193
Rusiya imperiyasının və Qacarlar dövlətinin
işğalçılıq planları
İrəvan xanlığının xarici siyasətinin üçüncü mərhələsində aparıcı xətti
xanlığın öz müstəqilliyini qorumaq uğrunda Rusiya imperiyasına qarşı apardığı
mübarizə təşkil etmişdir.
Erməni və əksər rus tarixşünaslığında real tarix saxtalaşdırılaraq
Azərbaycan dövləti olan İrəvan xanlığının Rusiya tərəfindən işğalı guya "Şərqi
Ermənistan"ın və ya "Ermənistanın" Rusiyaya birləşdirilməsi kimi təqdim edilir.
Əslində isə XIX əsrin əvvəlində Cənubi Qafqazın Rusiya tərəfindən işğalı zamanı
bu ərazidə heç bir erməni dövləti yox idi. Çar Rusiyası tərəfindən işğal olunan
"Ermənistan" deyil, məhz Azərbaycan dövləti olan İrəvan xanlığının ərazisi idi,
yəni Azərbaycan torpağı idi.
1804-1813-cü illərdə Azərbaycan torpaqlarının işğalı uğrunda gedən
Birinci Rusiya - İran müharibəsi zamanı İrəvan xanlığı iki dəfə Rusiya
qoşunlarının güclü hücumuna məruz qaldı. Lakin İrəvan xanlığı Rusiyaya tabe
olmadı. Xanlığın əhalisi müdrik və cəsur dövlət xadimi olan Məhəmməd xan
Qacarın və Hüseyinqulu xan Qacarın başçılığı ilə çar qoşunlarına qəhrəmanlıqla
müqavimət göstərdi. Lakin çar Rusiyası Osmanlı dövlətinə qarşı mübarizədə son
dərəcə mühüm hərbi-strateji əhəmiyyətə malik olan bu Azərbaycan xanlığının
ərazisini işğal etmək planından əl çəkmədi.
XIX əsrin əvvəllərində Rusiyanın xarici siyasətində Cənubi Qafqazın
işğalı mühüm yer tuturdu. 1801-ci ildə Şərqi Gürcüstanın (Kartli-Kaxeti çarlığının)
Rusiyaya ilhaq olunması ilə Cənubi Qafqazın işğalı prosesi daha da sürətləndi. Çar
I Aleksandrın (1801-1825) 16 fevral 1801-ci il tarixli fərmanı ilə Şərqi Gürcüstanla
[178, 25] eyni vaxtda Azərbaycanın Şörəyel, Pəmbək, Qazax, Borçalı və
Şəmşəddil sultanlıqları da Rusiyaya ilhaq edildi [150, 372; 132, 28].
Azərbaycan torpaqlarının, o cümlədən İrəvan xanlığına məxsus olan
Şörəyel və Pəmbək sultanlıqlarının Rusiya tərəfindən işğalı İrəvan və Gəncə
xanlarının kəskin narazılığına səbəb oldu [25, sənəd 801, 802, s.598-599; 132, 28;
41, II, 448]. Rusiya strateji baxımdan böyük əhəmiyyət kəsb edən İrəvan xanlığını
tamamilə zəbt etmək üçün hərbi hazırlıqlarını artırmaqda idi.
Azərbaycan xanlarının əksəriyyəti, o cümlədən Rusiyanın hərbi-siyasi
təzyiqinə daha çox məruz qalan irəvanlı Məhəmməd xan Qacar və naxçıvanlı
Kalbalı xan öz müstəqilliklərini qoruyub saxlamaq əzmində idilər.
