30
159. Təzə elçilər Branxidaya gələndə Aristodik hamının adından allaha belə sualla müraciət edir: Ey tanrı! Lidiyalı
Pakti farsların amansız ölüm hökmündən qurtarmaq üçün kömək xahiş etməkdən ötəri bizim üstümüzə gəlibdir. Biz isə
farsların qüdrətindən qorxsaq da, onunla necə rəftar etmək haqqında, səndən aydın cavab eşitməyincə müdafiə
olunmasını xahiş edən bu adamı təslim etməyə cəsarət göstərməyəcəyik". Aristodik belə sorğu verir, allah da Paktini
farslara təslim etməyi buyuraraq, eyni cavabı ona bəyan edir. Onda Aristodik öz işlərini əvvəlcədən ölçüb-biçərək belə
hərəkət edir: o, ibadətgahın ətrafına dolanaraq, məbəddə özlərinə sığınacaq tapan göyərçinlərin və başqa quşların
yuvasını uçurmağa başlayır. Bu vaxt, deyilənə görə ibadətgahdan Aristodiki çağıran belə bir səs eşidilir: "Ey ölümlü
adamların ən bədbəxti! Sən belə işə niyə can atırsan? Qurtuluş axtaranları mənim məbədimdən niyə qovursan?"
Aristodik isə karıxmadan allaha etiraz edərək belə cavab verir: "Allahımız! Özün qurtuluş üçün sənə sığınanlara kömək
edirsən, amma kimalılara əmr verirsən ki, onlar qurtuluş üçün yalvaranı təslim etsinlər". Allah isə belə sözlərlə ona
yenə etiraz edir: "Bəli, mən belə buyururam ki, siz özünüzün mürtədliyinizə görə tezliklə qırılasınız və bundan sonra
qurtuluş diləyəni təslim etmək barədə mənə bir də sorğu verməyə gəlməyəsiniz".
160. Belə bir cavabdan sonra kimalılar Paktini təslim etsələr məhv olmaq, öz yanında saxlasalar, mühasirəyə məruz
qalmaq qorxusu keçirərək, onu təslim etmək istəmirlər. Buna görə də Paktini Mitilenaya göndərirlər. Mitilenalılar da
Mazaresə carçı göndərib bildirirlər ki, o, Paktini təslim etmək əmri göndərsə, onda onlar ancaq müəyyən muzd almaqla
onu verməyə hazır olacaqlar. Mən muzdun miqdarını dəqiq bilmirəm, çünki bu sövda baş tutmamışdır, belə ki,
kimalılar mitilenalıların qəsdindən xəbər tutaraq, Lesbosa gəmi göndərib Paktini oradan Xiosa aparmışlar. Orada
xioslular Paktini Afina Poliuxosun ibadətgahından zorla çıxarıb farslara təslim etmişlər. Xioslular onu Atarneylə
dəyişdiklərinə görə təslim etmişlər (bu Atarney Misiyada Lesbosla qarşı-qarşıya yerləşir). Farslar Paktini ələ keçirib
zindanda saxlayıblar ki, sonra Kuruşun hüzuruna aparsınlar. Lakin bundan xeyli sonra heç bircə nəfər də xioslu
Atarney məhsulundan allaha nə arpa nəziri göndərmiş, nə də nəzir kökəsi bişirmişdir. Ümumən, bu torpağın yetirdiyi
məhsuldan nəzir üçün daha istifadə olunmur.
161. Xioslular Paktini beləcə təslim edirlər. Mazares də bundan sonra Təbəlin mühasirəyə alınmasında iştirak edən
bütün şəhərlərə qarşı yürüşə çıxır. Əvvəlcə prienalıları tabe edib, sonra bütün Meandr vadisini keçərək oranı, eləcə də
Maqnesiya şəhərini bütün qoşunun qarətinə verir. Bundan sonra Mazares xəstələnir və ölür.
162. Mazaresin vəfatından sonra sərkərdə vəzifəsində onun varisi yenə də midiyalı Arpaq olur. Bu həmin Arpaqdır
ki, Midiya hökmdarı Astiaq ona mürtədcəsinə ziyafət düzəltmişdi və o da Kuruşun taxta çıxmasını qurmuşdu. Kuruşun
sərkərdə təyin etdiyi bu adam İoniyaya gəlir və şəhərləri torpaq bəndlərlə əhatə edərək, işğal eləməyə başlayır. O,
əhalini şəhər hasarının yanına yığaraq, hasar ətrafına torpaq tökdürür və sonra hücum çəkib şəhəri alırdı. Onun
hücumuna məruz qalan ilk ion şəhəri Fokeya olur.
