Cənubi Qafqaza
İstanbuldan çoxsaylı (60 nəfər) nümayəndə heyəti göndərildi. Onlar Azərbaycan
xanlarına və Dağıstan hakimlərinə qiymətli hədiyyələrlə yanaşı Sultan
Əbdülhəmidin fərmanını da gətirmişdilər. Fərmanda sultan bütün Cənubi Qafqaz
müsəlmanlarını Rusiya təcavüzü qarşısında birləşməyə və müqəddəs müharibəyə
hazır olmağa çağırırdı [81, siy.1/194, sənəd 350, h.II, v.4; bax: 115, 75].
Cənubi Qafqazda Rusiyanın və onun əlaltısı olan gürcü çarının açıq
müdaxilə siyasətinə başlaması Osmanlı dövlətini daha konkret addımlar atmağa
sövq etdi. Rusiyadakı ermənilərin dini başçısı H.Arqutyan 1785-ci il fevralın 25-də
Stepan Saakova göndərdiyi məktubunda Qarabağ və Xoy xanlarının Axalsıx paşası
vasitəsilə sultandan hədiyyə və məktub aldıqları barədə xəbər verdi. Sultanın
məktubunda yazılırdı: "..sizə birləşməyi və İrəvanın düşmən əlində qalmaması
üçün onu ələ keçirməyə cəhd etməyi təklif edirəm, bunun üçün istədiyiniz qədər
qüvvə və pul ala bilərsiniz" [bax: 214, 115].
Azərbaycan xanlıqları ilə Osmanlı dövləti arasında siyasi əlaqələrin
güclənməsi ermənilərin təşvişinə səbəb oldu. Çünki bu, Azərbaycanın tarixi
torpaqları hesabına ermənilərə "dövlət yaradılması" planının baş tulmasına ciddi
əngəl törədə bilərdi. Erməni müəllifi A.İoannisyanın yazdığına görə,
İ.Arqutinskinin Axalsıxdan gəlmiş qardaşı oğlu xəbər verirdi ki, osmanlılar məktub
və pul göndərərək Azərbaycan xanlarını rus qoşunlarına müqavimət göstərməyə,
habelə Gürcüstan əleyhinə çıxmağa çağırmışdı. Eyni zamanda osmanlılar Qarabağ
və Xoy xanına məsləhət görmüşlər ki, ruslara İrəvan şəhərini almağa imkan
verməsinlər [159, 134-135].
İrəvan xanlığına birbaşa təcavüz etməkdən əli çıxan II İrakli digər
vasitələrə əl alır. O, 1785-ci ilin payızında Gürcüstana yürüş edən Azərbaycanın
Car-Balakən hakimi Ömər xanın
*
qoşunlarını İrəvan istiqamətinə göndərməyə
çalışsa da, bu, mümkün olmur [214,135].
Ömər xanın yürüşündən bir qədər keçdikdən sonra İrəvan xanlığının
alınması üçün yeni planlar hazırlanır. 1787-ci il mayın əvvəlində II İrakli
P.Potyomkini xəbərdar edir ki, Xoy xanı, Car-Balakən hakimi Ömər xan və
Qarabağ xanı İbrahimxəlil xanla birlikdə İrəvanı almaq qərarına gəlmişlər [78,v.
469; bax: 159,182].
Bütün bu tədbirlər Osmanlı dövləti tərəfindən sakit qarşılanmadı. 1787-ci
ilin iyununda Xoyda yenicə hakimiyyətə gəlmiş Hüseynqulu xana göndərilən
sultan fərmanında deyilirdi: "Tiflis valisi rusları Azərbaycanı və bizim torpaqları
*
Car-Balakən hakimi və ya Avar xanı Ömər xanın adı rusdilli sənədlərdə "Omar xan" yazıldığı halda
[bax: 24. f. VUA 482. op.144, d. 41481; op. 148, d. 41929] Azərbaycan dilinə tərcümədə səhv olaraq
Ümmə xan kimi verilir.
182
qarət etmək üçün dəvət etmişdir. ...Biz heç zaman İrəvanın qarət olunması və
dağıdılması ilə razılaşa bilmərik. Odur ki, ehtiyac olarsa, Bayazid, Van və Muşun
rəislərinə sizə qoşun göndərməyi əmr etmişik. Əgər Tiflis valisi sərhədi keçmək
fikrinə düşsə, o zaman sizə Ərzurum paşası Mustafa kömək edəcəkdir" [79, iş
4252,v.l26].
