98
baxmayaraq çox ağıllı, sadə və ədəb-ərkənli idi. Bir dəfə Padşahla
qızı arasında arvadın ailədə yeri, rolu, kişinin kişi kimi yetişmə-
sində onun xidməti barədə söhbət düşdü. Padşah bu məsələlərdə
arvadın rolunu inkar edirdisə, qız qətiyyətlə bildirirdi ki, kişini
kişi edən arvad olar, yaxşı arvada rast gələn kişi xoşbəxt olar.
Padşah da öz dediklərində israr edərək qayıdır ki, deməli, mənim
padşah olmağımda arvadımın xidmətləri vardır? Qız da söz al-
tında qalan qazlardan deyilmiş. Deyir, bəli, sənin padşah olma-
ğında arvadının böyük xidməti var. Qızın bu sözü padşaha bərk
dəydi, onu part etdi. O dedi ki, sənin sözündən belə çıxır ki, mən
səni həyətdəki çobana ərə versəm, sən onu əsl kişi edə bilərsən.
Qız dedi, bəli. Padşah çobanı yanına çağırtdırıb niyyətini ona
bidirəndə çoban çaşıb qaldı, cavab verməyə söz tapmadı. Toy tə-
darükünü görüb Padşahın qızını çoban verdilər. Təzə ailə qurmuş
Padşahın qızı və çoban maddi çətinlik içərisində yaşayırdılar,
Padşah onlara heç bir köməklik göstərmirdi. Lakin Padşahın qızı
bu çətinlikləri çobanın üzünə vurmur, əksinə, həmişə ona ürək-
dirək verir, səbr və təmkinli olmağa çağırırdı.
Vaxt ötür. Çobanın arvadı ana olmağa hazırlaşır. Çoban ailə-
də vəziyyətin çox ağır olduğuna dözməyib bir dolanacaq yeri
axtarmağa başlayır. O, karvanlar keçən səhraya gedir ki, orada ya
tacirlərə kömək edər, ya da ki, onlara qoşulub pul qazanmağa
gedər. Böyük bir karvanın başçısı çobanı özü ilə götürməyə razılıq
verir. Karvan ucsuz-bucaqsız səhrada qızmar günəş altında xeyli
yol getdikdən sonra sudan korluq çəkməyə başlayır, bu arada yol
qırağında bir içməli su quyusuna rast gəlir. Karvanbaşı quyuya
düşüb su çıxaran adama böyük məbləğdə pul vəd edir. Quyuya
düşən birinci adamın al qanı və meyiti üzə çıxır. Quyuya düşən
ikinci adamın da aqibəti belə olur. Bu dəfə çoban özü quyuya
düşmək qərarına gəlir ki, su çıxarda bilsə pul qazanar və arvadının
yanına üzü ağ qayıdar. O vedrə ilə su quyusunun dibinə enir.
Görür ki, burada bir əjdaha oturub, su dalınca quyuya düşənləri də
o parçalayıbmış. Əjdaha bir yaşıl qurbağaya aşiq olmuşdu, onun
eşqindən dəli-divanə idi, lakin qurbağa ona könül vermirdi.
99
Əjdaha çobana dedi ki, sənə bir sual verəcəm, düzgün cavab ver-
sən, sağ-salamat suyu da aparıb gedərsən. Əgər suala cavab verə
bilməsən sənin də aqibətin yoldaşlarınınkı kimi olacaq.
Əjdaha sual edir ki, dünyada ən şirin şey nədir? Çoban cavab
verir ki, dünyada ən şirin könül sevəndi. Əjdaha bu cavabdan çox
razı qalır, çobana üç dənə nar verir və su aparmasına da razı olur.
Çoban quyudan çıxardığı su ilə karvanın su ehtiyacını ödəyir, ona
isə vəd olunmuş pulu verirlər. Çoban bir nəfər çaparla pulu və
narları arvadına göndərir, özü isə karvanla pul qazanmağa gedir.
