59
yürüş və ekskursiyalarda, müxtəlif cür əyləncələr
təşkil etməklə, həmçinin müxtəlif şəraitdə müxtəlif
hərəkətlərin, oyunların icra olunması, eləcə də çətinləşdirilmiş maneələrin qət edilməsi yolu ilə inkişaf
etdirmək mümkündür. Bu şərtlə ki, hərəkət və oyunlar düzgün təşkil olunsun və lazımi səviyyədə
keçirilsin. Bu zaman uşaqlarla təşkil olunan fiziki hərəkət məşğələlərinin sıxlığına, fiziki yükün yaşa,
fiziki hazırlığa və inkişafa uyğun olması əsas şərtdir.
Sürət – hər hansı işi və ya hərəkəti daha tez yerinə yetirmək qabiliyyətidir. Eyni məsafəni
hamıdan tez başa vurmaq, müxtəlif maneələri sürətlə qaçmaq, velosiped və xizək sürməklə sürətə nail
olmaq olar. Qəflətən verilən siqnallar vasitəsilə, hərəkətin müxtəlif tempdə və ritmdə icrası və startdan
çıxmaqla irəliləmələr yolu ilə də sürəti artırmaq olar.
Sürəti inkişaf etdirməkdən ötrü sürət hərəkətlərindən əlavə,
müxtəlif növ dəyişkən
situasiyalardan ibarət məzmun kəsb edən müxtəlif oyunlardan da istifadə olunur. Fiziki hərəkətlərin
yerinə yetirilməsi zamanı onların düzgün dozalaşdırılması, həmçinin onların dəyişən tempdə və ritmdə
icrası da sürətin tərbiyə olunmasında vacib əhəmiyyət kəsb edir.
Cəldlik – hər hansı bir işi, habelə fiziki hərəkətləri, oyunları ani olaraq düzgün, cəldliklə icra
etmək qabiliyyətinə deyilir. Cəldlik həm də mürəkkəb koordinasiya hərəkətlərini tez bir zamanda
mənimsəmək, müvafiq şəraitin tələbinə uyğun fiziki hərəkətlərin yerinə yetirilməsi kimi başa düşülür.
Cəldlik ən çox yeni hərəkətlərin öyrənilməsi prosesi, həmçinin öyrənilmiş hərəkətlərin təkrarı və onun
yeni hərəkətlərlə koordinasiyası zamanı inkişaf edir. Çünki əvvəllər öyrənilmiş hərəkətlərlə yeni
hərəkətlərin əlaqələndirilməsi sinir sisteminin hərtərəfli işgörmə qabiliyyətini yüksəldir. Bütün bunlar isə
hərəkətin koordinasiyasını yaxşılaşdırır, yeni hərəkət növlərini mənimsəmək qabiliyyətini təkmilləşdirir.
Bundan əlavə, cəldlik şəraitin dəyişməsi tələbindən asılı olaraq bir hərəkətdən o birinə tezliklə keçmək
bacarığını və fəaliyyətini təmin edir.
Gimnastika hərəkətləri, oyunların, tullanmaların, atmaların icrası
zamanı cəldliyi daha da genişləndirmək olar. Bir cəhəti də qeyd etmək lazımdır ki, ibtidai yaşlı uşaqların
sinir sistemi plastik olduğu üçün bu yaşda cəldlik daha sürətlə inkişaf edir.
G ü c– böyük əzələ gərginliyi hesabına xarici müqavimətin və yaxud maneələrin aradan
qaldırılması kimi başa düşülür.
Hər hansı bir fiziki hərəkət icra olunarkən, yük apararkən, güləşərkən və i. a. zamanı az və ya
çox güc sərf etmək lazım gəlir. Gücü inkişaf etdirmək müxtəlif çəkili əşyalardan (doldurulmuş toplardan,
daşlardan), sallanma hərəkətlərindən, dayaq hərəkətlərindən, atmalardan, yadronun itələnməsindən,
tullanmalardan, dartınma oyunlarından, kəndirə dırmanmadan və s. hərəkətlərdən istifadə olunur.