Osmanlıların hərbi fəallığının artmasından xəbər tutan Qafqazdakı rus
qoşunlarının komandanı general P.S.Potyomkin türklərin İrəvan istiqamətində
hücum edəcəkləri halda necə hərəkət etməli olduğu barədə mərkəzə sorğu göndərdi
[79, iş 4252, v. 126].
Polkovnik S.Burnaşev 1787-ci il 8 iyul tarixli məktubunda general
P.S.Potyomkinə bildirirdi ki, onun məlumatlarına görə, Osmanlı sultanı
Azərbaycan xanlarını həmişə müdafiə edəcək, İrəvan şəhəri Azərbaycana məxsus
olduğundan onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı olmayacaqdır.
Bundan əlavə, sultan Ərzurum paşasına və digər həmsərhəd paşalara nəyin
bahasına olursa-olsun rus qoşunlarının qarşısına çıxmağı əmr etmişdir. Regionda
siyasi durumun gərginləşməsi ilə əlaqədar Ömər xan, qarabağlı İbrahimxəlil xan və
digər Azərbaycan xanları İrəvanı qəti surətdə gürcülərin təzyiqlərindən xilas etmək
üçün birləşmişlər [81, siy. 1/194, sənəd 416, h.I, v.354; 115,77-78].
1787-1791-ci illər Rusiya - Osmanlı müharibəsi zamanı da Rusiyaya
arxalanan II İrakli Azərbaycan xanlıqlarına qarşı öz işğalçılıq siyasətini davam
etdirməkdə idi. Belə ki, Georgiyevsk müqaviləsinə əsaslanan II İrakli 1787-ci il
noyabrın 22-do Qafqazdakı rus qoşunlarının komandanından yardım istədi.
Rusiyadan alacağı köməyə ümid bağlayan gürcü çarı İrəvanı ələ keçirmək və
Azərbaycan xanlarına qarşı yenidən hücuma keçmək niyyətində idi [20, 122; bax:
125,82-83]. Bunu başa düşən irəvanlı Məhəmməd xan 1787-ci il noyabrın 26-da
yaxınlaşan təhlükəyə qarşı öz elçisi Zeynalabdin vasitəsilə Osmanlı sultanından
yardım istədi. Elə həmin ilin dekabrında İrəvan xanlığının elçiləri İstanbulda
səmimi qarşılandı və onun xahişi müsbət qarşılandı [19, b. N° 9, 6, 71; 125, 83].
Sultan vəziyyətin ciddiliyini və müraciətin əhəmiyyətini nəzərə alaraq İrəvanı "əl-
Rumun (Türkiyənin red.) kilidi və Azərbaycanın Dərbəndi" adlandırmışdı [11; 15,
215; 20, 123, 324; 124, 222]. Beləliklə, İrəvan xanlığının xarici siyasətinin ikinci
mərhələsində Osmanlı dövləti ilə qarşılıqlı münasibətlər önəmli yer tutur.
XVIII yüzilliyin 90-cı illərinin ortalarında İrəvan xanlığı cənubdan daha
bir güclü təhlükə ilə üz-üzə qaldı. Məlum olduğu kimi, Kərim xan Zəndin
ölümündən sonra İranda hakimiyyəti Azərbaycan-türk tayfası qacarlardan olan Ağa
Məhəmməd xan ələ keçirdi. Onun ata-babaları vaxtilə I Şah Abbas tərəfindən
Azərbaycandan İranın Astrabad vilayətinə köçürülmüşdü. Ağa Məhəmməd xan öz
şahlıq iddiasını rəsmiləşdirmək üçün səfəvilərin və Nadir şahın idarə etdikləri
bütün keçmiş ərazilləri, o cümlədən Cənubi Qafqazı ələ keçirməyə çalışırdı. Bu
siyasət eyni zamanda müstəqil Azərbaycan xanlıqlarına qarşı da çevrilmişdi. Qacar
1795-ci ilin yazında Şimali Azərbaycana və Gürcüstana hərbi yürüşə başladı.