Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   42   43   44   45   46   47   48   49   ...   164

96 
anlamaq üçün, onların yaradıcısı olan insanın mahiyyətini hərtərəfli dərk etmək tələb olunur ki, bu 
azadlığın  dərindən  və  hərtərəfli  araşdırılmasından  kənarda  qeyri-mümkündür.  Məhz  azadlıq  sosial 
subyektin başlıca səciyyəsi olmaqla, ictimai fəaliyyətin özülünü və mənbəyini təşkil edir. Nəzərdə 
tutulmalıdır  ki,  demokratikləşmə,  hüquqi  dövlət  və  vətəndaş  cəmiyyəti  quruculuğu  dövründə 
azadlıq öz inkişafında yeni keyfiyyət mərhələsinə daxil olur, onun mahiyyəti dərinləşir, məzmunu 
və  miqyasları  sürətlə  genişlənir.  Buna  müvafiq  olaraq,  ictimai  fəaliyyətin  bütün  sahələrində 
azadlığın rolu və təsir dairəsi artır. Azad seçim, qərar qəbul etmə və onu müstəqil həyata keçirmək, 
sosial subyektlərin yüksək yaradıcı fəallığının və güclü mənəvi potensialının dolğun reallaşmasının 
zəruri şərtinə çevrilir. 
Buradan  aydın  olur  ki,  azadlıq  problemini  obyektiv  və  hərtərəfli  elmi  təhlil  etmək,  onun 
araşdırılmasında  mühüm  töhfələr  vermiş  klassik  fəlsəfi  irsə  arxalanmaqla,  müasir  sosial  reallığın 
yaratdığı yeni cəhətləri və meyilləri dərindən öyrənib, ümumiləşdirmək sosial fəlsəfənin qarşısında 
duran ən aktual vəzifələrdəndir.  
Hər şeydən əvvəl qeyd olunmalıdır ki, ümumbəşəri universal dəyərlər sistemində xüsusi yer 
tutan  azadlıq,  ümumi  və  mücərrəd  məzmuna  malik  olmayıb,  konkret-tarixi  səciyyə  daşıyır,  onun 
mahiyyəti  və  məzmunu,  reallaşması  miqyası,  mövcud  ictimai  quruluşun  xarakteri  və  inkişaf 
səviyyəsi  ilə  şərtlənir.  Bu  mənada  yanaşdıqda,  müasir  dövr  azadlığın  məzmunu  və  həyata 
keçirilməsində  keyfiyyətcə  yeni,  daha  yüksək  pilləni  ifadə  edir.  Yaşadığımız  açıq,  demokratik 
cəmiyyət şəraitində bütöv bir tam kimi götürülən ictimai həyatın bütün tərəflərində baş verən əsaslı 
transormasiya  prosesləri,  totalitarizmin  qətiyyətlə  aradan  qaldırılması,  köhnə  ictimai  strukturların 
ləğv  edilməsi  və  sosial  həyatın  təşkilinin  yeni  formalarının  tətbiqi  miqyasının  genişlənməsi, 
insanların müxtəlif sahələrdə real azadlıqlarının inkişafında yeni-yeni üfüqlər açır. Müstəqil vətəni-
mizin  daxili  siyasətinin  əsas  strateji  məqsədlərinin  –  demokratik  cəmiyyət,  hüquqi  dövlət  və 
vətəndaş cəmiyyəti qurmaq yolunda qazanılan uğurlar azadlığın məzmununun genişləndirilməsi və 
həyata  keçirilməsi  üsullarının  təkmilləşməsi  ilə  müşayiət  olunur.  Müasir  Azərbaycan  dövlətinin 
yeritdiyi uzunmüddətli düşünülmüş səmərəli xarici siyasəti, dünya birliyi ölkələrinə getdikcə daha 
möhkəm  inteqrasiya  olunma  xətti,  buna  əlverişli  beynəlxalq  təminat  yaratmaqla  yanaşı,  azadlığın 
reallaşmasında dünya təcrübəsindən səmərəli bəhrələnmək, onu xalqımızın və regionun tarixi, milli 
özünəməxsusluqları  və  xüsusiyyətləri  ilə  düzgün  əlaqələndirməyi  tələb  edir.  Bu  vəzifənin  uğurlu 
həlli, müvafiq elmi axtarışların intensivləşməsinə zərurət yaradır. 