Çobanın arvadı pulu xərcləyir, narları isə saxlayır ki, əri
səfərdən qayıdandan sonra birlikdə yeyərlər. Lakin hamiləlik
müddəti yaxınlaşdıqca qadın özünü saxlaya bilmir və narın birini
kəsir. Bu zaman narın içindən ləl-cavahirat tökülür. Qadın qalan
narı da kəsir və onların da içindən qiymətli qaş-daş, ləl-cavahirat
tökülür. Çobanın arvadı ləl-cavahiratı sataraq özlərinə möhtəşəm
bir saray tikdirir. Bir müddət sonra çoban səfərindən qayıdır, lakin
evini tapmır. Onun vaxtilə yaşadığı ev yerində yox idi. Çobanı
gözəl bir saraya aparıb deyirlər ki, bura sənin evindir. O, gözlərinə
inanmır, bunun nə iş olduğunu anlamır. Nəhayət, arvad onu gülə-
rüz və nəvazişlə qarşılayır, əhvalatı olduğu kimi danışır.
Padşaha xəbər vermişdilər ki, bu məmləkətdə bir Padşah da
peyda olub, özünə gözəl saray tikdirib. Padşahın qızı çobana deyir ki,
indi vaxtdır, gəl atamı qonaq çağıraq, bizim necə yaşamağımızı öz
gözlərilə görsün, lakin sən heç nə danışma, sakit otur, qoy o səni
tanımasın. Padşahı qonaq çağırırlar. Lakin ona deyirlər ki, səni yeni
saray tikdirmiş təzə padşah qonaq çağırır. Qonağı təzə padşah sifətilə
çoban qarşılayır, əvvəldən hazırlanmış məddahlar təzə şahın şəninə
təriflər söyləyirlər. “Təzə Padşah”- çoban isə arvadının tövsiyyəsinə
əməl edərək susur, heç nə danışmır. Məclisin şirin yerində Padşahın
qızı pərdə arxasından çıxaraq atasını və qonaqları salamlayır, deyir
ki, bu “Padşah” isə mənim ərimdir. Qız atasına müraciətlə deyir ki,
ata, mən sübut etdim ki, kişini kişi edən arvad olar. Padşah bu işə çox
təəccüb etsə də, qızı ilə razılaşmağa məcbur olur.
100
Beşik daşı
Zunud kəndinin Qaya arası dərəsində bir daş var idi. 50-60
sm hündürlüyündə, 2 metr uzunluğunda beşiyə oxşayan iri daşdır.
Həmin daş haqqında rəvayət belədir:
– Düşmən kəndə basqın edəndə camaat qaçmağa başlayıb.
Ana uşağını beşikdən açmağa macal tapmayıb, beşiyi götürüb
dərə yuxarı qaçmağa başlayıb. Düşmən ona yaxınlaşan məqamda
ana beşiyi qoyub-qaçmağa məcbur olub. Beşiyi yerə qoyub və
Allaha yalvarıb: - Allah, balama qılınc batmasın, uşağı səndən
istəyirəm. Beşik uşaq qarışıq daşa dönüb. Düşmən qılınc çalıb,
amma daşı kəsməyib. Daşın üstündə çalın-çarpaz iz var idi. Guya
bu izlər düşmən qılıncının izləri idi.
Daş uzun müddət ziyarət olub. Uşaqsız analar daşın üstünə
ziyarətə gələrdi. Öz diləyini diləyərdi. Arzusuna çatardı (hər halda
arzusuna çatanlar çox idi). Qonşu kəndlərdən də bura gələnlər var
idi. Daş indi yoxdur.
Qeyd: Daş 1988-ci ildə naməlum adamlar tərəfindən parça-
lanıb. Kim, nə səbəbə məlum deyil.
Gözəlliyi görmək qabiliyyəti
Deyirlər, guya Ərəbistan çölündə ən qaynar temperatura olan
fəsildə təsadüfən bir it ölüb, onu araba-furqon basıb əzdiyindən,
bütün iç-çalatı çölə tökülüb. İy-qox bütün ətrafı basıbmış və artıq
adamlar yol ilə deyil, bu murdar məxluqdan kənar aralanıb gedir-
lər ki, iy-üfunət onları boğmasın. Guya bir nəfər ağ xalatda olan
hakimanə, ağsaqqal şəxs əlində çomağı, addımlayıb itin lap yaxın-
lığında dayanır, ona mənalı baxışlarını dikəldib, çomağı ilə itin
ağzındakı ağaran dişlərini göstərib deyir ki, “gör necə də gözəl sə-
dəf dişləri var, incidən yaranıb, sanki”. Bu ağsaqqal - İsmayıl Pey-
ğəmbər olubmuş. Göründüyü kimi, Peyğəmbər öz insanpərvər,
aliliyi ilə ən murdar bir canlı məxluqun bədənində qiymətli inciyə,
brillianta bənzər element olmasını görə bildi.
Dostları ilə paylaş: |