163. Bu Fokeyanın əhalisi ellinlər arasında ilk dəfə uzaq dəniz səfərlərinə çıxmışdılar. Adriatik dənizini, Tirseniya,
İberiya və Tartesi onlar kəşf etmişlər. Onlar "girdə" ticarət "gəmilərində deyil, 50 avarlı gəmilərdə üzmüşlər. Onlar
Tartesdə buranın Arqanfoni adlı hökmdarı ilə dostluq əlaqəsinə girmişdilər. Bu hökmdar Tartesdə 80 il hakimiyyət
sürmüş, cəmisi 120 il yaşamışdır. Bu adam fokeyalılara elə isinişibmiş ki, əvvəlcə, hətta onların İoniyadan köçüb onun
ölkəsinin istədikləri yerində yerləşmələrini təklif etmişdir. Sonra da fokeyalılar bu təkliflə razılaşmayanda o, Lidiya
hökmranlığının qüdrətinin gücləndiyini eşidərək, fokeyalılara pul vermişdir ki, onlar öz şəhərlərinin ətrafına hasar
çəksinlər. O, pul verməkdə xəsislik göstərməyib, çünki, (Fokeyanın) ətrafındakı hasar heç də azacıq stadiya təşkil
etmir, həm də bütün hasar səliqə ilə düzülmüş sal daşlardan hörülmüşdür.
164. Fokeyalılar öz şəhərlərinin ətrafına bu yolla hasar çəkmişlər. Arpaq isə öz qoşununu gətirib, şəhəri mühasirəyə
almağa başlayanda fokeyalılara bunu deməyi buyurmuş ki, şəhərlilər (şaha itaət əlaməti olaraq) hasarın bircə bürcünü
uçurub, bircə evi "nəzir" desələr o, təkcə bununla razı qalacaqdır. Qul həyatına nifrət edən fokeyalılar isə bildiriblər ki,
məsləhətləşməyə bircə gün vaxt istəyirlər, məsləhətləşənə qədər də qoy Arpaq öz ordusunu şəhərdən kənara çəksin.
Arpaq isə cavab verib ki, onların niyyətini gözəl başa düşür, bununla belə, fikirləşmək üçün onlara vaxt verir. Lakin
Arpaq ordunu çəkən kimi fokeyalılar 50 avarlı gəmilərini suya salıb arvad-uşağı və bütün ev şeylərini, eləcə də
allahların əkslərini, mərmər və mis heykəllərdən və şəkillərdən başqa, məbədlərdəki bütün nəzirləri gəmilərə
yükləyirlər. Sonra da qalan başqa əmlakı yükləyir, özləri də göyərtəyə qalxıb Xios istiqamətini tutaraq üzüb gedirlər.
Farslar Fokeyanı burada qalan əhali ilə birlikdə götürürlər.
165. Xioslular isə Enus adalarını fokeyalılara satmaq istəmirlər, çünki bu adaların ticarət mərkəzinə
çevriləcəyindən, öz adalarının isə ticarət mənafeyindən məhrum ola biləcəyindən ehtiyat edirlər. Ona görə də,
fokeyalılar Kirnə yola düşürlər. Axı, bu hadisələrdən iyirmi il əvvəl onlar allahın buyruğu ilə Kirndə Alaliya adında bir
şəhər salmışdılar. (Arqanfoni onda artıq vəfat etmişdi). Kirnə yola düşən fokeyalılar əvvəlcə Fokeyaya dönüb, Arpaqın
şəhərdə qoyduğu fars keşikçilərini qırırlar. Bundan sonra hər kəs yürüşdən qalarsa, ona dəhşətli qarğış bəyan edirlər.
Sonra da bir dəmir parçasını dənizə batırıb and içirlər ki, bu dəmir dənizin üzünə qalxmamışdan əvvəl Fokeyaya
qayıtmayacaqlar. Kirnə yola düşməyə hazırlıq görülən zaman vətəndaşların yarıdan çoxunu doğma şəhərin və çoxdan
məskən saldıqları yerin həsrəti bürüyür. Beləliklə, onlar içdikləri andı pozaraq Fokeyaya qayıdırlar. Anda sadiq
qalanlar isə Enusu tərk edib (Kirnə) gedirlər.
166. Fokeyalılar Kirnə gəlib orada əvvəlki əhali ilə birlikdə beş il yaşayırlar və allahlara ibadətgahlar ucaldırlar.
(Sonralar) ətrafı qarət edib, əhalini soyduqlarına görə tirsenlilərlə karfagenlilər ittifaq bağlayıb hər biri 60 gəmidə
onların üstünə müharibəyə gedirlər. Fokeyalılar da öz adamlarını 60 gəmiyə mindirib Sardon adlanan dənizdə
düşmənin qabağına çıxırlar. Dəniz döyüşündə fokeyalılar bir növ Kadmey qələbəsi48 qazanırlar: 40 gəmiləri məhv
olur, qalan 20 gəmi isə burunları əzildiyi üçün döyüş bacarığını itirir. Bundan sonra fokeyalılar Alaliyaya qayıdırlar.
Burada onlar arvad-uşağı gəmilərə mindirir, sonra da gəmilərin tuta biləcəyi qədər əmlak yükləyərək. Kirni tərk edib
Regiyə üzüb gedirlər.