Azadlıq,  insanların  gündəlik  həyatı  və  fəaliyyəti  ilə  bilavasitə  bağlıdır.  O  eləcə  də  hər  bir 
insanın  maraqlarından  və  ümumilikdə  cəmiyyətin  mənafelərindən  ayrılmazdır.  Buna  görə  də 
cəmiyyətin  bütün  üzvləri  azadlığa  dərin  maraq  göstərirlər.  Lakin  cəzbedici  ideya  və  ümumbəşəri 
dəyər olan azadlığın real həyatı tərəfini dəqiq və hərtərəfli təsəvvür etmək üçün, ilk növbədə onun 
elmi-nəzəri anlamına malik olmaq tələb olunur. Fəlsəfi və ictimai fikir tarixində azadlıq ideyasına 
münasibət  bildirməyən  mütəfəkkir  demək  olar  ki,  yoxdur.  Bununla  yanaşı  qeyd  edilməlidir  ki,  o, 
son dərəcə geniş məzmuna və mürəkkəb mahiyyətə malik olduğundan, tarixi prosesdə dəyişkən və 
çevik xarakter daşıdığından, çox müxtəlif mənalarda (hətta bəzən bir-birinə zidd) izah olunmuşdur. 
Azadlığın bu keyfiyyətini vurğulayaraq Hegel yazırdı: 
“Heç bir ideya haqqında azadlıq barəsində olduğu qədər tam hüquqla demirlər ki, bu ideya 
qeyri-müəyyəndir, çoxmənalıdır, ən böyük anlaşılmazlıqlar doğura bilir və buna görə həqiqətən də 
doğurur” (3, s. 291). 
Azadlıq, sosial-fəlsəfi anlayılar və kateqoriyalar sistemində xüsusi yer tutur. Bu, hər şeydən 
əvvəl  onunla  şərtlənir  ki,  həmin  anlayış  insanın  mahiyyətinin  özülünü  təşkil  edən  həyati  tələbatı 
ifadə  edir.  Söhbət,  sosial  yaradıcı  və  fəal  subyekt  olan  insanın  obyektiv  zərurəti  öz  azad  iradəsi 
vasitəsilə  dərk  etməyə,  qarşısına  qoyduğu  məqsədi  reallaşdırmağa  olan  tələbatından  gedir. 
Sözügedən  mənada  azadlıq,  insanın  mahiyyət  qüvvələri  sırasında  son  dərəcə  yüksək  əhəmiyyətə 
malikdir.  Əslində,  ondan  kənarda  insanın  öz  sosial  fəal  mahiyyətini  reallaşdırması,  irəli  sürdüyü 
məqsədi yerinə yetirməsi və şəxsiyyət kimi inkişafı praktiki olaraq qeyri-mümkündür. Ümumilikdə 
götürdükdə  azadlıq  ictimai  münasibətlər  sistemində  müstəsna  dərəcədə  böyük  rol  oynamaqla, 
insanın nəsli mahiyyətini və sosial keyfiyyətini təmərküzləşmiş formada səciyyələndirir. 
Fəlsəfə, azadlıq anlayışının qnoseoloji və sosioloji təhlilini verərkən, onları nisbi müstəqil, 


97 
eyni zamanda bir-birilə ayrılmaz vəhdətdə götürür. Birinci səpgi, həmin anlayışa, insanlar arasında 
real  münasibətlərin  və  obyektiv  asılılığın  əks  olunması  səviyyəsi  kimi  yanaşır,  bu  inikasın 
mahiyyətini  və  adekvatlıq  dərəcəsini  müəyyən  edir.  Azadlığın  sosioloji  planda  təhlili  isə,  onun 
ictimai  hadisələr  və  münasibətlər  sistemində,  sosial  subyektlərin  inkişafında  yerini,  rolunu  və 
əhəmiyyətini açır. 
Azadlığın  obyektiv elmi təhlilinin başlıca metodoloji  prinsipini,  onu ifadə edən qnoseoloji 
inikasın  spesifikliyinin,  təbiəti  və  mexanizminin,  sosial  həyatda  rolunun  mövcud  ictimai 
münasibətlər sistemi və cəmiyyətin inkişafı səviyyəsi ilə ayrılmaz əlaqədə götürülməsi təşkil edir. 
Ümumilikdə  fəlsəfədə  azadlığa  dərk  olunmuş  zərurət  kimi  yanaşılması  ənənəsi  geniş 
yayılmışdır. Onun kökləri B. Spınozanın elmi yaradıcılığına gedib çıxır (4, s. 132). Sonralar bu fikir 
F.Engels  tərəfindən  “Anti-Dürinq”  əsərində  yenidən  vurğulanmışdır.  O,  azadlığın  mahiyyətini 
aşağıdakı kimi ifadə edirdi: “Azadlıq özümüzü xəyalən təbiət qanunlarından asılı olmamaqda deyil, 
bütün qanunları dərk etməklə və bu biliyə əsaslanmaqla, təbiət qanunlarını planlı surətdə müəyyən 
məqsədlərə  yönəltmək  imkanları  əldə  etməkdədir.  Bu,  həm  xarici  təbiət  qanunlarına,  həm  də 
insanın cismani və mənəvi varlığını idarə edən qanunlara aiddir” (5, s. 116). 
F.Engels qeyd edirdi ki, azadlıq zərurət haqqında biliklərə əsaslanır. Təbiətin və cəmiyyətin 
inkişaf qanununauyğunluqlarının dərk olunması azadlığın özülündə durur. 