İrəvan xanı Rusiyanın təcavüzkar siyasətinə qarşı daha qətiyyətlə çıxış
edərək pəmbəkliləri işğalçılara boyun əyməməyə çağırdı və onlara təklif etdi ki,
rus qoşunlarının işğal etdikləri əraziləri tərk edib İrəvana köçsünlər. İrəvan xanının
müraciəti ilə 600 pəmbəkli öz kəndlərini tərk edərək İrəvana pənah gətirdi [150,
194
402; 132, 28]. İrəvan xanı, eyni zamanda, öz nümayəndəsini general
İ.P.Lazaryevin yanına göndərərək Pəmbək vilayətinin şahın fərmanına əsasən ona
məxsus olduğunu bildirdi. İrəvan xanı Naxçıvan xanı ilə birlikdə hərbi qüvvələrini
səfərbərliyə alaraq rus qoşunlarını Pəmbəkə buraxmamaq qərarına gəldilər [150,
402-403; 132, 28-29]. Hərbi əməliyyatda üstünlüyü əldə saxlamaq üçün erməni
əsilli çar generalı İ.P.Lazaryevin başçılıq etdiyi qoşun hissələri 30 iyunda Pəmbəkə
soxuldu [25, sənəd 799, s.598; 132, 29]. Çar generalı əvvəlcə Pəmbək
ağsaqqallarına müraciət edərək İrəvan xanlığına pənah aparan Pəmbək əhalisinin
geri qaytarılmasına yardım etmələrini xahiş etdi [25, sənəd 800, s.598]. Bunun
nəticəsiz qaldığını görən İ.P.Lazaryev İrəvan xanına məktub yazaraq pəmbəklilərin
geri qaytarılmasını tələb etdi və əks təqdirdə xanın Rusiya imperatorunun qəzəbinə
gələcəyini bildirdi [25, sənəd 801, s.598-599]. Maraqlıdır ki, bu zaman gürcü
şahzadəsi Davidin də Rusiyaya münasibəti dəyişdi. O, Gürcüstanın rus işğalından
sonra düşəcəyi ağır vəziyyəti nəzərə alaraq İrəvan xanına Rusiya dövlətinə tabe
olmamağı tövsiyə etdi. Və gürcü şahzadələri David, Vaxtanq, Yulon və Aleksandr
Gürcüstanı rus qoşunlarından təmizləmək üçün İrəvan xanından kömək istədilər
[150, 404]. Bu fakt həmin dövrdə İrəvan xanlığının siyasi nüfuzunun və hərbi
qüvvəsinin kifayət qədər güclü olduğunu sübut edir.
Bütün bunlara baxmayaraq, Rusiya əsas diqqətini İrəvan xanlığının
işğalına yönəltmişdi. Rusiyanın xarici siyasət idarələrində İran, Türkiyə və
Gürcüstanla həmsərhəd olan İrəvan xanlığının işğalına xüsusi önəm verilir,
"xüsusilə Tiflis – Təbriz tranzit yolunun üstündə yerləşən İrəvan qalasının
alınmasının vacibliyi" qızğın müzakirə olunurdu. Rusiya İrəvan xanlığına strateji
baxımdan mühüm bir ərazi kimi yanaşmaqla bərabər bu Azərbaycan torpağını
Gürcüstanda sakitliyin bərpa olunması, Cənubi Qafqazda İran və Türkiyənin siyasi
təsir dairəsinin zəiflədilməsindən ötrü strateji bir istinadgah hesab edirdi. Məhz
buna görədir ki, çar I Aleksandrın verdiyi fərmanda Rusiyaya tabe ediləcək ərazilər
sırasında İrəvan xanlığının adı birinci çəkilirdi [178, 38; 25, sənəd 548, s.436].
XIX əsrin əvvəlində Cənubi Qafqazın, o cümlədən Azərbaycan
torpaqlarının Rusiya imperiyası tərəfindən işğal olunmasında erməni - Qriqorian
kilsəsi və erməni iş adamları fəal iştirak etmişdilər. Belə ki, bu zaman xüsusi
olaraq İrəvandan Tiflisə gəlmiş Üçkilsə monastırının arxiyepiskopu Qriqori
buradakı rus ordusunun komandanlığına, o cümlədən mənşəcə erməni olan
İ.P.Lazaryevə kəşfiyyat xarakterli məlumatlar verir və onları inandırmağa çalışırdı
ki, İrəvan və Naxçıvan xanlarına inanmasınlar, çünki "...İrəvan xanı ruslara yalnız
zahirən meyil göstərir, daxilən onlara nifrət bəsləyir [25, sənəd 838, s.617-618;
115, 89] və ...İrəvan xanı naxçıvanlı Kalbalı xana arxalanaraq Pəmbək mahalını
Rusiyanın təbəəliyindən çıxarmaq istəyir" [25, sənəd 838, s.617-618; 115, 89]. Öz
soydaşı olan erməni keşişinin məlumatını "əsas tutan" İ.P.Lazaryev Azərbaycan
türklərinə məxsus Pəmbək mahalına yeni-yeni qoşun hissələri göndərmiş və demək
olar ki, bütün 14 kəndin əhalisini geri qaytarmışdı. Bu hadisədən sonra Pəmbək