Demək, qüvvə və sürət-güc hərəkətlərindən səmərəli istifadə etmək vasitəsilə gücü daha da
inkişaf etdirmək olar. Həmin yaşlarda gücü inkişaf etdirmək üçün statik
xarakterli hərəkətlərdən, xüsusi
güc hərəkətlərindən istifadə məsləhət görülmür. Statik hərəkətlərdən istifadə tənəffüsün normal
edilməsinə mane olur. Bu da nəticə etibarı ilə ürək-qan-damar və sinir sisteminin normal fəaliyyət
göstərməsinə əngəl törədir. Öz gücündən istifadə edərək güc sərf etmək isə daha çox əzələ qüvvəsi
işlətməyə səbəb olur, bu isə onların həddən artıq gərginləşməsi ilə nəticələnir.
İbtidai məktəbyaşlı uşaqların gücünü artırmaq məqsədilə ən çox dinamik mahiyyətli fiziki
hərəkətlərdən istifadə tövsiyə edilir. Bura müxtəlif növ tullanma və atma (tullama) hərəkətləri daxildir.
Həmin hərəkətlərin idman əşyaları – vasitələri ilə icrası daha faydalı olur.
Dözümlülük- uzun müddət tələb edən fəaliyyətə orqanizmin davam gətirməsidir. Dözümlülük
dinamik şəraitdə və statik mühitdə özünü büruzə verə bilər, yəni hərəkət zamanı və həm də yerində –
hərəkət etmədən dözümlülüyü nümayiş etdirmək olar. Suyun altında müəyyən müddət nəfəs almadan tab
gətirmək, uzaq və ya qısa məsafəyə sürətlə qaçmağa dözmək dözümlülüyü inkişaf etdirir.
Dözümlülük iki cürdür:
ümumi və xüsusi. Ümumi dözümlülük –
uzun müddətə, həm də ardı-
arası kəsilmədən şərtlənir (üzün müddət yeriş, qaçış və s.). Xüsusi dözümlülük isə müəyyən bir fəaliyyət
üçündür. Bu idmanla daha sıx bağlıdır. Qısa məsafəyə qaçış üçün sürət dözümlülüklə bir-birini
tamamlayır. Həmin hərəkətlər icra olunarkən fiziki yükün tədricən artırılması (məsələn, yeriş və qaçış
məsafəsinin artırılması), məşğələ üçün vaxtın uzadılması, eləcə də uşaqların xüsusiyyətlərinin nəzərə
alınması da dözümlülüyün inkişafına kömək edir.
Çeviklik – Orqanizmin üzvlərini istənilən anda istənilən tərəfə yönəltməkdir. Çeviklik dayaq
hərəkət aparatının müəyyən bir hissəsinin mütəhərrik olması ilə xarakterizə olunur. O, hərəkətin müəyyən
amplitudada icrasına xidmət edir. Bu isə sürət, cəldlik və i.a. keyfiyyətlərin qənaətlə sərf edilməsini və
60
onların fəaliyyətini tam sürətlə təmin edir. Qaçış, hoppanmaların müxtəlif növlərinin icrası vaxtı çeviklik
tərbiyə olunur, hərəki bacarıq və vərdişlərin müasir təkmil formalarını mənimsəmək mümkün olur.
Elastiklik– bədənə istənilən vaxtda istənilən formanı verməkdir.
Bədənə yuvarlaq forma vermək,
ensiz bir yerdən keçmək, müxtəlif növ akrobatika hərəkətlərini yerinə yetirmək nəticəsində bədənin
elastikliyini təmin edir.
Statik vəziyyətdə və hərəkət zamanı düzgün qamət
vərdişlərinin formalaşdırılması
Dinamik hərəkətlər əzələlərin bu və ya digər qruplarına təsir edir. Bu zaman bir əzələ qrupu
işlədikdə, digəri istirahət edir və əksinə.
Statik hərəkətlərdə isə eyni əzələ qrupları uzun müddət gərginlikdə qalır. Yəni onlar fəaliyyət
göstərirlər. Bu da uşaqların orqanizminə mənfi təsir göstərə bilir. Qan dövranını çətinləşdirir, hərəkət
aparatının işinə mane olur. Məktəbyaşlı uşaqların iş qabiliyyəti aşağı olduğu üçün onlara statik hərəkətləri
həddən artıq tətbiq etmək lazım deyil.
Qamətin düzgün inkişafını təmin etmək mürəkkəb və çətin işdir. Uşaqlar oturarkən, ayaqüstü
vəziyyətində, yeriyərkən onlara düzgün qamət hərəkətləri verilməlidir. Bunu
bədən tərbiyəsi dərslərində
və şagirdlərin hərəkət gün rejimində etmək lazımdır.
Gözəyarıölçmə. Bu elə bir keyfiyyətdir ki, gözün və əzələnin (duyma) köməyi ilə insana hər
hansı bir məsafəni təxmini də olsa müəyyənləşdirmək qabiliyyətidir. Gözəyarıölçmə bütün fiziki
hərəkətlərin və müxtəlif növ oyunların keçirilməsi zamanı inkişaf edə bilər. Bu şərtlə ki, uşaqların diqqəti
bu hərəkətin yerinə yetirilməsinə yönəldilsin. Yeriş vaxtı uşaqlar düzgün addım atmalı, istiqaməti
gözləməlidirlər. Tullanmada təkan ayağını taxta üzərinə dəqiq qoymalıdırlar ki, düzgün və güclü təkan
verərək, müvafiq istiqamətə «uçuş» edə bilsinlər. Sonra isə münasib yerə düşsünlər.
Gözəyarı ölçmə düzülmələrdə, xüsusən cərgə və sıraya düzülmələrdə daha yaxşı inkişaf edir (Bir
cərgədən, sıradan, iki və ya daha çox cərgəyə, sıraya düzülmədə və əksinə).
Bir sıradan və yaxud cərgədən dairə təşkil etməkdə də gözəyarı ölçmə inkişaf edir. Çünki bu
zaman uşaqlar bir-biri ilə müvafiq məsafə saxlamalı və düzgün dayanmalıdırlar.
Onlar bu işi gözün
köməyi ilə görürlər. Cismin uzağa və istənilən nöqtəyə atılması da gözəyarı ölçmənin inkişafına zəmin
yaradır. Uşaq bütün gücünü toplamaqla bərabər, atmanın dəqiq olması məqsədilə üzv və sistemlərini
cəmləşdirir. Uşaqların bir-birinin ardınca yeriməsi və qaçmasının özü də gözəyarı ölçməyə kömək edir.
Yuxarıda göstərilənlərlə bərabər, ibtidai məktəbin fiziki tərbiyəsinin qarşısında aşağıdakı vəzifələr
də qoyulur:
«Vətənin müdafiəsinə hazıram» hərəkət kompleksi üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmək,
fiziki tərbiyə, idman və gigiyena üzrə biliklərə sahib olmaq, mənəvi-iradi keyfiyyətlərə, yüksək
mədəniyyətə yiyələnmək.
1.4. Fiziki tərbiyənin vasitələri
İbtidai məktəb şagirdlərinin fiziki tərbiyə vasitələri bunlardır: fiziki hərəkətlər (gimnastika,
oyunlar, yüngül atletika, turizm və s.), təbii (hava, su, günəş) və gigiyenik amillər.
Həmin vasitələr təcrid
olunmuş vəziyyətdə deyil, birlikdə tətbiq olunduqda daha səmərəli olur.
Fiziki hərəkətlər.
İnsanın konkret vəzifəsinin həlli ilə bağlı məqsədyönlü hərəki fəaliyyəti hərəkət adlanır. Hər bir hərəki
fəaliyyət ayrı-ayrı hərəkətlərdən ibarətdir. İnsanın fiziki təkmilləşməsi üçün tətbiq olunan hərəkətlər fiziki
hərəkət adlanır. Fiziki hərəkətlər fiziki tərbiyə qanunauyğunluqlarına uyğun təşkil olunmuş fəaliyyətdir.
Məktəbdə əsas fiziki tərbiyə vasitəsi fiziki hərəkətlərdir. Fiziki hərəkətlər hərəki bacarıq və
vərdişləri formalaşdırır, hərəkət aparatını inkişaf etdirir. Qan dövranını və maddələr mübadiləsini
yaxşılaşdırır, tənəffüsə müsbət təsir göstərir. Fiziki hərəkətlər surəti, cəldliyi, gücü, dözümlülüyü artırır,
insan həyatı üçün vacib olan yeriş, qaçış, hoppanma, müvazinət və atmalar kimi təbii hərəkətlər üzrə
vərdişləri təkmilləşdirir. Burada başlıca əhəmiyyəti hərəkətlərin seçilməsinə və keçirilməsi metodikasına
yönəltmək lazımdır. Hərəkət və oyunlar seçilərkən uşaqların anatomik-fizioloji
və psixoloji xüsusiyyətləri
nəzərə alınmalıdır. Uşaq orqanizminin xüsusiyyətlərinə görə onlara uzun müddət statik vəziyyətdə