Müasir sosial-fəlsəfi ədəbiyyatda azadlığın ümumi tərifi demək olar ki, yoxdur. Müəlliflərin 
böyük  əksəriyyəti  onu  dərk  olunmuş  zərurət  kimi  göstərməklə  məhdudlaşırlar.  Fikrimizcə,  belə 
yanaşma  müəyyən  elmi  maraq  kəsb  etsə  də,  onunla  kifayətlənmək  olmaz.  Əvvəla,  bu  halda 
zərurətin  nə  olduğu  və  onun  necə  dərk  edildiyi  məsələsi  açıq  qalır  (qeyd  edək  ki,  onun  özü  də 
birmənalı  və  eyni  səviyyəli  proses  olmayıb,  müxtəlif  daxili  pillələrdən  keçir).  Digər  tərəfdən, 
azadlığın  zərurət  ilə  münasibətləri  ön  plana  çəkilir,  həmin  anlayışın  daxili  məzmunu,  mühüm  və 
fərqləndirici əlamətləri lazımi dərəcədə üzə çıxarılmır. 
Ümumilikdə fəlsəfi ədəbiyyatda azadlıq anlayışının izahında iki baxış (həddən artıq məhdud 
və  həddən  ziyadə  geniş)  mövcuddur.  Birinci  öz  ifadəsini  “Fəlsəfə  ensiklopediyası”nda  verilən 
aşağıdakı tərifdə tapmışdır: “Azadlıq dərk olunmuş zərurət və insanın hərəkətlərinin öz biliklərinə 
müvafiq olması, hərəkətlərində seçim imkanları və seçmə qabiliyyəti deməkdir” (6, s. 559). 
Göründüyü  kimi,  burada  azadlıq  anlayışı  yalnız  dərk  olunmuş  zərurət  və  insanın  malik 
olduğu  biliklər  əsasında  seçim  etmə  qabiliyyəti  kimi  səciyyələndirilmişdir.  Başqa  sözlə  deyilsə, 
azadlığı  şərtləndirən  obyektiv  və  subyektiv  amillər  açılmamış,  eləcə  də  onun  sosial-psixoloji 
sövqediciləri kənarda qalmışdır. 
Digər  ifrad  hədd  azadlığın  həddən  geniş  mənalandırılması  mövqeyi,  ona  L.Stoloviçin 
verdiyi tərifdə əks olunur: 
“İstənilən  fəaliyyət  növü  –  dünyanın  dəyişdirilməsi,  onun  dərk  olunması,  dəyərlərin 
mənimsənilməsi,  hətta  insanlar  arasında  ünsiyyət  də  azadlıq  kimi  göstərilə  bilər.  Azad  fəaliyyət 
zərurətin dərk olunmasını, nəyinsə məharətlə və incə şəkildə yaradılmasını, əmək materiallarının və 
vasitələrinin  xassələrinin,  habelə  fəaliyyətin  yönəldiyi  istiqamətin  düzgün  müəyyənləşdirilməsini 
nəzərdə tutur” (7, s. 67). 
Bu tərifə diqqətlə nəzər saldıqda məlum olur ki, o hər şeyi əhatə edir. Sosial həyatda heç nə 
ondan  kənarda  mövcud  deyildir.  Fikrimizcə,  azadlığa  bu  cür  yanaşılması  da  özünü  doğrultmur, 
çünki  o  qeyri-aşkar  şəkildə  olsa  da,  belə  bir  səhv  təsəvvür  yaradır  ki,  guya  sosial  elmdə 
“azadlıqdan” başqa anlayış yoxdur və lazım da deyildir. 
Azadlığa  tərif  vermək  çətin  olsa  da,  onun  məna  yükünün  müəyyənləşdirilməsinə  cəhd 
göstərmək, olduqca vacibdir. Fikrimizcə, azadlığın sosial-fəlsəfi məzmununun açılması baxımından 
bizim təklif etdiyimiz aşağıdakı tərif məqbul hesab oluna bilər. 
“Azadlıq mövcud cəmiyyətin yaratdığı şərait və imkanlar çərçivəsində insanın, biliklərə və 
sosial  təcrübəyə  əsaslanmaqla,  malik  olduğu  potensial  həyat  qüvvələrini,  öz  tələbatlarını, 
maraqlarını və arzularını aktiv və sərbəst reallaşdırmaq qabiliyyətidir”. 
Bu tərif ona görə elmi maraq doğurur ki, onda azadlığın məzmununu müəyyən edən bütün 
əsas  əlamətlər  sadalanır.  Bununla  yanaşı,  məntiqi  vurğu  iki  başlıca  tərəf  üzərində  mərkəzləşir. 
Birinci, insan yalnız o vaxt müəyyən istiqamətdə azad seçim edə və fəaliyyət göstərə bilər ki, bunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə